Zirvələr, enişlər: Vidadi
Paşayev
Biz, əyanidə oxuyan Filoloji fakültəsinin tələbələri
qiyabi və axşam şöbəsində oxuyanlara üstdənaşağı
baxırdıq. Tələbə Elmi Cəmiyyətinin
keçirdiyi konfransda axşam şöbəsinin III kurs tələbəsi
Vidadi Paşayevin möhtəşəm
çıxışı təkcə ağzınacan dolu
salondakı tələbələri deyil, ADU-nun (Azərbaycan
Dövlət Universiteti) dosent və professorlarını da
heyran etmişdi. Vidadinin nədən, hansı mövzudan
danışdığı yadımda olmasa da, onun geri
daranmış dalğalı, parıldayan saçı, səliqəli
geyimi, ağbəniz yanağındakı qara xalı, hərdənbir
qarşısındakı vərəqə baxıb sərbəst
danışması, çıxışı bitəndə
öndəki sırada əyləşənlərdən kiminsə
“hazır dissertasiya mövzusudu” deməsi, dosentlərin,
professorların ürəkdən, sevgiylə şapalaq
çala-çala çevrilib bir-birinə baxaraq
başlarını tərpətməklə,
sıxılmış dodaq mimikalarıyla məmnun
qaldıqları anlar indi də gözümün
qabağındadır. Vidadini ilk dəfə
aralıdan beləcə görmüşdüm.
Yenicə
dünyaya gəlmiş “Qobustan” dərgisinin ikinci sayı
üçün (1970)
“Kino, teatr, balet” bölməsinin müdiri Tofiq Abdin
(o vaxtkı imzası Tofiq Məhərrəmoğlu) mənə
gənc balerina Tamilla Şirəliyevadan yazmağı
ismarışlamışdı. Bir neçə
gündən sonra yazımı, artıq mətbuat aləminə
səs salmış “Qobustan” dərgisi redaksiyasına
nigarançılıq və həyəcan içində
apardım. İki gündən sonra Tofiqlə
görüşəndə o, məqaləmin birinci cümləsini
həzin və kövrək avazla – Ölüm belə
olurmuş...- söylədi, sonra əlavə edərək –
Yaxşı yazıdı, hamı bəyəndi,-
deyəndə mən onun ciddimi, yoxsa kinayəylə dediyini
anışdıra bilmədim. Bir gündən sonra redaksiyaya
getdim, toplunun o vaxtkı məsul
katibi Vidadi Paşayev gülə-gülə baş
barmağını qaldıraraq “Əla!” söyləyib məqaləmdə
balerina barəsində yazdığım “Deməli, sən də
adi qızlar kimi nəsə tikirsən...” cümləni
söyləyəndə yazımın bəyənildiyinə
inandım, sevinc və xoşbəxt anlar yaşadım. Məqaləmi Vidadinin redaktə elədiyi mənə
bəlli oldu. Üçmü, ya
dördmü cümlədə bəzi sözləri pozaraq
öz əlavəsini etmişdi. Düzəlişlərə
baxanda onun sözü, cümləni, mətni yüksək
hissiyyatla duyduğunun şahidi oldum. Mən “Qobustan”a
işə düzələndə (1970) iyirmi altı
yaşlı Vidadi “Gənclik” nəşriyyatına baş
redaktor vəzifəsində işləməyə
çağrılmışdı..
Bir dəfə Tofiq Abdinin işiylə bağlı “Vətən”
kinoteatrının arxasındakı evlərdən birinin
geniş həyətinə girəndə Vidadiylə İsa
İsmayılzadənin manqal başında tüstü-duman
içində kabab bişirdiklərini gördüm. Tofiqlə mənim
kimi onların üzündə də sıxıntı, pərtlik
gördüm. Yanılmıramsa, kabab bişirilərkən
çağrılmamış adam(lar)ın
gözlənilmədən peyda olması əksər hallarda bu
cür pərtliyə səbəb olur.
Bir dəfə yenə Tofiq Abdin, mən və Vidadi
Paşayevin Respublika Sarayının
yaxınlığındakı zirzəmidə noxudla pivələdiyimiz
yadıma düşür. Bəlkə də o
vaxt Vidadinin “Qobustan”da işlədiyi
çağlarıydı. Həmin zirzəmidə Tofiqlə
Vidadinin hansısa mövzu (bunu sonralar Tofiqdən soruşanda
“mən də xatırlamıram” dedi) barəsində
başlayıb getdikcə gərginləşən höcətləri
küçələrboyu addımlayaraq gəlib “Papanin” deyilən
yerəcən – Hərbi hospitalın yanınacan davam elədi.
Mübahisənin sonu Vidadinin Tofiqə əl
qaldırmasıyla sona çatdı.
1975-ci ildə Yazıçılar İttifaqının
qarşısındakı bağın qırağında
(“Sahil” metrosuna yaxın) Vidadi ilə təsadüfən
üz-üzə gəldik. O, dünən Sərdar Əsədin
özünü asdığını söylədi. Araya
düşən sükutu pozaraq kədərli-kədərli
sözünə davam elədi: – Bir gün qabaq bilirsən nə
deyib? Deyirmiş, sabah Əli Kərimin
öldüyü gündü. Nəsə olmalıdı...
Bir
neçə an sükut içində
bir-birimizə baxıb ayrıldıq.
Elmi rəhbərim rəhmətlik Əkbər Babayevlə
sözləşmədən onunla görüşmək
üçün Moskvaya getmişdim. Tərslikdən həmin
vaxt o, hansısa xarici ölkəyə getmişdi. Mən
apardığım 7-8 kilo narı Əkbər müəllimin
evinə çatdırmaq üçün onların ev telefonunu Vidadidən soruşanda (onda Vidadi
Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda müəllim
işləyirdi.) – Azər, o rus qadının qəribə
xasiyyəti var, sənin onlara getdiyini, nar
apardığını Əkbərə deməyə də
bilər, – söylədi. O narlardan canımı qurtarmaq
üçün həmin axşam çamadanımı
götürüb Vidadinin yanına getdim. Gecə
Vidadi məni qaldığım qonaq evinə qayıtmağa
qoymadı. Azərbaycanla, ədəbiyyat,
incəsənət adamlarıyla bağlı məni
sorğu-suala tutdu. Sonda mənə bəlli
oldu ki, Moskvada yaşamasına baxmayaraq, o dövrün Bakı
həyatını, sənət aləmində baş verən
son olayları, aydınlar arasındakı münasibətləri
məndən də yaxşı bilir. Mən “gedək bu
yaxınlarda bir yerdə şam edək” deyəndə Vidadi: –
Heç hara gedəsi deyilik, ürəyin istədiyi yeməyi
lələşin (əlini sinəsinə vuraraq) hazırlaya
bilər. Mənim mətbəx səriştəmdən
xəbərin yoxdumu? – söyləyib
köynəyinin qollarını çırmaladı,
soyuducudan çıxartdığı əti taxtanın
üstünə qoyub parıldayan dişli çəkiclə
həvəslə döyəcləməyə başladı.
– Bəlkə duru xörək istəyirsən? – soruşdu. – Mənim üçün fərqi
yoxdu, – dedim. – Varam belə mədəni, etikalı qonaqdan. Onda
sənin üçün bir langet hazırlayım, heç
vaxt dadı damağından getməsin...
Vidadi instituta getməliydi deyə səhər yuxudan tez
ayıldıq.
Mən çamadandakı narları mətbəxdə tələsik
masanın üstünə düzəndə Vidadi onlardan
üçünü ayırıb: – Qalanını aparıb
yataqxanada azərbaycanlı tələbələrə verərsən,
– deyə israr etdi.
1990-ın yayında Vidadiylə “Azadlıq” meydanında mitinqlərin birində gözlənilmədən qarşılaşdıq. Sanki dünən ayrılmışdıq, kef-əhval soruşmamış yenə baş barmağını dik tutaraq kürsüdə çıxış edən Məhəmməd Tantəkinə işarəylə: – Əsl rəhbər, siyasətçi kimi danışır. Sözləri yaş taxtaya mismarı çəkiclə vurub yeridən kimi adamlara yeridir... – dedi.
Həmin gün taksiyə minib dördüncü mikrorayonda Vidadinin yaşadığı evin yaxınlığındakı kafeyə getdik. Üç-dörd saat noxudla pivə içə-içə, söhbətimizin əsas mövzusu siyasətdən olmaqla, dağı arana endirib aranı dağa qaldırdıq. İkinci dəfə evlənəndən sonra iki qızı olduğunu söylədi. Ancaq mən 1989-un yayında həyat yoldaşım və oğlum Alpayla Göytəpə (Koktobel) sanatoriyasında dincələndə tanınmış şair, tərcüməçi Alla Axundova və onun Məryəm adlı qızıyla (o həm də Vidadinin qızıydı.) ötəri olsa da, tanış olduğumuzu yeməkxanada, Qara dənizin qırağında və dənizdə çimərkən, şairlərin təşkil elədiyi poeziya axşamlarında onları bəzən yaxından, bəzən aralıdan görəndə həmişə Vidadini xatırladığım barədə onun özünə heç nə demədim.
Gəncə səfərlərimin birində
Vidadiyə zəng edib onunla görüşmək istədiyimi
bildirdim. Xan (Sərdar) bağında çayçıda
görüşdük. Söhbət zamanı
Vidadini boğmaca tutdu, o, cibindən
çıxartdığı adını indı də bilmədiyim
nəsnəni ağzına aparıb püskürtdü. Mən
onun xəstəliyi ilə maraqlandım, Naxçıvanda duz
mədəninə getməsini məsləhət bildim. O
mənim dediklərimi eşitmirmiş kimi tamamilə başqa
söhbətə keçdi. Bakıdakı siyasi aləmlə
bağlı suallar verdi, rejissorlardan, şairlərdən
söz saldı. Birdən onu yenə boğmaca tutdu. Masanın üstünə qoyduğu həmin nəsnəni
tələsik götürüb ağzına soxaraq iki yol
boğazına fısqırtdı. Mən hansısa dərmanın
adını deyərək ondan istifadə edib-etmədiyini
soruşanda Vidadi əsəbiliklə əlini masaya vurub – Bəsdirin
də! Mənim
üçün hamı loğman olub!..
Bir an araya sükut çökdü. Mən inciyərək: – Bu vəziyyətdə reaksiya verməyən adama deməzlərmi bu, nə köntöy, qalın adamdı? Sən mənim yerimdə olsaydın...
Onun yaşadığı şəhərə gəlmiş, onu aramış qonaqla sərt danışaraq pərt elədiyini duyduğundan dərhal səsini yumşaldaraq: – Bilənləri yenə də bağışlamaq olar, qoca-qarı qohumlarımız var, hərf-zad da tanımır, di gəl ki adama bir ağıl verirlər, ağzın açıla qalır... Axı xəstə mənəm, bu xəstəlik barədə həkimlərdən də çox bilirəm...
O, siqaretini odlayıb bəlkə də könlümü almaq üçün: – Görüm qohumlardan, tanışlardan kimin maşını var, sabah səni Hacıkəndə qaldırsınlar... – söylədi.
Yüksək savadı, intellekt səviyyəsi, dəqiq məntiqi, maraqlı parlaq və cazibədar nitqiylə istənilən peşə, sənət adamını özünə cəlb edən Vidadidə gəncəlilərə xas qürur (adamlar rəğbət bəslədiyi adama qürurlu, ürəyinə yatmayan, bəyənmədiyi adamasa təkəbbürlü deyirlər: elə mahiyyət etibarilə eyni məna daşıyan “fateh və işğalçı” sözləri kimi), qabağından yeməmək xüsusiyyəti vardı. O, istər çəkməçidən, dülgərdən, istərsə də memardan, musiqiçidən, yaxud siyasətçidən, qəhrəmandan, Vətən xainindən, bir sözlə, mələkdən və şeytandan danışanda da adamda çox maraqlı təəssürat buraxırdı.
...Vidadiylə yenə gözlənilmədən “Molokan” bağında rastlaşdıq. Qoluma girib Rus Dram Teatrına sarı birgə addımlayanda, o mənə həmişəki Vidadidən daha istiqanlı, doğma göründü. İçimi sevinc qarışıq rahatlıq bürüdü. Hal-əhvaldan sonra birdən məni saxlayıb “Qobustan”ın işçiləriylə maraqlandı. Baş redaktorumuz Anar bəyin yenicə Yazıçılar Birliyinin sədri təyin olunduğunu bilirdi. – Bilmirsən Anarın yerinə kimi qoymaq istəyirlər? – soruşdu.
– Fikrət
Qocanın söhbəti var, – dedim. O,
pıçıltıyla: – ...Sən Anara de məni redaktor
qoysun... Mən də səni müavin
götürərəm... – söylədi.
Onun bu sözlərindən sonra içimi sanki qatı
kölgələr aldı, günün günorta
çağı özümü alatoranlıqda hiss etdim. Hələ universitetin
axşam bölməsinin üçüncü kurs tələbəsi
olarkən son dərəcə səviyyəli elmi
çıxışıyla ağsaçlı
professorları heyran edən, Anar bəyin seçimiylə
“Qobustan” dərgisinin məsul katibi vəzifəsində
çalışan, iyirmi altı yaşında “Gənclik” nəşriyyatının
baş redaktoru vəzifəsinə dəvət olunan
ağıllı, zəkalı, geniş erudisiyalı, vətənpərvər,
milli ruhlu olduğundan başqa, mən onu həm də
arxalı-köməkli, yüksək dairələrdə
sanballı adamı olan tanıyırdım. O çağlar
Vidadi Paşayevi az müddətdən sonra
Azərbaycanın mədəniyyət naziri olacağına,
bir azdan da sonra Mərkəzi Komitədə sanballı bir vəzifə
tutacağına inanırdım. Deməli, Vidadi
bəy gör nə günə qalıb, cəmiyyətdə
o qədər də tanınmayan, nüfuzu olmayan mənim kimi
adamdan kömək umur. Gidi dünya... “Bəlkə də
bu qarmaqarışıq zamanda uzun illər işsiz qalıb
unudulmuş Vidadi məndən kömək ummaq deyil, sadəcə
mənim vasitəmlə özünü Anar bəyin yadına
salmaq istəyir” düşünərək özümə təsəlli
verdim...
SÖZARDI:
“Qurd qapısı” məzarlığında bir jurnalisti
torpağa tapşıranda şair Zülfüqar Şahsevənlinin
məndən pıçıltıyla – Vidadi Paşayevi
tanıyırdın? – sualından sonra
onunla bağlı bu anılar bir şimşək kimi gəlib
ağlımdan keçdi. Evə qayıdanda
Vidadi haqqında eşitdiklərimi deyil, bildiklərimi
bilgisayara yazdım.
6 avqust
2013
Azər ABDULLA
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.20