NÖVBƏ
Tanrım,
qəbul etdim bir hökmünü də,
Hamı necə atır bir dərdi, gördüm.
Halal
sevincimi əlimdən alıb,
Arxamca
sevinən namərdi gördüm,
Gördüm
ki, qırmızı geyinməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Nələr
olasıymış, Allahım mənim,
Yaxşı
da, yaman da yaratdığındı,
Yaxşı da, yaman da bəndəndi sənin.
Bir
gün görəcəyəm ölüb gedirəm,
Bir
gün görəcəyəm... əstəğfürullah,
İndi də sevinmək növbəndi sənin?!
Qarğalar
Laçına əl çalmalıymış,
Qarğalar Laçına lağlanmalıymış.
Hürməsə
ağlayır, hürsə sevinir,
İtlərə
də sevinc saxlanmalıymış,
Çaqqal
vaqqıltıyla öyünməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Sənin
dərdin alım, qurbanın olum,
Görürəm hökmünə yoxdu beh-bezar.
Birinə
elə bil dərman olurmuş,
Birinin heç nədən düşdüyü azar.
Mərdin
təzə-təzə açan çiçəklə,
Ətrindən öldüyü güllə sevinir.
Namərd
qəlbi vurur qara diləklə,
Əlində bir qızıl güllə... sevinir.
Növbəylə
ağlayıb güləcək hamı,
Hər kəs qəm içində kefinə gedir.
Ölən
görəndə ki, öləcək hamı,
Qəbirə sevinə-sevinə gedir.
Gülüb
həqiqətə yalan sevinir,
Ölənə əl vurub qalan sevinir.
Bir
anası ölmüş balan sevinir,
Bu da
növbəsində deyilməliymiş,
Hamı bu dünyada sevinməliymiş.
Bir
oğul boş qoyub yurd ocağını,
Doğma bir qapını çırpıb sevinir.
Bir yad
qucağında, yad ocağında,
Sevinmək
növbəsi tapıb sevinir,
Öpür
yad ətəyi, yad ayağını,
Guya sevincini öpüb sevinir.
Hər
günün əbədi növbədi bəlkə,
Hər anın növbədi... basabas düşür.
Hamı
sevinsə də, sevinə bilmir,
Amma sevinməkdən hər
gün söz düşür,
hər
an söz düşür.
Mən də
səhv eylədim hansı sözləsə,
Mən də öz yolumu azıb sevindim.
Vermədim
əlimdən növbəmi nəsə,
Üzünə
ağ oldum
elə indicə,
Çatıldım,
dağıldım elə indicə,
Yüyürdüm,
yıxıldım elə indicə,
Mən də
bu şeirimi yazıb sevindim,
Mən də
yazığammış, yazıq... sevindim!?
MƏNİ ÇEVİRDİLƏR
ADƏM OĞLUNA
Uçurdum Allahın yanına
qalxıb,
Məni sürüdülər
yerlərə
çəkib.
Dedim ki, qaydaya-qanuna baxın,
Məni
sürüdülər yerlərə çəkib.
Mənnən əl-ələydi
Ülkər az qala,
Qıydılar...
qıymazdım Ülkər sozala.
Çevrilib baxmazlar Ülkər
yüz ola,
Məni
sürüdülər yerlərə çəkib.
Çıxmışdım Məhəmməd-Xatəm
yoluna,
Getmişdim
tanrının mən qəbuluna.
Məni çevirdilər Adəm
oğluna,
Məni
sürüdülər yerlərə çəkib.
Kəsib nəfəsimi, olan
tabımı,
Çırpıb pəncərəmi,
qırıb qapımı.
Gördülər qoyuna gedən
tapılmır,
Məni
sürüdülər yerlərə çəkib.
Başımı qatdılar evnən,
eşiknən,
Yeməyə tutdular camnan,
qaşıqnan,
Nə işim var idi itnən,
pişiknən,
Məni
sürüdülər yerlərə çəkib.
Başımın altında
balıncı qandı,
Başıma fələyin
qılıncı endi.
Qanadım çıxırdı...
qırxıncı gündü,
Məni
sürüdülər yerlərə çəkib.
ŞAİR QƏBRİ
İçimdə
bir sarı sim ağlayanda,
İşləyir canımda qılınc dərinə.
Mənim
qəbrimdə də... kim ağlayanda,
Göz yaşı damacaq ovuclarıma.
Hazırlaş
şairim, qorxudan əl çək,
Deyim, bu
dünyaya kim nəyə gəlir.
Gedənlər
dərdini qoyub gedəcək,
Gələnlər dərdini deməyə gəlir.
Mənimdir,
demirəm kimindi bu yük,
Sanma ki, səhv
edir,
ya
yanılıram.
Dərddən
danışanda bu adamların
Məndən doğmasını mən tanımıram.
Uzanır
qarşıda ömür yolları,
Yaşayır, hələ ki, gedirik şair.
Kimsə
sonulayır təzə paltarı,
Mənimsə kipriyim sökük yamayır.
Kiminsə
içində qışqırır qəmi,
Ümidlə gözünü dikir üzümə.
Şair
maqnit kimi yığışır qəmi,
Şair göz yaşını çəkir
özünə.
Gedəcəm,
məni də yenəcək qədər,
Nə dərdim, dərd-kədər cəmsə qəlbimə.
Dolmuş
ürəyini boşalda bilər,
Söykəyib başını kimsə qəbrimə.
ŞİRNİ
I
Bir
böyük qəbirmiş bu yer kürəsi,
Adamlar bilmirmiş, yuxulu imiş.
Hamının
tikili görünən evi
Fələklər əliylə yıxılı
imiş.
Bu
böyük qəbirdə böyük səbirlə
Öldüyümüz
yerdə ölə bilmirik,
Durduğumuz yerdə dura bilmirik.
Hər
gün silkinirik, gordan çıxırıq,
Hər
gün yıxılırıq gora... bilmirik,
Hər
gün qəbirdəyik, görə bilmirik!
Bu
böyük qəbirlə beşdaş oynayır,
Bu böyük qəbirlə dalaşırıq biz.
Fələklə,
mələklə yollaşamırıq,
Kələklə, küləklə yollaşırıq
biz.
Hələ
də Allaha inanmayırsan,
Aldadan istehza, nəşədi səni.
Hər
gün öz əliylə qəbirə qoyur,
Hər
gün öz əliylə yaşadır səni!
Bu
böyük qəbirə əhsən,min əhsən!
Çörəyi axırda ölümdən gəlir.
Allahın
altında nə işlər desən,
Bu böyük qəbrin əlindən gəlir.
Bu
böyük qəbirə sığmırıq qardaş,
Hər
gün yekə-yekə iş çıxardırıq,
Guya yaşamaqdan baş çıxardırıq.
Kiməsə
verməyə çiçək tapmırıq,
Kimisə vurmağa daş çıxardırıq.
Yaxşı
alışmırıq, yaxşı yanmırıq,
Bu
böyük qəbirə sığmayanları,
Görüncə, fələyə qıyırlar bizi.
Bu
böyük qəbiri bəyənməyəndə,
Kiçik qəbirlərə qoyurlar bizi.
II
...Qadınlar
ağlaşır bir qəbir üstə,
Dalda da sevinir kiçik uşaqlar.
Qəbir
daşlarının dalına sinib
Şirni yığmaq üçün
hazırlaşırlar.
Gətirmir
ölümü birisi yada,
Sanırlar uşaqlar çətin ki, ölər.
Gözlərdə
islanan dəsmalları da
Az
qalır ağappaq şirni bilələr.
Onlar
bir-birini hey dümsükləyir,
Nə fərqi, indi də qarışsın aləm.
Biri kimdi
ölən o adam, deyir,
O biri səslənir:
mən ölməyəcəm!
Bəyaz
saçlarını yolur bir ana,
Bir
gözəl köksünü
yanıb
ötürür.
Uşaqlar
gözləşir... qəbirstana,
Adamlar çiynində “şirni” gətirir.
Qoy deyim,
qalmasın, söz ürəyimdə,
O
şirnilər – sevinc, o şirnilər – qəm.
Yeyin,
söyləyirəm öz ürəyimdə,
Mən də
o şirnidən az yeməmişəm.
Dünyada
nə qədər şirni yeyən var,
Hələ
də çoxuna fikir verilmir,
Hələ də çoxuna uşaq deyilir.
Yeyib
içən kəsdən yeməyənlərin
Şirnisi nədənsə qabaq yeyilir.
Qəbri
bəzəyəcək növ-növ şirnilər,
Ağlayanlar
qoyur,
gülənlər yeyir.
Bəlkə
başımızı fələklər deyil,
Bəlkə başımızı şirnilər yeyir?!
...Bir
böyük qəbirdi bu yer kürəsi,
Sağ
gördüyü nə var
ölü, yıxılı...
Biz hər
gün bəlkə də çörək yeyəndə
Öz qəbrimiz
üstdən şirni yığırıq,
Öz qəlbimiz üstdən şirni
yığırıq?!
Biz
şirni yığmasaq, qırılacağıq,
Qəbirstan şirnisi cürbəcür, baha.
Onda nə
durmusan ay zalımoğlu,
Qoy elə
bilsinlər biz də uşağıq,
Gedək
qəbirstandan
şirni
yığmağa?!
AZARIN YOXDUMU, ŞAİR?
Biri
çörəyinə tüpürüb yeyir,
Biri diri-diri ötürüb yeyir.
Biri qəbir
qazır, qəbiri yeyir,
Boğazdan
keçməyən tikəsən, şair,
Azarın yoxdumu çəkəsən, şair?
Mənim
də qaynardı qanım söyüdə,
Mənim də qurbandır canım söyüdə.
Kişilər
dönürsə xanım söyüdə,
Sən gərək palıdmı əkəsən,
şair?
Azarın yoxdumu çəkəsən, şair?
Acıqdan
yumruğnu sıxmağın günah,
Guya ki, kişi tək baxmağın günah.
Çoban
tütəyindən çıxmağın günah,
Niyə qoyun deyil, təkəsən, şair?
Azarın yoxdumu çəkəsən şair?!
Tökmürlər
ətəkdən daşı, daşları,
Başlı edəmməzsən başı
boşları.
Eh, hardan
çıxmır ki, kişi
başları,
Nə lazım açasan, bükəsən şair?
Azarın yoxdumu çəkəsən, şair?!
Nəyinə
gərəkdi nəyi yeyirlər,
İndi də lap yeri, göyü yeyirlər.
Çaşıb
erməniyə dayı deyirlər,
Neyləyə bilərsən təkcə sən,
şair?!
Azarın yoxdumu çəkəsən, şair?!
Baxdınmı
çaqqalın yar-yarağına,
Çıxdınmı ölərsən
yol-yolağına.
Dolaşma
tülkünün əl-ayağına,
Dəli-zad olmusan bəlkə sən, şair?
Azarın yoxdumu çəkəsən, şair?!
Hamı
susursa da, bir sən danışma,
Nə canlı-cinlisən, sirsən, danışma!
Arazsan, Qoşqarsan, Kürsən, danışma!
Daşı ətəyindən tökəsən, şair,
Azarın yoxdumu çəkəsən, şair?!
ULDUZLAR VƏ
QUYRUQLAR
İlanın quyruğu ulduz
görməmiş ölmür.
El inancı.
Quyruğu sağ qalan yazıq ilanlar,
Quyruğu sağ qalan kərtənkələlər!
Nədəndi bilmirəm, başınız deyil,
Qırıqquyruğunuz görür ulduzu.
Bəlkə də dünyanın xoşbəxtisiniz,
Ulduzlar öldürür quyruğunuzu.
Sizin başınızdan kim baş açacaq,
Sizin ki, başınız quyruqda imiş.
Sizin də başınız haqq əzilir, haqq,
Bu quyruq yolunda buyruqda imiş.
Nəymiş
yer kürəsi – bu qəza yeri,
Boşluqmuş olmaya varlıqlarımız?
Başı
bada verib, güdaza verib,
Ulduzda dolaşır quyruqlarımız.
Naşılar
önündə naşı demirlər,
Gör nədi adlanıb, varıb uyduğu?
Dərdə
bax, yerlərdə başı sevmirlər,
Ulduzlar yanında qırıq quyruğu?!
Quyruğu
sağ qalan yazıq ilanlar,
Quyruğu
sağ qalan kərtənkələlər,
Nəyinsə
başını biz əzən zaman
Bəlkə
biz çevrilib quyu oluruq,
Bəlkə biz çevrilib quyruq oluruq,
Başın yox, quyruğun qulu oluruq!
Əlimizdə silah daş-kəsək idi,
Ovda ölənləri marıq öldürür.
Nə var, başımızı baş əzsə idi,
Bizi bu dünyada quyruq öldürür,
Ulduzlara baxa-baxa,
... ulduzlara qalxa-qalxa
yavaş-yavaş, qırıq-qırıq öldürür.
Yanmır göy üzündə ulduzlar əbəs,
Nə quyruq varsa da sözsüz öldürür.
Götürməz bu dərdi, dünya götürməz,
Hər insan öləndə bir ulduz axır,
İnsanın quyruğu ulduz ölürür...
... Tökülüb ortaya bu qan düşüncə,
Mən nə qəm bilirdim, nə günah bilir.
Bu quyruq
ölüncə, axşam düşüncə,
Neçəsi
öləcək, bir Allah bilir!
Bir azdan
yenə də axşam olacaq,
Qıvrılan
quyruğu kərtənkələnin
Həm ulduz görəcək, həm də öləcək.
Bu ilan
quyruğu onda öləcək,
Koramal quyruğu onda öləcək.
Başlar
bir zərbədən ölüb gedirsə,
Başlar görməyəcək quyruq görəni.
Bir az öyəcəklər quyruqla səni,
Bir az söyəcəklər quyruqlu məni...
Baxanda
hamının baş daşına bax,
Hamı
bir ulduzu endirib göydən,
Hamı
bir ulduzu söndürüb göydə,
Ulduz
quyruğmuzu öldürəmməyib,
Quyruğmuz ulduzu öldürür göydə?!
Barat Vüsal
525-ci qəzet.-
2013.- 5 oktyabr.- S.29.