“Dəbdəbəli şəhər”in yaddaşa naxışlanan hekayətləri

 

 

 

Ötən ilin sonlarında “525-ci qəzet”də Flora Xəlilzadənin publisistika yaradıcılığı barədə dərc etdirdiyim “Mətbuatımızda dəyərli imza – Flora Xəlilzadə və ya yeddidən birincisi: “Yazdıqlarım” məqaləsini belə bir cümləylə bitirmişdim: “Bu da onun mətbuat yaradıcılığı ilə bağlı demək istədiklərimin hamısı olmadı. Sağlıq olsun...” Bu yaradıcılıq yoluna yenidən qayıtmağım haqdan gəldi, qəlbimə doldu. Nə qədər ki, Flora xanım kəsərli qələmi, yüksək yazı mədəniyyəti ilə ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin mənzərəsini  əks etdirən yeni əsərlər meydana gətirəcək, bu ədəbi-mətbu incilərdən bütün zamanlarda təzə-tər fikirlər doğulacaqdı. Elə tədqiqatçı-jurnalistin yurd nisgili, ağrı-acısıyla qəlbimizdə Vətən sevgisini alovlandıran qədim Qalamızın, Şişəmizin ədəbi-tarixi sərvətilə yaddaşımıza işıq çilədiyi indiki məqamlar kimi...

Qoy bu cümlə də onun haqqında dediyim bir fikrin təkriri kimi səslənsin: Flora Xəlilzadə yaradıcılığın çətin, məşəqqətli yolları ilə addımlayan sənətkarlarımızdandır. Onun yaxın aylarda Şuşanın tarixi həqiqətlərindən, zəngin ədəbi-mədəni həyatından bəhs edən əsəri də ciddi araşdırmaların nəticəsində meydana gəlib.

Flora ötən il mənə deyəndə ki, Şuşa haqqında kitab yazıram, bilmirəm, onu başa çatdırmağa nəfəsim çatacaqmı, mən onun ciddi, həm də məsuliyyətli bir işə çiyin verdiyini anladım. Amma bilirdim ki, bu istedadlı, bacarıqlı qələm sahibi kimdən və nədən yazırsa yazsın, o, mövzunu dərindən araşdırmadan, tədqiq etmədən işə başlamır. Bu dəfə də belə oldu. İndi mənim də ürəyim rahatlıq tapdı ki, belə bir dəyərli əsəri başa çatdırmağa Floranın nəfəsi çatdı. Həqiqətən də 2007-ci ildə xanım həmkarım “Zəngəzur”a necə bir abidə qoymuşdusa, ayrılığından ürəyimiz qubar bağlayan Şuşamıza da bir elə ədəbi-əbədi abidə ucaltdı. Oxşar taleli bu qoşa yurdun tarixini, ictimai-siyasi, ədəbi-mədəni həyatını öz zamanında monoqrafikləşdirdi. Burda mənim “Zəngəzur”u yada salmağım heç də təsadüfi deyil. Müəllifin özünün də araşdırmalarından bəlli olur ki, əslində Zəngəzurun malik olduğu torpaqlar Şuşaya aiddir. Floranın doğulduğu Urud kəndi arxiv materiallarında Şuşanın kəndi kimi göstərilir. Bu kitablar ayrı-ayrı vaxtlarda ərsəyə gəlsə də Vətən məhəbbəti bütövdü. Hər iki əsərin ruhundan duyuruq ki, müəllif bu kitabları eyni sıxıntılı ovqatda, gözünün yaşını qəlbinə axıdaraq yazıb...

 

lll

 

2012-ci il aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin  Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar sərəncam imzaladı. Əməkdar jurnalist Flora xanım Xəlilzadə həmin gündən 2013-cü ilin fevralınadək, cəmi 10 ayda yazıb, müxtəlif mətbuat orqanlarında dərc etdirdiyi bu məqalələrini “Ruhumuzun ünvanı Şuşa” adlı dəyərli bir kitabında dərc etdirdi. On bölmədən ibarət olan 368 səhifəlik kitabı Flora xanım Şuşa nisgilinin kədəri, can yanğısı ilə yazıb başa çatdırdı. Ötən may ayının ilk günlərində də ictimaiyətə təqdim etdi...

Amma mənə elə gəlir ki, Flora xanım Şuşa haqqında ilkin müşahidələrini, bu dilbər guşənin qoynu doğmalarının beşiyi olan vaxtlardan göz yaddaşına, qəlbinə yazırdı. Bunu özü də oxucularına belə etiraf edir: “Doğulduğum yurda da, təhsil aldığım paytaxta da gəlişim-gedişim onun qala divarlarının ətəyindən keçərdi. Hərdən də bu dağlar zirvəsində qərar tutmuş Şuşaya qalxar, gözəlliyini, qeyri-adiliyini könlümə yığardım”. Bax, o zamanlar “könlünə yığdıqları” Floranın Şuşa sevgisinə həmişəlik sədaqəti, bağlılığı idi. Elə olmasaydı, yaradıcılığın çətin yollarında gecəli-gündüzlü apardığı araşdırmalarını belə bir uğurla, mərd-mərdanə başa çatdıra bilməzdi. Bu füsunkar, “dəbdəbəli şəhər” uzun illər göz-qəlb yaddaşında zəngin bir xəzinə kimi qorunub. Sonralar yurdun görkəmli sənətkarları haqqında yazılar da ərsəyə gətirib. Ölkə başçısının məlum sərəncamı bu işdə onu ardıcıl, davamlı bir şəkildə işləməyə ruhlandırıb. Şuşamızın namərd qonşular tərəfindən işğalının 21-ci ildönümü günləri ərəfəsində meydana qoyduğu “Ruhumuzun ünvanı Şuşa” qəlbimizə, şüurumuza işıq seli kimi axdı. Vətən təəssübkeşliyimizi, yurda məhəbbətimizi alovlandırdı. Şuşaya, eləcə də işğal altında olan əzəli-əbədi torpaqlarımıza mütləq qayıdacağımıza inamımızı, qətiyyətimizi artırdı... Onun Şuşa sevgisinin intəhasızlığını elə öz fikirlərindən də aşkar duyuruq: “Şuşanı sevmək üçün Şuşada doğulmaq şərt deyil. şuşalı olmaq gərəkdir”. Əlbəttə, bu, övladın Vətən təəssübkeşliyinin, vicdan, qeyrət borcunun içindən göyərən bir ifadədir.

F.Xəlilzadə bu kitabını yaradıcılığının ən məhsuldar dövründə ərsəyə gətirib. Bu məqamlarda qələmi ürəyi, gözüylə sirdaş olub, sözünün məsuliyyətini həssaslıqla duyub. Təsadüfi deyil ki, çox təsirli, ağrılı bir yazı oxuyanda deyirlər ki, elə bil filankəs bu yazını ürəyinin qanı ilə yazıb. Flora Şuşanın adına bağladığı bu kitabını da sanki qızıl qələmini ürəyinin qanına batıraraq yazıb. Şuşanın Qala, Şişə adlanan dövründən başlayaraq onun tarixi, mədəniyyəti, sənətkarlıq məsələləri ilə bağlı silsilə məqalələrini ərsəyə gətirib.

Şuşa sızıltılarımızın, kədərimizin anasıdır. Bu ananın dərdinə yanmağı, övladlarının göz yaşını silməyi, onun taleyini yazmağı Şuşadan ötrü göynədiyimiz bir vaxtda həm də Flora bacardı. Onun yazdıqları bir yurdun qəhrəmanlıq tarixi, hekayətləridi. Həmin hekayətlərdə füsunkar şəhərin dağı-daşı, dərəsi, düz-düzəngahı, qədim tikililəri, buz bulaqları da sanki canlı bir varlıq kimi bizimlə danışır. Bu ayrı-ayrı məqalələr elə bil bir yurdun adına bağlanmış dastanın qolları, boylarıdı. Yazılar bütövlükdə Şuşanın simasını ifadə edir.

Müəllif kitabda Şuşanın gerbi təsdiq edildiyi vaxtdan (21 may 1848-ci il) Azərbaycanın mənəviyyatı, qürur mənbəyi olan etnoqrafiyası, coğrafi ərazisi, bu torpaqda doğulmuş, Şuşanın şan-şöhrəti olan görkəmli övladları, onların yaratdığı sənət inciləri ilə bağlı fikirlərini yana-yana, həm də qürur hissilə vəsf edib. Bu gün hər birimiz duyuruq ki, təbiətin bu bahar çağında zümrüd libasını geyinib sonalaşan Şuşanın da hüsnündən qəm yağır. Bir ana kimi qoynundan gen düşən övladlarının xiffətini çəkir. 21 ildi gözləri doğmaları gedən yollara dikilib. Müəllif bu kitabı ilə həm də bahar çiçəklərinin ətrini bu nazəndə şəhərin hüsnünə, ruhuna səpdiyi Şuşanın qəddini dikəltdi...

Hər bir əsərin öz yazılma şəraiti, süjeti olur. Bu kitabın da özünəməxsus, bitkin bir süjet boyunca inkişaf edən, maraqlı faktlarla zəngin olan şanlı tarixi Şuşanın ruhunu ifadə edir. Vaxtilə gəzib, görüb, müşahidə etdiklərini yaddaşında sistemə salaraq, bu gün də onu yeni araşdırmaları ilə zənginləşdirib işləmək təbii ki işin mahiyyətini təşkil edən başlıca xüsusiyyətdir. F.Xəlilzadə bu yazıları həsrətində olduğumuz Vətən torpağına intəhasız sevgisindən güc alaraq, bir az qəmli, nisgilli ovqatla, həm də böyük ümidlər içində işləyib. Ümumiyyətlə, o, əlinə qələm aldığı gündən yaradıcılıq laboratoriyasını sistemli şəkildə qurmağı, ictimai həyatımızın mərkəzində olmağı bacarıb. Bütün zamanlarda da mədəniyyətimizin, ədəbiyyatımızın canını, cövhərini yeni nəslin diqqətinə çatdırmağa çalışıb.

Nostalji duyğuların yaratdığı ovqat insanı hər zaman düşündürür, onu yaddaşın izinə salır. Flora oxucunu Qarabağın tarixi keçmişinin içiylə gəzdirir. Bizi Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli kimi korifey sənətkarlarla sanki müasirləşdirir. Onların həyat tarixçələrini unutmamaqdan yana bizi düşüncələrə daldırır, ədəbi şəxsiyyətlərlə həmsöhbət edir. Gül ətirli nağılların ipək qanadları arasında “itirib-batırır”. Ruhumuzu Qarabağın tacidarı – Şuşanın qoynunda gəzdirir.

Kitabda iki əsas xüsusiyyət diqqətimi cəlb etdi. Və mənə elə gəlir ki, kitabla tanış olan, ona ürəklə, həssaslıqla yanaşan və ondan qədərincə təsirlənən oxucu da bu cəhətləri duymamış deyil. Bu araşdırmaların nəticəsi olaraq publisist bildirir ki: “Əgər XIX əsr Şuşa ədəbi mühitini, ədəbiyyatını, musiqi aləmini dərindən bilmək istəyiriksə, üç şəxsiyyətin əsərlərini oxumaq kifayət edər: Mir Möhsün Nəvvab, Firidun bəy Köçərli və Firidun Şuşinski”. Elə özü də bu böyük şəxsiyyətlərin əsərlərilə ətraflı tanışlıqdan sonra tarixin yaddaşına saldıqları iz-cığırla gedib. Başqa sözlə, bu əsərlər onun qət etdiyi yolunun kompası olub. İkinci bir tərəfdən də o, haqqında bəhs etdiyi şəxsiyyətləri oxucuya avtobioqrafik göstəriciləri, olum-ölüm tarixi arasındakı gəzişmələri quru rəqəmlərin müşaiyəti ilə deyil, hər birinin ömür-gününə məhrəmcəsinə yaxınlığı, bələdliyi, həmfikir təəssüratları, ən başlıcası da incə nüanslara belə özünün münasibətini bildirərəkdən yazıya gətirib. Klassiklərin hər birinin müasiri olmağı bacarıb.

Bu tarixi əsərlərlə tanışlıq, gözəlliyi, cənnət ab-havası,  bənzərsiz memarlıq abidələri başına bəla olan Şuşanın namərd qonşular tərəfindən dağıntılara məruz qoyulduğu ötən yüzilliklərdə Mir Möhsün Nəvvabın ermənilərin ünvanına dedikləri düşüncəmizdə bir çox həqiqətlərə işıq salır. Ustad yazırdı: “Əvvəla, bu tayfadan sual edirəm ki, bu qədər mərdüməzarlıq və nahaq qanlar tökməkdə, mülklərin və malların talan və tarac edilməsində, yanıb xarabazarlığa çevrilməsində mətləbiniz nədən ibarətdir? Əgər məqsədiniz padşahlıq və kral olmaqdısa, sizin bu təbiətinizlə və insafsızlığınızla heyhat, ağlasığan iş deyil. Ağıllı və kamallı insanın sizin haqqınızda düşüncəsi belədir ki, belə səfeh hərəkətlərlə sizin tayfaya nəinki padşahlıq, heç koxalıq və kəndxudalıq da yaraşmır. Bu, dəfələrlə mötəbər dəlillərlə sübut olunmuşdur”. Görün, erməninin murdar xislətini ustad necə dürüstlüklə ifadə etmişdi. F.Xəlilzadə də Şuşanın taleyindəki bu yaşantıların izi ilə gedərək bir çox mətləbləri üzə çıxarmışdır. Gözümüzdən çəkilməyən surətləri, qulağımızdan getməyən səsləri yaddaşımızda yenidən canlandırmışdır. Müəllif Şuşa həqiqətlərinin əksi olan ədəbi əsərlərin əhəmiyyətini – “Onun izlər”ini ustalıqla qəlbimizə naxışlayır. “Ayrılığın havası”nın vətənsizlik ağrılarını, qəmlə ötən illərini, həyat acılarını təzələməklə görkəmli şəxsiyyətlərin talelərinə nur çiləyir, Şuşanın mədəni-mənəvi yaddaşında yenidən göyərdiklərini, doğma yurdun səmasında ruhlarının bu gün də ulduz tək sayrışdığını xatırladır.

Bölmələrin adlarına diqqət yetirirəm. “Sənət ocağının şöləsi”, “Naleyi-ney, nəğmeyi-tar”, “Əbədiyaşar ömürlər”, “Qürbətə düşənlər”, “Üfüqdən boylanan şəhər”, “Uzun yolların sonu”, “Bir yolun üç ünvanı”... Həzinlik, qəmginlik, nostalji hisslər, qəm dolu, kədər dolu nisgil var, həsrət var bu adlarda. Elə həqiqi mənasına tapınan bu epitetlər köz kimi yaddaşımıza basılaraq köksümüzü yandırır və bizi o həqiqətləri təkrar-təkrar oxuyub öyrənməyə sövq edir.

Kitabdakı yazıların ruhunda susuzluqdan cadar-cadar olmuş torpağın yanğıları közərir, düşüncəmizi qarsır. Amma hər birinin içərisindən boy göstərən ümidlər də elə bil üzümüzə günəş ziyası saçır. Müəllif özü o yerlərin həsrətilə qovrulsa da sözlərində bir inam alışır. O yerlərə qayıdacağımıza qəlbən inanır. Ümumiyyətlə, kitabda toplanmış bütün yazıların ruhunda həsrət, nisgil, itkilərimizə yanıb-yaxılmalar duyulsa da, sonda özünə-sözünə qayıdış, nikbinlik də aşkarca hiss olunur. Müəllif bunu açıqca, inamla və qətiyyətlə bildirir. “Heç ola bilməz ki, belə bir nəhəng söz gülüstanının doğma ocağından bu gün ardıcılları (Söhbət Xurşudbanu Natəvandan gedir – Ş.N) – zərif çiçəkləri göyərməsin. Yəqin ki, Şuşanın etibarlı Xarı-bülbülü kimi onlar da nə vaxtsa bu dilbər guşəyə qayıdanda ətir saçacaqlar. “Biz varıq” deyəcəklər” (“Xan qızının övladları”). “Nə qədər ki, ağaclar pöhrələyir, demək, heç bir quraqlıq ormanların yaşıl hüsnünü soldura bilməz. Ağaoğlular nəslinin nümayəndələrinin Qarabağa dönəcəkləri gün mütləq olacaq!...” (“Dövrün davası, ayrılığın havası”). Publisist qürbətdə Vətən xiffəti çəkən Ceyhun Hacıbəylinin  ədəbi-bədii yaradıcılığından, araşdırmalarından xəfif bir nisgillə danışsa da sonda yenə ölməz ümid onu haqlayır. “Fransadan gəlmiş Hacıbəylilər Bakıda İncəsənət Muzeyinin həyətində yurda qayıdış gözləyən bu küskün abidələrə – Natəvanın, Üzeyir bəyin, Bülbülün büstlərinə baxarkən göz yaşlarını saxlaya bilmədilər. Amma o gün mütləq gələcək, Qarabağımızın üzü yenə güləcək. Bütün soydaşlarımız – dirimiz də, heykəlimiz də ruhumuzun əbədi qərar tutduğu Qarabağa dönəcək!..” (“Ceyhun Hacıbəylinin Vətən xiffəti”). Onun yazılarında nikbinliklə yanaşı mübarizlik, torpaqlarımızı işğaldan azad etməyə, qorumağa bir çağırış da var. F.Xəlilzadə yazır: “Biz özgə torpaqlarında vuruşub faşizmi məhv edən ataların övladlarıyıq. Haqqımız çatmaz ki, doğma Vətənimizi, əcdadımızın ruhu dolaşan Şuşamızı faşist xislətli ermənilərdən xilas etməyək!” (“Əbədi qəhrəmanlıq”). Belə nümunələr kitabda qədərincədi.

F.Xəlilzadə bir çox sənətkarlardan bəhs edərkən onların şəcərə tarixçələrini nizamlı şəkildə araşdırır. Onların kökü Şuşanın, onun ətraf kəndlərinin yaranması tarixinəcən uzanır. Hər birimiz o yerlərin köklü-köməcli sakinləri, şöhrətli-şanlı ədəbiyyat, sənət adamları ilə qürur duyuruq. Vaxtilə Şuşaya nahaqdan “Aristokratlar şəhəri” deməyiblər ki! Şuşa öz hüsnü ilə bir gülüstanlıq olub. Flora bu gülüstanın hər gülünü, çiçəyini öz ətri, öz rəngi ilə oxucuya təqdim edib.

F.Xəlilzadə Şuşadan yazan həmkarlarının da əsərlərinə ehtiramla, qədirdanlıqla yanaşır, haqlarında düşündüklərini, layiq olduqları fikirləri qələmə alır. Bununla həm də bu mövzuda yazanlarla həmrəylik nümayiş etdirir. Belə yazılardan biri Məcnun sədaqəti, sevgisi ilə Şuşaya bağlı olan həmkarı Vasif Quliyevdən bəhs etdiyi “Şuşa səhifəsini yazan Vasif” məqaləsidir. Müəllif Şuşanın işğaldan azad olacağına gün kimi inanan, Şuşanın varlığı ilə nəfəs alan Vasifin doğma şəhərin yenidən övladları ilə bəxtəvər olacağı günlər üçün 20 ildir ki, kitablardan topladığı ədəbi-mədəni xəzinəsindən heyranlıqla danışır. O yazır: “Qarabağla, xüsusilə də Şuşa ilə əlaqədar elə bir məsələ, mövzu, sahə yoxdur ki, Vasifin orada əməyi olmasın. Şuşa ilə bağlı nə varsa araşdırıb. Və qədim şəhərin tarixindən üzübəri şifahi xalq ədəbiyyatı, folkloru, musiqisi, məşhur adamları, repressiya qurbanları, incəsənət xadimləri, idmançıları, din nümayəndələri, tarixi abidələri, arxivlərdə gizlədilmiş həqiqətlər, demək olar ki, nöqtəsindən vergülünə kimi Vasifin qələmindən keçib”. Bu sətirlərdən duyuruq ki, Vətənin əsl vətəndaşı, sədaqətli övladı olan Vasif Quliyev Şuşanın dağıdılmış mədəniyyətini, ədəbi abidələrini kərpic-kərpic yenidən tikmək, bərpa etmək arzusuyla yaşayır. Yazı Vasif Quliyevin, Şuşanın ər oğulunun vətən sevgisindən haysız-küysüz bir avazla oxunan qəhrəmanlıq hekayətini xatırladır.

Şuşanın toponimləri, onların yaranma tarixi haqqında geniş təsvirli məlumatlar bizə mənəvi rahatlıq verir. Çünki o yerlərin hər birinin adında qəhrəmanlıq motivləri yaşayır. Belə xatırlamalar həm də ona görə əhəmiyyətlidir ki, bu adlar, tarixi məkanlar sanki yaddaşımızda haray qoparır, məni unutma, qoynuma tələs, deyir. Gün o gün olsun, bu kitabın ikinci hissəsi Şuşalı günlərimizlə bəxtəvər yaşayacağımız yaxın zamanlarda yazılsın. İnşaallah!

 

İyun 2013

Şəfəq Nasir

525-ci qəzet.- 2013.- 8 oktyabr.- S.7.