İsa Muğanna: Ün və
İşıq məqamı
(İsa Muğanna qnostikasına giriş)
İsa Muğanna kimdir? Əski əsərlərdən
imtina edib,ənənəvi epik
süjetqurma modelini dağıdan modernist yazıçı,
millətin təhrif olunmuş tarixini ezoterik yolla bərpa edən
mütəfəkkir filosof, yoxsa bədii formada, obrazların
dili ilə bizə yeni inanc sistemi təklif edən təriqət
piri-mürşidimi ? Son əsərlərilə
(“İdeal”,”Gur Ün”, “Qəbiristan”, “İsahəq-Musahəq”)
nə demək istəyir ?
Mütəfəkkir
yazıçı oxuculara altılığa daxil olmuş bu əsərləri
yalnız onun göstərdiyi ardıcıllıqda
oxumasını tövsiyə edir : “İdeal”, “Məşhər”,
“Qəbiristan”, “Gur Ün”, “İsahəq-Musahəq”, “Cəhənnəm”.
Axı,
hansı yazıçı oxucusuna deyər ki,bu
povestimi öncə, o biri romanımı sonda oxu? Bu artıq təriqət insanının tövsiyyəsidir,
müəllim-mürşid mövqeyidir. Bu
artıq yazıçı məfkurəsindən gəlmir,
planetar düşüncə refleksiyasıdır. Roman təhkiyəsinin
içində keçən “xatırla”, “bil”, “yada sal”
imperativləri sadəcə yazıçı ritorikası
deyil, üst dünyalardan gələn hökmlərdir.
Onun sakral, ezoterik nitqə girməsi üçün sənətkar-yazıçı
statusundan uzaqlaşması gərək idi. Kosmoqonik
gerçəkliyi yeni statusda görməsi üçün
ona şöhrət gətirmiş əvvəlki əsərlərdən
imtina etməli idi.
Zatən “ Seçilmiş əsərləri
“nin I cildində oxuculara
müraciətində bu məqsədini gizlətmir :” Əksəriyyəti
tamam yeni əsərlər kimi yazılmış bu povestləri
və hekayələri altmış – yetmiş
yaşlarında müəllifin bir növ ikinci həyatının
məhsulu sayın. Üçüncü – altıncı cildlərə
daxil edilən əsərləri üçüncü həyatını
yaşayan tamam yeni müəllifin əsərləri
sayın”.
Bəzilərinə İsa Muğannanın bu
yaradıcılıq təkamülü sirli
göründü, müəyyən sorumlar yaratdı. Buna bənzər hadisə
rus klassiklərində də (Qoqol, Tolstoy,Soljenitsin)
baş vermişdi. Onlar
müəyyən yaradıcılıq zirvəsinə
çatdıqdan sonra özlərini yazıçı kimi
görməkdən imtina etdilər, “həyat müəllimi”
kimi bəyan etdilər. Xüsusən Qoqolu həmişə bu
suallar düşündürüb:
yazdıqları nəyə lazımdır
? Bu povestləri nə üçün
yazır? “Ölü canlar”dan sonra bu sual
onu rahat buraxmır, daim çıxış yolu arayır.
Nəhayət, “Dostlarla yazışmalardan seçmələr”
yazır və özünü yeni statusa hazırlamaq
üçün ölümə də gedir ki, möcüzə
baş versin. Amma bu təkamül ətrafdakılara
(“rus cəmiyyətinə”) təbii gəlmədi. Rus cəmiyyəti
onların bu təlimlərini, moizələrini dinləmək
arzusunda olmadı və insafən bu mövqe
anlaşılandı da; hansı toplum özünü peyğəmbər seçmiş insanı sevər?
Rus cəmiyyəti “Ölü canlar “, “Müfəttiş”
müəllifini “ Yazışmalardan seçmələr...”
müəllifindən, “ Hərb və sülh” müəllifini
“ Etiraf “ müəllifindən üstün tutdu.
Canlı klassikimiz İsa Muğanna da Azərbaycan cəmiyyətində
eyni mövqe ilə qarşılaşdı. Bunu vaxtilə Anar da
yazıçıya məktubunda ifadə etmişdi
: “Çox xahiş edirəm ki, cildlərini nəşrə
hazırlayarkən əvvəlki əsərlərinə
SafAğ elmi baxımından ODƏR dilində əl gəzdirməsin.
Ona görə ki, bu əsərlər bizim gəncliyimizdir.
Yeni nəsillərə də
yazıldığı şəkildə milli ədəbiyyatımızın
əbədi, dəyişməz sərvəti kimi
çatdırılmalıdır.”
Bu romanlarla SafAğ elmini ODƏR dilində dərk etməyə
çağırır. Onun inamına görə təhrif
olunmuş adların bərpası millətin qurtuluş
simvoludur. Təhrif olunmuş tarix bizim gələcəyimizin
təhrif olunmasına gətirib çıxardır. Ona elə gəlir ki, keçmişin təhrifləri
gələcəyin təhrifi olur. Fal
kitabında olduğu kimi, keçmiş gələcək
zamanı proqramlaşdırır. Yazıçı
fantastik, yarımfantastik başlıqlar versə də, əslində
həqiqətin carçısı və müjdəçisi
kimi çıxış edir. Ona görə
də İsa Muğanna tarixi mövzularda tarixi əsərlər
deyil, tale əsərləri yazır. Bu
romanlar yazılan sözdən nazil olunan sözə
keçidin ifadəsidir.
İsa Muğanna və onun qəhrəmanları
danışılan sözü deyil, vəhy olunan sözü
eşidir.
Xalq şairi Z.Yaqub bunu “pıçıltı məqamı”
adlandırır və İsa Muğanna ilə bir telefon
söhbətini xatırlayır: “Ayə, yaman dolmuşam,sən haqda yazmaq istəyirəm. Mənə pıçıltı göndər”.
Qeybdən gələn bu pıçıltılar,
ünlər, səslər onda güclü fiziki, ruhsal
sarsıntılar da yaradır. Bunu müəllifin özü də
etiraf edir : “Əlbəttə, hər
adamın hünəri deyil belə şeyə dözmək.
Pünhanlar var ki, hətta huşlarını itirirlər,
ayılanda, adam içinə
çıxanda uzun müddət özlərinə gələ
bilmirlər, ruhi xəstəyə oxşayırlar. Mən əminəm ki, sən dözəcəksən.
Yoxsa göndərməzdilər məni “.(“Qəbiristan”)
Ona
görə də bu mətnləri bilmək üçün
onu həm də eşitmək, dinləmək
lazımdır.İsa Muğannanın əvvəlki əsərləri
“göz”ün yaddaş təzahürüdürsə,
sonrakı əsərlər səslərdən, ünlərdən,
kainatdan gələn səslərdən “toxunubdur”.Romanların
məkanında daim iki səsi – müəllifin və
personajların səsini eşidirsən.
“Dinlə! Dinlə! Yenə vəziyyət getdikcə
dəyişir, ağırlaşır. İnsan
vəhşiləşib. Rəhm qalmır, böhtan,
şər, şantaj yeyir SafAğları! “
“Qəbiristan”
romanında “dinlə” deyə başlaması könlü ilə
sirləri anlamaq üçündür, hardasa Quran imperativlərini
(“oxu”, “dinlə”) xatırladır . Qutsal kitabı anlamaq ancaq dinləməklə
mümkün olur. Necə ki, Allah – Təala buyurur : “ Quran oxunduğu zaman onu dinləyin və
susun ki, sizə mərhəmət edilsin “ (Əraf surəsi.
7/204)
Əlbəttə, yazıçının əvvəlki
əsərlərdən imtina etməsi ədəbi
davranış aktından çox, bir inam məsələsidir. İsa
Muğanna qəti inanır ki, dünya (Azərbaycan) tarixi təhriflər
tarixidir. Dünya təhriflər
dünyasıdır. Təhriflər dünyasında əvvəlki
adla ( İsa Hüseynov)
yaşayıb-yaratmaq olmazdı...
(Burada
kiçik bir haşiyəyə çıxmaq istəyirəm
: Bakıda Ustadla tarixlə bağlı söhbətlərimizin
birində (Firuzə xanım, qızı Sevinc xanım
şahiddilər) görkəmli yazıçımız Kamal
Abdullanın “ Yarımçıq əlyazma” romanını
xahiş etdi. 2-3 həftə sonra Ağstafadan zəng edib
romanı yavaş-yavaş oxuduğunu (ustadın gözləri çox zəif
görür),
yazıçı ideyasının çox maraqlı
olduğunu və bu barədə yazı yazacağınıda
söylədi)
İsa Muğannaya görə, dünyanı dəyişdirən
təhriflərdir, adlardır. Qoca Şərqin
böyük müdriki Konfutsi deyirdi ki, sözlər (adlar) mənasını
dəyişəndə insan azadlığını itirir.
Onun qəhrəmanları
funksional baxımdan ideoloqlardır (yəni ideya daşıyıcısıdırlar
). İsa Məsih, Seyid Nəsimi, Şeyx Nizami... SafAğ elminə bağlıdırlar. “Nizami SafAğa bağlı idi. Budur Nizaminin böyüklüyü : sözə –
ƏsÜzə,Od-Əsə-Dilə-İdeala
bağlılıqdadır.”(“GürÜn”).
Onun cismanilikdən azad təxəyyülü fərqli
zamanların və obrazların əlaqəsini yaratmağa
qadirdir. Sakral
obrazları ( Süleyman peyğəmbər, İsa peyğəmbər,
Şeyx Nizami, Seyid Nəsimi, Ağ Seyid, Aşıq Alı...)
ünsiyyət məkanına bilir. İsa
Muğanna “Dilican dərəsində eşitdiyi hadisələrin”
kosmik miqyasını verə bilir.
İsa Məsih İsa Muğannanın ən çox
sevdiyi obrazdır – ən qutsal addır. Bu sevgi “Məşhər”dən,
Nəsimidən başlayır. “Məşhər”i
yazanda Nəsimi sirrinə o qədər vaqif olub ki, artıq Nəsimi
ilə “vəhdəti-vücud”dur. “Məşhər”dəki
Nəsimi İsa Muğannanın özüdür. Nəsimi
hürufiliyindən başlayır İsa Muğannanın
neohürufiliyi!
Onun uca könlünə EySar işığı Nəsimidən
keçibdir.
Məhz EySar ona diqtə edir, yazmağa izn verir.
İsa Muğanna qəti inanır ki, “Xəmsə”də
Nizami Süleymanı (Əs Əlməni) və İsanı
(EySarı) vəsf edir.”(“GürÜn”). Qəribədir
: mən də nədənsə həmişə İsa
Məsih ilə İsa Muğanna arasında assosiativ əlaqə
görmüşəm və buna inanmışam...
Bu romanların strukturu başdan-başa sorğu-sual
üstündə qurulur. Bu, ənənəvi roman
personajlarının dialoqu deyil, mətnlərdəki dialoqları
xatırladır. Sanki Tanrı divanında,
Tanrı dərgahında ruhların məhkəməsidir,
sorğu-suala tutulmasıdır.
Kosmoqonik mətnlərdə bu
tipli dialoqlar kosmik rəqiblərin söhbətində
keçir.Skandinav saqalarında – “Böyük Edda”, “Kiçik
Edda”nın dialoq strukturu da belədir.
Personajların dialoqu “daxili nitqin dual – şəxsləndirilmiş
modelini xatırladır. M.Baxtin deyirdi ki, “ iki səs tonunda
sözə ikili vücud
uyğun gəlir”. Daxili nitqin şəxsləndirilmiş
modelinə “Fomanın kitabı”nın
proloqunda rast gəlirik.
Təhkiyə məsamələrində kommunikativ
münasibətlərdə qutsal kitablara xas olan “sürreal –
irfani hava” dolaşır. İsa Muğanna qəhrəmanları, təsadüfi
deyil ki, ruhlar aləmi ilə, mistik səslər ilə (saz,
tütək, tar, ud, zurna, balaban, sükutun səsi) simvolik əlaqə
saxlayır. “Göydən Ün gəlir, mən
də təkrar edirəm”- deyir İsa Muğanna. İsfəndiyar
kişi Axsaq Hacıya sazla könül
toxtaqlığı verir. (“Saz”),
Naxırçı Məsini Cümrünün tütəyi həyata
qaytarır (“Tütək səsi”). İki
yaddaşın məcrası – İsa Hüseynov yaddaşı
ilə İsa Muğannanın yaddaşı birləşir.
Bu əsərlər
kahin mətnləri kimidir: magik səslərin birləşdiyi
formullar- adlar Bağlar ilə, ruhlar səltənəti ilə
əlaqə saxlamaq üçündür. Orta əsr
qnostikləri kimi, İsa Muğanna bu sirli mənaları təkrarlayır,
onları tələffüz etməkdən, səsləndirməkdən
xoşu gəlir.
Ravvinlər iudaizmin mistik mətni Tövratın İlahi
qüdrətdən nazil olmasına, tetraqramdan – Allahın
dörd adından (YHVH) ibarət olmasına inanan kimi, İsa
Muğanna da İsanın “EySar” olmasına inanır.
İsa Muğanna qutsal şəxsdir, artıq müqəddəsləşmiş, mifləşmiş obrazdır. İsa Muğanna müqəddəs adamdır, yüksək, sakral fikrin əzəlkeşidir, yeni inanc dünyasının yaradıcısıdır. “Muğanna” yazıçı təxəllüsü deyil, maq-kahin adıdır.
Bu romanların planetar fəlsəfəsini, kosmik stixiyasını göstərən bir detal – motiv də var : işıq gəmiləri ilə başqa planetə uçub getmək. Bu səslər təhtəlşüur axınlarıdır.
“Azərbaycan” jurnalında (ą6, 2013) çap olunmuş (“İlan dərəsi və peyğəmbərin taleyi”) povestinin sonunu yazıçı belə tamamlayır : “Padşahlıqnan İncə dərəsinin arasındakı çökəyə göydən günəş parıltılı bir şey gəldi. Musa ağaynan Ağ gəlin mindilər göyə getdilər “. Musa ağaynan Ağ gəlinin göydən gələn “günəş parıltılı gəmilər”lə görüşü Musa peyğəmbərin Tur dağındakı görüşünü xatırladır.
“İdeal” romanının 2005-ci il nəşrində son cümləni xatırlayın : “Əlavə xəbər : İşıq gəmilərinin yerə enməsinə lap az qalıb.”
“Qəbiristan” romanının sonu isə belədir : “ Bu vaxt heç kəs görmürdü ki, qəbiristanın səmasında Səmi ilə, Midi ilə birgə bir dəstə “ruh” hamısı ƏrAğ yavaş – yavaş buludların arasına doğru uzaqlaşırdı. Və əlbəttə, onların – “ruh”ların hamısı bir neçə saatdan sonra yenidən yaranıb yeni, doğma planetdə, doğma insanlar arasında sevincdən hönkürə-hönkürə qucaqlaşacaqlarını da hələ heç kəs bilmirdi.”
İsa Muğanna bizə Göylərə baxmağın, Göylərin qanunu ilə yaşamağın yolunu göstərir. Göylərin mübarək, Böyük Ustad!
Rüstəm Kamal
525-ci qəzet.-
2013.- 12 oktybar.- S.18.