Sivilizasiyaların kəsişməsində
Afrika
Yeni minillik geosiyasi müstəvidə sivilizasiyalar
arasında mübarizə ilə xarakterizə olunur. Samuel
Hantinqtonun yeni bir nəzəriyyə kimi irəli
sürdüyü sivilizasiyaların toqquşması xəttinə
əsaslanan beynəlxalq münasibətlər müasir
dövrün geosiyasi mənzərəsinin əsasında
dayanır. Dini birliyə dayanan
sivilizasiyalar arasında isə ümumiyyətlə harmoniya
müşahidə olunmur. Müxtəlif
dinlərin yayılma arealının kəsişmə sərhədi
boyunca daim toqquşmalar baş verir. Tarixi
dövr ərzində bu sərhəd xəttinin əsas
arteriyası öz coğrafiyasını dəyişmişdir.
Misal üçün, Ərəb Xilafətinin
dövründə bu xətt bir tərəfdə Yaxın
Şərqdən, digər tərəfdə isə Pireney
yarımadasından keçirdi. Osmanlı
dövründə sivilizasiyaların əsas kəsişmə
nöqtələri Balkan və Qafqaz bölgələri idi.
XX əsrdə Yaxın Şərq və
Hindistan-Pakistan (Kəşmir) sərhəddi əsas
toqquşma nöqtələri hesab olunurdu.
Müasir dövrümüzdə adı çəkilən
bölgələr qaynar nöqtələr olmaqla bərabər,
sivilizasiyaların toqquşmasının ən kəskin
müşahidə olunduğu yer Afrikadır. Afrikada
sivilizasiyalarınuyumsuzluğu geosiyasi müstəvidə də
(dövlətlər arasında), müxtəlif dinlər və
tayfalar arasında da özünü göstərir. Eyni zamanda sivilizasiyaların toqquşduğu xətt
boyunca geosiyasi proseslər daha da mürəkkəbləşir.
Yeni dövlətlər yaranır (Cənubi
Sudan), separatist meyllər güclənir, geosiyasi həssas məkanlar
ortaya çıxır.
Böyük tarixi dövr ərzində müstəmləkə
qitəsi olaraq tanınan Afrika müasir dövrümüzdə
geosiyasi səhnədə mühüm əhəmiyyətə
malik zonaya çevrilmişdir. Zəngin təbii ehtiyatlar, dinamik
artım göstərən iqtisadiyyat, sürətlə artan əhali
“Qara qitə”nin dünyada mövqeyini
müəyyənləşdirən amillərdir. Dünyanın bütün təbii
ehtiyatlarının 30%-i Afrikanın payına düşür.
Proqnozlara görə 2020-ci ilədək Afrikada neft hasilatı
900 milyon – 1 milyard ton olacaq,2033-cü ildə
Afrika ÜDM həcminə görə Şərqi Avropa,
2039-cu ildə isə Latın Amerika səviyyəsinə
çatacaq.
Bütün bu proqnozlar sabitliyə əsaslanaraq
hazırlanmışdır. Lakin
günümüzdə Afrika ətrafında müxtəlif
geosiyasi proseslər dövr edir. Bu gün
“Qara qitə” müxtəlif dinlərin və mədəniyyətlərinfərqliliyinə
əsaslanan sivilizasiyalar arası mübarizənin ən kəskin
olduğu məkandır. Afrika müstəmləkə
dövründən miras qalan dövlətlərin sərhədlərinin
ədalətsiz bölünməsindən hələ də əziyyət
çəkir. Bu faktora qitədə xarici
qüvvələrin müdaxiləsi ilə
qızışdırılan islam-xristian
qarşıdurmasını da əlavə etsək Afrikanın
geosiyasi mənzərəsində dəyişikliklərin
olması qaçınılmaz görünür.
Bu gün bütün dünyanın diqqəti daha
çox Ərəb dünyasına, o cümlədən
Afrikanın ərəb ölkələrindəki proseslərə
yönəlmişdir. Lakin əslində qitədə bundan da dərin
böhrana səbəb ola biləcək
sivilizasiyalar arası mübarizə gedir. Geosiyasi
müstəvidə yeni trendlər özünü göstərir.
Çin Afrikanın əksər ölkələrində
ən böyük investora çevrilmişdir. Çinin Afrika bazarına tədricən və
yavaş-yavaş daxil olması başı ərəb
oyanışına qarışan regionun ənənəvi
gücləri olan Qərb dövlətlərini faktla
üz-üzə qoymuşdur. Bizim qənaətimizə
görə, Afrikada sivilizasiyalar arasında mübarizənin əsasında
belə geosiyasi ambisiyalar dayanır.
Beləliklə, “Qara qitə”də sivilizasiyaların kəsişmə
xətti istiqamətində geosiyasi mübarizənin
bütün mənzərəsi.
Afrikanın
ərəb ölkələrində sivilizasiyalararası təmasın
geosiyasi konturları
Hazırda Afrikada ən mühüm trend İslam və
Xristian dünyası arasında mübarizədir. Bu mübarizə
sivilizasiyaların təmas nöqtələrində daha kəskin
xarakter daşıyır. Bu silahlı
münaqişə, separatist mübarizə, bəzən isə
terror təşkilatlarının fəaliyyəti ilə
müşayiət olunur. Afrikada islam-xristian
qarşıdurmasının sərhəd zolağı Saxaradan
cənuba doğru Tropik Afrika ölkələrindən
keçir. Coğrafi areal baxımından
da “Qara qitə”də islamın sərhədi çöllə
meşə landşaftının ayrılma xətti boyunca
uzanır.
Britannika
ensiklopediyasının məlumatına görə 1 milyarddan
çox insan yaşayan Afrika qitəsində 48% xristian,41% isə
müsəlmandır (2010-cu il üçün). Efiopiya, Misir kimi ölkələr istisna olmaqla
xristianlığın qitədə yayılması daha
çox müstəmləkə dövrünə
düşür. Son 100 ildə
xristianlığın yayılmasında yüksək
sıçrayış müşahidə olunur. Belə ki, əgər 1900-cü ildə qitədə
xristianların sayı cəmi 9 milyon nəfər idisə,
2000-ci ildə bu rəqəm 380 milyon nəfər olmuşdur.
Hazırda Afrikada 31 ölkədə xristianlar
sayca çoxluq təşkil edirlər. Müqayisə
üçün qeyd etmək olar ki, əhalinin yarıdan
çoxu müsəlman olan ölkələrin sayı 21-dir.
Afrikada islam dininin yayılmasını isə 2 əsas
mərhələyə bölmək olar. Birincisi, VII-XI əsrlər
Şimali Afrikanın ərəb və bərbər
tayfalarının islam dinini qəbul etməsi.
Ərəb Xilafətinin işğal və siyasi-iqtisadi-mədəni
təsiri altında Afrikanın əsasən səhra
landşaftında islam dini hakim dinə
çevrilmişdir.İkinci mərhələ isə XII əsrdən
başlayaraq ticarət, hakim elitanın dini qəbul etməsi,
müxtəlif dini cərəyanlarının, o cümlədən
sufizmin təsiri altında islam dininin yayılması ilə
xarakterizə olunur. Maraqlıdır ki, güc və
işğala əsaslanan Xilafət dövründən fərqli
olaraq ikinci mərhələdə islam dini
daha geniş ərazilərə yayılmışdır.
Hazırda
bu regionda ərəb və bərbərlərin mütləq
üstünlük təşkil etdiyi 7 ölkə (Misir, Tunis,
Liviya, Əlcəzair, Mərakeş, Mavritaniya, Sudan) var. Bu
ölkələrdə əhalinin 90%-dən çoxunu müsəlmanlar
təşkil edir. Bundan əlavə əhalisi ərəb
olmayan və ya ərəblərin azlıq təşkil etdiyi,
ancaq rəsmi dillərindən biri ərəb dili olan 4
dövlət var – Cibuti, Somali, Eritreya, Çad. Bunlar içərisində yalnız Çad nisbətən
çoxsaylı ərəb əhalisi ilə seçilir
(ölkə əhalisinin 12%-i). Digərlərinin
ərəbdilli olmasını bu dilin ölkədə
çoxsaylı tayfalar arasında birləşdirici
funksiyası ilə əlaqələndirmək olar.
Müsəlmanların mütləq çoxluq təşkil
etdiyi ərəb ölkələrində sivilizasiyaların
qarşıdurması kəskin deyil. Bu baxımdan yalnız
Misir və Sudanı fərqləndirmək olar. Misirdə son dövrlər xristian koptlarla müsəlman
ərəblər arasında qanlı hadisələr baş
verir. “Ərəb oyanışı”
baş verən bütün digər ölkələrdə
olduğu kimi Misirdən də xristianlar kütləvi şəkildə
xaricə miqrasiya edirlər. Bununla belə,
bu qarşıdurmanın Misirin geosiyasi çəkisinə hər
hansı bir təsiri olmayacağını söyləmək
olar. Bu hadisələri sivilizasiyalararası mübarizə
deyil, ölkə daxili ictimai proses kimi qiymətləndirmək
daha doğrudur.
Afrikada
sivilizasiyaların toqquşma xəttində ərəb
dövləti
Ərəb ölkələri içərisində
yalnız Sudan sivilizasiyalararası toqquşma xəttinin tam mərkəzində
yerləşir. Afrika qitəsində Sudan Kamerun, Nigeriya və
Kot-Divuarla bərabər müsəlman Şimalla xristian Cənub
arasında sərhəddir. Sudanda dinlərarası
təfriqə ölkə həyatında həlledici amil
olmuşdur. Şimalın müsəlman ərəb əhalisi
ilə Cənubun qara dərili yerli xalqları arasında
mübarizə Sudan müstəqillik qazandıqdan bəri
(1956-cı il) davam edir. Müstəmləkə
dövründə ingilislərin cənubda
xristianlığı yaya bilməsi isə ölkənin
taleyində həlledici təsir göstərmişdir. Hələ müstəmləkə dövründə
İngiltərə Şimal və Cənub arasında nifaq
toxumu səpmişdi. Cənubda ərəb
dilinin yayılmasına qarşı ingilis dili tədris
olunurdu, bağlı zonalar yaradılmışdı və
Şimaldan yaşamaq üçün gəlməyə icazə
verilmirdi. Uzun illər mübarizədən
sonra Cənubi Sudan Qərb ölkələrinin dəstəyi
ilə 2011-ci ildə müstəqilliyini qazandı. Eyni
zamanda indi Cənubda əhalinin 20%-ni təşkil edən
müsəlmanların sıxışdırılması, islam mədəni irsinin, məscidlərin
dağıdılması ilə bağlı məlumatlara rast
gəlinir.
Cənubi Sudanın müstəqillik qazanması ilə
Afrikada müsəlman Şimalla xristian Cənub arasında sərhəd
bir qədər yuxarı çəkildi. Keçmiş
Sudanın neft ehtiyatlarının 75%-nin yerləşdiyi Cənubi
Sudan dövləti hazırda Afrikada bütün böyük
güclərin mübarizə apardığı məkandır.
Fransa, İngiltərə, ABŞ ölkə
iqtisadiyyatında mühüm yer tutmaq uğrunda mübarizə
aparsalar belə, hələlik ən böyük sərmayədarlar
Çin şirkətləridir. Bundan əlavə
Hindistan Neft və Təbii Qaz Korporasiyası (ONGC) və
Malayziyanın “Petronas” şirkətləri də neft layihələrində
yer tutublar.
Bir məqamı da qeyd etmək istərdik ki, yeni müstəqil
dövlətin yaranmasına baxmayaraq, ənənəvi
Şimal-Cənub xəttində həm geosiyasi müstəvidə,
həm də sivilizasiyalararası münasibətlərdə
sabit mühitin formalaşmasını söyləmək hələ
tezdir.
Birincisi, iki dövlət arasında mübahisəli ərazilər
qalmaqdadır və öz həllini gözləyir.İkincisi,
regionda sivilizasiyalararası mübarizə tək dini zəminlə
məhdudlaşmır. Belə ki, Sudan ərazisində Darfurda hər
ikisi müsəlman olan hökumət qüvvələri və
ərəblərdən ibarət silahlı qruplaşmalarla
yerli qaradərili tayfalar arasında silahlı mübarizə
gedir. Darfur təkcə Sudan
üçün deyil, ümumiyyətlə mərkəzi
Afrikada sabitlik üçün təhlükə yaradan məkan
hesab edilir. Sudan-Çad münasibətlərində
də Darfur rol oynayır. Çadda
Darfurdan qaçan 200 minlik qaçqın yerləşmişdir.
Darfurdan həm Çad, həm də Sudan
hökumətinin dəstəklədiyi silahlı qüvvələr
istifadə edir. Darfur probleminin həlli ilə
bağlı böyük güclərin maraqları da
toqquşur. Fransa və Çin şirkətləri
hazırda regionda neft layihələrində böyük paya
malikdirlər. Rusiya Sudan əsas silah təchizatçısıdır.
Buna görə də BMT-də bu dövlətlər
Darfurla bağlı məsələdə Sudanı müdafiə
edirlər.
Üçüncü faktor isə siyasi məqamlarla
bağlıdır.Məlum olduğu kimi, Cənubi Sudan
Respublikasının Prezidenti ilk rəsmi səfərini
İsrailə etmişdir. Sudanla İsrailin
düşmən münasibətlərdə olması bu səfərin
əhəmiyyətini şərtləndirir. Səfər zamanı su sərvətlərindən
istifadə ilə bağlı əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Mütəxəssislər
bununla da İsrailin Nil hövzəsi su probleminə müdaxilə
etmək imkanı qazandığını qeyd edirlər.
1İsrailinAfrikada geosiyasi müstəvidə
oynadığı rol sivilizasiyalar arası toqquşma
zolağı boyunca sabitliyə müdaxilə etmək
iqtidarında olan faktor kimi qiymətləndirilir. Biz bunu Somaliyə münasibətdə
İsrail-Keniya əməkdaşlığı zamanı da
müşahidə edirik. Bu məsələyə
bir qədər sonra ayrıca toxunacağıq.
Beləliklə də, Afrikanın bu regionunda
sivilizasiyalar arası mübarizə kəskin dövr
yaşayır.
Geosiyasi mühitdə sabitsizlikdir və hər an
müharibə təhlükəsi var. Darfur regionda sabitlik
üçün əsas təhlükə yaradan məkandır.
Böyük güclərin və İsrailin
regionda güclü təsir imkanları var. Hazırda
sivilizasiya müstəvisində müsəlman Şimal geri
çəkilmişdir. Gələcəkdə
hadisələrin necə cərəyan edəcəyi isə
daha çox böyük güclərin müdaxiləsindən
asılı olacaq. Hər halda region
Afrikanın ən qaynar nöqtələrindən biri olaraq
qalır.
Ərəb
olmayan ərəbdilli ölkələrdə sivilizasiya xəttinin
yeni konturları
Yuxarıda sadaladığımız ərəb olmayan və
ya ərəblərin azlıq təşkil etdiyi ərəbdilli
ölkələr sivilizasiyaların kəsişmə xətti
ətrafında yerləşirlər. Bu ölkələrdən ikisində
Somali və Çadda fərqli sivilizasiya
daşıyıcılarının mübarizəsi olduqca kəskindir,
digər ikisində isə – Cibuti və Eritreyada
xüsusi bir təfriqə müşahidə olunmur. Eritreyada müsəlman və xristianların sayı
təxminən bərabərdir. Əhalinin 50%-i islam, 48%-i isə xristianlığın müxtəlif
cərəyanlarının tərəfdarıdır. Çadda da bu nisbət böyük deyil. Əhalinin 53%- müsəlmandır. Lakin
Çadda müstəmləkə dövründə katolikliyi
qəbul etmiş sara tayfasının
müstəqillikdən sonra (1960-cı il) hakim elitaya
çevrilməsi ilə ölkədə dini zəmində
münaqişə və vətəndaş müharibəsi
baş vermişdir. Şimalda yaşayan müsəlman
çoxluğun Cənubla mübarizəsi, eyni zamanda əhalinin
12%-ni təşkil edən ərəblərin qara dərili
yerli əhali ilə silahlı toqquşmaları geosiyasi
mühitin əsasında dayanır. Bundan
başqa Darfurda nəzarətsiz zonanın olması bölgənin
sabitliyi üçün təhlükədir. Çadda Darfurdan qaçan 200 minlik qaçqın
yerləşmişdir, Darfurda isə hökumət qüvvələrinə
qarşı vuruşan hərbi qruplaşmalar məskən
salmışdır.
Sivilizasiyalararası münasibətlər perspektivindən
qiymətləndirdikdə Çadda ayrılma xəttinin Cənuba
doğru genişlənəcəyini ehtimal etmək olar. Belə ki, 120
dil və dialektin danışıldığı ölkədə
ərəb dili birləşdirici funksiya daşıyır.
Bu faktor ölkənin gələcəyi
üçün mühüm rol oynayır. Hələ keçən əsrin əvvəllərində
müstəmləkə imperiyaları buna qarşı
mübarizəyə başlamışdılar. Belə ki, 1920-ci illərdən Çadda protestant məktəbləri
açılmışdı və müxtəlif Avropa dilləri
yayılırdı. Lakin ölkədə
təhsil səviyyəsi və təhsil müəssisələrinin
sayı olduqca aşağıdır. Rəsmi
statistikaya görə ölkə əhalisinin yalnız 35%-i
yazıb oxumağı bacarır. Belə olan halda isə
mədrəsələrdə tədris olunan ərəb dilinin
və dolayısı ilə islam dininin daha
da yayılmasına şərait yaranır.
Çadda iqtisadi faktor da artıq müsəlman
Şimalın xeyrinə dəyişmişdir. Belə ki,
ölkədə əvvəllər əsas böyük
investorlar Fransa və ABŞ idi. İndi
iqtisadi səhnəyə Çin
çıxmışdır. Çin
ölkədə, əsasən də, neft sektorunda ən
böyük layihələrdə iştirakçıdır.
Cənubun tərəfini açıq-aşkar
saxlayan qərblilərdən fərqli olaraq Çin bitərəfdir
və mövcud müsəlman Prezidentin hakimiyyəti ilə
yaxşı əlaqələrin saxlanmasında
maraqlıdır. Bütün bunları nəzərə
alaraq, indiki halda Çadda müsəlman Şimalın
mövqeyinin daha da güclənəcəyini ehtimal etmək
olar. Lakin Qərb qüvvələrinin
müdaxiləsi olarsa geosiyasi perspektivdə Çadın
qaynar nöqtəyə çevrilməsi ehtimalı yüksəkdir.
Xüsusən də, Cənubi Sudan nümunəsindən
sonra.
Afrikanın
barıt çəlləyi
Ərəbdilli ölkələr arasında Somalini sivilizasiyalararası
münasibətlərin ən kəskin olduğu yer olaraq qiymətləndirmək
olar. Afrikanın “barıt çəlləyi” olan Somali
sivilizasiyaların qırılma xəttində yerləşir.
Son illər bu ölkənin adı radikal dini təşkilatların,
terror təşkilatlarının vətəni kimi çəkilir.
Somali yaraqlıları Hind okeanında pirata
çevrilmişlər. “Əl Qaidə” ilə
bağlılığı olan “Əş-Şəbab” terror təşkilatı
nəinki ölkədə bütünlükdə regionda ən
böyük təhlükə mənbəyidir. Keniyada, Uqandada bu terror təşkilatı tərəfindən
qanlı aksiyalar həyata keçirilir. İslami dəyərlərlə
heç bir əlaqəsi olmayan bir terror təşkilatının
fəaliyyəti Qərbdə islam
fundamentalizmi kimi qiymətləndirilir. Qərb
mediası tərəfindən sivilizasiyalararası münasibətdə
müsəlman Şimal və xristian Cənubun sərhəd xəttinin
konturlarının cızılması məsuliyyəti
“Əş-Şəbab” təşkilatının üzərinə
qoyulub.
Lakin gəlin
görək islamı radikallaşmaqda ittiham edənlər
Somalidə vəziyyətin bu həddə çatmasında
özlərini nə qədər günahkar hiss edirlər. Əhalisinin mütləq əksəriyyəti
müsəlman olan Somalinin bu günkü vəziyyətinin əsasında
ilk növbədə keçmiş müstəmləkə
sisteminin fəsadları dayanır. 1960-cı
ildə İtaliya və Britaniya müstəmləkələrinin
birləşməsi nəticəsində yaranan dövlətin
qonşularla sərhədlərinin müəyyənləşdirilməsində
böyük problemlər qaldı. Həm
Keniyada, həm də Efiopiyada somalili tayfaların
yaşadığı ərazilər var. Hətta bununla
bağlı 1963-1967-ci illərdə Somali ilə Keniya
arasında müharibə də olmuşdur. Qərb müsəlman olmayan Keniyanı dəstəklədi.
Somalinin Efiopiya ilə qarşıdurmasında isə
həmin vaxt hər iki dövlətin himayəçisi olan
SSRİ yenə də müsəlman olmayan Efiopiyanı dəstəklədi.
Yəni, bütün hallarda qeyri-müsəlmanların
maraqları müdafiə olundu, ədalət prinsipi gözlənilmədi.
Bu isə islamçı qüvvələrin
radikallaşması üçün münbit şərait
yaratmış oldu.
Digər tərəfdən 1991-ci ildən sonra faktiki
olaraq ölkədə mərkəzi hakimiyyət mövcud
deyil. Somali ərazisində 10-ə qədər öz
müstəqilliyini elan edən qurumlar meydana gəlib. Faktiki olaraq ölkə ərazisinin böyük hissəsi
“Əş-Şəbab” silahlılarının nəzarəti
altındadır. Bu təşkilat ölkə
ərazisindən başqa Keniya, Uqanda kimi dövlətlərdə
də siyasi təsir vasitələrinə malikdir.
Vəziyyətin bu yerə çatması ilə
bağlı bir məqama diqqət çəkmək istərdik. Ölkə
xaos vəziyyətinə düşdükdən sonra keçən
əsrin 90-cı illərində ABŞ və müttəfiqləri
öz hərbi kontingentini Somalidən çıxardı.
BMT sülhməramlıları da ölkədə
uzun müddət qalmadılar. Eyni zamanda
ölkədə vətəndaş müharibəsi zamanı
“Əş-Şabab”ın əsas rəqibi olan liberal
islamçıları dəstəkləyən olmadı.
Ölkəyə yerləşdirilən Afrika
İttifaqının hərbi kontingentində Somali ilə
münasibətləri onsuz da pis olan Keniya, Uqanda hərbçilərinin
olması da əks nəticə verdi. Afrika İttifaqı ölkələrinin birləşmiş
silahlı qüvvələri Keniya ordusunun dəstəyi və
ABŞ pilotsuz təyyarələrinin köməyi ilə
Somalidə yerləşən terror təşkilatına
qarşı böyük əməliyyat
başlatmışdı. O zaman Keniya ordusu Somali ərazisinə
daxil olaraq “Əş-Şəbab” təşkilatına
ağır zərbələr vurmuşdu.
Beləliklə, Somalinin nəzarətsiz əraziyə
çevrilməsinə göz yumulmuşdu və yaranan
boşluqda xarici qüvvələrin kənar müdaxiləsinin
düzgün hesablanmamasının əks effekt verəcəyi
əvvəlcədən gözlənilirdi. Somalidə
silahlıların Hind okeanında piratlıq etməsinə də
adekvat cavab verilmirdi. Bütün bunlar
öz nəticəsini göstərməli idi. Bu baxımdan, ədalətsizliyə məruz qalan cəmiyyətdə
radikallaşma meyllərinin baş qaldırması
qaçılmazdır. Somali cəmiyyətində
ən təsiredici faktor isə dindir. Bu radikallığa
dini don geyindirilməsi və böyük dövlətlərin
mediasında məsələnin dini faktordan qiymətləndirilməsi
terrorist adı altında bir çox daxili və xarici qüvvələrin
əməkdaşlıq etməsini ehtimal etməyə əsas
verir. “Əş-Şəbab” 2010-cu ildə Uqandanın
paytaxtı Kampalada həyata keçirdiyi terror hücumu
zamanı 76 nəfər, 2013-cü ilin sentyabrında
Keniyanın paytaxtı Nayrobidə alış-veriş mərkəzinə
hücum zamanı isə 70-ə yaxın adam
öldürülüb. Hətta 1998-ci il
Keniya və Uqandada ABŞ səfirliklərinin
partladılmasında da onların əli var.
Beləliklə
də,problemin yaradılmasında
birbaşa iştirak edən qüvvələr niyəsəregiona
müdaxilədə istəksizdirlər. Bundan fərqli olaraq ərəb
ölkələrində radikal islam təşkilatları
olmadığı halda, müdaxilə üçün əlavə
bəhanələr axtarılır. Belə
görünür ki, böyük güclər bu regionun nəzarətsiz
qalmasında daha maraqlıdırlar. Nəzarətsiz
zona isə terror qruplaşmaları üçün ideal məkandır.
Təsadüfi deyil ki, bu gün “Əş-Şəbab”
həyata keçirdiyi terror aksiyalarının sayına və
nəzarət etdiyi əraziyə görə yalnız Talibanla
müqayisə edilə bilər.
Bütün bunlar sivilizasiyaların qırılma xəttində
yerləşən Somalinin yeni bir domino effekti yarada biləcək
proseslərdə siyahıya başçılıq etmək
ehtimalı yaradır. Güman etmək olar ki, belə ölkələr
silsiləsinə Çinin əsas investor olduğu Afrika
ölkələri daxil olacaq. Bunun üçün isə
yeni bir iqtisadi böhran dalğası fürsət ola bilər. Yəni, əsrlərdir
davam edən bazarların yenidən
bölüşdürülməsi bu proseslərin əsas səbəbidir.
Yekunda belə nəticəyə gəlmək
olar ki, Afrikanın barıt çəlləyi olan Somalidə
problemlər dinlər və ya sivilizasiyalararası problemdən
daha çox böyük güclərin maraqlarının
qurbanıdır. İndiki halda terrorun burda
məskən salması regionun gələcək istifadəçilər
arasında bölüşdürülməsi
üçün konservləşdirilməsinə xidmət
edir. Terror olan bölgəyə heç
bir iqtisadi layihə yönəlmir, yeni güclər gəlmir.
Görünən odur ki, maraqlı tərəflər
hələlik bu zonanı istifadəsiz saxlamaq istəyirlər.
Səhra
Afrikadan Tropik Afrikaya keçid
Bu regionda islam-xristian qarşıdurması və
ümumiyyətlə fərqli sivilizasiya
daşıyıcılarının kəskin mübarizəsi
müşahidə edilmir. Lakin geosiyasi baxımdan
olduqca həssasdır və sabitliyə təhlükə
baxımından müxtəlif tayfaların separatist meyllərini
qeyd etmək olar. Region üçün ən
həssas məsələ tuareqlərin taleyi ilə
bağlıdır.
Hər tərəfdən
islam dövlətləri ilə sərhəd
olan Malidə əhalinin 90%-i müsəlmandır. Dini təfriqə
baxımından hər hansı münaqişə hiss olunmur. Lakin son illər ölkədə və regionda
sabitlik üçün bir neçə təhlükə
yaradabiləcək bir neçə məqamı sadalamaq olar.
Birincisi, islam adından istifadə edən
müxtəlif terror təşkilatlarının rolunun artması.
İkincisi,tuareqlərin müstəqil
dövlət yaratmaq istəyi.
Tuareqlər
bu bölgədə sabitliyə təhdid kimi qiymətləndirilirlər
və xarici qüvvələrin regiona müdaxiləsi
zamanı istifadə oluna bilərlər.Tuareqlər Nigerdə
(1,7 milyon nəfər), Malidə (1,4
milyon), Əlcəzairdə (1 milyondan çox), Burkino-Fasoda
(600 000), Liviyada (560 000) yaşayırlar. Lakin bu
rəqəmlər belə nisbidir. Belə
ki, səhra xalqı olan tuareqlər üçün dövlət
sərhədləri xüsusi əhəmiyyət
daşımır. Onların
yaşayış yeri bütün səhra boyudur və tuareqlər
hər hansı bir səbəbdən ölkə sərhədlərini
tərk edərək yaşayış yerlərini dəyişirlər.
Tuareqlər üçün müstəqil
dövlət təfəkküründən çox, azad
yaşamaq ideyası daha önəmlidir. Doğrudur,
son illər müstəqil Azavad dövləti ideyası ortaya
atılıb. Lakin bütün hallarda bu xalq
üçün sərhədsiz məkan anlayışı
var. Təsadüfi deyil ki, 1990-1995-ci illərdə və
2007-2009-cu illərdə Niger və Malinin şimalında
tuareqlərin baş tutmayan çevrilişindən sonra onlar
Liviyaya getmiş və burda dövlət hərbi
qruplaşmalarının tərkibinə daxil olmuşdular.
Müəmmar Qəddafi devrildikdən sonra onunla əməkdaşlıq
edən tuareq hərbi birləşmələri Maliyə
qayıtdılar və az qala ərəb
baharının bu ölkəyə də
sıçramasına səbəb olmuşdular.
Malinin tuareqlər yaşayan 3 şimal regionu ölkə ərazisinin
65%-ni təşkil edir, ancaq ölkə əhalisinin cəmi
10%-i burada yaşayır. Yəni, ümumi nisbətdə əhlinin
sayına görə tuareqlər böyük çəkiyə
malik deyillər. Lakin burda dəyərlərin
barışmazlığından söhbət gedir. Tuarqlər qadına və qadın
azadlığına olduqca böyük əhəmiyyət
verirlər və islamda bəzi məhdudlaşdırıcı
meyarlarla razılaşmırlar. Təsadüfi
deyil ki, müsəlman olan tuareqlərdə qadınlar hicab
örtmürlər, əksinə kişilərin baş
örtüyü var. Qadınların təhsil səviyyəsi
də ölkə göstəricilərindən yüksəkdir.
Son illər yaranmış “ƏnsarƏd-Din”
(“Din mühafizəkarları”) silahlı
qruplaşmasının tuareqləri cəlb etməsinə
baxmayaraq radikal cərəyanlara ümumiyyətlə meylli
deyillər.
Malidə “Əl-Qaidənin Məğrib” qolu,
“ƏnsarƏd-Din” silahlı qruplaşması son illər
ölkə həyatına təsir qüvvələrini
artırmışlar. 2012-ci ildə ölkədə baş verən
hərbi çevrilişdən istifadə edən hər iki
qüvvə ölkənin şimalında yeni müstəqil
dövlətin – Azavadın yaradılmasını elan etdilər.
Lakin bir müddət sonra Azavadın
azadlığı uğrunda milli hərəkatdan olan
qiyamçı tuareqlər və “Ənsar Əd-Din”
qruplaşmasından olan radikal islamçılar birgə əməkdaşlıqdan
imtina etmişlər. Əsas fikir
ayrılığının dini dünyagörüşü
üzərində formalaşmışdır. Tuareqləri “ƏnsarƏd-Din”in şəriət
qaydaları üzərində qurulmuş dövlət yaratmaq
və bütün qeyri-müsəlman humanitar təşkilatlarının
fəaliyyətinə qadağa qoymaq istəyi qane etmir. Bütün bu ssenarilər yekunda 2013-cü ilin əvvəlində
Maliyə Fransanın başçılığı ilə hərbi
kontingentin yeridilməsi ilə nəticələndi.
Bəzi mütəxəssislər belə hesab edirlər
ki, bu hadisələr geosiyasi oyunlardır. Geosiyasi
gedişlər fransızların regiona yeni daxil olan çinliləri
sıxışdırması üçün atılır. Çin Afrikanın
geridə qalmış ölkələrində qrant və
güzəştli kreditlər hesabına həm öz məhsullarını
satmaq üçün bazar, həm də yeni xammal mənbəyi
qazanır. Çinin Afrikadakı əsas fəaliyyəti
xammal axınının əsas istiqamətini özünə
tərəf dəyişməkdir. Lakin
Çin investisiyası üçün ən xarakterik cəhət
onun sabit ölkələrdə davamlı olmasıdır. Ölkədə xaos,
silahlı münaqişə olan ölkələrdə
Çin kapitalı çox davam gətirmir. Görünən odur ki, hazırda Malidə baş
verən hadisələr məhz buna yönəlibdir. Təxminən Kot-Divuar ssenarisi. Orada
da vətəndaş müharibəsində Fransa çinliləri
ölkəyə buraxmayacağı vədini vermiş tərəflərdən
birini müdafiə edirdi.
Belə görünür ki, Malinin gələcəyi
böyük güclərin (Çin və Fransa) geosiyasi
mübarizəsindən birbaşa asılıdır. Çin
üçün hazırkı vəziyyət qənaətbəxşdir.
Fransa isə Çinin ölkədə
nüfuzu artacağı halda yeni siyasi konturların
cızılmasına hazırdır.Fransa Malidə mövqelərini
itirməyə razı olmaz. 2013-cü ilin əvvəlində
BMT TŞ-nın sanksiyalarını gözləmədən
Fransanın Maliyə dərhal qoşun yeritmək haqqında qərarını
məhz bu prizmadan qiymətləndirmək olar. Fransanın rəhbərlik etdiyi hərbi müdaxilədən
sonra nisbi sakitlikdir. Lakin hər an
siyasi eskalasiya baş verə bilər.
Səhra Afrikadan Tropik Afrikaya keçid regionunun bir digər
ölkəsi Nigerdə də eyni vəziyyətdir. Bu ölkə
də əlahiddə dini təfriqə ilə seçilmir.
Baxmayaraq ki, Nigerdə artıq xristianların
sayı çoxdur. Əhalinin təxminən
20%-i xristiandır. Bununla belə əsas
mübarizə geosiyasi maraqlar üzərində qurulub və
başlıca qüvvə tuareqlərin cəmiyyət həyatında
iştirakı ilə bağlıdır. Malidə
olduğu kimi ölkə əhalisinin cəmi 10 %-ni təşkil
edən tuareqlər dövlətin ərazisinin üçdə
ikisində çoxluq təşkil edirlər. Keçən əsrin 90-cı illərindəki
qiyamlardan sonra 1995-ci ildə mərkəzi hökumətlə
“Saxara Səhrası Tuareqlərinin İnqilabi Silahlı
Qüvvələri” arasında atəşkəs imzalanıb.
Regionda əsas böyük xarici oyunçu Fransa siyasi və
iqtisadi maraqlarını qorumaq üçün hərbi
qüdrətini artırır. Mütəxəssislər
Maliyə hərbi müdaxiləni də daha çox bu
baxımdan qiymətləndirirlər. “LePont”
qəzetinin məlumatına görə Fransa Nigerdə fəaliyyət
göstərən “Areva” uran şirkətinin mədənlərinin
və işçilərinin qorunması üçün
bölgəyə xüsusi bir hərbi qüvvə göndərməyi
planlaşdırır. Dünyanın ən
böyük uran istehsalçılarından biri olan “Areva”
şirkətinin xüsusilə Nigerdə əhəmiyyətli
sərmayə qoyuluşları var. Şirkətin ölkədə
2600 işçisi var.Niger uran istehsalına görə
dünyada dördüncü yerdə dayanır. Qeyd edək ki, elektrik enerjisinə olan tələbatın
75%-ni nüvə stansiyalarında təmin edən Fransa nüvə
yanacağının əhəmiyyətli hissəsini Nigerdən
alır.
Beləliklə, Səhra Afrikadan Tropik Afrikaya keçid
regionunda əsas mübarizə sivilizasiyalar arasında deyil,
geosiyasi səhnədədir.
Şimal-Cənub
ayrıcı –sivilizasiyaların qırılma xətti
Səhraaltı Afrikada dini zəmində sivilizasiyalararası mübarizəni 2 kateqoriya üzrə müqayisə etmək olar. Birincisi, müsəlmanların çoxluq təşkil etdiyi ölkələr – Seneqal (94%), Qambiya (90%), Qvineya (85%), Burkino-Faso (60%), Syerra-Leone (60%), Qvineya-Bisau (50%), Kot-Divuar (39%). Bu ölkələrdə etnik zəmində xüsusi problemlər müşahidə olunmur. Ortaq dəyərləri bölüşən tayfalar arasında baş verən qarşıdurmaları isə heç bir halda sivilizasiyaların mübarizəsi kimi qiymətləndirmək doğru olmaz.
İkinci kateqoriya müsəlmanların azlıqda qaldığı, xristianların çoxluq təşkil etdiyi ölkələr –Tanzaniya (müsəlmanların ümumi nisbəti 35%), Kamerun (20%), Liberiya (20%), Mozambik (20%), Mərkəzi Afrika Respublikası (15-20%), Uqanda (12%), Keniya (10%) və s. Bu ölkələrin əksəri üçün dini zəmində qarşıdurma və dəyərlərin disharmoniyası daha xarakterikdir. Diqqət çəkən məqam bu regionda islamın daha çox radikal xarakter daşımasıdır. Bunda Keniyada, Uqandada “ƏşŞəbab” qruplaşmasının terror aktları, Mərkəzi Afrika Respublikasında “Seleka” qruplaşması tərəfindən silahlı aksiyalar da öz rolunu oynayıb.
Ümumiyyətlə, terror dini, irqi, etnik xarakterə yox müəyyən siyasi məqsədə yönəlmiş aksiyadır. Lakin məsələnin bir digər tərəfi də var ki, bu regionda müsəlmanların sıxışdırılmasına cəmiyyətdə hər hansı bir reaksiyanın olması da qaçınılmazdır. Dünya mətbuatında tez-tez Keniyada, Konqoda, Mərkəzi Afrika Respublikasında müsəlmanlara qarşı qətliamların törədilməsi ilə bağlı faktlara rast gəlirik. Bu xüsusda Keniyanı xüsusi qeyd etmək istərdik. Keniya son vaxtlarda 1998-ci ildə Nayrobidə ABŞ səfirliyinin partladılması ilə diqqət çəkdi. Bundan sonra 2007-ci ildə də ABŞ səfirliyinin iki əməkdaşı öldürülmüşdü. 2013-cü ilin sentyabrında “ƏşŞəbab” terrorçularının alış-veriş mərkəzində qanlı aksiyasınadək də bir neçə iri terror aksiyaları həyata keçirilmişdi. Bütün bunların arxasında nələr dayanır?
Keniya regionda ABŞ-la və İsraillə ən sıx əməkdaşlıq edən ölkədir. Keniya hərbçiləri Qərbin dəstəyi ilə qonşu müsəlman ölkələrdə həyata keçirilən bütün hərbi əməliyyatlarda iştirak edirlər. İsrail xüsusi təyinatlıları Keniya ordusuna daim yardım edirlər. Sonuncu terror hadisəsində də İsrail hərbçiləri cəlb olunmuşdular. Belə olan halda bu dini mübarizə deyil, qlobal terror şəbəkəsinin mübarizəsidir. Lakin əvəzində ölkədə Somali ilə sərhəddə müsəlman azlığa qarşı daim diskriminasiya faktları ilə bağlı məlumatlara rast gəlirik.
Qeyd etməliyik ki, Səhraaltı Afrikada islam dininin daha çox hakim olduğu ölkələrdən fərqli olaraq, müsəlmanların azlıq təşkil etdiyi ölkələr sivilizasiyaların toqquşduğu məkan hesab olunurlar. Lakin burda fərqli sivilizasiya xətlərinin kəsişmə xəttinin dəyişmə ehtimalı çox azdır. Bu mənada yalnız Tanzaniya və Mərkəzi Afrika Respublikasını fərqləndirmək olar. Əhalisinin 35%-ə qədəri müsəlman olan Tanzaniyada Zənzibar adası xüsusi statusa malikdir. Burda böyük əksəriyyət, təxminən 90%-ə qədər islam dini daşıyıcılardır. Coğrafi baxımdan ada-qitə ayrılığı, tarixi baxımdan fərqli ənənə, mədəni baxımdan fərqli dəyərlər geosiyasi konturların dəyişə bilməsi ehtimalı yaradır.Ölkədə dini zəmində baş verə biləcək hər hansı münaqişə dəyişikliyə apara bilər. Burda siyasi sərhədlərin müsəlman Şimalın xeyrinə dəyişmək ehtimalı böyükdür.
Afrikada Şimal-Cənub sivilizasiya xəttində ən zərif yerlərdən biri də Mərkəzi Afrika Respublikasının ərazisindən keçir. Ölkədə dini zəmində münaqişə adi hala çevrilmişdir. Siyasi baxımdan da sabit hakimiyyət mövcud deyil. Ölkədə müsəlmanlar azlıq təşkil etsə də (15-20%) siyasi gücə malikdirlər. Hazırda hərbi çevriliş edən Mişel Cotodiya müsəlmandır. “Seleka” hərbi qruplaşmasına rəhbərlik edən bu şəxsin hakimiyyətə gəlməsindən sonra müsəlmanların daha az məskunlaşdığı bölgələrdə onlara qarşı insidentlərin sayı artmışdır. MAR-ınDarfurun nəzarətsiz bölgəsi ilə sərhədlərin olması da əlavə gərginlik yaradır. Beləliklə, burda da sivilizasiya xətti müsəlman Şimalın xeyrinə dəyişə bilər.
Üçüncüsü, Səhraaltı Afrikada xüsusi olaraq Nigeriyanı fərqləndirmək lazımdır. Afrikanın əhali sayına görə ən böyük dövləti olan Nigeriyada islam cüzi üstünlüklə xristianlıqdan daha çox yayılmışdır. Yəni qüvvələr nisbəti bərabərdir. Nigeriya hazırda Şimal-Cənub sivilizasiya xəttinin tam mərkəzində yerləşir və bura ən kəskin mübarizə məkanıdır. Ölkədə müstəmləkə dövründə də dini zəmində qarşıdurma olmuşdur. Lakin ən kəskin faza Nigeriyanın şimal əyalətlərində şəriət qaydalarının tətbiq olunmasından sonra başlamışdır. 1999-cu ildən Nigeriyanın 12 ştatında şəriət qaydaları qüvvədədir. Xristianlar yaşayan cənub regionları daha varlıdır və paytaxtın burda yerləşməsi əlavə üstünlük qazandırır. Şimalda “Boko Haram” (Qərb təhsili haramdır) radikal islam cərəyanı böyük təsirə malikdir və ölkədə Qərb təhsil, mədəniyyəti və nüfuzuna qarşı mübarizə aparır. Cənubda isə radikal xristian silahlı qruplaşmaları var. Son illər qanlı toqquşmaların ardı-arası kəsilmir. Belə görünür ki, tamamilə fərqli dəyərlərə sahib iki qütbün mübarizəsi gedir.
Bu mübarizə siyasi institutlardan tutmuş ailəyə qədər bütün sahələri əhatə edir. Misal üçün SPİD virusu daşıyıcıları ilə mübarizə. Nigeriya bu virus daşıyıcılarının sayına görə dünyada 3-cü yerdədir. Müsəlman təşkilatlar ən təsirli vasitə kimi ailə institutunun möhkəmləndirilməsini görürlər və bunu təbliğ edirlər. Bu isə Cənubda etirazla qarşılanır. Beləliklə də, Nigeriya Afrikada Şimal-Cənub xəttinin ən qaynar nöqtəsində yerləşir. Eyni zamanda bütün dünyada islam-xristian qarşıdurmasının ən kəskin yeri Nigeriyadır. Hər iki tərəfdən bir çox radikal dini təşkilatlar qanlı aksiyalar törədirlər. Buna görə də heç bir dəyərləri bölüşə bilməyən dini ayrılıq ölkənin bölünməsinə aparıb çıxara bilər.
Beləliklə, araşdırmalarımız Afrikada sivilizasiyaların təmas xəttinin gələcək konturları, geosiyasi həssas regionlar və aktiv siyasi oyunçularla bağlı bir ümumiləşdirmə aparmağa imkan verir. Birincisi, əsas həssas regionların Darfur, Mali və Nigerin tuareqlər yaşayan bölgəsi, Çadın şimalı və Somali olduğunu qeyd etməliyik. Mərkəzi hökumətin nəzarətindən kənar bu bölgələr sabitlik üçün təhlükə mənbələridir. İkincisi, tədqiq etdiyimiz bölgədə “ƏşŞəbab”, ƏnsarƏd Din”, “Seleka”, “Bako Haram” kimi radikal dini terror təşkilatları və silahlı qruplaşmalarfəaliyyət göstərir. Son illərdə ortaya çıxan bu təşkilatların “Əl Qaidə” ilə bağlantısı var. Bundan əlavə regionda böyük güclərin dəstəklədiyi qüvvələr də mövcuddur. Bütün bunlar qarşıdurmanı qaçılmaz edir.
Nəhayət ehtimal etmək olar ki, Afrikada sivilizasiyaların təmas xəttində Qərbdən Şərqə doğru aşağıdakı dəyişikliklər ola bilər. Qərbi Afrikada dəyişikliklər gözlənilmir. Nigeriyada hazırkı qarşıdurma xətti boyunca bölünmə ola bilər. Bütün hallarda bu qüvvələr nisbətini dəyişmir. Çadda və Mərkəzi Afrika Respublikasında müsəlman Şimalın xeyrinə, Sudanda isə xristian Cənubun xeyrinə yerdəyişmələr gözlənilir. Afrikanın ən Şərqi Somali isə hələ bir müddət nəzarətsiz qalacaq və burda Şimal-Cənub sivilizasiyaların təmas xəttində dəyişiklik gözlənilmir.
Ərəstü Həbibbəyli
iqtisadiyyat üzrə fəlsəfə
doktoru
525-ci
qəzet.- 2013.- 12 oktybar.- S.10-11-12.