İdris Abbasov: “Din təhlükə deyil..."

 

 

...ƏKSİNƏ, DİNSİZ VƏ YA DİNDƏN SUİ-İSTİFADƏ EDƏN CƏMİYYƏTLƏR POTENSİAL TƏHLÜKƏ ALTINDADIR

 

Müsahibimiz – filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”, “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət”, “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitablarının, “Ərəb dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir. İ. Abbasov müxtəlif illərdə tərcüməçi-redaktor, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyində tərcüməçi-katib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Nümayəndəliyində əvvəlcə şöbə müdiri, sonra İdarənin rəisi və başqa vəzifələrdə çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Alimlə söhbətimizin mövzusunu dinlərin təsnifatı, qədim, milli və səmavi dinlər barəsində mülahizələr, din və vicdan azadlığı məsələləri, din və dövlət münasibətlərinin təhlili təşkil edir.

 

– Din mövzusunu dərindən təhlil edən alim kimi araşdırmalarınıza əsaslanaraq oxucularımıza bütövlükdə dinin mahiyyət etibarilə özündə nəyi ehtiva etdiyini söyləməyinizi istərdik.

– “Din” sözünün etimologiyası haqqında müxtəlif fikirlər mövcuddur. Dilçi alimlər onun ərəb dilindəki “deyn” kökündən törədiyini və “adət”, “mükafat”, yaxud “itaət” anlamına gəldiyini söyləyirlər. Qurani-Kərimdə “din” kəlməsi doxsan iki yerdə zikr olunub. Ayrıca üç ayədə dinin kəsb etdiyi başlıca mənalar öz əksini tapmışdır: idarəetmə, idarəolunma, itaət, hökm, tapınma, tövhid, islam, şəriət, hüdud, cəza, adət, hesab, millət. Qurandakı “din” kəlməsi ilə bağlı ayələrin yarısı Məkkə, yarısı isə Mədinə ayələridir. Məkkə dönəminin ilk zamanlarında nazil olan ayələrdə “din” termini “yaum” sözü ilə birlikdə “yaumu-d-din” şəklində işlənib. (din günü, hesab, cəza – mükafat günü). Bu təbir insanın iman və əməlinə görə hesaba çəkiləcəyi axirət gününü ifadə edir. Müasir müsəlman alimləri arasında dini klassik təriflərdən bir az fərqli və daha əhatəli şəkildə tərif edənlər vardır. Məhəmməd Abduha görə, din, insanın kainatdakı varlıqları müşahidə edərək duyğularüstü ilahi gerçəklikləri qavramasından ibarətdir. Bu ilahi gerçəkliklərdən biri də peyğəmbərlik qurumudur. İnsan yalnız peyğəmbərlərin gətirdiyi mesaj vasitəsilə ilahi həqiqətin mahiyyətini anlayır və hər cür əməlinin qarşılığını başqa bir aləmdə görəcəyini yəqin edir. Müasir müsəlman mütəfəkkirlərindən Seyyid Hüseyn Nəsrə görə din insanı reallığa bağlayan şeydir. Hər bir din nəticə etibarilə, biri doktrina, digəri metod olmaqla özündə iki ünsürü ehtiva edir. Din, birincisi, mütləq həqiqəti nisbi olandan ayıran bir doktrina, ikincisi isə həqiqət üzərində düşünməyə, mütləq olana bağlanmağa, insan varlığının qayə və anlamına uyğun biçimdə Allahın iradəsinə görə yaşamaq üçün əlverişli bir metoddur.

Dini şüurun təhlilindən əldə edilən təməl dini yaşantı insanın bir tərəfdən qorxu, digər tərəfdən sevgi və inamla təbiətüstü və qüdrət sahibi olan varlığa, yəni Uca Allaha bağlanmasıdır. Bu bağlılıq insanın ruhən yaradanına yönəlməsi, dərin bir səmimiyyətlə Ona itaət etməsidir.

 

– Bəs Qərbin dinə yanaşması necədir?

 

– Müasir Qərb tədqiqatçıları tərəfindən verilən din təriflərinin böyük ölçüdə fərdi təcrübə ilə zehni, hissi, təəbbudi və ictimai elementlərdən ibarət beş ünsürdən birinin, yaxud bir neçəsinin önə çəkildiyi aydın görünür. Fərdi təcrübə ən açıq ifadəsini Rudolf Ottonun bu cümləsində biruzə verir: “Din müqəddəsin təcrübəsidir”. Bu qısa tərifi bütün dinlərə şamil etmək mümkündür. Bu xüsus dinin fərdlərə məxsus bir təcrübəyə söykəndiyini təsdiq edir. R. Otto bu təcrübəni “qorxuducu və heyranedici sirr” deyə xarakterizə edir. Təriflərində əqli elementi önə çəkənlərdən Ceyms Martino dini “daim yaşayan bir Tanrıya, bir ilahi şüur və iradənin kainatı idarə etdiyinə və insanlıqla mənəvi rabitələri əlində tutmasına inanış”; Herbert Spenser “hər şeyin bizim biliyimizin fövqündə olan bir qüdrətin təzahürü olduğunu qəbul etmə”; Maks Miller isə “insanın müxtəlif adlar altında sonsuzluğu qavramasını təmin edən əqli bir qabiliyyəti” şəklində tərif edib. Bu təriflərdə diqqəti cəlb edən cəhət insanın ehtiyac duyduğu mənəvi və maddi dəyərləri əlində cəmləşdirən qüdrətə (Tanrı) inancdır. Bəzi təriflərdə dindarın hissi durumu ön plana çəkilib. J. M. Taqqarta görə “din... çox ehtimal ki, özümüzlə kainat arasında bir harmoniya qənaəti çərçivəsində dərin bir duyğudur...”. Təriflərində davranış elementlərini önə çəkənlərdən Matyu Arnolda görə “Din duyğu ilə yüksəlmiş, alovlanmış, yanmış bir əxlaq elmidir”. Maykl Mayerə görə “Din Allaha, insanlara və özümüzə qarşı etməli olduğumuza dair öyüdlərlə inancların tamamıdır”. Bu kimi təriflərdə diqqət yönəldilən əməllər dua, qurban, ayin, mərasim, əxlaqi əmrlər, inanc əsasları kimi insanların həyatındakı standart dini davranışlardır. Sosial ünsür dinlərin bir topluma istinad etməsini və dinin verdiyi dəyərləri əldə etmək üçün insanların iş birliyi qurduqları qurumların varlığını ifadə edir. Çünki dinlər bu dinləri qəbul edən insan cəmiyyətinin ictimai həyatına dərindən nüfuz etmişdir. Dinlərin inanclar, əməl və əxlaq sistemləri ilə yanaşı həm də təşkilatları, camaatları və ictimai əhəmiyyətləri vardır. E.S. Amesin “Din ən yüksək sosial dəyərlərin şüurudur”; J.P.Prattın “Din fərd və ya qruplarda onların mənfəət və qədərlərinin son nəzarətini əlində saxlayan qüdrət, yaxud qüdrətlərə qarşı ciddi bir ictimai davranışdır”; E.Dürkeimin “Din dini bir camaatın meydana gəlməsini təmin edən ayin və inanclar sistemidir” şəklindəki təriflərində ictimai ünsür önə çəkilib.

 

– Dini meydana gətirən amillər, sizcə, hansılardır?

 

– Din elmləri nöqteyi-nəzərindən dini meydana gətirən amillər aşağıdakı kimi səciyyələndirilir: Fövqəltəbii və fövqəlbəşər varlıqlara inanc (Tanrı, mələklər, cinlər, ruhani varlıqlar kimi); müqəddəs olanla müqəddəs olmayanı ayırma, ibadət, ayin və mərasimlər; yazılı və ya şifahi ənənə (müqəddəs kitab, əxlaqi qanunnamə); təbiətüstü varlıq, yaxud müqəddəs olanla bağlı duyğular (qorxu, etibar, günahkarlıq, tapınma, bağlılıq duyğuları və s.); fövqəlbəşərlə əlaqə (vəhy, peyğəmbər, dua, dilək, ilham kimi vasitə və yollarla); həyat və ölümdən sonrakı həyat; ictimai qrup (camaat) və bu qrupa mənsubiyyət. Bəzi dinlərdə bunların hamısı, bəzilərində isə bir qismi mövcuddur. İslam inancına görə dinin qurucusu Allahdır. Bütün səhih dinlər Allahdan gəlmişdir. İlk bəşər eyni zamanda ilk peyğəmbərdir, ona bildirilən din isə tövhid dinidir. Allahın varlığı, birliyi, zat və sifətləri baxımından Onun kamilliyi ilə nübüvvət və axirət inancı kimi təməl etiqadi prinsiplər (zərurəti-diniyyə) bütün ilahi dinlərdə sabit prinsiplər kimi dəyərləndirilib.İslami inanca görə Həzrəti Adəmdən Həzrəti Muhəmmədə qədər bütün peyğəmbərlərin gətirdiyi haqq dinlərin ortaq adı İslamdır. Lakin zaman-zaman insanlar haqq dindən uzaqlaşıblar. Buna görə də Allah-Təala peyğəmbərlər göndərərək insanları əvvəllər onlara göndərilmiş gerçək dini öyrənib tətbiq etməyə çağırıb, yaxud yeni bir din və şəriət göndərib.  Allahın insanlara bildirdiyi dinin tövhid dini (hənif) olduğu və onların bu dini qəbul etməyə meylli bir fitrətdə yaradıldığı bildirilib. Yuxarıdakı ayədə “fitratullah” təbiri, əksər müsəlman alimlərinin fikrinə görə “Allahın dini” deməkdir ki, bu da İslam və tövhiddir. İstər bu ayədə, istərsə də digər ayə və hədislərdə haqq dinlərin ilahi qaynaqlı olduğu təkidlə vurğulandığından islam alimlərinin dinə verdikləri təriflərin hamısında “vad’un iləhiyyun” (Allah tərəfindən qoyulmuş, ilahi qurum) məfhumu səylə qorunub saxlanıb. Buna görə də hər hansı bir haqq dinin peyğəmbərinə, yaxud qövmə nisbət edilərək adlandırılması islami qavrayışa sığmaz.

 

Spenser təkamüldə ilk mərhələnin atalara tapınma olduğunu düşünürdü. Freyzer isə ilk təzahürün cadu olduğunu irəli sürürdü. Freyzerə görə insan cadu vasitəsilə digər varlıqları nəzarət altına almağa çalışıb, cadu təsirsiz qaldıqda isə dinə çevrilib. Totemçi nəzəriyyənin ən hərarətli tərəfdarı R. Smitdir. Bu nəzəriyyəyə görə başlanğıcda müxtəlif qəbilələr özlərini müəyyən bir heyvan və bitki ilə (totem) qan qohumu olduğunu iddia edir və totemə ehtiramlarını tapınma ilə göstərirdilər. İlahi varlıqlara tapınma və qurban kəsmə şəklindəki ayinlər zaman keçdikcə bu anlayışdan doğub. Dinin qaynağının totemçiliklə əlaqələndirilməsinin ən bariz nümunəsini Freydin “Totem və Tabu” kitabında görə bilərik. O, dinə totemçilik baxımından psixoanalitik bir yanaşma ilə yanaşıb. Ancaq Freydin nəzəriyyəsi də dəlillərə söykənməyən, spekulyativ bir şərh kimi dəyərləndirilib. E. Dürkeimin “Dini həyatın elementar formaları” adlı kitabında dinin qaynağı mövzusunda irəli sürülən sosioloji nəzəriyyəyə görə dinin təməl fikri müqəddəslikdir. Müqəddəs- cəmiyyətin müqəddəs qəbul etdiyi şeydir. Beləliklə, Dürkeim toplumun özünün qoyduğu dəyərləri müqəddəs qəbul edərək əslində yenə özünə tapındığını qeyd edir. Bu nəzəriyyə qəbul edilməsə də, dini həyatda toplumun rolu mövzusunda bu nəzəriyyənin din sosiologiyası baxımından əhəmiyyəti vardır. İbtidai monoteizm nəzəriyyəsinə görə, insan oğlunun ən qədim inancı vahid Tanrı etiqadıdır.

 

– Qədim dinlər barəsində də fikirlərinizi eşitmək maraqlı olardı...

 

– Qədim milli dinlər mənsub olduqları qövmlərin adı ilə adlandırılıb. Əski Yunan, Roma, Misir, Xittit və s. kimi dinlər buna misal olaraq göstərilə bilər. Bu gün ibtidai qəbilə dinləri ilə yanaşı milli dinlərin adlandırılmasında da eyni metod tətbiq olunur. İbtidai dinlər Qa, Nuer, Ainu kimi qəbilələrə görə, milli dinlər Hinduizm, Yəhudilik kimi qövmə nisbət edilərək adlandırılıb.Ancaq bu cəhət günümüzdəki bütün milli dinlər üçün qəbul edilmiş qayda deyildir. Buna Şintoizm, Caynizm, Taoizmi nümunə göstərmək olar. Yaponların milli dini olan Şintoizm çin dilində yaxşı varlıqları ifadə edən “şen” və “tao” sözlərinin birləşməsindən əmələ gəlib. (şinto: tanrıların yolu). Yaponlar öz dinləri üçün “kami no-miçi” (tanrıların yolu) təbirini işlədirlər. Yapon dini politeist bir dindir. Çində Konfüçyüsçülük Kung fu-tzunun adı ilə əlaqədar bir dövlət ayini və əxlaq dinidir. Çinlilər Konfutsidən sonra ona bağlı olanları “ju-çiva” (ədiblər) şəklində səciyyələndiriblər. Başqa bir milli Çin dini olan Taoizm əvvəlcə “tao-çiya” (m.ö. IV-III əsr taoist mütəfəkkirlərinin məktəbi), sonra isə “tao-ciav” (tao-chiao- tao dini) adlandırılıb. Hinduizm “hind çayı ətrafında yaşayanlar” anlamında Sind-hu kəlməsinin fars dili vasitəsilə Qərbə keçən və hindlilərin dinini ifadə etmək üçün işlədilən bir sözdür. Hindlilər öz dinlərinə “sanatana dharma” (əzəli əbədi din) adını vermişdilər. Buddist Asiya ölkələrində “Budda sasana” (Budda şagirdliyi) adlanır. Caynizm dinin reformisti Vardhamananın Mahavira (böyük qəhrəman) və Cena (müzəffər) şəklində olan ləqəblərindən ikincisinə dayanır. Sihizm qərblilərin sanskrit dilindəki “sih” (şagird) kəlməsi vasitəsilə əmələ gətirdikləri bir sözdür. Sihlər isə öz dinlərini qurmat adlandırırlar. Ahura Mazdanı tək uca tanrı qəbul etdikləri üçün Zərdüştün dininə mazdeizm deyilir. İranda sasanilərin rəsmi dini zərdüştiliklə zərvanizmin birləşməsindən əmələ gələn məcusilikdir.

 

 (Ardı var)

 

S.MÜRVƏTQIZI

525.- ci qəzet.- 2013.- 12 oktyabr.- S.30.