İdris Abbasov: “Din təhlükə deyil...

 

 

...ƏKSİNƏ, DİNSİZ VƏ YA DİNDƏN SUİ-İSTİFADƏ EDƏN CƏMİYYƏTLƏR POTENSİAL TƏHLÜKƏ ALTINDADIR”

 

Müsahibimiz – filologiya üzrə fəlsəfə doktoru, dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”, “Ərəb dilində sintaktik kateqoriyalar və bəlağət”, “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitablarının, “Ərəb dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir. İ. Abbasov müxtəlif illərdə tərcüməçi-redaktor, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyində tərcüməçi-katib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Nümayəndəliyində əvvəlcə şöbə müdiri, sonra İdarənin rəisi və başqa vəzifələrdə çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Alimlə söhbətimizin mövzusunu dinlərin təsnifatı, qədim, milli və səmavi dinlər barəsində mülahizələr, din və vicdan azadlığı məsələləri, din və dövlət münasibətlərinin təhlili təşkil edir.

 

– Müxtəlif inanc sistemlərinə əsaslanaraq dinləri necə təsnifləndirirlər?

 

– İslamda dinlərin təsnifi Qurana söykənir. Qurani-Kərimin bəzi ayələrində İslama “Allah yanındakı din”, “dosdoğru din”, “haqq din” deyildiyinin şahidi oluruq. Ali-İmran surəsinin 85-ci ayəsində İslamın xaricindəki inanc sistemlərinə də din deyilir. İlahi qaynaqlı  olduğuna və orijinallığını qoruyub saxladığına görə islam haqq dinidir. Vəhyə dayanan dinlərə “ilahi, yaxud səmavi dinlər” deyilir. İslam alimlərindən İbn Hazim dinlər və firqələri islami və qeyri-islami olmaqla ikiyə ayırıb. Qeyri-islami olanların bir qismi gerçəkləri qəbul edib, bir qismi isə rədd edib. İbn Hazim gerçəkləri qəbul edənləri də ikiyə ayırıb: 1. Aləmin əzəli olduğunu müdafiə edənlər. Vahid bir yaradıcının və nizamlayıcının mövcudluğunu qəbul etməyən materialistlərlə əzəli bir nizamlayıcının olduğuna inanan filosoflar bu zümrədəndir. 2. Aləmin yaradıldığını qəbul edənlər. Bunlardan bəzisi birdən çox əzəli nizamlayıcı olduğunu söyləyir (məcusilər, sabiilər, maniheistlər, xristianlar); bəziləri isə tək bir yaradıcının olduğuna inanırlar. Nəhayət bu son zümrə də ikiyə ayrılır: Bütün peyğəmbərləri inkar edən brahmanlar, bəzi peyğəmbərləri qəbul edən yəhudilər. Yaxın zamanlara qədər dinlər təktanrılı, çoxtanrılı inanclara görə təsnif edildiyi halda günümüzdə bu növ təsnifi uyğun görməyənlər də vardır. Çünki bu növ təsniflər bütün dinləri əhatə etmir. Tanınmış din sosioloqu Voç dinləri qurucusu olan və ənənəvi dinlər şəklində iki yerə bölür. Şimmelin təsnifi isə belədir: ibtidai dinlər, milli dinlər, dünya dinləri. Buradakı ibtidai dinlər, bəzilərinin dini inkişaf prosesinin ilk pilləsi kimi düşündüyü animizm, totemizm, naturizm, fetişizm kimi nəzəriyyələr deyil, ibtidai qəbilə dinləridir (məsələn, nuer dini, qa dini, dinka dini, ainu dini və s.). Milli dinlər sadəcə olaraq bir millətə məxsus olan ənənəvi quruluşdakı dinlərdir (əski Yunan, Misir, Roma dinləri kimi). Bəzən milli dindən bir dünya dini yarana bilər. Məsələn, yalnız yəhudilərə məxsus bir dindən xristianlıq, Hindistanın milli dini strukturundan Asiyanın böyük bir qisminə yayılan buddizm doğub. İslam isə ümumbəşəri bir dindir. Qustav Menşinq də dinləri üç qismə ayırır: təbiət dinləri, xalq dinləri, dünya dinləri. Menşinq təbiət dinləri dedikdə təbiətdən təsirlənən insanların çoxtanrılı dinlərini nəzərdə tutur. Xalq dinləri mədəni millətlərin dinləri hesab olunur. Qədim Yunan, Roma, Babil, Misir, Hind, Çin, German xalqlarının dinləri bu kateqoriyaya daxildir. Dünya dinləri müəyyən cəmiyyətin tarixi və mədəni sərhədlərini aşaraq xalq dinlərindən fərqlənən dinlərdir. Digər bir təsnifata görə dinlər sakramental (dini ayin və mərasimə söykənən), profetik (peyğəmbərə istinad edən) və mistik (təsəvvüfi) olaraq üçə ayrılır. Sakramental din müqəddəs şeylərə, dini ayin və mərasimlərə; profetik din doktrina, inanc və əxlaqa; mistik din isə vasitəsiz təcrübə və duyğuya önəm verir. Beləliklə, buddizm və hinduizm mistik, Yəhudilik, İslam və Konfusiçilik profetik, bütün çoxtanrılı və ibtidai qəbilələrə aid dinlərlə yanaşı bir xalq dini olan hinduizm geniş ölçüdə sakramental dinlərdir. Xristianlığın protestanlıq qolu profetik hesab olunmağa daha münasibdir. Katolik xristianlıq daha çox sakramentallığa, ortodoksluq isə mistikliyə uyğundur. Dinlərin təsnifində coğrafi vəziyyəti ön plana çəkərək böyük dinlər üçün üç bölgə təsbit edənlər də vardır: a) Orta Şərq və ya sami qrupu: Yəhudilik, Xristianlıq və İslam. b) Hind qrupu: Hinduizm, Buddizm, Caynizm. c) Çin-yapon qrupu: Konfusiçilik, Taoizm və Şintoizm. Bu dinlərdən birinin başqa bir bölgəyə yayılması, yaxud bəzi siyasi təsirlər nəticəsində sinkretist dini-siyasi hərəkatların meydana gəlməsi mümkündür. Məsələn, Hindistanda İslamla Hinduizmin birləşməsindən Sihizm, Çində Taoizm, Konfusiçilik və Buddizmin sintezindən Şan buddizm doğmuşdur. Bəhai hərəkatı və yapon buddizmi də sinkretist dinlərdəndir. Dinlər tipoloji, morfoloji, fenomenoloji xüsusiyyətlər nəzərə alınaraq da təsnif edilir. Digər tərəfdən xalq dinləri – dünya dinləri, vəhyə dayanan dinlər – təbii dinlər, ibtidai dinlər – inkişaf etmiş dinlər, qurucusu olan dinlər – qurucusu olmayan dinlər, müqəddəs kitabı mövcud olan dinlər – müqəddəs kitabı mövcud olmayan dinlər, missionerliyə yer verən dinlər – buna lüzum  görməyən dinlər (ihtida qəbul edən dinlər – ihtida qəbul etməyən dinlər), keçmişin dinləri – müasir dinlər, bir bölgə, yaxud qitə ilə məhdudlaşan dinlər – başqa bölgə, yaxud qitəyə sıçrayan dinlər, axirət qavramına yer verən dinlər – axirət qavramına yer verməyən dinlər və s. şəkildə daha dar təsnifatlar da mövcuddur. Tanrı qavramına görə təktanrılı dinlər (üç ilahi din), çoxtanrılı dinlər (əski Yunan və Roma dinləri kimi), Tanrını müəyyən bir şəxsiyyət kimi göstərməyən dinlər (Hind-Uzaq Şərq dinləri kimi), dualist dinlər (Zərdüştilik, Hinduizm kimi) şəklində də bölgü mövcuddur. Bütün bu məlumatları nəzərə alaraq dinləri ibtidai qəbilə dinləri, milli dinlər və ümumbəşəri dinlər şəklində başlıca üç qismə ayırmaq qənaətbəxş hesab olunur.

 

– Səmavi dinlərin adının yaranması ilə bağlı hansı mülahizələriniz var?

 

– Yəhudi dininin (Judaism) adı I əsrdə yunan dilində danışan yəhudilər arasında ortaya çıxıb. İbrani dilində “yahadut” şəklindədir. Bu söz ara-sıra ortaçağ ədəbiyyatında, daha tez-tez müasir dövrlərdə nəzərə çarpır. Doktrina və təlqin anlamlarını da ehtiva edən “tora” (tövrat) kəlməsi klassik qaynaqlarda yəhudi təlqini üçün işlədilib. Lakin bu gün tora, vəhyi və dəyişməyən ənənəni ifadə etdiyindən bu işlədilmə tərk edilib. Əslində din termini yəhudi ədəbiyyatında olduqca qarışıq bir inkişaf yolu keçib. Bu üzdən də yəhudi dininin adı, qaynağı, din termini kimi formalaşması kimi mövzular böyük mübahisələrə yol açıb. Xristian adının kökü yunan dilinda “christos” (yağlanmış) sözündən olub kral Davidin (Hz. Davud) yağlanaraq taxta çıxarılması ilə əlaqədardır. Bu ada İncillərdə rast gəlinmir. Amma Əhdi-Cədiddə “Rəsulların işləri” bölümündə həvarilərlə bağlı ilk dəfə Antakyadakı xristianların xalq tərəfindən belə adlandırıldığı məlum olur. Araşdırmalar göstərir ki, bu ad o zamankı xristianlar tərəfindən deyil, daha çox bütpərəstlər tərəfindən işlədilib. Qaynaqların bildirdiyinə görə xristian adı ilk dəfə İqnatius  zamanında kilsə tərəfindən Həzrəti İsanın məsihiliyinə istinad edən bir təbir olaraq qəbul edilib. Bu gün mövcud olan dinlərin adları müqəddəs kitablarda yer alan, yaxud qurucularına verilən adlar olmayıb, sonradan düşünülüb qoyulub. Adı qurucusu (Allah) tərəfindən təsbit edilib müqəddəs kitabında zikr edilən yeganə din İslamdır. Bu ad Qurani-Kərimdə bir çox ayədə zikr edilib. Eyni zamanda Qurani-Kərimdə analoji kökdən törəmiş 150-yə yaxın ayə mövcuddur. İslam “təslim olmaq, bağlanmaq” kimi mənalara gəlir və sadəcə olaraq son dini ifadə etməklə yanaşı, ümumiyyətlə, bütün peyğəmbərlərin yolu olan tövhid dinini, xüsusilə, Həzrəti İbrahimin hənif ənənəsini də ehtiva edir. Müqəddəs kitabı ilahi təminat altına alınmış və uca Allahın rizasına yetişmiş İslam son din olaraq ən mükəmməl din qurumudur. Qərbdə bir müddət bu dini “Muhammədanism” adlandırsalar da, günümüzdə bu isabətsiz adlandırmadan vaz keçilib. İslam bir nizamın və sistemin adı olması və bu dinin təməl prinsipləri olan Allaha və Onun buyurduqlarına təslim olma, boyun əymə, beləliklə də qurtuluşa yetişmə və sosial barışı gerçəkləşdirmə anlamlarını vurğulaması baxımından vazkeçilməz bir addır. Bu ad Quran və Həzrəti Peyğəmbər qədər ilahi vəhylə əlaqədardır.

 

(Ardı var)

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2013.- 15 oktyabr.- S.6.