Gənc rəssamların “Utopiya”
mövzulu sərgisi açılıb
“I love Art” layihəsi çərçivəsində LN Art Centre-də gənclərin “Utopiya” mövzusuna həsr olunmuş sərgisi keçirilib. “Utopiya” mövzusu daha geniş olduğundan çoxlu gənc rəssamların iştirak etməsi üçün seçilib. Bu, “I love Art” layihəsi çərçivəsində keçirilən üçüncü sərgidir. Bundan əvvəl isə “Gənc istedadlar” və “Arzu” mövzusunda sərgilər təşkil olunub. Sərgidə müxtəlif məktəblərin tələbələri və azad rəssamlar öz rəsm əsərlərini təqdim ediblər.
Gənc rəssamlar sərgi haqqında fikirlərini bölüşüblər.
Banuçiçək Abdullazadə rəsm sənəti barədə düşüncələrini açıqlayaraq deyib ki, təsviri sənət heç daima reallığı əks etdirməyə borclu deyil, bu əsərlər daha çox insanların hisslərini, duyğularını ifadə etməklə diqqəti çəkir: “Sərgiyə gələnlərin çoxu gənclərdir, bu məni çox sevindirdi. Məncə, rəsmlər nəyisə dəyişmək üçün deyil. Ondan nələrisə öyrənmək insanların özündən aslıdır”.
Xanım Quliyeva öz rəsmlərinin ideya yükündən danışıb: “Əvvəlcə qeyd edim ki, burada iştirak etmək mənim üçün böyük şans oldu. İnanıram ki, bu şəkillər insanlarda nəyəsə təsir edəcək. İnsanların öz doğmalarına, yaxınlarına, ümumiyyətlə insanın insana münasibəti dəyişməli və bu münasibət daha səmimi, daha mehriban olmalıdır. Mənim rəsmlərimdə demək istədiyim əsas fikir budur”.
Zümrüd Mirzəyeva sərgidə ilk dəfə iştirak etdiyini, utopiya mövzusunda şəkil çəkməyin maraqlı olduğunu bildirib: “Mənim üçün ideal dünya arzularımın gerçəkləşdiyi dünyadır. Mən öz rəsmlərimdə real dünya ilə arzularımın qarışığını təsvir etmişəm. Mən arzuladığım dünyanın rəsmini çəkirəm”.
RAMİL
525-ci qəzet.-
2013.- 15 oktyabr.- S.7.