Torpaq hər bir ölkənin böyük sərvətidir

 

Kartofa başqa mənfi münasibət bəslənməsi halları da olmuşdur. Böyük rus yazıçısı A. İ. Gertsen özünün “ Olmuş əhvalatlar və düşüncələr” əsərində kartofu olduqca əhəmiyyətsiz, kalorisi olmayan bir qida növü kimi məhkum edir, hansı ki, onun meyvəsi bişirilmə keyfiyyətinə və dadla yanaşı bol nişastaya, C vitamininə və proteinə malikdir. Görünür, bəzi görkəmli dövlət xadimləri yazıçıdan çox-çox əvvəl bu ərzaq növünün əhəmiyyətini daha yaxşı anlamış və onun yayılmasına şərait yaratmaq qayğısına qalmışlar. Məsələn, Rusiya çarı I Pyotr  XVIII əsrin başlanğıcında Hollandiyadan bir kisə kartof gətirmiş və onun öz ölkəsində becərilməsinin təşkilinə nail olmuşdu. Yaxud, başqa bir maraqlı misal. Prussiya kralı Böyük Fridrix (II Fridrix) 1750-ci ildə tikdirdiyi San-Susi sarayının ətrafında kartof əkdirmişdi və onun məhsulunu guya qorumaq məqsədilə gündüzlər plantasiyaya xüsusi mühafizəçilər qoymuşdu, lakin gecə düşən kimi həmin mühafizəçilər öz postlarını tərk edirdilər. Qonşuluqda yaşayan ailələr bu ərzağa kralın ciddi qayğı göstərməsini nəzərə alıb, gecələr əkinləri qazır və kartofu evlərinə daşıyırdılar. Sonra həmin ailələr özləri canfəşanlıqla kartof becərməyə başladılar və bu bitki Prussiyada, bütün Almaniyada geniş yayıldı.

Əkinçiliyə yüksək diqqət verilməsi Mərkəzi və Cənubi Amerikada heyvandarlığın təşəkkül tapmasına da digər amillərlə yanaşı mane olmuşdu. Meksikada yalnız üç heyvan növü – arı, hinduşqa və ətindən istifadə edilməsi üçün it əhliləşdirilmişdi. Peruda və digər ölkələrdə lamanın əhliləşdirilməsi də tam başa çatdırılmamışdı. Ona görə də Mərkəzi və Cənubi amerikalıların süfrəsində bitkiçilik məhsulları müstəsna əhəmiyyət daşıyırdı. Burada vəhşi heyvan aləmi də nisbətən kasad olduğundan Şimali Amerikadakından fərqli olaraq ovçuluq da inkişaf etməmişdi. Şimali Amerikadakı vəhşi sürülərdəki tərkib sayı milyonlara çatan bizonların hansısa bir nümunəsinə burada rast gəlmək mümkün deyildi, onlardan əsər-əlamət də yox idi. Şimali Amerikanın özündə də vəhşi heyvan növləri o qədər çox deyildi. Bəziləri səhvən mustanqı oradakı vəhşi at hesab edirlər, mustanq isə avropalıların oraya gətirdiyi ev atlarının vəhşiləşmiş növü idi. Onlar sahiblərindən uzaq düşdükdə preriyalarda yaşayırdılar. Mustanqlar əsasən ov obyekti hesab olunurdu, onun ətindən və dərisindən istifadə edirdilər. Ona görə də demək olar ki, bu növ məhv edilmişdir.

   Qoşqu heyvanlarının mövcud olmamasına görə hindu tayfalarına təkər də məlum deyildi. Cənubi Amerikanın uca dağ ərazilərində bütün yüklər adamların belində daşınırdı. Yalnız ispanların işğalından sonra Mərkəzi və Cənubi Amerikaya at, mal-qara gətirildi. 1519-cu ildə Meksika sahilinə çıxan Ernan Kortesin silahlı dəstəsini ilk dəfə görən atsteklər bu vaxtadək görmədikləri odlu silahdan deyil, onların mindiyi və tuzem əhalinin ilk dəfə görduyu atlardan daha çox qorxmuşdular. Belə bir rəvayət də vardır ki, 1531-ci ildə Fransisko Pisarronun qoşunu Perunu işğal edəndə, qulluq göstərmək istəyən yerli əhali yem kimi onların atlarının qabağına ət qoymuşdular.

Hinduların əkinçilikdəki nailiyyətləri birdən-birə meydana gəlməmişdi, uzun dövrün təcrübəsinə əsaslanırdı. Həmin ölkələrdə heyvandarlıq mövcud olmadığından, ət və süd məhsulları da yox idi və maddi həyat sakinləri əkinçiliklə daha ciddi məşğul olmağa məcbur edirdi. Axı bitkiçilik məhsulları olmasaydı, onlar dəhşətli aclıqla üzləşə bilərdilər. Ona görə də bu ərazilərin sakinləri bitkiçiliyə, torpağın becərilməsinə xüsusi qayğı göstərirdilər. Empirik idrak hesabına onlar əkinçilik mədəniyyəti elementlərinə də yiyələnmişdilər, torpağın münbitliyinin məhsuldarlığa necə təsir göstərdiyini anlayırdılar və onu artırmaq qayğısına qalmaq üçün bəzi tədbirlər düşünüb həyata keçirirdilər. 1620-ci ilin payızında Massaçusets körfəzinə gəlib çıxan puritan ingilislər burada “Yeni Plimut” koloniyasını yaratdılar. Onlar qonşuluqda yaşayan hindularda ilk dəfə qırmızı, yaşıl, sarı rəngdə olan qarğıdalı dənələrini görmüşdülər.

Hindular dostluq münasibətlərinə görə yeni sakinlərə bir qədər qarğıdalı toxumu vermişdilər və birinci ili bitki xam torpaqda yaxşı məhsul verdi. İkinci ilin səpinindən sonra cücərtilər çox seyrək alındı, hinduların əkinlərində isə bitki sıxlığı əvvəlki tək yaxşı idi. Bunun səbəbini öyrənmək istədikdə, hindular onlardan torpağa nə qədər balıq verdiklərini soruşduqda, ingilislər bildirdilər ki, onlar bunu etməmişlər, okeandan tutduqları balıqları öz qidaları üçün istehlak etmişlər. Hindular izah etdilər ki, münbitliyi bərpa etmək üçün (əlbəttə, termin onlara məlum deyildi), torpağa hökmən balıq verilməlidir və onların özləri tutduqları balığın bir hissəsi ilə məhz belə davranırlar. Fosforun nə olduğunu bilməyən tuzem əhali əkin torpağına balıq basdırmaqla onu fosforla zənginləşdirirdilər. Bu barədə həmin koloniyanın qubernatoru olmuş Uilyam Bredford özünün “Plimut plantasiyasının tarixi” kitabında geniş bəhs edir. 1607-ci ildə Virciniyadakı ilk ingilis kolonisti, həmin koloniyanın qubernatoru olmuş Con Smit də iki il sonra İngiltərəyə qayıtdıqda yazdığı “Həqiqi açıqlamalar” kitabında da, bu məsələyə toxunur. Bu həmin Con Smitdir ki, hindular tərəfindən əsir götürülüb, edam edilmək qorxusu altında olduqda hindu başçısının qızı Pokahontasın yalvarışı hesabına əfv edilmiş və azadlığa buraxılmışdı.

Qədim əkinçilər həm Asiyada (xüsusən Çində və Vyetnamda), həm də Cənubi Amerikada (xüsusən Peruda) terras əkinçiliyini tətbiq etmişdilər. Dağlıq ərazilərdə bu əkinçilik metodu olduqca səmərəli hesab olunur və dağ yamaclarındakı torpaqları sürüşmədən və münbit qatlarını yuyulub eroziyaya uğramaqdan qoruyur. Terraslarda hətta suvarma tətbiq edildikdə, düyü plantasiyaları isə bunsuz ötüşə bilməz, torpaqların dağılmasının, əkin dövriyyəsini tərk etməsinin qarşısı alınır. Çox təəssüf ki, Qafqazda buna ehtiyac olduğu halda, terras əkinçiliyi tətbiq olunmur, hətta bu azmış kimi, dağ yamacları da düzənlik sahələri kimi şumlanır və becərilir, heç olmazsa, onun köndələninə şumlanmasına da əhəmiyyət verilmir. Ona görə də sürüşmə və torpağın eroziyaya uğraması bu ərazilərdə nadir hal hesab olunmur.

Meksikada isə sərt yamaclardakı torpaqları daim əkin dövriyyəsində saxlamaq üçün daha qayğıkeş üsula üstünlük verilir. Buradakı ucu yonulmuş ağac payaları ilə (buna qazma ağacı deyilir) rütubətli torpaqda xırda deşik açılır və bura iki qarğıdalı toxumu qoyulur. Həmin sahələrdə qarğıdalı bitkilərinin sıxlığı və plantasiyanın becərilmə səviyyəsi göz oxşayır. Burada ümumiyyətlə nəinki traktorla şumlamaya, heç bellə qazılmaya da yol verilmir. Dağlıq ərazidə kasad olan münbit torpağa belə qayğıya yalnız həsəd aparmaq olar. Meksikalı əkinçilər bu metodla təkcə yüksək məhsul almırlar, həm də öz başlıca kapitallarını – münbit torpaqlarını qoruyub saxlayırlar.

İbtidai insanın əkinçiliyə keçməsi də məhz həyati tələbatdan meydana gəlmişdi. Ovçuluq, meyvə, kök və toxum yığma getdikcə artan insan kütləsinin qida ilə qarantiyalı təminatına zəmin yarada bilmirdi. Bu səbəbdən tez-tez dəhşətli ərzaq qıtlığı, ölümcül aclıq qorxusu yaranırdı. Ona görə də bəşəriyyətin qədim əcdadları əkinçiliyə və heyvandarlığa keçdilər, bu insan zəhməti tələb edən istehsal sahələri əvvəlki məşğuliyyətə nisbətən tələbatı ödəməkdə daha əlverişli hesab olunurdu. Lakin aclıq min illər boyu heç də bütünlüklə yoxa çıxa bilmədi. Heyvandarlıqla məşğul olmaq üçün ibtidai insan vəhşi heyvan balasını tapdıqda, onu öz yaşayış məskəninə gətirib böyüdür, bu yolla mal-qara bəslənilməsinə keçirdi. Əkinçiliyin bünövrəsi isə, yığılan toxumlar ehtiyat üçün saxlandıqda cücərdiyindən, ondan mədəni bitkiçilik, başqa sözlə bitkilərin becərilməsi, onların artıq özləri tərəfindən istehsal edilən məhsullarından istifadə olunması qaydası yarandı. Beləliklə, insanlar ovçuluq və qida toplamaq yolu ilə özünü təmin etməyin tez-tez baş verən uğursuzluq risqindən azad olub, öz əlinin zəhməti ilə becərdiyi və hasilə gətirdiyi məhsuldan istifadəyə keçdi.

Qədim insanlar torpaqların becərilməsində heç də səhvlərdən də xali deyildilər. Mesopotamiyada çox isti iqlimə görə suvarma tətbiq edilmədən, geniş irriqasiya şəbəkəsi yaradılmadan əkinçilik mümkün deyildi. Həmin ərazidə yaz və yay çox isti keçirdi, aprel ayında artıq arpa biçilirdi. Lakin suvarma texnologiyası primitiv xarakter daşıdığından burada torpaqların geniş miqyasda və sürətlə şoranlaşması baş verdi. İzafi suvarmadan sonra qızmar günəşin hesabına sürətlə buxarlanma getdikdə, torpaqdakı məsamələr vasitəsilə ona hopmuş su yuxarı qalxır və duzu özü ilə torpağın səthinə çıxarıb onu şoranlaşdırırdı, münbitliyini azaldır, məhsul verməsini heçə endirirdi. Tarixçilərin rəyinə görə, Assuriya dövləti geniş torpaq sahələrinin şoranlaşması hesabına ciddi iqtisadi tənəzzülə uğradı və iqtisadi iflas onun hərbi qüdrətini də zəiflətdiyindən bizim eradan əvvəlki VII əsrin başlanğıcında Midiya  Babilistan tərəfindən məğlub edilməklə, tarix səhnəsindən birdəfəlik silindi. Bədbəxtlikdən bu hadisə XX əsrin ikinci yarısının son onilliklərində də təkrar olundu. Axı tarix iki dəfə təkrar olunur, birinci dəfə faciə kimi, ikinci dəfə isə fars kimi. İraqda keyfiyyətsiz tikilən irriqasiya şəbəkəsi və digər aqrotexniki nöqsanlar torpaqların xeyli dərəcədə şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına yol açdı və əkinçilik ciddi problemlərlə üzləşdi. Əgər İraqdakı bol xurma bağları olmasaydı (dünyadakı xurma istehsalının 70 faizi bu ölkənin payına düşür), Səddam Hüseynin rejimi dövründə İraq əhalisi müdhiş aclıqla üzləşərdi. Yaxud, bizim eranın 250-900-cü illərində Meksikada mövcud olmuş mayya xalqı tropik meşələri təmizləyib, kənd təsərrüfatı ilə məşğul olurdu. Yağış suyunu yığmaq üçün onlar çox sayda rezervuarlar tikmişdilər. Lakin mayya sivilizasiyası tənəzzülə uğradı, güman edilir ki, uzun müddət davam edən quraqlıq bu xalqı fəlakətə uğratdı.

İraqla bir regionda yerləşən və ərazisinin xeyli hissəsini səhralıq təşkil edən İsraildə isə yüksək əkinçilik mədəniyyəti hesabına nəinki heç bir ərzaq qıtlığı hiss olunmur, əksinə, bu ölkə öz yaxın qonşularına subtropik meyvə satır, dünya bazarına başqa əkinçilik məhsulları da çıxarır. Burada kəskin su qıtlığı mövcuddur və İsrail öz ərazisində subartezian quyularının qazılmasına qadağa qoymuşdur, belə quyular yalnız işğal edilmiş ərazilərdə qazılır ki, yerin təkindəki su ehtiyatı gələcək nəsillər üçün saxlansın. Bu ölkənin ərazisində də qızmar günəş istisinin mövcudluğuna görə suvarmasız əkinçilik aparmaq mümkün deyildir və burada suyun qıtlığı və yüksək  aqrotexnologiya tələbləri nəzərə alınaraq damla qaydasında suvarma aparılması geniş tətbiq edilir. Sudan qənaətlə istifadə, bitkinin optimal rütubətlə təmin edilməsi, bol və keyfiyyətli məhsul alınmasına şərait yaradır. Damla suvarması həm də alaq otlarına qarşı mübarizə aparmaq üçün əmək və maliyyə xərcinin sərf edilməsinin qarşısını alır və bu, məhsulun maya dəyərinin də yüksəlməsinə imkan vermir.

 

əvvəli, ardı var

 

Telman Orucov

 

525-ci qəzet.-2013.- 19 oktyabr.- S.14.