Nigar Rəfibəylinin “Ala gözlüm”
kitabına yazılmış ön söz
“Ala
gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun
olur, neyləyim
Baxçamızda qızıl güllər
hər səhər
Tezdən açır, vaxtsız
solur neyləyim”
– deyə başlayan
şeiri o gözəl
musiqisiylə dinləyəndə
gözləri üfüqə
dalmayan, ürəyi titrəməyən insan olarmı, bilmirəm? Uşaqlığımdan bəri, əvvəllərsə
Türkiyə radiolarında
“Qars türküsü”
adıyla dinlədiyim
bu misralar ürəyimə incə bir kədər salır. Bir çox insan kimi mən də
bu sözlərin azərbaycanlı şair Nigar Rəfibəyliyə
aid olduğunu bilməzdim.
O zamanlar Azərbaycan mahnıları “Qars türküsü” adıyla
repertuara salınır
və elə yayınlanırdı, xalq
musiqisi mütləq anonim olmaq məcburiyyətindəydi.
Bilənlər bilirdi ki, bunlar qardaş Azərbaycandan gələn
nəğmələrdir, amma
radiolar Sovetləri küsdürməmək üçün
Azərbaycanın adını
çəkməz, Qars
zonasından toplanan musiqi kimi təqdim
edərdilər. O dövrlərdə
İğdır Qarsla
bağlı bir rayon olduğundan guya bu əsərlər İğdırda yaşayan
xalqdan toplanmış
xalq türküləriydi.
Həm də o vaxtın musiqi siyasətinə görə
bu əsərin xalq musiqisi ola bilməsi və radiolarda yayınlanması üçün
anonim olması şərt idi, yəni bir şairin
şeiri xalq musiqisi üslubunda bəstələnmişdisə onu yayınlamazdılar.
Mənim
kimi bir çox insan sevdikləri bu misraların müəllifinin adını
çox gec öyrənə bildilər.
Hələ bu misraları Azərbaycan xalq türküsü olaraq dinlədiyim günlərdə “ala gözlüm,
səndən ayrı gecələr ” deyiləndə Türkiyə ilə Azərbaycanın ayrı düşdüyü vaxtları
da düşünürdüm.
Buna bir də
Dağları duman alanda,
Gözüm yollarda qalanda
Yadıma
səni salanda
Gül yanağım
solmasınmı.
Əsən yellər, əsən
yellər,
Sevgilimdən mənə xəbər...
– misraları əlavə
olunanda ürəyimdə
Qafqazlardan əsən
yellərin gətirəcəyi
xəbərlərin ümidi
canlanırdı.
İllər sonra bizi başqa dünyaya aparan bu misraların
da azərbaycanlı şair Nigar Rəfibəyliyə aid olduğunu
öyrənəcəkdim.
Sevdiyim şeirlərin müəllifi
olaraq tanıdığım
Nigar Rəfibəylinin həyatı
haqqında öyrəndiklərimdən
sonra o mənim könül dünyamda narın, titrəyərək
baxdığım kristal
bir abidəyə çevrildi. Hətta bəzi dostlar
məni anlamaqda çətinlik çəkəcəklər,
amma Nigar xanımın həyat yoldaşı və Azərbaycanın böyük
şairi Rəsul Rzanı ən çox Nigar xanımla evləndiyi üçün sevdim.
Rəsul
Rza şeiriylə Azərbaycan ədəbiyyatına
gətirdiyi yeniliklər,
Azərbaycan şeirinə
verdiyi yeni nəfəs – bunları izah etməyə və təqdirə ehtiyac yoxdu. Bunlar bir faktdir
və o, böyük bir şairdir, amma söylədiyim kimi, Nigar xanımla
evləndiyi və bir ömür sürdükləri, “iki bədəndə bir ruh” halında olmaları Rəsul Rzanı bir başqa cür sevməyimə səbəb
oldu.
Nigar Rəfibəyli
çox kiçik yaşlarından yetim qalır, ancaq atasını itirməyi adi səbəblərdən
olmur. Nigar xanımın atası
Xudadat bəy Azərbaycan Demokratik Cümhuriyyətinin səhiyyə
naziriydi, Nuri Paşan Gəncəyə
gələndə onu qarşılayanlar arasında
ön sıralarda olmuşdur.
Xudadat bəy bolşeviklər tərəfindən
güllələnərək şəhid edilir. Ailə dağılır,
oğullarından biri
Türkiyəyə, digəri
Rusiyaya qaçmaq məcburiyyətində qalır.
Nigar və anası həyatın çətinliklərinə
sinə gəlmək məcburiyyətində qalır.
Bu sinə gələcək
bir həyatdırmı?
Sovet rejimi zamanı güllələnmiş bir
atanın qızı olmaq nə deməkdir,
bunu anlamaq çətindir. Kimsə
sizinlə dost olmaq istəməz, əqrəbalarınız
belə sizdən salamı əsirgəyər,
həyatın öz çətinlikləri yetməzmiş
kimi qarşınıza
min bir cür əngəl çıxarılar.
Çox
gənc bir qız bütün bunlara sinə gələr. Bir igid insan bütün bunlara fikir vermədən,
bəlkə də bütün bu edilənlərə inadən
o gənc qızla evlənər. Bu, hər igidin gördüyü bir şey deyil. Bu qəhrəmanın adı Rəsul Rzadır. O dövrlərin
şərtlərini bilənlər
təsdiq edərlər
ki, Rəsul Rzanın etdiyi qəhrəmanlıq başqa
kəlməylə ifadə
olunmaz. Bu qəhrəmanlığı
da ancaq Azərbaycanın xan soyundan gələn əsilzadə bir igid edə bilərdi.
Nigar Rəfibəyliylə
evlənmək demək
onun keçmişinə
və taleyinə ortaq olmaq deməkdir
ki, aralarındakı böyük sevgi Rəsula
bu qərarı verdirir. Ömür boyu da “iki bədəndə bir ruh” kimi
bu sevgini yaşadırlar. Bu igid, bu əsl
insanı sevməmək,
ehtiram göstərməmək
olarmı heç? Rəsul Rza bircə
misra şeir yazmasaydı, həyatında
heç bir şey etməsəydi belə, əmin olun, ona yenə
eyni dərəcədə
ehtiram göstərər,
sevərdim.
Nigar Rəfibəyli
və Rəsul Rza Azərbaycan ədəbiyyatına və
bütün türk dünyasına yalnız öz yaradıcılıqları
ilə xidmət etmədilər, öz adlarının baş hərflərini birləşdirərək
Anar adını verdikləri bir övlad yetişdirməklə
də mədəniyyətimizə
böyük bir hədiyyə etmiş oldular.
İlk gənclik illərimdə Azərbaycandan baxınca Anadolunun, Anadoludan baxınca Azərbaycanın
ala gözlüsünü düşünərək
xəyal etdiyim “Ala gözlər” doğrudan Rəsul Rzanın gözləri imiş.
Neynəyək, şair elə yazır, oxuyan başqa cür xəyallar qurur. Hələ Rəsul
Rzanın ala gözlərindən
Azərbaycanı görmək
də bir başqa cür gözəllikdir.
Budur, bu il bizə bir ala gözdən bütün Azərbaycanı duyduran, əsən yellərdən
xəbər sorduran o gözəl şairin anadan olmasının
100-cü ildönümüdür və mən onun doğumunun 100-cü ili üçün nəşr etdiyimiz kitaba ön söz yazmaq bəxtiyarlığına qovuşuram.
Könül dünyamdakı
narın və titrəyərək baxdığım
kristal haqqında
nə əskik, nə də artıq bir şey yazmamaq üçün barmaqlarım
klaviaturanın hərflərini
tərəddüdlə basır.
Və lütfən, bu yazının qısa olmasını bu böyük sevgi və ehtirama bağlayın.
Bu kitab Nigar Rəfibəylinin anadan olmasının 100-cü ildönümünün
xatirəsinə Avropa
Yazarlar Birliyi tərəfindən çapa
hazırlandı.
Kitab, dostluğuna böyük qiymət verdiyimiz və özünə böyük qardaş deyə müraciət edə bilmək imkanına sahib olduğum üçün özümü
şanslı hiss etdiyim
Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın anası haqqında qələmə
aldığı yazıyla
başlayır
Nigar Rəfibəylinin
şeirlərindən nümunələrin
yer aldığı kitabda təəssürat onun Türkiyəyə etdiyi səyahət yazısından yaranır. O illərin
şərtlərinə görə
yazının başlığında
Türkiyəyə “yaxın
qonşu” deyə bilib. O şərtlər olmasaydı, kim
bilir, necə bir başlıq seçərdi. Ancaq yazını oxuduqca
onun Türkiyəyə
və türk insanına olan sevgisini görəcəksiniz.
Şeirləri və yazını
Türkiyə türkcəsinə
uyğunlaşdıran Canan
və İmdat Avşara təşəkkür
edirəm.
O böyük şairin anadan olmasının
100-cü ildönümünü atası Xudadat bəyin ucaltmaq üçün uğrunda
şəhid olduğu
üçrəngli Azərbaycan
bayrağı altında
bütün Azərbaycanda
və Türkiyədə
qeyd etmək bizləri bir daha xoşbəxt edir.
Biz, yenə misralarındakı
“ala gözlər”də “sevdiklərimizi”
görməyə davam
edəcəyik. O ala gözlülər
yaşadıqca onlar da könlümüzdə
əbədiyyən yaşayacaqlar.
Yaqub Öməroğlu
Avrasiya Yazarlar Birliyinin
sədri
Dilimizə uyğunlaşdırdı: T.Teymurova
525-ci qəzet.-2013.-
19 oktyabr.- S.16.