Dünyaya, insana, tanrıya sevginin
qaynağı – Əli Rza Xələfli poeziyası
“Burda qərib
ağlar, orda yurd ağlar” naləli,
“yollar ürəyimdən
açılan qapı, mənim könül
dünyam Qarabağdadır” inamlı şairin 60 yaşına
Dünyanın
əvvəli və sonu, Tanrıyla bəndə arasında əlaqə,
yaradılışda əsas məqsəd əsrlər boyu
müzakirə mövzusu olub, bu barədə ən müxtəlif baxışlar irəli
sürülüb. Yekdil və ümumiləşdirici rəy
isə belədir: Xaliq bəşəri məhz Onu tanımaq,
İlahi gücün əzəmətinə və qadirliyinə
bələdçilik üçün xəlq edib. Mənim
düşüncə və müşahidələrim bu
istiqamətdəki fikrin təsdiqiylə bərabər, xilqətin
başqa missiyasına da işıq salır: vücudumuz (ürək, sinir, göz və
s) Haqq-təalanın buyurduqlarının təcəllası və
nişanələrinin izharından ötrü bir vasitədir.
Qurani-Kərimdəki “Özündə və
yaratdıqlarında gizlənən xəzinənin
aşkarlanması” kimi mənalanan ayələr də həmin
qənaəti möhkəmləndirir. Deməli,
müqəddəs kitabların və səhifələrin
nazilində olduğu kimi, insan Allah kəlamına rabitəçidir,
İlahi vəhy körpüsüdür. Və
həmin vəzifənin icrasında məqamına görə,
peyğəmbərlərdən və şəhidlərdən
sonra şairlər dayanır.
Şair-publisist,
Beynəlxalq Rəsul Rza və Şahmar Əkbərzadə
mükafatları laureatı Əli Rza Xələflinin
yaradıcılığına müəyyən qədər
bələd olsam da əyani
tanışlığımızın ömrü işlədiyim
redaksiyanın “Azərbaycan” nəşriyyatına – rəhbərlik
etdiyi “Kredo” qəzetinin qonşuluğuna
köçdüyü müddət qədərdir, yəni 3
ildən çox deyil. Əvvəl arada məsafə
saxlamaq şərtilə quru salam-kəlamla kifayətlənib
bir-birimizi öyrənməyə
çalışırdıq. Əlbəttə, burada
onun (hövsələsizliyi, diqqətcilliyi, müstəqilliyi)
barədə mənə və yəqin ki, mənim (siyasi
yönümüm, mühafizəkarlığım)
haqqımda da ona deyilənlər az rol oynamamışdı. Lakin söhbətlərini dinləyib, fəaliyyətini
görüb, daxili aləminə bələd olduqca ilk növbədə
şəxsiyyətin yaradıcılığı
tamamladığına, əsl insanla
rastlaşdığıma sevindim. Ən başlıcası, Əli
Rza müəllimin ülvi məhəbbətlə
coşub-daşan ürəyində hamıya yer və pay vardı:
Məni daha çox duyğulandıran isə, “Kredo”nun və
onun baş redaktorunun məhdud maddi imkanlar çərçivəsində
çiynini ölkədə gedən bütöv bir ədəbi
prosesin işıqlandırılması yükünün
altına verməsi, həmin görəvin öhdəsindən
layiqincə gəlməsi, bu məsələdə təmənnasızlığı
və ayrıseçkilikdən uzaqlığıdır. Sonuncu qiymətləndirməni
bir az da aydınlaşdırmaq istərdim.
Sirr deyil ki, müstəqillik illərində – Azərbaycanda
ədəbi tənqidin susduğu bir zamanda yeni əsərlərin
dəyərləndirilməsi, təhlili istiqamətində məqalələr
əsasən hansısa ödəniş, borclu qalmamaq
(yazıbsa, yazmalıyam), yaxud da şəxsi dostluq zəminində
reallaşır. Ə.R.Xələflininsə
böyüklüyü ondadır ki, 5-6 saatlıq qızıl
kimi vaxtını və qəzetin bir-iki səhifəsini
heç tanımadığı gənc müəllifə həsr
eləyər, təəssüflənməz. Yetər ki, həmin insanın
yaradıcılığındakı tapıntı onu təəccübləndirsin.
“Bu dünyanın Mehmanısan” kitabının arxa cildində
özü bu barədə yazır: “Məni
danışdırmağın bir yolu var: istər ecazkar
lövhəsi, şimşəyi, yağışı, günəşi...
ilə təbiət olsun, istərsə də ruhi-mənəvi
aləmi, sənəti, qüdrəti... ilə insan –
bütövlükdə tarix, incəsənət, ədəbiyyat...
məni heyrət içində qoysun”.
Yalnız iti fəhmə, dərin idraka malik, istedadlı
adamlar belə düşünə bilərlər. Həm də
ki, çoxumuzdan fərqli, ondakı fitri qabiliyyət
başlı-başına buraxılmayıb; gündəlik zəhmətə,
yuxusuz gecələrə, davamlı mütaliəyə, cəsarətli
müzakirəyə, dönməz mübarizəyə söykənir.
Mən də bu kiçik yazıda Əli Rza
yaradıcılığına, ehtiva etdiyi üç kontekstdən
yanaşmağı qərara aldım – Dünyaya, İnsana,
Tanrıya sevgi kontekstindən...
Ə.R.Xələflinin poeziyasında da, nəsrində də
“dünya” məfhumu olduqca geniş və çoxcəhətli
məna yükünə malikdir. Bildiyimiz kimi, İslamın bel
sütunu sayılan iki dünya fəlsəfəsinə istinadən,
fikrin dəqiq ifadəsindən ötrü “dünya-axirət”
bölgüsü aparılır ki, sadə dillə,
qarşısına “o”, “bu” işarə əvəzliyi
artırmaqla nəzərdə tutulanı daha yaxşı
anlamaq mümkündür.
Müəllif
doğma vətəni, ülvi məhəbbəti, sadiq dostu, zəngin
ürəyi, dərin kəlamı... da bir dünya sayır və
gücünü sadalananların qarış-qarış kəşfinə,
öyrənilməsinə yönəldir:
Qayıtdım, söz adlı
dünyama gəldim,
Gəldim, neçə dosta
pənah gətirdim.
Deməli,
haqqında söhbət açılan dünya həm də onun
üçün vətəndir, yurd yeridir və beləcə
tikib-qurduğu, yuvalandığı məkanların sayı çoxalır:
Hətta
mövzuya bir az da bəsit yanaşıb
ana xətdə yalnız “bu dünya”nın nəzərdə
tutulduğunu qəbul etsək belə, böyük ideallardan
heç nə əskilmir; çünki Həzrət Peyğəmbərimiz
və digər müqəddəs şəxsiyyətlər
“dünyanı axirətin tarlası” adlandırıblar. Dünyanı – əkin yerini sevib qayğı ilə
yanaşmalısan ki, yaxşı əməllər göyərdəsən.
Bu mənada, “Üçüncü dünyanın
qorxusu”nun oxuculara povest şəklində təqdimatı
heç də təsadüfi deyil. Dünya-axirət məsələsi
aydındır, bəs üçüncü dünya
haradır və insana hansı problemləri yaradır? İlk dinləmədə adama elə gəlir ki, əsərdə
yerdənkənar sivilizasiya, “uçan boşqablar”ın
müdaxiləsi barədə söhbət açılacaq.
Lakin müəllifin düşüncələrinə,
qələminə, yazı manerasına bələdçilik,
anındaca həmin versiyanı rədd edir. Filologiya üzrə fəlsəfə doktoru
Salatın Əhmədlinin yazdığı ön sözlə
tanışlıqda və kitabı vərəqlədikcə
gözlərimiz önündə ümumiləşdirilmiş
Kişi və Qadın obrazının baş vurduğu bir məhəbbət
dəryası, sevgi dənizi dalğalanır. Sadəcə, məhrəmanə duyğular ürəyə
bir qədər gec, yaşın ahıl çağlarında
sızdığından milli-əxlaqi tabular kontekstində
müəyyən təhlükələr törədir.
Xələfli qələminin baş mövzusu, qüdrət
aldığı əsas mənbə isə ana Vətəndir,
doğma torpaqdır, doğulub boya-başa
çatdığı evdir. Hansı ki, 20 ildir düşmən
tapdağı altındadır, həsrəti yüz minlərlə
cəbrayıllının, zəngilanlının,
füzulilinin – azərbaycanlının ürəyinə
çalın-çarpaz dağ çəkib:
Yaşıdım
çinarın kölgəsi sağmı?
O kəndin sinəsi dərəmi,
dağmı?
Qürbət xatirələr
indi oyaqmı?
Burda qərib ağlar, orda yurd
ağlar.
Lakin qan
yaddaşımızın təməlində qərar
tutmuş Xudafərinin kölgəsində doğulmuş
Əli Rza müəllimin vətən həsrətinin
yaşı 20 il deyil, 200 ildir, bəlkə
də daha çoxdur. Bu, təkcə təqvimi
hesablamalara yox, müəllifin yaşantılarına, əsərlərində
kök salmış talesizliyə, sınıqlığa
görə də belədir.
O, Cənubi Azərbaycanın (bağlı) qapısı
sayılan Cəbrayılın bədəninə batıb
qanını axıdan tikanlı məftilləri, buradan
Arazın digər sahilinə boylanan nisgilli baxışları
hələ uşaqlığından müşahidə edib,
ürəyində dərd-ələm şahə qalxıb,
tarixin bu ədalətsizliyini daim lənətləyib.
Xələflinin
yaradıcılığında bir xalq kimi, yerli-yersiz sadəlövhlüyümüzü,
qonaqpərvərliyimizi, humanistliyimizi qınayan
özünütənqiddən başlanan gizli üsyan var,
düşmənlə barışmazlıq var. Təcavüzə
məruz qalmış, qız-gəlinləri əsir
alınmış, dağıdılıb talan edilmiş,
sakinləri didərgin salınmış yurdun övladı
“moizə oxumaqla donuzun darıdan
çıxmayacağını” yaxşı bilir, sülh
danışıqlarının bir nəticə verməyəcəyi
təqdirdə çıxış yolunu cihadda görür,
hətta Allah-təalanın “sizə qarşı
vuruşanlarla siz də vuruşun” əmrinə riayət etməməkdə
peşman olur:
Bu torpağa göz tikanı
basdırmadıq,
kor
eləyə kəc baxanı.
Bu torpağa göz dikəni
qusdurmadıq,
laxta-laxta
axa qanı.
İstər nəsr nümunəsi olsun, istərsə də
poeziya, Əli Rza müəllimin qələminə məxsus hər
kiçik yazıda bəşərə böyük məhəbbətin,
etibarın, etimadın təcəssümünü
görürük. Çünki məskən
saldığımız planetin taleyi Allahın şah əsəri
sayılan, nəfissiz mələklə ağılsız
heyvan arasında qərar tutub bu xislətlərin ikisini də
özündə ehtiva edərək, hansını seçməsi
faili-muxtarlığının ixtiyarında qoyulmuş Adəm
övladının atacağı addımdan
asılıdır. O, şüurlu həyat tərzini
seçərək mələkdən də yuxarı yüksəlib
dünyada cənnət, nəfsinin quluna çevrilib heyvandan
da aşağı düşməklə isə cəhənnəm
yarada bilər. Məhz buna görə də tərəqqipərvər
şair Azərbaycan ədəbiyyatının Nizami,
Füzuli, Nəsimi təki söz nəhənglərinin
layiqli xələfi olaraq daim kamil insan
axtarışındadır.
O,
Sokratsayağı bütün şüurlu ömrünü
“nə üçün bəşər övladı gözəlliyi
sevir, amma pisliyə, eybəcərliyə meyillənir”
sualına cavab axtarışına həsr etməkdən
heyfislənmir, “Haqq əlindən yapışsın,
düşmə felə, oyuna”-deyə öyüd-nəsihətini
əsirgəmir.
Amma bütün tarixi istinadlar, fəlsəfi ümumiləşdirmələr,
obrazlı ifadəçiliklə yanaşı, bu əsərlərin
qəhrəmanı real insandır, müasirimizdir; fərqi
yoxdur, alimdir, döyüşçüdür, həkimdir, fəhlədir,
amma bu günün adamıdır. Və həmin
kontingentin içərisində Əli Rza Əzizlinin
özü, dostları, doğmaları da var. Yəni, o deməkdir
ki, qələmin əlində olmasından sui-istifadə,
yaxasını məsuliyyətdən qurtarmağa cəhd
halları yoxdur. Lazım gələndə
daxilindəki “mən”i suçlamağı, səhvini etiraf
etməyi bacarmalısan. Danışmaq məqamında
susmayan, haqsızlıqlar müqabilində kükrəyən
ağsaqqal dostumuz da tapdaladığı qarışqaya
görə min dəfə “ölüb-dirilə”,
boynubükük bənövşənin halını sorub
ağlaya, xətrinə dəydiyi uşaqdan üzrxahlıq
diləyə bilər.
Ə.R.Xələflinin
bir bəndə olaraq vahid Allaha inamı dərindir,
qırılmazdır; şair kimi səmavi qüdrətin təcəlla
etdiyi hər şeyə – təbiətə, ilhama, sənətə
sadiqdir, haçansa bu nemətlərə xəyanət barədə
heç düşünməz də; övlad, ata, baba təki
də öhdəsinə düşən vəzifələri
sevgiylə yerinə yetirir. “Göylərin, yerlərin
sahibi birdi, hər ana qəbri də ocaqdı, pirdi” deyir.
Ən ümdəsi də qələm çəkəndə,
kəlmə kəsəndə, addım atanda bir məsuliyyət
duyğusu yaşayır, sanki bu anlamaq, düşünmək,
sevmək, yazmaq imkanlarını bəxş edən
Yaradıcı önündə hesabat verir, özünü
Onun qarşısında hiss edir:
Allahın nəzəri üstündə
gəzər,
Səninlə yeriyər
dünya boyunca.
Əslində gözəgörünməzlik aləmlərin
Rəbbinin əlçatmaz məqamına işarə, cahil
kütləyə hesablanmış xarakterizasıdır;
imanlı qəlblərə, bəsirətli gözlərə
zərrə qədər də aid deyil. İmam
Əli (ə) bu mənada buyururdu ki, “görmədiyim Allaha
ibadət etmərəm”. Necə ki, Həzrət Musa (ə)
Turi-sinada dua edib yerin-göyün Sahibini görmək arzusunu
dilə gətirmişdi..
Əli
Rza Xələfli zaman-zaman bu dünya həyatındakı
nisbilikləri sınaqdan çıxardığından
Mütləqə doğru can atır, sufiyana şəriət-təriqət-mərifət
mərhələlərini adlayaraq Həqiqətə
qarışmağa çalışır. Bunun
üçünsə qəlbin günahlardan bərkiyib
daşlaşmaması, Xaliqlə rabitənin qorunub
saxlanması çox zəruridir:
Allahdan insana körpülər
min-min,
Fəqət görə bilsən,
biri də bəsdir.
Əgər görmədinsə,
döndü dönəmin,
Ha yalvar, ha yaxar, bil ki, əbəsdir.
Altmış
il bundan əvvəl oktyabrın 1-də
Qarabağda – Cəbrayıl rayonunun Xələfli kəndində
Zal kişinin evindən ucalan körpə
çığırtısı dünyaya bir insanın
göz açdığından xəbər verdi. 14-15 yaşlı yeniyetmənin Xudafərinin
uçuq tağlarını yalayıb keçən dərdli
Arazın lal sularına baxıb Vətənin sınıq
taleyini düşünməsi bir vətənpərvərin
formalaşmasından söhbət açdı. 48 il öncə rayon qəzetində çap
olunan sətirlər (“Boranla üz-üzə”) ədəbiyyata
bir şairin gəldiyini söylədi. Və
ömrün yeddinci onilliyi beləcə yavaş-yavaş
xırdalandıqca fəth olunan zirvələrin sayı da
artmaqdadır. Bəli, Əli Rza Xələfli
daim axtarışlardadır; enişli-yoxuşlu, əzab-əziyyətli,
lakin möhtəşəm və şərəfli bir
yoldadır; sarsılmaz inamla, yüyrək ilhamla, gənclik həvəsi
ilə. Ona yeni-yeni yaradıcılıq uğurları
arzulayırıq!
Könül verdi
Araza, gedər oldu Xələfli,
Çağır onu səsinlə,
oyat, gələr dünyaya.
Qurban CƏBRAYIL
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun dissertantı
525-ci qəzet.-2013.- 19 oktyabr.- S. 24.