“Ömrün qatarı”nı izləyərkən
Qarşımda zərif tərtibatlı, üzü yağış sularına qərq olmuş ayna təsvirli bir kitab durur. Bu, şairə Nəzakət Məmmədovanın oxucuları ilə görüşünə gəldiyi “Ömrün qatarı” adlı ikinci kitabıdr. Yağış damlaları bir-birini dalda qoymaq istəyilə pəncərənin şüşəsinə düzülən kimi, Nəzakət xanımın şeirləri də kitabda özünə eləcə yer alıb. Bir-birindən maraqlı, duyumlu, hisslə-həyəcanla dolu şeirlər... Onları oxuduqca insanın qəlbində yeni duyğular cücərir, boy atır, pərvazlanır. Kitabın “üzündən” axan yağış bəlkə şairin özünün göz yaşlarıdır, dayanıb şüşənin arxasında, göz yaşlarını saxlaya bilmir, inci dənələri kimi üzünə düzür? Nədir qəlbini yaralayıb onu incidən, ağladan? Oxuyarıq, görərik...
Nəzakət xanım, yaradıcılığa gec başlasa da, onun ürəyi başdan-başa poetikadır, şeiriyyətdir. İllərlə qəlbində gəzdirdiyi poetik fikirləri misralara düzüb şeirlər toplusuna çevirir. Onun şeirlər toplusunu nəzərdən keçirəndə adamın gözləri qarşısında dağlarda bitən, ətri ilə insanı bihuş edən çiçəklər canlanır. Hər çiçəyin öz ətri olduğu kimi, Nəzakət xanımın da hər şeirinin bir ünvanı, məna çaları var. Onun şeirləri məhəbbətdən yoğrulub, yaşa dolub... və ömrü saralmış yarpağa dönüb. Qəribə təzaddır. Cavan ikən saralmış yarpaq... Cavan ikən özünü qocalmış hesab edib, ömrünü saralmış yarpağa bənzətmək...
lll
Nəzakət xanım şair
olmaqla yanaşı, bir
anadır, övladlarına yaxşı bir
dostdur, həmdəmdir, sirdaşdır. Ana qəlbi təlatümlü dənizdir,
uşaqlarının həyatda yarımasını ürəkdən
istəyərək, yeri gəldikcə məsləhətlərini
də verir. Qloballaşan
dünyada, Avropaya inteqrasiya dövründə bəzi gənclərin
milli adət-ənənəyə ögey münasibəti Nəzakət
xanımı narahat edir.
Oğluna xitabən etdiyi
nəsihətləri, məsləhətləri Azərbaycanın
bütün yeniyetmələrinə şamil edir. “Zabit anasıyam mən!” şeirində Nəzakət
xanım zabit oğlu Ramilin simasında zabit
anaların fərəhini, sevincini qələmə
alır:
Bir qarış torpaq
üçün canını fəda edən,
Bayrağına,
himninə, şərəfinə and
içən
Zabit anasıyam mən!
Rahat yuxu
yatmıram,
çünki düşmən yatmayıb.
Hələ çox “arzusu” var,
arzusuna çatmayıb.
Bəxti
yatmış dərdləri bir kimsə
oyatmayıb.
Düşmənin
arzusunu gözlərində öldürən
Zabit anasıyam mən!
Nəzakət xanımın vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlər çox ibrətamizdir. Onlarda bir haray, bir nümayişkəranəlik var. Biz həmişə “Vətən, bizi bağışla” frazasını eşitmişik. Nəzakət xanım o sözü işlətmir, o kəlməyə nifrət edir və cəsarətlə “Vətən, bizi bağışlama” deyir. Əldən gedən Vətən torpaqları qayıtmayınca, Vətən uğrunda gedən şəhidlərin ruhu dincəlməyincə, onların qanı alınmayınca “Vətən, bizi bağışlama” deyir:
Dağın-düzün
yenə bizim olunca,
Verən-verdi, səni yaddan alınca,
Qanın axıb, bu qan yerdə qalınca
Vətən, bizi bağışlama!
“Ömrün qatarı” kitabında Qarabağ müharibəsinə,
şəhid oğullara,
onlara yas saxlayan analara həsr olunmuş silsilə şeirlər oxuyanların ürəyini
titrədir, qisas hissini daha da
alovlandırır:
Oğullar içində gəzir
oğlunu,
Güc verir gözünün həsrət
yaşına.
O qədər sözü var, kimə desin ki,
Dərdini söyləyir məzar
daşına,
...“Ana gileylənir qəbir
daşına...” deyən
şair yurd həsrətlisidir. “Yurd həsrəti” şeirində
yurdu-yuvası dağılmış
insanların dilindən
haray çəkir, göyüm-göyüm göynəyir,
“sinəsi nar kimi çatlayır”:
Dərd üstə qoyulmuş
qaraca taxtdı,
Bu da bir taledi, bu
da bir baxtdı,
Bölünüb yüz yerə gör bir nə vaxtdı.
Yurdumun yanında qaradı üzüm.
Tarixən yurdumuz müxtəlif işğalçı ölkələr tərəfindən hissələrə bölünüb, param-parça olub, o taylı-bu taylı, qərbli, şərqli, aranlı, dağlı Azərbaycana bölünüb. Ata-baba yurdlarımız ayrı qalaraq çırpınmış, həsrətdən saralmış, qovuşmaq üçün mübarizə aparmış, başından zərbə alaraq müvəqqəti susdurulmuşdur. Yurd həsrəti bir göynərtiyə dönərək şairin ürəyinə çalın-çarpaz dağ çəkmiş, bəşəri bir dərd olan “həsrət”, “yurdsuzluq” dərdinə mübtəla etmişdir. İşğalçılar, qansoranlar, gözüdoymayanlar üçün:
Təbrizi, Dərbəndi
daladı getdi,
Göyçəni
odlara qaladı getdi,
Şuşanı
yad əllər taladı getdi,
Yurdumun üstündə olmadı gözüm
– deyir.
Axarlı-baxarlı yurduna həsrət qalan şair üsyan edib deyir, gör necə bədbəxt vətəndaşam ki, durnalar yuva qurduğu, bala çıxarıb bəslədiyi vətəninə uçub getdiyi uzaq ellərdən qayıda bilir, mən isə gözün görəcəyi məsafədə bərqərar olmuş torpağıma addım belə qoya bilmirəm
Gör neçə payızdır,
gör neçə yazdır,
Hərətəm
ocağı sönmüş yurduma.
Durnalar qayıdır, mən
qayıtmıram
Bəxti əllərimlə
dönmüş yurduma.
Şair dünyanın gərdişini özlüyündə götür-qoy edir, fələyin tərsinə fırlatdığı çərxin qulpundan tutub saxlamaq istəyir. Başı bu keşməkeşli suallardan yorulub avazıyanda heyfini yenə də ürəyindən çıxır, öz-özünü cavabı tapılmayan suallar içinə bələyir:
Deyirlər hər
dərdə məlhəm zamandı,
Bəs zaman dərdləri niyə azaltmır?
Niyə dərd
üstünə dərdlər qalanır,
Zamanın gücümü dərdlərə
çatmır?
lll
...Mənim Nəzakət xanımla tanışlığım “Yada düşdü” jurnalının yaşı ilə eynidir. Yəni, 2011-ci ildə jurnalın ilk sayı mənə çatanda (buna görə Zülfüqar Şahsevənliyə minnətdaram) oxumaq üçün evə tələsdim (jurnalın adı məni təsirləndirmişdi). Jurnalı birinci səhifədən axıracan oxudum və qeydlərimi etdim. “Yada düşdü” jurnalının baş redaktoru Nahid Hacızadəyə məktub” adlı qeydlərimi çap olunmaq üçün “Ədəbiyyat” qəzetinə göndərdim.
Hələ onda Nəzakət xanımı tanımırdım. Onun anası ilə bağlı bir şeiri diqqətimi cəlb etdi. (O vaxt mənim bir əsr ömür sürmüş anam da yenicə dünyasını dəyişmişdi. Nəzakət xanımın 28 yaşı olanda anası da onları yetim qoyaraq bu dünyadan köç etmişdi. Jurnalda çap olunmuş “Anam” şeiri məni yamanca kövrəltmişdi. Və bu kövrəklik içində redaksiyaya gedib Nəzakət xanımla tanış oldum. Anasızlıq dərdi bizi rastlaşdırmış, tanışlığımıza səbəb olmuş və mənim də bu jurnalla əməkdaşlığıma zəmin yaratmışdır.) Ana mövzusu Nəzakət xanımın ağrılı yeridir. Kiçik yaşlarından atasını itirən Nəzakət xanım gənc yaşlarında anasını da itirir. “Darıxıram, ay ana” şeiri də bu baxımdan anaya həsrət qalmış bir övladın yanıqlı təşnəsidir, səsi-harayıdır:
Bu dünyada dərmanı
tapılmayan
dərdimsən,
Məndən nəyi
apardın,
mənə nəyi
verdin sən
Xəzəl olub döşənim gələn yollarına
mən
Sənsizlik həsrətindən
qisası necə alım?
Mənə necə
qıyırsan, xəzəl ömrü
yaşayım?
Məni qovuşdur yenə analı anlarıma,
Körpəcə
quzu kimi xınalı
anlarıma...
Darıxıram, ay ana...
Nəzakət xanımın şeirlərini oxuyub təhlil edəndə görürsən ki, Vətən, vətənpərvərlik mövzusunda yazılan şeirlər sevgi şeirlərindən daha güclüdür. Bu da onun vətənə, torpağa bağlılığından, sönməz məhəbbətindən irəli gəlir. Belə olmasaydı, əziz ciyərparası, böyük oğlunu zabit görmək istəməzdi. Belə olmasaydı, bir qarış torpağı uğrunda canını fəda etməyə hazır olan, bayrağı himni, şərəfi and yeri olan cəsur, igid Vətən əsgərləri içində zabit anası olmağı ilə fəxr etməzdi.
lll
Nəzakət xanımın bu kiçik kitabında bəşəri mövzularla yanaşı Qarabağ, 20 Yanvar qırğınlarını törədənlərə böyük nifrət hissilə yazılmış şeirlər də özünə yer alıb. Azərbaycanın bütün vətəndaşları kimi, Nəzakət xanımın da yaralı yeri dağlar gözəli Qarabağdır. Azərbaycanı bir üzüyə bənzətsək, gözəl Qarabağımız onun firuzə qaşıdır. Şairin “Qar yağır” şeirində qarın yağmasını poetik bir dillə naxışlar vuraraq ürəyini deşən, onu gecə-gündüz narahat edən düşüncələrinə bir aydınlıq gətirib:
Qar yağır.
Naxışlı, dümağ, bəmbəyaz.
Qara qan ələyir o qanlı Yanvar.
Məsum insanların qanı üstünə
Qərənfil döşəyən tarixlər də var.
...Şəhid Xocalımın yarası üstə.
Şuşa nəfəsini öpüb bu qarın
Qoyuram gözümün qarası üstə.
lll
Adını yeni kitabına sevib qoyduğu “Ömrün qatarı” şeiri fəlsəfi şeirdir. Uzaq məsafələrə can ataraq irəliləyən qatarı insan ömrünə bənzədən şair bir çox suallara özü də cavab tapmağa çalışır:
Bir ömür qatarına
Kimlər harda minəcək?
Kimi yarı yoldaca,
Kimi sonda enəcək
...Əlvida, deyəcəksən,
Əlvida deyənlərə
Bu ömür qatarına
Talesiz minənlərə.
Ömür də qatar
kimidir, onun yaşadığı tale, həyat
qatarın yerişinə,
dayanacağına, sürətinə,
ləngərinə bənzəyir.
Kimi yarımayıb yarı yolda düşür, kimə isə axırıncı dayanacağa
qədər getmək
müyəssər olur.
Kimi də bəxtinə yazılan taleyini yaşaya bilməyib, kənardan baxır.
El arasında belə bir deyim var:
“Gözüm su içmir”. İnsan nədənsə şübhələnəndə, inamsızlıq yaranır,
onda bu kəlmələri
dilə gətirir.
Nəzakət xanım da belədir. O, gördüyü,
eşitdiyi hadisələri
saf-çürük edir,
bəzi işlərdən
“gözü su içmir”. Bütün gördüklərini göz yaddaşına yığır, “gözünün
su içmədiyi” məsələləri oxucuyla
bölüşür. Gözünə o qədər dərd
yığır ki, dərdlərin səsindən
qulaq tutulur. İstər-uzaqda – İraqda,
istər yaxında – Qarabağda gedən qanlı döyüşləri
“gözünə yığır”
və bu dərdlərə bələnmiş
suallara cavab axtarır:
Gözünün səsindən qulaq
tutulur,
Bu kimin gözüdü İraqdan
baxır?
Çıxası gözlər var
– Qarabağdadı,
Oymalı gözlər var,
qıraqdan baxır.
Gözlərim göylərə dikilib
qalıb,
Nə gördü yaddaşa hörsün qayıtsın?
Əllərim yetməyən, sözüm
çatmayan
Tanrını bircə yol görsün, qayıtsın.
Yerlərdə onun Qarabağ harayına çata bilməyənlərdən əlini
üzən şair ümidini Allaha bağlayır. Allahın dərgahına uzanan
əllərini ona çata bilməyəcəyini
başa düşüb
kömək diləmək
üçün Allahın
özünün yanına
getmək istəyir.
Bəlkə Tanrı ona
yar oldu.
lll
Nəzakət xanım həsrətli, nisgilli şairədir. Uşaqlıq illərinin ən şirin, ən unudulmaz anları Vişnyovka (Albalılıq)
bağlarında keçib.
“Bağımız” şeirində bir romanın, bir dastanın süjet xəttini andıran hekayətlər var.
Gözlərin önündən evlərinin
arxasından boylanıb
zərif şəfəqləri
ilə burnunu qıdıqlayıb oyadan günəş, daş qoyulmuş ocaq yeri, dumduru suyu
olan rəngli çarhovuz, bu çarhovuzdan vedrə ilə su daşıyan,
vedrənin ağırlığından
çiyinləri əyilmiş
arıq vücudlu qızcığaz gəlib
keçir.
Evin ətrafında qum
üstünə səpələnib,
qumda bişən ağ şanı, qara şanı salxımları... Uşaqlıq
xəyalları, uşaqlıq
yadigarları... Elektrik
qatarının fit səsinə
boylanaraq işdən yorğun-arğın qayıdan
ananın qabağına
qaçıb əlindəki
zənbili ondan almağa çalışan
qonşu uşaqlar... İndi bunlar hamısı qırıq-qırıq bir
xatirəyə dönüb,
inci kimi, muncuq kimi ipə-sapa
düzülür. Uşaqlıq dostları ilə “Xan-vəzir”, “Beş daş” oyunlarının haylı-haraylı səsləri
qulaqlarında cingildəyir,
uşaqlaşır, dəcəlləşir,
ərköyünləşir.
Şən qayğısız günlərimiz,
Maştağa bazar yerimiz,
Buzovna çimərliyimiz
...Həmin bağdı, hamısı
mənim.
Niyə görən qum yollara
Döşəyiblər asfaltları?
“Hörüblər
daş hasarları”
– deyə üsyan
edən şair sağına-soluna baxır,
suallarına cavab verəcək bir adam axtarır. Axtarma, tapa bilməyəcəksən,
indi dünyanın özünü belə, az qala divarlar arasına sığışdırmaq istəyirlər.
lll
Nəzakət xanım suallar, hicranlar, həsrətlər
içində 50 yaşına
çatdı. “50 yaşım,
mübarəksən!” deyib
öz içinə çəkildi. 50 yaşı ilə baş-başa qaldı.
50 yaşın haçan gəlib onu öz ağuşuna
aldığına təəccüb
etdi. Onu özünə məsləkdaş,
sirdaş hesab edib, lal sükuta
qərq oldu:
Müsahibim, həmsöhbətim,
Yol yoldaşım – 50 yaşım,
...Yaşadığım
illərimsən
Ömrün əriş-arğacında
Şirin, acı günlərimsən.
Bu ömürdə
nələri mən itirdimsə,
Nələri mən gətirdimsə,
Səninləydim, 50 yaşım.
...Sən yaddaşım, məsləkdaşım,
Son sirdaşım
– 50 yaşım!
lll
Nəzakət xanımın 50 yaşının
və ikinci kitabı olan “Ömrün qatarı”nın bu dünyaya gəlişi çox mübarəkdir. Onun birinci “Ömrüm” adlı kitabı 2008-ci ildə işıq üzü görüb.
Ancaq, biz oxucular çox arzu edərdik ki, kitabların ara
məsafələri azalsın
və bizi yeni-yeni şeirləri, poemaları və pyesləri ilə sevindirsin.
Salatın Əhmədli
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.18.