“O tənqidçi olmayıb, tənqidçi
doğulub...”
Məşhurların xanımları
“ƏDƏBİYYATDAN
ONUN YEGANƏ QAZANCI ƏSƏB, XƏSTƏLİKLƏR
VƏ SARSINTILAR OLUB”
“Füzulini anlamaq qəliz məsələdi,
onu hər adam anlamır mən onu sevirəm,
oxuyuram və anlayıram.Anladıqca ölüb, yenidən
dirilirəm”. Həmsöhbətimiz, bu maraqlı fikirlərin
müəllifi, Azərbaycanın dəyərli ədəbiyyatşünaslarından
biri olan, ədəbi tənqidçi Vaqif Yusiflinin həyat yoldaşı
Solmaz xanım Yusiflidir
–Solmaz
xanım, gəlin söhbətimizə sizin tərcümeyi-halınızı
dilinizdən eşitməklə körpü salaq. Hansı ailədə dünyaya göz
açmısız?
–Masallı
rayonun Mahmudavar kəndində anadan olmuşam. Ailədə səkkiz
uşaq olmuşuq: beş qız,
üç oğlan. Mənim anam təhsilsiz
qadın idi, amma ədəbiyyatı sevən, incəsənətlə
maraqlanan insan idi. Əvvəllər həkim
olmaq arzusunda idim. Birinci qəbul imtahanında konkursa düşdüm,
biologiya müəllimliyi oxumaq şansım olsa da, oxumadım,
qərarım qəti idi, həkim olmaq istəyirdim. Lakin ikinci
il nədənsə fikrimi dəyişdim,
sənədlərimi APİ-yə verdim. İbtidai sinif müəllimliyi
ixtisasına daxil oldum. 4-cü kursda olanda Vaqiflə ailə qurduq. Universiteti öz evimizdə bitirmişəm. Heç vaxt müəllim olmaq qərarımdan
peşman olmamışam. Həyatım
gözəl keçib.Yüzlərlə şagird
yetişdirmişəm, deyilənə görə yaxşı
müəlliməyəm.
– Vaqif
Yusifli ilə necə tanış oldunuz?
–Hər
ikimiz Masallı rayonundanıq. Vaqif
Masallının Ərkivan kəndində doğulub, mənsə
Mahmudavar kəndində. Mən heç onu
tanımayanda da məqalələrini, yazılarını
oxuyurdum. Masallıdan olduğu
üçün Vaqifin yazılarına daha böyük maraq
göstərirdim. Tanış
olmağımıza böyük bacım vəsilə olub.
Bacım Vaqifin əmisi arvadıdı. Vaqif məni onların ailə albomundakı şəkildə
görüb, bir müddət sonra məsələni bacıma
açıb. İlk əvvəl razı
deyildim, arıqlığı xoşuma gəlməmişdi.
Vaqif cavanlıqda da indiki kimi arıq idi. Mən də cavan qız, naz etdim əvvəlcə,
sonra onun o mülayim xarakteri, sakit görünüşü,
intellekti məni özünə cəlb etdi.
–
Doğrudan da söz sözü çəkib gətirir. Elə
isə cavanlıqda olan ən çox maraqlı xatirələrinizdən
danışardız
–Onun
çox qeyri-adi xüsusiyyətləri var idi. Məsələn,
görüşə gəlirdi, əlində bir böyük dəstə
zanbaq, yanında da bir paçka pendir. (gülür) Bu qəribəlik onun həssaslığından
irəli gəlirdi- tələbə idim, şəhərdə
qalırdım, ehtiyacım ola biləcəyini
düşünərdi. Birlikdə çox sayda
tamaşalara, operalara, kitab sərgilərinə,
açılışlara gedirdik. Nişanlı
dövrümüz olduqca maraqlı keçib. İncəsənətlə
iç-içə olmuşuq . Bütün bunlar mənim
dünyagörüşümün formalaşmasında da dərin
izlər qoyub. Evlilikdən sonra da təxminən 10 il ərzində teatrların daimi
tamaşaçısı olmuşuq. Qaynım
Cavanşir o vaxtlar tələbə idi, bizim evdə
qalırdı. Uşaqları Cavanşirə
tapşırıb, Vaqiflə birlikdə tamaşaya gedirdim.
İndi düşünürəm ki, bunu
heç bir qayın etməzdi. Vaqifin ailəsini
də, ən azı Vaqif qədər sevmişəm. Onlar mənə qarşı çox mülayim,
çox qayğıkeş olublar.
–Vaqif
müəllimlə evlilik qərarınıza qarşı
çıxanlar oldumu?
–Ailələrimizdə
heç kim bizim evliliyimizin əksinə
deyildi. Bir – birimizə uyğun olduğumuzu
düşünür və bizə dəstək olurdular.
Atam da, anam da bu evliliyin tərəfdarı idi.
Vaqif o vaxtdan məqalələri, televiziya
verilişlərindəki çıxışları ilə
tanınırdı. Bəlkə də elə
onun bu xüsusiyyətləri bəzi əngəlləri aradan
qaldırmışdı. Biz ailə qurduqdan sonra Vaqif
aspiranturaya daxil oldu, Bakıya oxumağa getdi, mən isə
Masallıda onun ailəsi ilə birlikdə qaldım,orada işlədim. Heç vaxt
nə mən, nə uşaqlarım əziyyət çəkməmişik,
həm maddi, həm mənəvi cəhətdən o bizi hərtərəfli
təmin edib. Üç
uşağımız dünyaya gəldi. Uşaqlarımızın
tərbiyəsinə kifayət qədər vaxt
ayırmışam, diqqət etmişəm, elə
yoldaşım da çox qayğıkeş ata olub.
–Solmaz
xanım, geriyə baxanda dünənlə bu günü necə
müqayisə edərdiz?
–Bizim vaxtımızda
həyat daha gözəl idi. Maraqlanırdıq,
araşdırırdıq, yeni çıxan jurnalları, romanları oxuyurduq,
həvəslənirdik. Mən özümüzü indiki gəncliklə
müqayisə edirəm, məsələn, oğlumun nişanlısı ilə
getdikləri yer ancaq dəniz kənarı əyləncə məkanları
idi. Nədənsə biz kollektivlə vaxt
keçirməyi, ədəbi diskussiyalarda iştirak etməyi,
müzakirələrə qoşulmağı daha çox
sevirdik. Bizi buna heç kim məcbur
etmirdi. Yalnız özümüz, kitab-kitab
şeirlər əzbərləyir, romanlar oxuyurduq.
İndi bizim evdə Vaqifin böyük bir kitabxanası var.
Heç kim o kitabları oxumur,
maraqlanmır. Mən çox xoşbəxtəm
ki, onun kimi bir insanla ailə qurmuşam.
–Sizcə
niyə Vaqif müəllim yazıçı, yaxud şairliyi
yox, məhz tənqidçiliyi seçib?
– Vaqif həmişə
deyir ki, mən tənqidi anamdan öyrənmişəm. Anası çox cəsarətli və sözü
üzə deyən qadın idi. Heç
kimin arxasınca danışmaz, kimə nə sözü varsa
üzünə deyərdi. Məncə bu
xüsusiyyət ona irsən keçib, o tənqidçi
olmayıb, tənqidçi doğulub.
–Vaqif Yusifli
yaradıcılığa şeirlə başlayıb, 28
yaşına qədər də şeir yazıb. O şeirlərdən
nə qədəri sizə aiddir?
–Vaqif
qeyri-adi adamdı, yazmaqdan başqa əlindən heç nə
gəlmir. 28 yaşına qədər şeir
yazıb, onların arasında mənə də aid etdiyi
saysız –hesabsız şeirləri var. Ədəbiyyata
münasibətdə çox tələbkardır. Onun sadiq oxucusu olaraq deyə bilərəm ki, olduqca
güclü şeir duyumu var. Hissləri aydın,
duyğuları qabarıq şəkildə ifadə etmək
xüsusiyyətinə malikdir. Amma həmişə
deyir ki, Füzulinin bir misrasını belə yaza bilmədikdən
sonra, şair olmağın heç bir mənası yoxdur. Evləndikdən sonra
şeirlərini, mənə məktub şəklində
ünvanlayardı. Çünki Bakıda
oxumağı bizi bir –birimizdən uzaq salmışdı.
–Tənqidçinin
bir vəzifəsi də təbii ki, tənqid etməkdir. Bu tənqidlərə görə, nə vaxtsa ailənizi
təhdid, təqib edənlər olubmu?
– Təzə
ailə qurmuşduq. Hər ikimiz çox gənc
idik, Vaqif özündən rütbə və yaşca
böyük bir yazıçının əsərlərini tənqid
etmişdi. Evə hədələyici
yazılar yollayırdılar, yolda Vaqifin yolunu kəsdilər,
qorxutmağa çalışdılar. Bu cür hadisələr az olmayıb. Sonra tale elə gətirdi ki, həmin insanlar özləri
xahiş edirdi ki, Vaqif onlar haqda məqalə yazsın, fikir
bildirsin. Vaqif yaradıcılığa
başladığı dövrdə, tənqidçiliklə
məşğul olan jurnalistlər çox idi. Yalnız 1990-cı
illərdə bir dövr gəldi ki, ədəbiyyatda Vaqifdən
başqa tənqidçi fəaliyyət göstərmədi.
O ağır, çətin dövrlərdə, bütün
jurnallarda, qəzetlərdə ancaq onun imzası idi.
– Vaqif Yusifliylə ailə həyatınızda nələri
ona təlqin etməyə çalışmısız?
–Vaqifin mənfi
cəhətləri olduqca azdı. Həmişə
onun siqaret çəkməyinə mane olmaq istəmişəm.
Səhhəti pisləşəndə, bu vərdişdən
öz istəyi ilə
əl çəkdi, nəhayət ki. Bir də olduqca səliqəsiz adamdı. Həmişə onun bu xüsusiyyətini dəyişdirməyə
çalışmışam və bu mübarizəmdə, həmişə
məğlub olmuşam. Başqa dəyişdirməyə
çalışdığım heç bir cəhəti
yoxdu.
–Sənətkarlar
adi insanlardan fərqlənir. Vaqif müəllimin
hansı qeyri – adi xüsusiyyətləri var?
–Onun qəribə
davranışları olduqca çoxdu. Məsələn,
Füzulinin yaradıcılığını çox sevir, hər
səhər tezdən durub, onun qəzəllərini əzbərləyir.
Özü də yüksək səslə,
pafosla, elə oxuyur ki, səsini qonşular da eşidir. (gülür) Yaxud da yolla gedərkən
qəzəl deyə – deyə gedir. Bəzən
mənə də deyirlər ki, Vaqif yolla
danışa-danışa gedir. Onlara izah etməyə çalışıram
ki, o danışmır, əzbərlədiyi şeirləri, qəzəlləri
təkrarlayır ki yadından çıxmasın. Yaxud da işdən gəlirəm ki, stolun
üstündə iki bənd şeirlə yazılmış
bir məktub yazıb qoyub. Sonda da məndən
xahiş edib ki, onunçün plov hazırlayım. Evdə
elektrik cihazlarının, ya naqillərin hansındasa boşluq
olur, onu təmir etmək əvəzinə, işdən gəlib
görürəm ki, elektrik xətlərinin hansınınsa
üstünə böyük hərflərlə bu sözləri
yazıb yapışdırıb: “Əl vurma, öldürər”.
(gülür) Yəni demək istəyirəm
ki, bu adam yazmaq üçün doğulub,
əlindən yazmaqdan başqa heç nə gəlmir. Ən gözəl xüsusiyyəti odur ki, fürsətcil
deyil. Şəhər mühiti, həyat tərzi,
heç bir şey onun xarakterini dəyişə bilməyib.
–Solmaz
xanım, bir qadın, bir ana kimi, “indiki ağlım olsaydı
bunu edərdim, ya etməzdim” dediyiniz məqamlar
hansılardır?
–İndiki ağlım olsaydı, övladlarıma sənətlərini
seçməkdə yardım edərdim, verdikləri qərarlara
təsir etməyə çalışardım. Qızımı
da, oğlumu da incəsənət sahəsinə yönləndirərdim.
Çünki əminəm ki, hazırda
çalışdıqları sahələrdən daha
çox bu sahədə uğur əldə edərdilər.
Bəzən Vaqifin xəstəliyini, şəraitsizliyini
göz önünə gətirəndə,
düşünürəm, kaş cavanlıqda onu başqa sənət
seçməyinə dəstək olardım, icazə verməzdim
ki, ömrünü ədəbiyyata həsr etsin. Ədəbiyyatdan onun yeganə qazancı əsəb,
xəstəliklər və sarsıntılar olub.
Məhəbbət HACIYEVA,
Firəngiz AĞALAR
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.20.