Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
Klark məktəbinə qarşı çıxan ənənənin
ən məşhur təmsilçisi Amerikanın görkəmli
psixoloqu kimi tanınan Vilyam Ceymsdir. Fəlsəfədə praqmatizm məktəbində
yeri olan, həm də elmi psixologiyanın prinsipləri üzərində
də çalışan Ceyms din psixologiyasının klassikləri
arasında sayılan 1902-ci ildə qələmə
aldığı "Dini təcrübənin dəyişmələri"
adlı əsərinin başlanğıcında Henri
Leybanın da iştirak etdiyi tibbi materializmə cavab olaraq dini
fenomenin psixofizioloji durumlarla eyni tutulmasının
mümkün olmaması fikrini müdafiə etdi. Ceymsə görə bütün əqli durumlar
xarici təsirlərə yox, fiziki durumlara istinad edir; bir fikir,
yaxud təcrübənin inkişafı sadəcə fərdin
həyatındakı səmərələrinin
işığında nəzərdən keçirilə bilər.
Ceyms dini olan və dini olmayan durumları birlikdə
nəzərdən keçirərək bu durumları bir-birindən
ayıran cəhətin nə olduğunu, bunlar üzərində
təcrübə aparan kimsələrin həyatındakı əhəmiyyətini
anlamağa çalışırdı. Onun
əsərində konkret açıqlama metodu istifadə
olunmuş və dinin sosiallıqdan daha çox fərdi bir
hadisə olduğu fikri irəli sürülmüşdür.
Dinin ilk və önəmli qaynağının
duyğu olduğunu irəli sürən Ceyms dini dindar bir
insanın daxili yaşantısı kimi xarakterizə etmiş,
dinin subyektiv yönünü, fərdin ruhundakı əkslərini
öyrənməyə çalışmışdır.
Ceymsin bu çalışmaları din
psixologiyasının sərhədlərini müəyyən
etmək və onu dinin xarici təzahürləri ilə məşğul
olan elm sahələrindən ayırmaq baxımından əhəmiyyətlidir.
Ceymsin tələbəsi sayılan B.Prat
(ö.1944) dini təzahürləri xarakterizəedici bir metodla
tədqiq etmişdir. Xüsusilə dini
şüur üzərində dayanan Prata görə din fərd
və cəmiyyətlərin taleyini əlində cəmləşdirmiş
güc, yaxud güclərə qarşı sosial bir
davranışdır. Prat daha sonra geniş
şəkildə qəbul edilən müxtəlif dinlərdən
material almanın zəruri olduğu fikrinin
qabaqcıllarındandır. Amma 1930-cu illərdən
başlayaraq Amerikada bu elm sahəsi geriləməyə
başlamışdır. Bu zaman Avropada cərəyan
edən Freydin görüşləri dini kitab və məqalələrə
də yol tapdı. 1950-ci ildə dinin
müsbət cəhətləri üzərində dayanan din
psixologiyasına aid çalışmalar yenidən
canlanmağa başladı. Gordon Alportun
şəxsiyyət - din münasibətlərinə önəm
verən "Fərd və onun dini" (1950) adlı əsəri
həm ilahiyyatçıların, həm də psixoloqların
diqqətini cəlb etdi. Din psixologiyasının Amerikada
yenidən canlanmasının səbəblərindən biri
dinin həm akademik dairələrdə, həm də xalq
içərisində geniş maraq doğurmağa
başlamasıdır. Digər tərəfdən
biheyvoristlərin davranışların kökü
baxımından insanın daxili aləmini
araşdırmalarının da din psixologiyasının
inkişafına təsir etdiyi fikri irəli
sürülmüşdür. Bütün
bu inkişafın nəticəsində din psixologiyası
teoloji məktəblərdə, daha çox dinlər tarixi
proqramları içərisində, yaxud psixologiya bölmələrində
tədris olunmağa başladı. Din psixologiyası
Amerikada psixoloqların səyi ilə inkişaf etdiyi halda,
Almaniyada filosoflar və ilahiyyatçılar tərəfindən
formalaşdırılırdı. V. Ceyms və E.D.Starbakdan
başlayaraq amerikalıların bu sahədəki əsərlərinin
tərcüməsi Almaniyada din psixologiyasına qarşı
artan marağa yeni bir ruh vermişdir. Bu yeni sahəyə
psixoloq V.Vund başçılıq edirdi. Vund dil, mif və din kimi mədəni təzahürlərin
predmetləşdiyi yüksək əqli irəliləmələrin
xalq psixologiyası vasitəsilə
anlaşıldığını irəli sürdü. Ona görə fərdlərin dindarlığı adətlər,
dil, sənət, əxlaq kimi ictimai mədəniyyət
elementlərinin əmələ gətirdiyi dairədən
qaynaqlanır. Bununla yanaşı mifin tədrici
inkişafından yaranan din bəşər mücadiləsinin
ən yüksək qayəsinin gerçəkləşdiyi, təbiətüstü
aləmin bir parçası olan dünyamızla bağlı
üstün bir duyğudur. Vundun tələbəsi
və Vörzburq məktəbinin rəhbəri Osvald Külp
(ö.1915) fərdin dini yaşantısının nəzarət
altında daxili müşahidə yolu ilə
qavrandığını irəli sürürdü. Onun bu metodunu şagirdlərindən bir protestant
teoloqu və Dorpat məktəbinin qurucusu olan Karl Girqenson
(ö.1925) sistemləşdirmişdir.
Bir həkim-psixiatr
kimi Freydin dinlə bağlı "Totem və tabu" (1913),
"Bir illüziyanın gələcəyi" (1927), "Hz.
Musa və monoteist din" (1939) kimi kitablarında irəli
sürdüyü fikirlər uzun mübahisələrə yol
açmışdır. Freydin psixoanalitik cəhətdən
dini açıqlaması, dini inanc və tətbiqatların
uşaqlıqdakı qorxu və istəklərdən,
xüsusilə Edip kompleksindən (uşağın anasına
münasibəti) qaynaqlandığı şəklindədir.
Freydə görə, din uşaqlıqdan
başlayan günahkarlıq duyğularını sakitləşdirmək
yoludur. Tanrı inancı isə
uşaqlıq dövründə sevilən, həm də
qorxulan şəfqətli, mərhəmətli "ata" təsəvvürünə
söykənir. Dini düşüncələri
əhatə edən müqəddəslik günahkarlıq
duyğularının bəşəri qaynaqlarını
örtülü saxlamaq üçün bir qındır.
Bu isə dinin əqli olmadığını
göstərir. Freyd təhtəlşüura
enərək daxili həyatın sirlərini öyrənmək
istəmişdir. Onun ardıcılları
psixoanaliz vasitəsilə dini fenomenləri anlamağa
çalışmışdırlar. Dinin
psixoanalizçi metodla öyrənilməsi din fenomenini
uşaqlıq dövrünə, yaxud nevrotik təmayüllərə
bağlamışdır. Freydin şagirdi
Karl Yung dinə qarşı çox həssas bir şəxs
idi. Yung öz ustadının ifrat fərdiyyətçilik
yolu ilə getməmişdi. Onun irəli
sürdüyü müddəaya görə, dini formaların
altında gizlənən şüurxarici güclər daha
çox müsbət xarakterə sahibdir. Dinin
fərd üçün əvəzsiz psixoloji bir vəzifə
olduğu qənaətinə gələn Yung Freydin ümumbəşəri
şüurxarici dediyi şeyi qəbul etsə də, onun
altında insanlıq aləminin dini ənənələrini əmələ
gətirən şeylərin kollektiv şüur xaricinin (ictimai
vicdan) mövcudluğunu irəli sürürdü. Cəmiyyətlərin keçmişdə
qazandığı adət və simvolların nəsillərdən
nəsillərə keçdiyinə inanan Yunqa görə
insan ruhunun təməl fəaliyyətinin dinamikası dini ənənələri
anlamasıdır. Karl Yunq analitik
nöqteyi-nəzərdən geniş bir din psixologiyası tədqiqatçısı
kimi bir çox avropalı və amerikalı din alimlərinə
təsir etmişdir. Rudolf Otto "Das
Heilige" (1917) adlı əsərində müqəddəs
və müqəddəslik təcrübəsi üzərində
dayanmışdır. Fridrix Heylerin "Das
Gebet" (1918) adlı əsəri də klassik əsərlər
arasında özünə yer tutmuşdur. Heyler ibtidai qəbilə mənsublarının
qeyri-ixtiyari, atəşli bir şəkildə tanrıya
sığınıb yalvarmalarından yüksək mistik vəcd
içindəki yalvarış və niyazlara qədər
duanın çox fərqli tipologiyasını vermişdir.
Heyler din psixologiyası tədqiqatçıları
üçün mistisizmin əhəmiyyəti üzərində
ciddi şəkildə dayanan ilk psixoloqdur. Fransız
ənənəsi də digər iki din psixologiyası ənənəsində
olduğu kimi XIX əsrdəki bəzi alim və filosofların
zəmin hazırlaması ilə əmələ gəldi.
Bunlar arasında diqqəti cəlb edənlər filosof Men
dö Bran və protestant ilahiyyatçı Avqust Sabatyedir. Bran insan bilgisinin iradəyə istinad edən daxili təcrübədən
doğduğunu irəli sürmüşdü. Branın daxili müşahidə və təcrübəyə
dayanan görüşləri dini subyektivliyin psixologiyasına
gedən yolu hazırladı. Sabatye isə
dini fərdi bir dindarlıq, tanrının insana təqdim
etdiyi daxili bir ilham və ilahi vergi kimi qəbul edirdi.
Fransız din psixologiyasının inkişafında Branın
mühüm rolu vardır. Əqli xəstəliklərlə
məşğul olan fransız həkimlər müxtəlif
dini idefikslər (başdan çıxmayan fikir),
sayıqlamalar və ifratçılıqlarla maraqlanmağa
başladılar, dini təcrübənin müstəsna şəkillərini
əmələ gətirən mistik durumlar onların gözlərindən
yayınmadı. Parisdə məşhur bir
nevroloji klinikada çalışan və Freydin müəllimi
olan Jan Martin Şarko cins zəhlətökənliliyinin dəliliyin
bir forması olduğu fikrini irəli sürdü. Şarkonun digər bir tələbəsi Pyer Jane
müstəsna dini durumlar üzərində diqqəti cəlb
edən işlər görmüşdür. O, Madlen
adlı bir xəstəsini on dörd il ərzində
müşahidə etmişdir. Madlen mistik bir vəcdə gələrək
tanrı ilə birlikdə olduğunu zənn edib
çarmıxa çəkilmiş kimi saatlarla
qımıldanmadan qolları açıq şəkildə
qalır, tanrıdan ayrıldığını hiss etdikdə
isə işgəncəyə məruz qalmış şəkildə
qıvrılır, il ərzində
vücudunun çarmıxa çəkilmiş yerlərində
yaralar əmələ gəlirdi. Janenin müəllimi Teodul
Riboya görə, dini duyğu iki şəraitdə patoloji vəziyyətə
yol açır: suçluluq və qorxu duyğularına məruz
qalan melanxolik və depressiyalarda, bir də şiddətli
eşqdə. İsveçrəli alim Ernest
Murizye də patoloji metoddan istifadə edənlərdəndir.
Ernestə görə dini duyğulardan qaynaqlanan
xəstəliklər dindəki fərdi və sosial elementlərdən
irəli gəlir. İsveçrə əsilli psixoloq
Teodor Flurnoy Cenevrə Universitetində mediumlarla (guya ruhlarla
insanlar arasında vasitəçilik edən adam)
bağlı parapsixoloji çalışmalarında
şüuraltı təzahürlər üzərində
dayanırdı. Bu ənənənin Flurnoydan sonra ən
önəmli siması olan Corc Berqer din psixologiyası
baxımından İsa Məsihi digərlərindən
ayıran xüsusiyyətləri araşdırmaqla məşğul
olmuşdur. Pyer Boveyə görə, tanrıya
qarşı sevgi ata-ananın uşaq tərəfindən
tanrı kimi qəbul edilməsi ilə başlayır. Jan Pyaje tanrı haqqında iki yol üzərində
dayanırdı. Bunlardan birincisi eşqin
tanrıya aparan səbəblər zənciri olaraq bizim
xaricimizdə ikən, digəri içimizdə mövcud olub
bizi tanrıya çatdıran yoldur. Ancaq
Pyaje klassik teologiyanın eşq tanrısının bir simvolu,
günah və kəffarə əxlaqının isə sosial məhdudiyyətin
bir məhsulu olduğunu iddia edirdi.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-2013.-
29 oktyabr.- S.6.