Dilimizi dilimləyənlər

 

 

Azərbaycanın Ukraynadakı səfiri, fəlsəfə elmləri namizədi Eynulla Mədətli “525-ci qəzet”in ötən şənbə sayında çap olunan “Ana dilimizi qoruyaq!” yazısında doğma dilin təəssübünün çəkilməsi, onun qorunmasının vacibliyi barədə fikirlərini ifadə etmişdi. AMEA-nın İctimai Humanitar Elmlər Bölməsinin akademik katibi professor Kamal Abdullanın qəzetimizin 11 sentyabr 2013-cü il tarixli sayında çıxanDili korlayan müğənni aktyorlarbaşlıqlı qeydlərinin təsiri ilə qələmə aldığı həmin yazısında E.Mədətli bu məsələnin geniş ictimai müzakirəsinə ehtiyac duyulduğunu vurğulamışdı. Maraqlıdır ki, hələlik bu mövzuda ilkin reaksiyalar xaricdən, uzun zamandan bəri əcnəbi ölkələrdə yaşayıb-çalışan ziyalı həmvətənlərimizdən gəlməkdədir. Bu sıradan növbəti materialıMoskvadan göndərilmiş yazını oxuculara təqdim edirik.

Əcdadlarımızın göz bəbəyi kimi qoruyub bizlərə miras verdiyi ana dilimizin son vaxtlar məruz qaldığı işgəncələr, nəhayət, dilimizin qorunması üçün dövlət proqramı yaradılmasına səbəb oldu. Bu, təkcə sevindirici hal kimi qiymətləndiriləcək bir hadisə deyil, əslində uşaqdan böyüyə, məktəb şagirdindən akademikə, mətbəx xanımlarından dövlət teatrlarının tanınmış ustadlarına, yol polisindən ən yüksək rütbəli dövlət məmuruna  qədər hamının böyük məsuliyyətlə yanaşmalı olduqları zəruri bir xilasetmə əməliyyatı olmalıdır. Dilimiz həqiqətən torpaqlarımız kimi yad sözlərin işğalına məruz qalır. Həm də bu “işğalın” ilhamverənləri özlərini mütəxəssis hesab edən, əslində ana dilini çox pis bilən, təsadüflər nəticəsində mikrofona, efirə, kürsüyə yol tapmış həmvətənlərimizdir. Əlbəttə, bilməmək eyib deyil. Narahatlıq yaradan amil dili bilməyənlərin öz qüsurlarını düzəltmək yerinə yanlış bildiklərini doğru libasında təqdim etmələridir.

Dildəki xətaların səbəblərini rusca təhsil almaqda, türk məktəblərini bitirməkdə görənlər haqlı olsalar da, əslində məsələnin kökündə ümumi məsuliyyətsizlik durur. Radio və televiziyamızdakı onlarca, yüzlərcə redaktorun hamısı rustəhsilli deyil ki... Artıq iyirmi ili keçmiş müstəqillik dövrü rustəhsillilərin sayını kifayət qədər azaldıb. Yanlış meyllərdən biri, dildə əcnəbi, yabançı sözlər işlətməyi bir növ savadlılıq təzahürü hesab etməkdir. Bir televiziya proqramı aparıcısının veriliş zamanı növbəti nömrəni elan etməzdən əvvəl verəcəyi məlumata bu sözlərlə başlamasına nə ehtiyac var: “Gözləmə otağına keçid almadan öncə bir mesaj vermək istəyirəm”? Bizim gəncliyimiz zamanı rişxəndlə “farmazonluq” adlandırılacaq bu cümlə aparıcının və onu rejissor otağından idarə edənlərin cinayət sayılacaq qədər ciddi məsuliyyətsizliyindən xəbər verir.

Öz danışığına, yazısına türkcə və rusca kəlmələri istədiyi kimi daxil edən insanların çox böyük qisminin nə ruscanı, nə də türkcəni mükəmməl bilmədiyini məsuliyyətlə iddia edirəm. Onların bu addımları Azərbaycan dilini yaralamaqla qalmır, türk dilinirus dilinipinti uşaqların ləkəli dəftərləri kimi qaralayır. Bu “savadlılardan” ən böyük xahişim odur ki, bir-birindən gözəl və zəngin çalarları olan bu üç dilin hansında danışmaq istəyirlərsə o dildə mükəmməl danışsınlar. Yuxarıda qeyd etdiyim kimi nöqsanlar təkcə jurnalistlərə aid deyil, ən yüksək mövqeli hökumət məmurları bəzən çox bağışlanılmaz səhvlərə yol verirlər.

İdarə, müəssisə adlarının yazılışında, ayrı-ayrı ixtisas sahələri üzrə keçirilən genişmiqyaslı tədbirlərin təqdimatında gülünc yanlışlıqlara yol verilir. Reklam çarxlarındakı mətnlər isə həqiqətən dilimizi dilim-dilim dilimləyən balta, bıçaq, çapacaq rolunu oynayır. Türkiyədə işlədilən türk sözlərini Azərbaycan dilinə gətirən müəlliflər bəzi reklamlarda işlətdikləri sözlərin hansı mənalar verdiyinə məhəl qoymurlar. Narahat, kələ-kötür, nahamvar yollara adətən, daşlı-çınqıllı, çala-çuxurlu, keçilməz yollar deyilir, reklamda da “belə yolların avtomobili” (yəni bu sözlərdən birini işlətməklə) deyilsə, daha anlaşılacaq olmasına baxmayaraq, türkcədə “saxtakarlıq, oğurluq” mənasında işlədilən “yolsuzluq” kəlməsi işlədilir.

Əziz oxucu! Burada mövzuya dair saysız-hesabsız misal vermək mümkündür. Ancaq bununla vaxtınızı almaq istəmirəm, əvəzində, Sizdən dilimizin təmizliyi uğrunda mübarizəyə qoşulmağınızı xahiş edirəm. Bir məqamı vurğulamağı vacib bilirəm ki, bu bizim dilimizdir, sabah bizimki olduğunu iddia edib müdafiə edəcəyimiz dildir. Doğrudanmı şair xalq dediyimiz Azərbaycan xalqının dörd misralıq bayatıda böyük lirikanı, bir cümləlik atalar sözündə həyat fəlsəfəsini ifadə edən ana dili bu qədər biganəliyə layiqdir? Doğrudanmı minlərlə tələbə hazırlayan ali məktəblərimiz, dilin səlisliyi yolunda saç ağartmış alimlərimiz, mütəxəssislərimiz dağ bulağı kimi saf, nəğmə kimi məlahətli, ana südü qədər təmiz dilimizin bulanıb çirklənməsinə göz yumub rahat yata bilirlər? Dilimizi tərənnüm edən onlarca şeir misal gətirmək olar, amma təəssüf ki, şeir vaxtı deyil, dilimizikomadan” çıxarmaq lazımdır. Bu yolda istənilən müzakirə, atılan hər addım gələcəyimizə, müstəqilliyimizə, inkişafımıza xidmət edir.

Bu yazını “525-ci qəzet”dəki – açılmasını mənim də arzuladığım – müzakirə çərçivəsində dərc olunmaq üçün göndərir və dilimizin gözəlliyinə biganə olmayan müxtəlif peşə adamlarını müzakirəyə, konkret təkliflər verməyə çağırıram.

 

Moskva,

14 sentyabr 2013-cü il

Cəfər SADIQ

525-ci qəzet.- 2013.- 18 sentyabr.- S.7.