Özümü tək sanardım...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

 

Məktəb illərini unudan, məktəbli vaxtlarını xatırlayıb nostalji keçirməyən adam varmı?!

 

...Həyətdəki qollu-budaqlı  zeytun ağacı, sınıq-salxaq pilləkənlər, sinif otağının divarından asılmış əzik-üzük dünya xəritəsi, sərt, yaman sərt filankəs müəllimə, tənbəlliyindənmi, ya paxıllığındamı, heç öyrətmək istəməyən, amma arada bir maraqlı hadisələr danışan tarixçi, saçları da təbaşirə bulaşmış, qəribə gülüşüylə hamını çaşdıran riyaziyyat müəllimi, hay-küylü, mübahisəli ədəbiyyat dərsləri, “Nizaminin yoxsa Füzulinin Leylisi yaxşıdı?” sualının 10 il sürən müzakirəsi, “Vaqifpyesinin məşqləri, tədbir ssenariləri, gözüyaşlı son zənglər... “İnsafın olsun, əlin qurusun çalma bu zəngi...” misrasının həm gülməli, həm ağlamalı təsiri...  Çeçələ barmaqları bir-birinə calayıb sağa-sola ləngər vuraraqƏlvida məktəboxuma... Bu gün kövrəlib, az qala hönkürüb məktəblə vidalaşma, sabah isəUrrra! Yaşasın azadlıq!” şüarı ilə yuxudan ayılma! Hələ məktəb yoldaşların... Arabir görüşübehhh, yaxşı günlər idi!” deyə o illərdə olub keçənləri xatırlamağınız.

Amma məktəb illərinin şirin xatirələri yalnız həyət, sinif, pilləkən, lövhə, dəftər, kitab, imtahanlarla bağlıdımı?! Əlbəttə yox! Bu xatirələrin bir hissəsi beynindən, başından gəlirsə, digər hissəsi   ürəyindən gəlir! Hə-hə... Ürəyindən! Çünki o hiss qəlbinə ilk dəfə məhz məktəbdə düşüb.

...Vallah, heç  özün bilmirsən necə baş verdi bu! Deyəsən, axı Nizaminin Leyli Məcnununu keçirdiz?! Müəllimə  dedi ki, Leyli Məcnunu məktəbdə tanımışdı, məktəbdə  aşiq olmuşdular bir-birinə... Dinlədikcə xəyala dalırdın! Məcnuna paxıllığın da tuturdu... Sadəlövh uşaq suallarıyla dolurdu başın, hamısı da cavabsız... Ən gülməlisi Görən kimi sevə bilərəm?!” İndi özün xatırlayanda gülürsən... Uşaqlıq idi !”deyib əlini yellədirsən.

Hərdən heç  yadına da sala bilmirsən, məktəbdə necə oldu vuruldun?! , elə həmin mövzuda inşa yazmalıydız deyəsən, qabaqdakı  qızı çağırıb kömək istəmişdin... Birdən müəllimə  (sərt idi, yaman sərt) “ay qız, qabağa bax!” deyəndə  qız cəld hərəkətlə çevrildi... Saçının dalğasına... Dəniz təki ləpələnməsinə, təzə çalınmış otun qoxusu kimi təravətli ətrinə vuruldun! Bundan sonra səhərlər yuxudan sevincək ayılmağın, üzünü yuyub sudan nurlandığını hiss eləməyin , köynəyinin yaxasını ütüləməyin, atanın saatını oğurlayıb taxmağın da, ayaqqabılarını parıldayana qədər silməyin, dərsə hamıdan tez gəlməyin, evə qayıdanda yolunu iki dəfə artırmağın da, hamısı, hər şey ona görədi... Hələ heç xoşlamadığın fizika dərsini canfəşanlıq edib oxumağın... Axı fizikadan dərs deyən onun anasıdı, necə hirsləndirmək olar müəlliməni?! Bir sözlə, məktəbli həyatın onun əlindədi, ürəyin onun əlindədi, ona görə... Vay o gündən bir gün dərsə gəlməyə! İllərdi oxuduğun məktəbdə yer tapa bilmirsən özünə, sinif otağı dar, qaranlıq, yoldaşlarının zarafatları şit, müəllimin danışdıqları maraqsız olur!

Zaman keçdikcə, böyüdükcə, o illərdən uzaqlaşdıqca həmin hisslərin   qədər uşaqsayağı görünsə ,  yenə şirin-şirin xatırlayırsan olanları, xiffət çəkirsən! Hüseyn Arif  Sən dərsə gəlməyəndəşeirini elə həmin həsrət xiffətlə yazıb... Şair bu günündən məktəbli vaxtlarına baxır yadına salır, o zamankı saf, cilasız, cilovsuz sevgisini... Hələ dünyanın kirindən, yalanlarından xəbərsiz balaca oğlanı. Aşiq olduğu qız dərsə gəlmədiyindən duyduğu uşaq tənhalığını, çəkdiyi həsrəti! Kiçik bir şeir sanki qısa, lap qısametrajlı film təsiri bağışlayır. Oxuduqca məktəb həyətində yola boylanan, zəng vaxtı şənlənən  yoldaşlarına qoşulmayıb bir tərəfdə büzüşüb oturan oğlan göz önünə gəlir. bütün bu hisslərin ibtidailiyindən, sadəlövhlüyündən, paklığından riqqətlənməyə bilmirsən!

...Zamanla sevgi   böyüyəcək səninlə birgə, dərinləşəcək fikirlərinlə  bərabər, bəlkə ömrünün ən gözəl duyğuları  da qarşıdadı, səni gözləyir, amma həmin gün dərsdən qaçmağını  yadından çıxarmayacaqsan! Hüseyn Arif unutmamışdı, elə belə yazmışdı: “Qaçardım mən dərsdən, Sən dərsə gəlməyəndə...”

Nədənsə bu son misralardan sonra ağıla qısametrajlı filmin son, şeirdə  əksini tapmamış səhnəsi gəlir: Məktəbli forması geyinmiş, əlində iri çanta tutmuş oğlan həyəcanla, ora-bura boylanaraq fizika müəlliminin yaşadığı məhəllədə var-gəl edir! Uzaqdan isə məktəb zənginin səsi gəlir!

 

Hüseyn Arif: “Qaçardım mən dərsdən!”

 

Düşür yadıma hərdən

Məktəb həyətində  mən

Yoluna göz dikərdim

Qəlbim sızlardı  birdən

Sən dərsə  gəlməyəndə...

 

Durub-durub anardım

Gizli-gizli yanardım

Neçə dostun içində

Özümü tək sanardım

Sən dərsə  gəlməyəndə...

 

Zəng səsi ucalardı,

Uşaqlar söz alardı.

Gözlərim boş  masanda.

Fikrim səndə  qalardı

Sən dərsə  gəlməyəndə...

 

Dözməyib buna bəzən

Düşüb gah da həvəsdən

danım həqiqəti???

Qaçardım mən   dərsdən

Sən dərsə  gəlməyəndə...

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 21 sentyabr.- S.21.