Mənim yaşıdım şəhid

 

 

Moskva

Ülvi Bünyadzadənin unudulmaz xatirəsinə...

23 sentyabr 1969-cu il – 19 yanvar 1990-cı il.

Budur bir ömüriki tarix! Qısa, göz-açıb yumunca ötüb keçən, lakin hələ bundan sonra da yaddaşlarda, qəhrəmanlıq səhifələrində yaşayacaq bir ömür!

...Ülvinin şəhid olduğu, eləcə onun kimi yüzlərlə cavanlarımızın şəhid olduğu 1990-cı ildə mənim 21 yaşım vardıÜlvi kimi. Bəli, biz bir ildə dünyaya gəlmişik. Mənimlə yaşıd bir gəncin həyatına son qoyan o dəhşətli gecədən sonra mən hələ 23 ildir daha yaşadım. 23 il daha zamanım oldu nələrisə etməyə, nələrəsə çatmağa, arzularımın bəhrəsini görməyə, dünyanın gözəlliklərini seyr etməyə... Onunsa buna zamanı olmadı!

Ülvi, öz qələmiylə insanları sevməyə, sevilməyə, daha yaxşı daha ədalətli, mübariz cəsur olmağa çağırırdı, elə o yaşlarında:

 

 

 

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun

şaxtasından, soyuğundan mən qorxmuram.

Mən qorxmuram uzaq yola çıxmaqdan,

Bu yolun,

acısından, ağrısından,

Ölümadlı yuxusundan mən qorxmuram”.

 

 

 

Bunlar, onun 1989-cu ildə qələmə aldığı sözlərdir.

6 yaşından şeir yazan, 21 yaşındaykən povestlərin, poemaların, hekayələrin müəllifi olan bu gənc, yaşasaydı, neçə ünlü bir şair, publisist olacaqdı! Yaşasaydı, bir qızı xoşbəxt edəcək, vəsfinə muncuq kimi misralar düzəcəkdi... Yaşasaydı, özünə bənzər, gözəl, istedadlı, yüksək mənəviyyatlı övladları dünyaya gələcəkdi. Yaşamadı, sevmədi, sevilmədi..., amma gözəl şair ola bildi!

Nədəndirsə, mənimlə bir ildən olan sənət adamlarına xüsusi məhəbbətim var. Bu sıradan: şair publisist Qulu Ağsəsin, yazıçı Aygün Bünyadzadənin, musiqiçi Əzizə Mustafazadənin adlarını çəkə bilərəm. Bəlkə bu ona görədir ki, biz eyni dövrün, ilin, eyni düşüncələrin məhsullarıyıq?! Eyni mühitin zamanın yetirmələriyik?! Bu dövrün bütün dəyişiklikləri düzəlişləri bizim üstümüzdə sınaqdan çıxıb?!

Qismətimizə dolaşıq bir dövran düşdü. Öncə, fikirləri çərçivəyə salan, lakin haradasa, murdarlıqlardan meşşanlıqdan uzaq Sovet dövrü, sonra onun süqutu, dağıntılar, yenidənqurmalar, yerdəyişmələr, sonra 20 Yanvar, şəhidlər, torpaqlarımızın işğalı, yenə şəhidlər, şəhidlər..., qaçqınlar, qan bahasına düşüncələrimizdə tapdığımız, mənəviyyatımızda itirdiyimiz müstəqilliyimiz qələbənin hələ gəlməyən sorağını gözləmələr...

Bu başıbəlalı ildə Azərbaycanın Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi SSRİ Mərkəzi Komitəsinin qərarı ilə Ermənistana verilir. Necə asanmış candan can ayırmaq sanki?!

Ximkidə yaşayan bir həkim həmkarım, Rusiyadakı soydaşlarına hər cür yardıım və dəstək verən gözəl insan – Məhsəti xanım keçən il, 20 Yanvar gecəsinin anımı tədbirində öz taleyindən mənə bir qəribə əhvalat danışmışdı: “Bakıda yaşayırdıq. 20 Yanvar gecəsi, hər yan al qana boyandığında hamilə idim. Qorxudan və həyəcandan ağrılarım başladı və ilk oğlum elə həmin gecə dünyaya gəldi – Bakının və bakılıların qəlbi qan ağlayarkən! Sevinmək istəyirdim, ana olmuşdum, lakin sevinməyi özümə ar bilirdim, çünki yüzlərlə ana oğul itirmişdi. O şəhidlər bizim idi. Hamımız onların ana-bacısıydıq, necə sevinə bilərdim ki? Və həyat elə gətirdi ki, düz 20 il sonra, həmin oğlum 8 mart günündə qəzada öldü. Qadınlar günündə, bütün qadınlar sevinərkən – mən ağlayırdım. Və mən indi, həmin oğlumu şəhid hesab edirəm. Çünki şəhid anası olmaq qürurdur. O 20 Yanvar günündə dünyaya gəlməklə, elə həmin ölümünə imza atıbmış. Bəlkə də cəfəngiyyatdı, amma bu mənə təskinlik verir! Və mən həmin gündən, öz ömrümü gənclərin, azərbaycanlı balalarımızın rifahına həsr etməyi qərara almışam!”

Həmkarımın bu sözlərini qələmə almaqla istəyim nədir?

Ey şəhid anaları! Kimsə sizə övladlarınızı əvəz edə bilməz! Amma siz, biqeyrət “oğul”ların, veyil-veyil gəzib tinlərdə nəşə çəkən, öz evindən oğurluq edib ana-bacılarımıza sataşan, namusolduğunu bilməyərək namusa and içənlərin anası deyilsiniz! VƏTƏNİNİ, ANASINI, MİLLƏTİNİ sevən Oğulların anasısınız! Başınızı dik tutun! Əlbəttə bu yetənəksiz bir təsəlli sayıla bilər, lakin baxın! –Mübarizlərimiz hələ də öz canlarını Vətənə qurban edirlərsə, deməli burada kimlərinsə anlaya bilmədiyi bir həqiqət, bir möcüzə, bir tapıntı var. Bu hər adama nəsib olan xoşbəxtlik deyil.

Şəhid olmağa – Vətən böyda ürək gərək! Şəhid olmağavicdan, qeyrət, namus gərək! Şəhid olmağa – qismət gərək!

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) “Ülvi Bünyadzadə küçəsi” adı verilib. Həmin evin divarına “Burada 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılı barelyef-lövhə vurulmuşdur.

Bugünlərdə şair Ülvinin 44 yaşı olur – həyatının ən gözəl və ən məhsuldar dövrü olacaqdı. Hər birimizin anası olan müqəddəs Ədəbiyyatın şəhid balasına “Allah rəhmət eləsin!” deyirəm! Sözlərimi isə onun xatirəsinə həsr etdiyim “Şəhid qardaş!” şeirimdən bir parçayla bitirirəm (şeir, bir zamanlar Ülvinin oxuduğu Xarici Dillər Universitetində Ülvi Bünyadzadə muzeyində türk və fransız dillərində saxlanılır):

 

 

 

...Arzuları, diləkləri nakam qalan

Şəhid qardaş!

Mənim ilə yaşıd qardaş!

Mən sənin də əvəzinə yaşayıram...

Acılardan tar-mar olan bu sinəmdə

iki ürək daşıyıram.

Rahat uyu!

Yazacağam ikimizin yerinə mən!

Yazacağam Vətənimdən, millətimdən...

Hər yazsam düz yazacam...

Namərdlərin sinəsinə basacağam köz, yazacam!

Dönməyəcəm öz yolumdan!

Elə mən şəhid olumsöz yolunda!

Qoy, bir kimsə deyəmməsin

hisslərimdə yalançıyam.

Bilsinlər ki, Nizamilər kökündənəm,

Nəsimilər soyundanam!

Üsyançıyam!

Üsyançıyam!

19.09.2013

 

 

Afaq Şıxlı

525-ci qəzet.- 2013.- 24 sentyabr.- S.8.