Ecazkar xalçaların yaradıcısı

ELDAR MİKAYILZADƏNİN KƏHKƏŞAN XALÇASI DÜNYA XALÇAÇILIĞINDA YENİ SÖZDÜR

 

Bəzən adama elə gəlir ki, qədim tarixə və zəngin bədii ənənələrə malik xalçaçılıqda sələflərimiz elə bir zirvəyə yüksəlmişlər ki, bu sahədə bənzərsizlik nümayiş etdirmək, əldə olunanlara yeni bədii-estetik dəyər əlavə etmək mümkünsüzdür. Ancaq ötən əsrin son qərinəsində Bakıda ortaali ixtisas təhsili alanöz dövrünün tanınmış xalçaçıları ilə yaxından ünsiyyətdə olan Eldar Mikayılzadə hələ tələbə ikən yaratdığı Şəbi-hicran xalçası ilə bu sahədə yenilik və özünəməxsusluğun mümkünlüyünü nümayiş etdirdi. Onun 1981-ci ildə ərsəyə gətirdiyi bu xovlu xalçada dahi Füzulinin portreti yarpaqlanmış, çiçəklənmiş və bar vermiş ağacların məntiqli qovşağından yaranmışdı. Həmin il Bakıda keçirilən Şərq xalçaları üzrə beynəlxalq simpoziuma gələn məşhur ekspertlər onunla tanış olmuşonu müasir dövrdə dünya xalçaçılığına verilmiş ən qiymətli töhfə hesab etmişdilər. Əslində o vaxtlar cəmisi 24 yaşı olan Eldar Mikayılzadə hər hansı bir yaşlı və çox istedadlı sənətkarın bütün yaradıcılığının zirvəsi sayılacaq əlçatmaz nümunəsini yaratmışdı. Bu erkən uğur onun qarşısında daha çətin yaradıcı vəzifələri qoydu. Bu da gənc xalçaçının fəth etdiyi çox yüksək zirvədə qalmasından ibarət idi. Sonrakı illər erkən müvəffəqiyyətin təsadüfi olmadığını göstərdi və yaratdığı çoxsaylı ecazkar xalçalar Eldarın çağdaş Azərbaycan xalçaçılığının liderinə çevrilməsini şərtləndirdi...

Son otuz ildə çağdaş Azərbaycan xalçaçılığını çox maraqlı əsərləri ilə zənginləşdirməkdə davam edən Eldar Mikayılzadə yola saldığımız ildə iki yeni toxuculuq nümunəsini tamamlayıb. Sözün əsl mənasında unikal sayıla biləcək bu nümunələri yeni ilin ilk ayında ad gününü qeyd edən sənətkarın özünün özünə hədiyyəsi də hesab etmək olar. Əgər sənətkarın arxada qalan yaradıcılıq yoluna ötəri nəzər salıb yaratdığı bir-birindən ecazkar Şəbi-hicran-1 (1981), Nağıllar aləmi (1983), Azərbaycanın poeziya musiqi korifeyləri (1983-1984), Xətai (1990), Xəmsə (1991), İslam (1992), Təbriz (1993), Bürclər (1994), Xilaskar (1995-1997), Üç din (1998), Səttar (1999), Bismillahir-rəhmanir-rəhim (2001), Üç peyğəmbər (2003), Şəbi-hicran-2 (2006), Yaranış (2010) və s. nadir sənət nümunələrini xatırlasaq, onda daim axtarışa meylli olan ustadın ən tələbkar sənət xiridarlarını belə heyrətləndirəcək xalçalar yaratmağa imkan verən yaradıcılıq potensialına malik olduğunu xüsusi vurğulamalıyıq. Onun son vaxtlar ərsəyə gətirdiyi Yaranış (2010), eləcə də Kəhkəşan və Səttarın arzusu (2012) xalçaları da bunun təsdiqidir.

Toxunuşu iki il çəkən Yaranış xalçasının ölçüsü 150x230 sm-dir. Mövzusuna və bədii həllinə görə xalça sənətində oxşarı olmayan bu sənət nümunəsinin sıxlığı 50x50-dir. Mürəkkəb kompozisiyalı, çoxfiqurlu əsərin süjet xəttini xalçanın yaranması təşkil edir. Özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olub.

Xalça üçün xammal təminatçısı olan qoyunun otarılmasından başlayan süjetlər toplusu artıq toxunulmuş nümunənin bazarda satılmasından sonra onun yaradıcılarına sevinc bəxş etməsinə kimi davam edir. Maraqlıdır ki, bütün bu süjetlər məcmusunu əsərdə rəssam yeni xalçanın kağızdakı çeşnisi kimi təqdim edib. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu bu dəzgah özünün yaratdığı sənət növündə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.

Bu yerdə demək lazımdır ki, Eldar Mikayılzadənin əksər xalçalarında olduğu kimi Yaranışda da ölçüsündən asılı olmayaraq bütün elementlər əsərin məzmununun zənginləşməsinə xidmət edir. Ümumiyyətlə götürdükdə, onun xalçalarında heç bir elementin işsiz olmadığını dilə gətirməliyik. Bu fikri davam etdirməli olsaq, əminliklə demək olar ki, çoxəsrlik Azərbaycan xalçaçılığında onun yaratdığı nümunələr kimi əsas və köməkçi təsvir motivləri, eləcə də haşiyələrdən başlamış düz mərkəzi hissəyə qədər səpələnmiş müxtəlif ölçülü elementləri məntiqli, çox vaxt da düşündürücü məna-məzmunla yüklənmiş ikinci bir xalça tapmaq çox çətindir.

Əlavə edək ki, xalçaçı-rəssam hələ ötən əsrin səksəninci illərində Yaranışın nisbətən kiçik ölçülü variantını hazırlamış və əsər beynəlxalq ekspertlərin böyük marağına səbəb olmuşdu. Onun 1986-cı ildə Frankfurtda keçirilən Beynəlxalq xalça sərgisinin qızıl medalına layiq görülməsi də o vaxtlar çox gənc olan xalçaçı-rəssamın yaradıcı təxəyyülünə verilən layiqli qiymət idi.

Hacı Eldar iki il sonra, yəni 2012-ci ildə çağdaş dünya incəsənətində oxşarı olmayan Kəhkəşan xalçasını tamamlamaqla yaradıcı potensialına və təxəyyül sonsuzluğuna görə doğrudan da bu gün bənzərsiz olduğunu bir daha təsdiqlədi. Bu bənzərsizliyi şərtləndirən başlıca səbəb-nəticə azərbaycanlı sənətkarın dünya xalça sənətinə çoxəsrlik fasilədən sonra bədii həllində çoxsaylı qiymətli daş-qaşlardan istifadə olunan toxuculuq nümunəsi bəxş etməsidir. Öncədən deyək ki, xalçanın kompozisiyasında bu daş-qaşlardan başqalarından fərqlənmək və yaxud da orijinallıq nümayiş etdirmək məqsədilə istifadə olunmayıb. Elə ərsəyə gətirilən yeni xalçanın ona özünəməxsusluq bəxş edən müsbət məziyyəti də bu daş-qaşların kompozisiyaya məntiqli şəkildə daxil edilməsi, onların hər birinin yerləşdirildiyi yerdə mövcud olan təsvirin və yaxud elementin təsirliliyinə bütün mənalarda duyulası təsir göstərməsidir.

Bu xalçanın çox fərqli bədii-texniki əhəmiyyətini dəyərləndirmək üçün bir qədər tarixi keçmişə qayıtmağa məcburuq. Biz artıq Kəhkəşanın dünya xalçaçılığında ikinci olduğunu qeyd etmişik. Bu doğrudan da belədir. Təəssüf ki, bizim eranın VII əsrində yaradılmış birinci toxuculuq nümunəsi bu günümüzə gəlib çatmayıb. Onun barəsində ancaq tarixi mənbələrdə məlumata rast gəlmək mümkündür. Həmin informasiyaya əsaslansaq, demək lazımdır ki, həmin xalı Sasani hökmdarı Xosrov Pərvizin (II Xosrov) vaxtında toxunub. Xosrovun baharı adlanan bu qədim xalçanı Sasanilərin sarayından ərəblər qənimət kimi aparmaq istəyiblər. Lakin xəlifə Ömərin sərkərdələri arasında bu qənimət üstündə ixtilaf düşüb və nəticədə 35-ə yaxın sərkərdə vəziyyətdən yeganə çıxış yolu kimi misli-bərabəri olmayan sənət əsərini kəsib öz aralarında bölüşmək qərarına gəliblər. Bununla da dünyada bənzəri olmayan bir sənət nümunəsini məhv etmiş olublar. İpək və qızıl saplardan toxunulmuş bu xalının üzərindəki təsvir və naxışlar qiymətli daş-qaşlarla nəqş olunubmuş. Onunla daha çox texniki baxımdan səsləşən Azərbaycan variantının xələfinin toxunuşunda rast gəlinən çətinliklərə rəğmən demək olar ki, sələfin özünün də zamanında yaşayıb-yaratmış xalçaçıların yüksək sənətkarlığı nəticəsində ərsəyə gətirilib. Sasani hökmdarının ömür yolu vəfatından sonra tərtib edilmiş Pərviznamədə öz əksini tapıb. Burada romantik ruhda təqdim olunan şöhrətli hökmdarla bağlı çoxsaylı əfsanələr toplanıb. Ərəb tarixçiləri Sasani dövründə Xosrov Pərviz üçün yaradılan əfsanəvi sənət əsərlərindən bəhs edən daha bir kitabın da mövcud olduğunu bildirirlər. Əgər onlardan biri mürəkkəb saat mexanizmli hökmdar taxtı idisə, digəri bədii örtüyündə qiymətli daş-qaşlardan istifadə olunan xovlu xalı olub. Doğrudan da gecənin tən yarısında dörd öküzün taxtdan (Sankt-Peterburqun Dövlət Ermitajında qorunan qədim gümüş nimçədə onların təsviri var) çıxardığı ay arabası ilə xalının naxış örtüyünə həm də gözqamaşdırıcı heyranlıq bəxş edən zərif daş-qaşları ilmələrlə qoşalaşdırmaqla heyrətdoğuruculuğa nail olmaq qədim ustaların yüksək sənətkarlıqlarının ifadəsi idi. Tarixçilər Xosrov Pərvizin taxtındakı oymaların naxışlarında da göy cisimləri təsvirlərinin yer aldığını qeyd edirlər. Bununla da taxt ilə onun qarşısındakı döşəməni bəzəyən Xosrovun baharı arasında bədii bağlılıq əldə olunmuşdu.

Hacı Eldar uzun müddət sənətkarlar üçün əlçatmaz sayılan belə bir əfsanəvi xalının mövcudluğundan xəbərdar idi. Əgər bu formasiyanın tələbəlik illərində onda heç bir təsir buraxmadığını söyləsək, yəqin ki, səmimilikdən uzaq olarıq. Bununla belə xalçaçılıq kimi çətin bir sahənin bədii-texniki imkanlarına yeni-yeni bələd olmağa başlayan gənc bu cəzbedici məlumatı istər-istəməz özünün üst-üstə qalanmış arzular saxlancına gömdü. Və məqsədini uzun müddət əfsanəvi xalı əhvalatını və digər arzularını göyərtməyə imkan verəcək sənətkarlığını kamilləşdirməyə yönəltdi. Ancaq əslində onun hələ tələbə ikən yaratdığı və Azərbaycan xalçası və xalq-tətbiqi sənəti Dövlət muzeyinin ekspozisiyasında göstərilən Şəbi-hicran-1 əsərinin özünün qeyri-adi bədii həllinə görə 1983-cü ildə Bakıda Şərq xalçaları üzrə keçirilən beynəlxalq simpozium günlərində dünya mütəxəssislərini heyran etməsi vaxtsa Eldarın əlçatmaz sayılan Xosrovun baharına qayıdacağından xəbər verirdi. Və onun Şəbi-hicran-1-dən Kəhkəşana doğru uzanan həsrəti düz 29 il çəkdi. Nəhayət, 2010-cu ildə Azərbaycanın çağdaş xalçaçılıq məkanında az qala təklənmiş kimi görünən Eldar Mikayılzadə keçmişə baxmağa özündə bütün mənalarda güc hiss etdi. İki il davam edən yaradıcılıq prosesi 2012-ci ildə hamının narahatlığına səbəb olan qiyamət günü bitdi və xalçaçı-rəssam bu işin tamamlanmasını gözləyən pərəstişkarlarını sevindirdi. Sevinməyə doğrudan da dəyərdi. Ölçüsü 200x214 sm olan bu unikal sənət nümunəsinin sıxlığı 55x55-dir. Onun toxunmasında pambıq, yun, ipək və qızıl saplardan istifadə olunub. Əsərin insan ağlını ovsunlayan koloriti 600-ə yaxın rəng və çalarlardan yaranıb. Kompozisiyada işlədilən qiymətli daş-qaşların sayı 725-dir. Feonit svarov (burada onun sarı, mavi, yaşıl, çəhrayı, qırmızı yeddi çalarından istifadə olunub) daşının bir-neçə çalarından bütün kompozisiya səthi boyu istifadə edən xalçaçı-rəssam onların düzülüşünü əsərin məna-məzmun tutumunu zənginləşdirən bədii elementə çevirə bilib. Yeri gəlmişkən, xalçanın texniki baxımdan heçasan ərsəyə gəlmədiyini vurğulamaq istərdik. Belə ki, xalçada işlədilən 725 qiymətli daşın iplərin əhatəsində etibarlı oturuşu yalnız onların qızıl arğac üzərində oturdulmasından və zili texnikasının tətbiqindən sonra əldə olunub. Bu alt arğac və daşaltılara isə 1325 qram qızıl işlədilib. Bu yerdə əlavə edək ki, əsərin mövzusunun hamıya daha çox əlçatmaz və sirli-soraqlı görünən göy cisimlərinə həsr olunması müəllifin xalçanın uğuruna çox kömək edən çox məntiqli seçimidir. Belə ki, bizdən çox-çox uzaqlarda olsalar da öz varlığını yerə tuşlanan işıq seli ilə əyaniləşdirən cisimlərin həm də səmadakı yerlərini müəyyənləşdirən bu qaşlar yəqin ki. hansısa başqa kompozisiyada bu qədər təsirli olmazdı. Onların Kəhkəşanın mavi-göy rəng selinə bəxş etdiyi nüfuzedici canlılıq kifayət qədər duyulandır...

Bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi xalçaların kompozisiyalarına daxil edilmiş bütün bəzək ünsürlərinə məna-məzmun verməyə meylli olan Hacı Eldar Mikayılzadə bu ənənəsinə Kəhkəşanda da sadiq qalıb. Belə ki, o, bala haşiyədən başlayaraq düz xalçanın mərkəzinə qədər kompozisiyaya daxil edilmiş bütün irili-xırdalı naxış və təsvirləri mənalandırmağa nail olub.

Sonda deyək ki, müəllif bu bənzərsiz xalçaçılıq nümunəsini bu il anadan olmasının 90 ili tamam olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edib. Eldar Mikayılzadə bunun səbəbsiz olmadığını dilə gətirməklə, ulu öndərin Azərbaycan xalqının milli mədəniyyətinə, onun yaradıcıları olan sənət xadimlərinə, o cümlədən onun özünün yaradıcılığına da diqqət və qayğı göstərdiyini bildirib.

Xalçaçı-rəssam Kəhkəşanla eyni vaxtda daha bir xalçasını yaratmağa başlayıb və tamamlayıb. Bu, dahi fırça ustası, Azərbaycan təbiətinin bənzərsiz tərənnümçüsü Səttar Bəhlulzadəyə həsr olunmuş Səttarın arzusu əsəridir. Öncədən deyək ki, bu müəllifin el arasında Sənətin Məcnunu kimi tanınan rəssama həsr etdiyi ilk xalça deyil. Onun Səttar dünyası (1979) və Səttar (1999) əsərlərində rəssamın özünəməxsus sənət dünyasına ətraflı nəzər salınıb, bir çox süjetli xalçalarında isə onun zahiri görkəmi ilə qəribəliyini sərgiləyən görkəmli mənzərə ustasının obrazından istifadə olunub. Odur ki, Eldar Mikayılzadənin bu mövzuya yenidən qayıdışını müxtəlif cür mənalandırmaq olar. Ancaq müəllifin əsərə verdiyi ada rəğmən demək olar ki, əslində o, özünə həmişə mənəvi ulduz saydığı sənətkarın bəlkə də bütün ömrü boyu ürəyində gəzdirdiyi yaradıcı arzunu gerçəkləşdirib. Bəlkə də ömür vəfa etsəydi, Səttar bu cür əhatəli bir tablo yaradacaqdı. Amma şəxsi həyatını Azərbaycan incəsənətinin çiçəklənməsinə qurban verən rəssamın buna vaxtı çatmadı. Ona görə də xələfin sələfin şəxsiyyətinə bu münasibətinin Səttarın arzusu adlandırılması tamamilə məntiqlidir. Böyük mənzərə ustasının bu arzusunda onun 34 illik yaradıcılıq yoluna nəzər salınıb, onun çox cəlbedici və təsirli nəticəsi-görüntüsü yaradılıb. Başqa sözlə desək, xalçanın kompozisiyasında rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunub. Səttarın yaradıcılığına az-çox bələd olan hər kəs burada Mənim anam, Cıdır düzü, Kəpəzin göz yaşları, Torpağın arzusu, Bazardüzü, Azərbaycan nağılı, Tut ağacları, Batabat, Gülüstan, Corat yemişləri və s. əsərlərinin onlara tanış olan elementlərini görə bilərlər.

Əslində çoxsaylı əsərlərdən məcmu, quramayaxud kollaj yaratmaq elə bir çətin proses deyil. Ancaq Eldar Mikayılzadənin təqdimatında otuz altı əsərin bir araya gətirilməsi onların heç biri deyil. Yəqin ki, onun heç özü də belə nəticəyə nail olmaq istəməzdi. Bundan çıxış etsək, onda qətiyyətlə xalçaçı-rəssamın məlum görüntülərdən yalnız yeni bir əsər yaratmaq niyyətində olduğunu vurğulamalıyıq. Səttar Bəhlulzadənin otuz dörd illik yaradıcılığı onun zaman-zaman dəst-xəttinin dəyişilməsi ilə müşahidə olunub. Odur ki, prosesində Eldar Mikayılzadənin qarşısında duran ən çətin və önəmli yaradıcı vəzifə müxtəlif vaxtlarda bir araya gətirilən və ifadə üslubu fərqli olan bu əsərləri vahid estetik tutumda cəmləşdirə bilməsi idi. Elə düşünürük ki, xalçaçı-rəssam bunu əldə edə bilib. Kompozisiyada bilavasitə Səttarın əsərlərindən götürülməyən bir detal var. Bu da Batabatdakı çəhrayı dağın arxasından bu əsrarəngiz Azərbaycan təbiətinə nəzər salan Səttarın gözləridir. Bizcə təbiətlə vəhdətdə verilən bu gözlər bütün görüntüyə gətirilənləri qovuşdura biləcək çox məntiqli bədii tapıntıdır...

Sonda qeyd edək ki, xalçanın ölçüsü 180x270 sm-dir. Onun sıxlığı 50x50-dir. Onun toxunulmasında rənglərin çoxsaylı çalarlarından istifadə olunub, bu da əsərin ümumi koloritinə əlvanlıq gətirməklə yanaşı böyük mənzərə ustasının yaradıcılıq palitrasına uyğundur...

P.S. Yanvar ayının 18-də görkəmli xalça ustasının 57 yaşı tamam olur. Yaratdığı unikal xalçalarla hər bir azərbaycanlıya qürur bəxş edən sənətkarı bu əziz gündə ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

 

 

Ziyadxan Əliyev,

əməkdar incəsənət xadimi

 

525-ci qəzet.- 2013.- 17 yanvar.- S.7.