Ötən ilin bir ədəbi hadisəsi: “Zəlimxan Yaqubfotoalbomu  

 

DÜŞÜNCƏLƏR... TƏƏSSÜRATLAR...

 

Azərbaycanın Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun hər təzə sözü, yeni kitabı xalqın ruhuna bir qaynarlıq, qüdrət bəxş edir. Həmişə xalq həyatı, Vətən sevgisi ilə çağlayan qəlbinin harayı insanda mənəvi saflıq, təmizlik yaradır.  Onun otuz ildən artıq bir vaxtda ərsəyə gətirdiyi bütün əsərləri əzəmətli çağırışın həmişəyaşar ünvanlarıdır. Bu ünvanların cərgəsinə yeni bir kitab – “Zəlimxan Yaqub” adında bir fotoalbomu da qoşuldu. Poliqrafik icrasına, bədii-nəfis tərtibatına, ən başlıcası da mövzusuna və ideyasına görə dəyərli, möhtəşəm olan “Zəlimxan Yaqub” fotoalbomunu neçə gündü hər cür qayğılardan kənar bir vaxtda, bu möhtəşəm abidə ilə yalnız olacağım asudəlikdə vərəqləməyə macal gəzirdim. Axır ki, belə macalı bir gecənin səssizliyi ilə dan üzünün ağarmağa başladığı bir arada tapdım...

Onu deyim ki, Zəlimxan Yaqubun yaradıcılığı ilə şairin ədəbi mühitdə boy göstərdiyi vaxtlardan tanışam. Vaxtaşırı əsərləri ilə təmasda olmuşam. Bu fotoalbom məndə xoş təəssürat, zərif duyğular oyatmaqla yanaşı, həm də bir oxucu kimi məni bu yaradıcılıq yolunun qət etdiyi məsafəni şairin öz xatırlamaları, sənət adamlarının onun şəxsiyyəti və yaradıcılığı haqqında söylədiyi fikirləri və nəhayət, əsərlərdən verilən nümunələrin təsiri ilə ötüb-keçməyə ruhlandırdı.

Bu fotoalboma hansı istiqamətdən yanaşdımsa, qarşımda bədii, ensiklopedik ədəbi bir salnamə gördüm. Kitabı aramla, tutiya bir maraqla, gözdolusu həvəslə vərəqləyirəm. İlk səhifədə şairin həcmcə yığcam, dəyərcə dərin olan fikirləri məni çəkib saxlayır. Mən o cümlələri başdan sonacan burda səsləndirmək istəsəm də, fikrimdən daşındım. Elə təkcə o səbəbdən ki, kitab boyu sənətkarın bütün fikirləri, xatırlamaları insanı vəcdə gətirir. Hansı birinə yer verəsən... Amma şairin yaradıcılıq yolunun, həyat amalının manifesti kimi gördüyüm bu bir səhifəlik hesabatın ilkin sətirlərini gözümdən-dilimdən kənarda saxlaya bilmədim: “Ayağım yer, əlim qələm, dilim söz tutan gündən qulağıma mübarək səslər gəldi. Ata sözü, ana laylası, ağsaqqal kəlamı, ustad kəlməsi, ozan öyüdü, Quran avazı, Tanrı duası, dərviş oxşaması, saz sehri... Allahın mənə ayırdığı möhlət çərçivəsində  yıxıla-yıxıla yeridim, yeriyə-yeriyə bərkidim, bərkiyə-bərkiyə mətinləşdim. İlahi səslərin mənə pıçıldadığı, dediyi, tapşırdığı nə vardısa, yerinə yetirməyə can atdım...” O, Tanrıdan gələn bu mübarək səslərə elə Yaradanın özünün bəxş etdiyi şairlik fəhmi, istedadı, zəhmətilə cavab verməyə çalışıb.

Filologiya elmləri doktoru, professor Teymur Əhmədov Zəlimxanın bulaq kimi qaynayan poeziyasının işığında tərtib etdiyi bu fotoalboma “Azərbaycanın nəğməkar ürəyi” adlı dəyərli bir “Ön söz” yazıb. Bu əsərlərdən asta-asta, usta-usta topladığı inci fikirlərlə, köhlən atını tarixlərin qırış düşmüş yaddaşının içiylə səyirdən Məcnunun, qüdrətli söz sərkərdəsinin axarlı ömrünü fotolarla nizama düzüb. Bu təqdimat Zəlimxanın yaradıcılıq yolunu kinolenti kimi göz önündən keçirməyə şərait yaradır. Professor şairin yaradıcılıq yolunu ilk başlanğıcdan mükəmməl bir formada izləmiş, bu yaradıcılığın milli-mənəvi, bəşəri dəyərlərindən sistemli şəkildə bəhs etmişdir. Şübhəsiz, Azərbaycanın ictimai fikir tarixində özünün yeri olan və taleyini xalqın taleyində yaşayan sənətkarın ömür yolunu dərindən-dərinə izləmək, əsərlərinin yaranma tarixinə və şəraitinə bələd olmaq, bütün bunlara həm də müasirlərinin şairin yaradıcılığı və ədəbi şəxsiyyətinə verdikləri dəyərin fonunda aydınlıq gətirmək böyük araşdırmanın nəticəsidir.

Teymur Əhmədovun buna qədər “Nəriman Nərimanov”, “Səməd Vurğun”, “Süleyman Rüstəm”, “Xəlil Rza Ulutürk” fotoalbomları ictimai-ədəbi mühitdə maraqla qarşılanıb. Haqqında bəhs açdığımız kitab isə tərtibçinin indiyə qədər bu sahədə qazandığı böyük təcrübənin ən gözəl, kamil bir nümunəsi kimi diqqəti çəkir. Onun bir ədəbiyyatşünas təfəkkürü, şair təbiəti, yazıçı səriştəsi, naşir təcrübəsinin bəhrəsi kimi ərsəyə gətirdiyi “Azərbaycanın nəğməkar ürəyi” insanı bu şairi dərindən duymağa, oxumağa, təəssüratlarını yaddaşında hifz etməyə həvəsləndirir. “Azərbaycanın nəğməkar ürəyi” əlimdən, fikrimdən yapışaraq məni böyük yolun axarına saldı. Mən də Kəpənəkçidən başlamış, dünyanın bir çox məmləkətlərini dərviş təki dolaşan aşığın keçib-getdiyi yolların ağına düşdüm.

“Ön söz” şairin Azərbaycan ədəbiyyatı tarixində açdığı Zəlimxan Yaqub səhifəsinin ədəbi-ictimai siqlətini, ideyasını dolğun şəkildə ifadə edib. Bu ədəbi şəxsiyyətin kökdən-rişədən gələn saz sənətinə gətirdiyi təptəzə rəngləri, çalarları bütün əlvanlığı ilə təqdim edib. Müəllif şairin yaradıcılıq nümunələrinin sadəcə adını çəkmir, onların hər birinin qələmə gələnəcən hazırlıq dövrünü, ömür keçidlərində ruhunu dindirən hikmətləri, bədii-fəlsəfi düşüncələrini bir ədəbiyyatşünas nəzərləri ilə şərh edir. 

 Teymur müəllim onun sənətə gəlişindən başlamış, əsərlərinin yaranma tarixinə işıq salıb. Müəllif şairin kitablarının  ideya sənətkarlıq xüsusiyyətlərindən dolğun şəkildə bəhs etdiyi məqamların birində deyir: “Milli müstəqillik, vətəndaşlıq, tarixi kökə, ənənəyə bağlılıq fikrinin poeziyada güclənməsi Zəlimxan Yaqubun ürəyindən xəbər verirdi. Şünki bir şair kimi onun yaradıcılığı mübarizlik ruhu ilə köklənmişdi. Onun gənclik ehtiraslı romantik duyğuları, dəryanın coşqun dalğaları kimi məcraya sığmır, üçrəngli bayrağın, istiqlaliyyətin eşqilə çırpınırdı”. Mən niyə “Ön söz”ün üzərində bir qədər ətraflı dayanmağa üstünlük verdim? Çünki hər hansı bir sənətkarın yaratdıqlarını göz önünə almaq, bütövlükdə yaradıcılığını izləmək, oxumaq sadəcə mümkün deyil. Odur ki, belə nəşrlərdə kitaba yazılan giriş sözü qəhrəmanın həyatına, yaradıcılıq yoluna kompleks şəkildə yanaşılması böyük əhəmiyyət kəsb edir. Bu da tərtibçidən sənətkarın sənət dünyasına yaxından bələd olmasını tələb edir.

Mən bu fotoalbomu 2012-ci ilin ən uğurlu nəşrlərindən sayıram. Əzəli, bu janrda yüksək zövqlə, nəfis tərtibatla nəşr olunmuş kitablar ümumiyyətlə, ədəbiyyat tariximizdə barmaq sayına gələr. İkinci bir tərəfdən, kitab maraqlı bir mövzuya, xalqın çox sevdiyi şairinə, Zəlimxan Yaquba həsr olunduğundan ictimai-ədəbi maraq  doğurur. Elə ustad sənətkara həsr olunmuş bu fotoalbomu yüksək zövqlə, şairin yaradıcılıq yolunu maraqlı, həm də əhatəli bir formada  tərtib etməyin özü bir sənətkarlıq nümunəsidir. Şübhəsiz, belə bir ustad sənətkarın yaradıcılığına ürək söykəmək, poetik duyğularını zəngin, rəvan bir təhkiyənin dili ilə təhlil etmək böyük bir tədqiqatın mənəvi yüküdür. Bu yükə çiyin vermək də məsuliyyətli və hünərli bir işdir. Gərək sözünü  o kəslər haqqında deyəsən ki, onlar böyük ideallarla yaşayan fitri əməllər sahibi olsunlar. Nizami kimi, Füzuli, Nəsimi, Vaqif, Sabir, Səməd, Mirzə Cəlil... və Zəlimxan kimi münəvvər insanların, öz talelərini xalqın taleyində yaşayan ədəbi şəxsiyyətlərin yaradıcılığına işıq çiləmək həqiqətən də böyük zəhmət tələb edən faydalı işdir.

Açığı, bu albom-kitab torpağın dərin qatlarına işləmiş, yüzillərin yaddaşına rişə atan qos-qocaman yaradıcılıq yoluna üz tutmağıma bir vəsilə oldu. İlahi bir eşqdən nur alan belə bir yaradıcılıq ecazını duymaq, onun sehrinə, hikmətinə siqlətinə varmağın özü də mənəvi saflığa, təmizliyə qovuşmaqdır. Bu kitab mənim üçün Zəlimxan Yaqubun sənət məbədinin qapısından içəri keçməyimə bir açar oldu. Saz çalmağa, şeir qoşmağa, dastan yazmağa hünərim olmasa da sazın nişan verdiyi elləri gözlərimin qarşısında canlandırmağım, gördüyüm yerləri oymaq-oymaq gəzməyim, görüb-duyduqlarımdan təsirlənməyim var. O, havalarda oxunan dərdlərimizin açdığı yaralardan köz-köz olub oyulmağım var. Zəlimxanın sənət ecazını duymağa ən azından bir oxucu zövqüm var...

 

lll

 

Kitab hansı özəlliklərə malikdir?  Burada maraqlı görünən tərəflərdən biri budur ki, fotolar qəbul etdiyimiz ənənələr üzrə deyil, orijinal bir üslubda təqdim olunub. Burda sanki bir şah əsərin süjeti qurulub. Süjetin açılması, onun çoxşaxəli hadisələr üzrə inkişafı zaman anlayışının, keçmişlə gələcək arasındakı bağlılığın nizamı ilə sıralanıb. Bu fotoalbom mənə həm də salnamə janrında yazılmış epopeyanı xatırladır. Minilliklərin səsini, mühitini günümüzlə bağlayan, ictimai-bəşəri fikirləri ilə səsləndirən bir epopeyanı. Çünki bu bədii-sənədli əsərin qəhrəmanı olan Zəlimxan Yaqub minillərin və çağdaş ədəbiyyatımızın mühitində yaşayan bir sənətkardır.

Təbiidir ki, Zəlimxanın çoxsaylı və çox dəyərli əsərlərində qəhrəman təbiətin yaratdığı möcüzələrdən tutmuş  xalqın milli-bəşəri faciələri, ulu sənətkarların ədəbi-ictimai taleyi olub. Bu fotoalbomda isə qəhrəman şairin özüdür. Onu boya-başa çatdıran yurdun təbiəti, gənclik illəri və sonrakı dövrün ədəbi axtarışları, yaradıcılıq uğurlarıdı. Tanrı sevgisinin nurunda yaratdığı ədəbi abidələr də qəhrəmanın şəxsində işıqlandırılıb.  Bütün bunlar şairin həyatını, sənət dünyasını, bu sənətin varidatını bir epopeyanın inkişafı fonunda açır. Tərtibçinin ustalığı da ondadır ki, sənətkar ömrünə həm də bir ədəbi ekskurs olan belə bir monumental əsərin süjetini məharətlə işləyib. Zəngin faktlarla, orijinal bir üslubda və zərgər incəliyi ilə işlənmiş fotoalbom oxucuda şairin əsərlərini yenidən oxumağa, öyrənməyə və bu yaradıcılıq yolundan faydalanmağa maraq doğurur.

1967-ci ildə Bolinisidə çıxan “Qələbə bayrağı”ndakı ilk çıxışı, Bakının qaynar ədəbi mühitinə düşməsi, sənət adamlarıyla görüşləri, ədəbi əlaqələri, Zəlimxan yaradıcılığı haqqında ustad sənətkarların sözü şairin ömür yollarına səpilmiş çiçəklər qədər ətirli və rəngarəngdir. Ayrı-ayrı vaxtlarda deyilmiş bu fikirlərlə ardıcıllıqla tanış olanda Zəlimxan sənətinin ecazı, qüdrəti yaradıcılığının fonunda gözümüz önündə pərdə-pərdə açılır. Kimlər bəhs edib onun yaradıcılığından? Osman Sarıvəlli, Kamal Talıbzadə, Hüseyn Arif, Tofiq Bayram, Xəlil Rza Ulutürk, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Anar, Vaqif Səmədoğlu, Səlahəddin Xəlilov, Rüstəm Kamal... Bu ədəbi şəxsiyyətlər Zəlimxan yaradıcılığına hər zaman yaxın olublar. Şairin sənətə gəlişinin yeni çağlarından yaradıcılığına böyük ümidlər bəsləyən, şeirlərindən vurğunluqla bəhs edən ustadların fikirlərinin kitabda yer alması alboma bir forma bitkinliyi verir. Ədəbi məclislər, rəsmi görüşlər içərisində günlər yaşayan, ictimai səfərlər, yollar, məsafələr qət edən şairin ədəbi yaradıcılığında böyük mövzuların yaranmasına və onların  sənətkarlıqla, ustalıqla işlənməsinə, ərsəyə gətirilməsinə geniş meydan açıb.

Kitabdakı fotoların sıradan adi bir foto olmadığı, hər birinin mahiyyətində bir ictimai fikir, bədii düşüncənin ədəbi axtarışları qarşımızda varaq-varaq açılır. Bu fotolar qəhrəmanın bütövlükdə yaradıcılığının, ərsəyə gətirdiyi əsərlərinin yaranma tarixinin salnaməsidir. Təəssüratlarla zənginləşib dolğunlaşdıqca onu da hiss etdim ki, sözə söykək kimi bu yaradıcılıqdan bir yarpaq fikir, nümunə vermək çətindir. O səbəbdən ki, Zəlimxanın bütün şeirlərində fikirlər başdan-başa qüdrətdən doğulub, burada təsvirlər, ictimai və bəşəri düşüncənin özünəməxsus ifadəsi çox güclüdür Kitabda hansısa bir fikri, misranı, bəndi daha təsirli bilib, onu nümunə göstərmək doğrudan da çətindir. Mən burda şeirlərin seçiminə diqqət edəndə kitabın ruhuna hopmuş bənzərsiz səliqə-sahmana heyrət etdim.

Fotolar dil açır, qəhrəmanın uğurundan, barlı-bəhərli illərindən danışır. Mən bu fotoların içərisində birinin üzərində ayrıca dayanmaq istərdim. Şairin valideynləri Yusif müəllimlə Güllü xanımın birgə çəkdirdikləri şəklə baxıram. Bir cüt göyərçinə bənzəyən bu xoşbəxtlərin gözlərinin aynasında təmizlik, saflıq görürəm. Bəlkə də ilıq bir yaz günündə çəkdirdikləri bu şəkildən gözümü çəkə bilmirəm. Aralarında tutduqları bir dəstə qızılgül sevgilərinin, mehr-məhəbbətlərinin rəmzidir. Güllü xanımın baş örtüyünün aşağı ucunu yaşmaq kimi bağlaması, üstən qoyduğu güllü-tikməli başlığı gəlin xanıma gözəl yaraşır. Gəncliyindən müdriklik yağan göyçək gözlərinin dərinliyində sezdiyim vəfa, sədaqət, ocağına bağlılığı qəlbimi riqqətə gətirdi. Yusif müəllimin bu gözəlliyin yanında vüqarlı bir görkəmdə əzəmətlə dayanması cütlüyün iki canda bir ürəyin döyüntüsü kimi doldu qəlbimə.  Yanaşı səhifədə balaca Zəlimxanın mehriban baxışlarında, gülər gözlərində valideynlərinin saflığını, paklığını, qürurunu gördüm. Düşündüm ki, mayası saflıqdan, ülvi məhəbbətdən yoğrulmuş sevginin meyvəsi də saf olar...

Salnamə janrında ilk dəfə rastlaşdığım uğurlu cəhətlərdən biri də çox fotoların özünün xatırlamaları ilə bu yaradıcılığın ana xəttini ifadə etməsi idi. Şairin uzaqlara dikilmiş baxışları, odlu-alovlu çıxışlarının fotoda əks olunmuş anları, böyük şəxsiyyətlərlə, sənət dostları ilə bir sırada görünməsi, xatirələrə işıq çilədiyi zamanlar həm də şairin çağdaş dövrümüzün ictimai-ədəbi mühitindəki varlığının var olduğunu göstərir. Şeirə, sənətə, ümumən ədəbiyyata marağı onu bu mühitin adamları ilə qaynayıb-qarışdırır. Hər birinin könül dünyasına, yaradıcılıq aləminə yaxınlaşdırır. Ədəbi görüşlər, söhbətlər, polemikalar da başqa bir istiqamətdən şairi vətən, torpaq, yaddaş ağrıları ilə duyğulandırır. Heç kimə bənzəmədən öz yolunu gedir, ruhunun səsi ilə yazıb-yaradır. Bütün bunları onun bir-birindən maraqlı tarixi, nadir fotolarından da duymaq mümkündür. Həm fotolar, həm də əsərlərindən nümunələr, ustad sənətkarların, ziyalıların şair haqqındakı fikirləri, xatırlamaları bir-birini elə bir nizamla tamamlayır ki, bu ədəbi formaya, bədii səliqəyə həqiqətən heyran qalmaya bilmirsən. Şübhəsiz, burda qəhrəmanla tərtibçinin zəhməti, birgə əməyi salnamənin unukal bir formada ərsəyə gəlməsini reallaşdırıb. Şairin bir çox əsərlərinin yaranmasına, yazılma tarixinə, şəraitinə aydınlıq gətirilməsi də oxucuda maraq doğurur. Yəni bu mövzuların göydəndüşmə olmadığını, hər birinin bir tarixi hadisəyə söykəndiyini ifadə edir.

Bu kitab elm-sənət, ədəbiyyat, mədəniyyət sahəsinin neçə-neçə şəxsiyyətinin də nurlu simalarını, xatirələrini yaşadır. Zəlimxan həyatının çağlayışını, ömrünün qaynar, məhsuldar illərini bu ədəbi şəxsiyyətlərlə birgə yaşayıb. Süleyman Rəhimov, Osman Sarıvəlli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyn Arif... bu gün də ədəbiyyatın, mədəniyyətin, incəsənətin qaynayan mühitində yazıb-yaradan ədəbi şəxsiyyətlərlə təmasda yaşayıb-yaradır.

Burada onun haqqında deyilmiş fikirlər də Zəlimxan yaradıcılığının özəlliklərinə işıq salır. Nizami Cəfərov yazır: “O, yalnız “öz şeirini” yazıb-oxumaqla kifayətlənmədi, nə qədər böyük istedad sahibi olsa da, yalnız özündən demədi, Azərbaycan xalqının “Dədə Qorqud”dan, Nizamidən, Füzulidən, “Koroğlu”dan, Vaqifdən, Aşıq Ələsgərdən, Səməd Vurğundan, Şəhriyardan... başlayan tükənməz poetik istedadına yiyə durdu və ustadları özündə ehtiva etdiyinə görə özü də ustalaşdı”...

Təbii ki, bu qədər zəngin və mənalı bir şair həyatı yaşayan Zəlimxan Yaqubun ədəbi ömürlüyünü bir salnaməyə sığışdırmaq mümkün deyil.

Ancaq salnamə janrında maraqlı olan bir cəhət də odur ki, qəhrəman özü çox fotolarda əks olunmuş xatirələrini dilləndirir, yada salır.

 

lll

 

Zəlimxan  Yaqub təkcə son iki əsrin qovuşuğunun şairi deyil. O minillərin ustad sənətkarlarının çağdaşıdır. Hərdən mənə elə gəlir ki,  Zəlimxan Nizaminin, Mövlananın, Nəsiminin, Yunus İmrənin, Sarı Aşığın, Dədə Ələsgərin müasiridir. Şairin bütün əsərləri, ələlxüsus poemaları, dastanları böyük ömürlərin, ədəbi talelərin araşdırılması baxımından diqqəti çəkməklə yanaşı  oxucuya bədii zövq, heyrətamiz dəyər bəxş edir.

Sənətdə bənzərsiz bir ömür yaşamaq, söz varidatından əzəmətli dağ yaratmaq, yaratdıqlarınla türkün adına şərəf gətirmək və belə bir ömrün mənəvi davamını görmək sənətkarın xoşbəxtliyidir. Xalq şairi Zəlimxan Yaqub belə xoşbəxt sənətkarlardandır.

P.S. Yanvarın 21-i Zəlimxan Yaqubun doğum günü idi. Bu münasibətlə hörmətli şairimizi təbrik edir, ona Tanrıdan can sağlığı və yeni yaradıcılıq uğurları diləyirəm.

 

 

Şəfəq Nasir

 

525-ci qəzet.- 2013.- 22 yanvar.- S.7.