Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

(davamı)

 

Kral həzzdən açıqca imtina etdi, lakin belə qurban vermə onun yeni məşuqəsi, dindar madam de Mentenon tərəfindən asanlaşdırıldı. Bu qadın satirik şair Pol Skarronun dul arvadı olmaqla, kralın qanundan kənar doğulmuş uşaqlarının tərbiyəçisi olmuşdu və kralın yeni məşuqəsinə çevrildi. Onların yaxınlığı və həm də hər bir məsələyə münasibətdə heyranedici həmrəyliyi kral ölənə qədər davam etdi. Madam de Mentenon bu ərindən dörd il sonra, 84 yaşında vəfat etdi.

1681-ci ildə XIV Lui Elzası və Strasburqu tutdu. 1678-ci ildə o, İspan Niderlandlarının ərazisinin bir hissəsini almışdı. Günəş Kral öz hakimiyyətini len münasibətləri ilə bağlı olan, 1648-ci il Vestfaliya sülhü nəticəsində Fransaya birləşdirilmiş bütün vilayətlərə yaymaq istəyirdi. 1686-cı ildə isə Fransa Siamla müqavilə bağlamaqla burada möhkəmləndi. 1692-ci ildə isə ingilis-holland donanması Normandiya sahilləri yanında fransız donanmasını məğlub etdi. Həm də bu vaxt XIV Lui katolitsizmi müdafiə edən II Ceyms Styuartı ingilis taxt-tacına bərpa etməyə çalışırdı.

1682-ci ildə hökumət iqamətgahı Versala köçdü. Parisin 20 kilometrliyində olan bu sarayı XIV Lui atası XIII Luinin ov qəsrinin yerində özü üçün tikdirmişdi. Sarayları, gözəl parkları və fəvvarələri olan Versal Fransanın siyasi və mədəni həyatının mərkəzi oldu. Zadəganların siyasi əhəmiyyəti aşağı düşdü, onların imtiyazları artıq kraldan asılı idi.

Versalın tikintisini davam etdirən arxitektor Monsar sarayda Güzgülü salon inşa etdirdi. Güzgülər salonun işərisinə heyrətamiz işıq verirdi, günəş şüası güzgülərdə bərq vurur, məkanı qeyri-adi gözəlliyə bürüyürdü. Günəş Kral bu sarayı ilə öyünərək deyirdi ki, Versal mənəm. Versalı o, hər şeydən çox sevirdi və bilirdi ki, dünyada onun sarayına bənzəri yoxdur. Ondan xeyli əvvəl İspaniya kralı II Filippin tikdirdiyi Eskorial sarayı da, Rusiya imperatoru Böyük Pyotrun Günəş Kralı təqlid edərək inşa etdirməyə başladığı, sonralar tikintisi başa çatdırılan Petrodvorets (əvvəllər Peterqof adlanırdı) saray-park ansamblı da Versalla müqayisədə uduzarlar.

Sonrakı il həyatda və XIV Luinin hökmranlığında dönüş nöqtəsi oldu. Kraliça öldü və kral gizlincə madam de Mentenona evləndi və həmin qadın siyasi nüfuza sahib oldu. O, bu qadına vurulmuş bir adam kimi qaldı, hətta 70 yaşında da ona ərlik funksiyasını yenə də davam etdirirdi. Bu barədə indiyədək gəlib-çıxmış məktublar məlumat verir.

Kolber də ölmüşdü, Livinin döyüşkənliyi üçün yolu azad qoyub getmişdi. Avstriya torpaqlarına türklərin müdaxiləsinin dəf edilməsi Fransaya qarşı olmaq üçün Qərbi sərbəst qoydu. 1688-89-cu illərdə Styuartların hökmdarlıqdan uzaqlaşdırılması və Uilyam Oranclının İngiltərə taxt-tacına çıxması sonralar Fransanın bundan ziyan çəkməsi üçün şəraitin meydana gəlməsinə səbəb oldu. Luinin bu ənənəvi düşmənlərinə bütöv protestant dünyası əlavə olundu. Anası ona dar ölçüdə olan və sadə din təlqin etmişdi, ona görə də o, Reformasiyadan heç nə başa düşmürdü. O, fransız protestantları olan huqenotlara potensial qiyamçılar kimi baxırdı. Onları zorla katolikliyə çevirməyə cəhd etdikdən sonra, 1685-ci ildə Nant ediktini qadağan etdi. Bu sənəd isə huqenotların öz dini təriqətlərinə müvafiq olaraq azad sitayiş etmələrinə təminat verirdi. Rəhmsiz təqiblər hesabına çox sayda sənətkarlar Fransadan qaçmışdı və bu, saysız-hesabsız bədbəxtliklərə səbəb oldu.

Beləliklə, onun tənəzzülü başlandı. İngiltərə, Hollandiya imperator Luinin ekspansionizminə müqavimət göstərmək üçün Böyük ittifaq yaratdılar. Bunun nəticəsində gedən müharibə 1688-ci ildə başlanmaqla 9 il davam etdi. Versaldan gümüş qablar yoxa çıxırdı, onlar götürülüb əridilirdi ki, döyüşən əsgərlərə maaş verilə bilsin. Bir sıra qələbələrinə baxmayaraq, Lui Risvik müqaviləsini imzaladıqda, tutduğu bir sıra ərazilərdən imtina etməli oldu, buna görə ictimai rəy onu kəskin şəkildə ittiham etdi. Uilyam Oranclının İngiltərənin kralı III Uilyam kimi tanıdıqda, özü tərəfindən belə ağrılı ikinci qurbanın verilməsi ilə razılaşmalı oldu. Axı Uilyamın taxt-tacına Styuart sülaləsindən olan kral II Ceymsin ilahi hüququna o, inanırdı və indi isə buna zidd çıxmışdı.

Üç il sonra, 1700-cü ildə İspaniyanın axırıncı Habsburq kralı öldükdə Luinin nəvəsi Filipp Avqusta öz krallığını vəsiyyət etmişdi. Lui sülhdən başqa bir şeyə can atmadığından, irsi qəbul etməkdə tərəddüd göstərdi. O, öz qərarına görə kəskin surətdə tənqid olundu, lakin heç də başqa alternativə malik deyildi. İngiltərə ona qarşı olanda o, yalnız İspaniyanın Müqəddəs Roma imperatoru Leopoldun əlinə düşməsinin qarşısını almalı idi. Axırıncı isə Filippin həmin taxt-taca iddiası ilə razılaşmırdı. Ona görə də ispan irsi uğrunda Avropada müharibə başlandı. Fransa Avropada aparıcı yeri tutmağa çalışırdı. İmperator I Leopoldun məqsədi isə V Karl dövründəki Müqəddəs Roma imperiyasını dirçəltmək idi.

1701-ci ildə XIV Luinin nəvəsi Filipp V Burbon İspaniyaya gələn kimi kral kimi tanındı. Habsburq monarxiyası, İngiltərə və Niderlandlar Filippin əleyhinə idi. İspaniya taxt-tacına varislik uğrunda müharibə daha uzun olmaqla 12 il çəkdi, 1701-ci ildən 1714-cü ilə qədər davam etdi. 1701-ci ildən İngiltərə, Hollandiya, Avstriya, Prussiya, Müqəddəs Roma imperiyası, Hannover, Portuqaliya və Savoy hersoqluğu mütləqiyyət Fransasına qarşı koalisiya bağladı. 1702-ci ildə İngiltərə Fransaya müharibə elan etdi. 1709-cu ildə ispan taxt-tacına varislik uğrunda müharibənin gedişində sülh danışıqları uğursuzluqla nəticələndi. XIV Lui nəinki ispan irsindən imtina etmək istəyirdi, hətta Elzası da verməyə razı idi. Lakin müttəfiqlər tələb etdilər ki, o, ispan kralı V Filippə qarşı yürüş etsin. XIV Lui bu təklifi rədd etdi.

İspan irsi uğrunda müharibədə anti-fransız alyansı öz ölümündən əvvəlki dövrdə Uilyam Oranclı tərəfindən yenidən fəallaşdı. Müharibənin bədbəxtliyi o qədər böyük idi ki, 1709-cu ildə Fransa, ondan əvvəlki əsrlərdə əldə etdiyi faydaların hamısını itirməyə yaxın idi.

Nəhayət, ispan irsi uğrunda müharibə 1713-cü ildə Utrext sülhü ilə başa çatdı. V Filippi ispan kralı kimi tanımayan Müqəddəs Roma imperatoru VI Karl sülh müqaviləsini imzalamaqdan imtina etdi, çünki onun özü bu vaxt həmin taxt-taca iddia edirdi. Lakin anti-fransız koalisiyası öz niyyətini həyata keçirmək üçün kifayət qədər gücə malik deyildi. Ona görə də Utrext sülhü çərçivəsində Raştattda (6 mart 1714-cü il) və Badendə (7 sentyabr 1714-cü il) bağlanmış müqavilələr Fransa ilə müharibəyə son qoydu. Fransa Şimali Amerikadakı bəzi ərazilərini itirdi. Müharibə heç də həmişə fayda vəd etmir. Günəş Kral Tsitseronun Cedant arma togae (lat) Qoy silah yerini toqaya versin məsləhətinə əməl etsəydi, Fransaya daha böyük xeyir verərdi. Ölkədə sosial vəziyyət də ağır idi. Günəş Kralın hakimiyyətinin son dövrlərində milyonlarla fransız acından ölmüşdü.

Daxildə təriflənmənin izafi səviyyəsi kral haqqında süni imic yaratmamış deyildi. Ona büt kimi baxırdılar. O, yalnız pis taleyin zərbəsi altında süqut edə bilərdi, lakin əks olan hadisələr baş verdi. Zəfər çalan millətin ilk təcəssümü olan Lui özünü ağır əzablarla çətin vəziyyətə saldı. Utrext, Raştatt və Baden müqavilələri Fransanın hegemonluğu hesabına başa gəldi və ciddi məğlubiyyətlərinə baxmayaraq onun ərazilərinə toxunulmadı. Flandriyadakı və Reyn üzərindəki ərazilərin bir az əvvəl baş vermiş işğalını da müqavilələr qüvvədə saxladı. Bu o qədər böyük məsələ idi ki, sonrakı məğlubiyyətlər və inqilablar da onların itirilməsinə gətirib çıxarmadı.

Luinin ictimai bədbəxtliklərinin üzərinə şəxsi itkiləri də əlavə olundu. Demək olar ki, eyni vaxtda o, oğlunu Böyük Dofini, iki nəvəsini və bir nəticəsini itirdi. Bu itkilər onun tənəzzül illərinin hüznünə çevrildi.

Kralın özü də ciddi xəstə idi, yoğun bağırsaq fistulundan əziyyət çəkirdi. Yeganə çıxış yolu cərrahiyyə əməliyyatı idi, lakin belə müalicə üsulu nadir hallarda uğurlu olurdu. XVII əsrdə həkimlər xəstələri müalicə etməkdən daha çox onları öldürürdülər. O,öz cərrahına müraciət edərək dedi: Mesye cərrah, məni ən axırıncı təbəəm kimi müalicə et, onda əliniz titrəməyəcəkdir. Kral əməliyyat vaxtı böyük dözümlülük göstərdi, dəhşətli ağrıya tab gətirə bildi.

Saray, divarlarından qəmginlik yağan bir məkana çevrilmişdi. Kral özü demişdi ki,Bizim Versal çox qaşqabaqlıdır. Mentenon krala təsəlli verirdi. Axı ölüm kralın yaxınlarının, əzizlərinin çoxunu həyatdan aparmışdı. Kral bəzən otağının qapısını bağlayıb öz taleyinə ağlayırdı.

1715-ci ildə o,zəifləmişdi,qanqrena onun ayaqlarına yayılmışdı O,bu vaxt demişdi : Mən öz dvoryanlarımın arasında yaşamışam, onların arasında da öləcəyəm. Kral ölən anlarda Mentenon kilsəyə getmişdi, o, kralı keşişin və Allahın mərhəmətinə qoymuşdu.

1 sentyabr 1715-ci ildə fransız kralı XIV Lui 77 yaşına bir neçə gün qalmış Versalda öldü. Onun cəsədi San-Dieqo bazilikasında dəfn edildi. Öz nəticəsi və varisi XV Luiyə Günəş Kral elə bir ölkəni miras qoydu ki, burada marşal Vobanın sözü ilə deyilsə, sakinlərin onda bir hissəsi dilənçilik edirdi, əhalinin yarısı isə yoxsulluğuna görə dilənçilərə ianə vermək imkanında deyildi.

Bu vaxt onun varisi, Burbon hersoqunun sonuncu oğlu beş yaşlı uşaq idi və onun da sağ qalması gözlənilmirdi. Lui öz qohumu olan Orlean hersoquna inanmırdı və istəyirdi ki, real hakimiyyət madam de Montespanın oğlu Men hersoqunun əlində qalsın. Buna nail olmaq üçün o, vəsiyyətinin layihəsini cızdı, bu, monarxiyanı məhv etməyə kömək edəcəkdi. Paris parlamenti kralın ölümündən sonra onun vəsiyyətini ləğv etdi, siyasi hakimiyyəti yenidən qaldırdı ki, sonrakı hökmranlıq dövrlərində bütün islahatların qarşısı alınsın, bu isə hökmən inqilabı zəruri edəcəkdi.

XIV Luinin hər bir hərəkəti müqəddəs bir işə çevrilirdi, bu, monarxı şöhrətləndirməyə xidmət edirdi. Sarayın böyük dəbdəbəsi Kolberin tətbiq etdiyi maliyyə sistemi vasitəsilə təmin edilirdi. Kolber isə merkantilizmin ixtiraçısı idi. Lui həyatı boyu öz təbəələri tərəfindən arası kəsilmədən təriflənirdi, bu vaxt xarici jurnalistlər isə onu qaniçən pələnglə müqayisə edirdilər. Volter XIV Luinin erası əsərində onun böyüklüyünü tərənnüm edirdi. XIV Lui monarxiyanın ən böyük nümunəsi idi, Fransanı öz yüksəkliyinə, zirvəsinə çatdırmışdı. O, həm də xüsusən öz dini siyasətinə, son vəsiyyətinə və sarayı xalqdan ayrı saldığına görə monarxiyanın qəbrini qazmaqda ittiham edilirdi. O, bütün dövlət maşınını özündə mərkəzləşdirmişdi, bu, monarxiyanı insan gücündən kənarda olan ağır yükə çevirmişdi. Volter onun hökmranlığını Roma imperatoru Avqustunku ilə müqayisə etmişdi, doğrudan da hər ikisi güclü və zəif cəhətlərə malik idi. Qələbələrinə və işğallarına baxmayaraq onun idarəçiliyi altında Fransa birinciliyini itirdi.

Avropanın kübarlığı Günəş Kralın parladığı Fransanın dilini və qaydalarını qəbul etdi, baxmayaraq ki, uzun müddət ona qarşı nifrət bəslənməkdə qalırdı.

Bəzi tarixçilər deyirlər ki, XVII əsr Avropada müasir dövlətin evolyusiyasının dönüş nöqtəsi oldu. Avropa Birləşmiş Xristianlığının idealı əslində dünyəvi dövlət sisteminin praktiki olaraq meydana gəlməsinə yol açdı. XIV Luinin dəbdəbəli hökmranlığı dövründə mütləqiyyət monarxiyasının dəqiq təcəssümü meydana gəldi. Kralın təbii lətafəti ona xüsusi vurğunluq bəxş edirdi. O, xalatını geyinəndə, dövlət mantiyasında olduqda və qoşunların başında at belində çapdıqda nəcib və möhtəşəm görünürdü. O, təbii qaydada xoş xasiyyətli idi və həqiqəti, ədaləti, qaydanı və ağılı sevirdi. Onun həyatı qaydaya tabe idi. Heç nə onun günləri və saatları kimi belə böyük dəqiqliklə nizamlana bilməzdi. Onun özünə, nəzarətinə söz ola bilməzdi. O, bütün həyatı boyu on dəfə belə, özünə nəzarəti itirməmişdi və bu vaxtı da yalnız özündən aşağı adamlara sərf edirdi. Lakin hətta mütləq monarx da qeyri-kamillikdən uzaq deyildi. Sen-Simon bu cəhətləri də qeyd etmək cəsarətinə malik idi: XIV Luinin özündən razılığı hüdudsuz idi və ya cilovlanan deyildi, bunlar isə onu bütün ləyaqətlərdən, fərasətlərdən, təhsildən, ümumən hər şeydən əvvəl xarakterin müstəqilliyindən irəli gəlirdi və digərlərinin hissiyyatından zəhləsi getməyə, həm də mühüm məsələlərə aid mühakimələrdə səhvlər etməyə aparıb çıxarırdı.

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 26 yanvar.- S.18.