Möhsün Pak Ayin:"Dağlıq
Qarabağ Azərbaycana
qaytarılmalıdır"
İranın Azərbaycandakı səfiri
Möhsün Pak Ayinin
APA-ya müsahibəsi
- İranda tətbiq edilən “vəhdət həftəsi”nin əsas mahiyyəti nədən ibarətdir?
- İslam dini düşmənlər üçün
hər zaman müsəlmanlar arasında
ixtilaf yaratmaq, onları zəiflətmək
üçün hədəf
olub. İranın dini lideri İmam Xamneyi müsəlmanların birliyi
üçün Rəbiül-əvvəl
qəməri ayının
12-dən 17-nə qədər olan həftəni “vəhdət həftəsi”
elan edib. Rəbiül-əvvəl ayının 12-ci gününü sünnilər,
17-ci gününü isə
şiələr Məhəmməd
peyğəmbərin mövludu
günü sayır.
Bu səbəbdən də bu müddət
İranda “vəhdət
həftəsi" kimi
elan edilib. “Vəhdət həftəsi”
müsəlmanlar arasında
birliyi möhkəmləndirmək,
birgə bağlara
söykənmək və
təxribat məsələlərindən
uzaq münasib həftədir. Ümumiyyətlə, bu həftə
elan olunduqdan sonra dünya müsəlman ölkələri
tərəfindən İmam
Xamneyinin təşəbbüsü
çox alqışlandı
və bütün müsəlman ölkələrində
bu vəhdətlə əlaqədar mərasimlər,
konfranslar seminarlar keçirildi. Bu səbəbdən də iki gün öncə
Bakıda Qafqaz Müsəlmanları İdarəsi
tərəfindən konfrans
keçirilib. Burada İslam
dininə aid bütün
məzhəblər - şiə-sünni
mənsubları, din alimləri
iştirak edib.
Hesab edirik ki, İslam düşmənləri və
xüsusilə bəzi
Qərb ölkələri
İslam əleyhinə
yumşaq müharibə
aparırlar və bu, adətən özünü iki formada göstərir. İlk növbədə
onlar müsəlmanlar
arasında təxribat
yayırlar. Məsələn, “İran öz inqilabını təbliğ
etmək istəyir” bəhanəsi ilə İranla Azərbaycan arasında təxribat yaratmaq istəyirlər.
Müxtəlif vasitələrlə
çalışırlar ki,
Pakistan və Əfqanıstan,
Suriya və Türkiyə, bəzən
Türkiyə və İraq, hətta Fələstin daxilindəki
qruplar olan FƏTH və HƏMAS arasında ixtilafları artırsınlar,
həmçinin Suriyada
terrorçuları silahlandırıb
Bəşər Əsədin
qanuni dövlətini yıxmağa çalışırlar.
Eyni zamanda terrorçularla mübarizə bəhanəsi
ilə Maliyə hücum edirlər, digər tərəfdən
Suriyada özləri terrorçuları silahlandırırlar.
Tamamilə ziddiyyətli siyasət
yeridilir. Bu baxımdan İslam vasitəsilə müsəlmanları
zəiflətmək istəyirlər.
Hətta
İran-Azərbaycan münasibətlərində
dəfələrlə şahid
olmuşuq ki, hər iki tərəf
rəsmiləri 3-cü qüvvələrin
münasibətləri korlamağa
çalışdıqlarını bəyan ediblər. Amma hər iki ölkənin
rəhbərlərinin uzaqgörənliyi
sayəsində onlar bu təxribatlardan agahdırlar və həmişə hər iki ölkənin münasibətlərinin möhkəmlənməsini
istəyiblər.
Qərbin ikinci siyasəti müsəlman əleyhinə
İslam ümmətində,
yəni ayrı-ayrı
məzhəblər arasında,
o cümlədən şiə
və süni arasında ixtilaf yaratmaqdır. Bu bir
həqiqətdir ki, sünni və şiə arasında müştərək tellər
daha çoxdur, nəinki fikir ayrılıqları, fərqli
baxışlar. Bütün müsəlmanların
bir Allahı, bir peyğəmbəri var, kitabları birdir, qiblələri birdir, hamısı məscidə gedir, namaz qılır, oruc tuturlar, yəni prinsipcə onların bir fərqi yoxdur. Bu baxımdan İslam düşmənləri əleyhinə
müsəlmanlar bir olmalı, müsəlman ölkələri bir-birinə
daha çox dost olmalıdır. Hər ölkənin təxribat
xarakterli siyasətinə,
bu yumşaq müharibəyə uymamalıdırlar.
“Vəhdət həftəsi”nin də əsas mesajı budur.
- Ermənistanda Xocalı
aeroportunun açılması
ilə bağlı xəbərlər, Azərbaycan
Nazirlər Kabinetinin onun hava məkanını
icazəsiz pozacaq hər bir obyektin
vurulacağı ilə
bağlı qərar qəbul etməsinə İranın bir region dövləti kimi mövqeyi necədir?
- İran İslam
Respublikası bu fikirdədir ki, Ermənistan və Azərbaycan arasındakı
Dağlıq Qarabağ
münaqişəsi sülh
yolu ilə və heç bir yeni müharibəyə
girmədən həll
olunsun. Xocalı aeroportunun açılması
və bunun ətrafında gedən xəbərlərlə bağlı
mövqeyimiz odur ki, tərəfləri qıcıqlandıran hər
hansı bir addımın atılması
düşmənçiliyi artırır və belə addımlardan yayınmaq lazımdır.
Təbii
ki, bu cür
məsələlər müzakirələrə
mənfi təsir edir. Biz düşünürük
ki, Minsk Qrupu bu sahədə daha çox çalışmalıdır. Fikrimizcə,
ATƏT-in Minsk Qrupu münaqişənin
həllinə lazımınca
maraq göstərmir.
Münaqişənin uzadılması nə
hər iki tərəfin, nə də regionun xeyrinədir. Biz təkid edirik ki, münaqişə ən qısa zamanda sülh yolu ilə həll
olunsun.
- Ümumiyyətlə, İran
İslam Respublikasının
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı mövqeyi
necədir?
- Beynəlxalq prinsiplər əsasında Dağlıq
Qarabağ münaqişəsi
sülh yolu ilə və Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həll olunmalıdır.
Hazırda Azərbaycanın tərkibində olmayan bu ərazi Azərbaycana
qaytarılmalı, bu çərçivədə sülh
və dinclik yolu ilə münaqişə
öz həllini tapmalıdır.
- Son zamanlar İranın Şərqi Azərbaycan vilayəti və Ermənistan arasında əməkdaşlıqla bağlı
müqavilələr imzalanıb.
Hətta buna ərazidə yaşayan azərbaycanlılar etiraz edib...
- İranın Şərqi
Azərbaycan vilayəti
və Ermənistan arasında qurulmuş münasibətlər adi iqtisadi münasibətlərdir. Düşünmürəm
ki, bu, bizim
azərilərin etirazına
səbəb olub.
Onlar həmçinin Azərbaycanla
da yaxşı münasibət qurmaqda maraqlıdırlar. Təəssüf ki, Azərbaycan Respublikası İran azərbaycanlıları üçün
lazım olan şəraiti yaratmayıb.
Ermənistan isə iranlılar,
xüsusilə Şərqi
Azərbaycan vilayətinə
ticarət və gediş-gəliş üçün
əlverişli şərait
yaradıb. İran xalqı,
xüsusilə azərilər
çox istəyirlər
ki, Azərbaycan Respublikası ilə gözəl əlaqələr
qursunlar. Lakin bunun
üçün viza,
şirkətlərin qeydiyyatı
problemləri mövcuddur.
Ona görə də iranlılar sərmayələrini
Ermənistana, Türkiyəyə
yatırırlar. Lazımi şərait
qurulsa, İran biznesmenləri istəyirlər
ki, ilk növbədə
Azərbaycanla əlaqə
qursunlar.
- İran və Azərbaycan arasında ötən həftə gömrük sahəsində
əməkdaşlıqla bağlı
müqavilə imzalanıb. Bu əməkdaşlıq nədən
ibarətdir?
- Keçən həftə
İran və Azərbaycanın gömrük
idarəsi rəhbərlərinin
müavinləri Astarada
görüşdülər və sonda çox
gözəl nəticələr
əldə olundu. Tərəflər hər iki ölkənin əhalisinin,
yüklərin, qonaqların
gediş-gəlişi üçün
asan şəraitin yaradılması sahəsində
razılığa gəldilər.
Biz fikirləşirik ki, bunun nəticəsində
biz tezliklə iki ölkə arasında gediş-gəlişin və
ticarət mübadiləsinin
artımına şahid
olacağıq. Bundan başqa,
görüş zamanı
qərara alındı
ki, ayda bir dəfə hər iki tərəfin
bu sahə ilə bağlı yüksək rəsmiləri
görüşsün və
problemli məsələləri
müzakirə etsinlər.
- Son zamanlar bəzi xarici mətbuat orqanlarında İsrailin İranı vurması üçün Azərbaycanda
pilotsuz təyyarələr
yerləşdirməsi ilə
bağlı xəbərlər
yayılmışdı. Azərbaycan tərəfi
dərhal buna reaksiya bildirdi və bəyan etdi ki, heç
bir dövlət
3-cü bir dövləti
vurmaq üçün
Azərbaycan ərazilərindən
istifadə edə bilməz. Rəsmi Tehranın bununla
bağlı mövqeyi necədir?
-
Ümumiyyətlə, İran-Azərbaycan münasibətlərini
istəməyən 3-cü ölkələr hər zaman
çalışırlar ki, yanlış xəbərlərin
yayılması ilə bu münasibətlərə xələl
gətirsinlər. Adətən mərhələli şəkildə
bu cür xəbərlər düşmən media vasitəsilə
yayılır. Və çox sevindirici haldır ki, Azərbaycan
rəsmiləri bu xəbərləri dərhal təkzib edirlər.
Biz fikirləşirik ki, İran-Azərbaycan münasibətləri
kifayət qədər möhkəmdir və bu cür təxribatlar
bu möhkəmliyi sarsıda bilməz.
- Xəzərin
hüquqi statusu ilə bağlı danışıqların
son vəziyyəti necədir?
-
Bütün Xəzəryanı ölkələr
maraqlıdır ki, Xəzərin statusu məsələsi ən
qısa zamanda həll olunsun. Bu məsələdə hər
hansı bir təxirə salınma məsələsi yoxdur.
Status məsələsinin mürəkkəbliyi
baxımından təbii ki, bu sahədə çoxlu işlər
aparılmalıdır. Amma ümid edirik ki, bu məsələ
qısa zamanda həll olunacaq. Biz bütün Xəzəryanı
ölkələrlə həm ikitərəfli, həm də
beştərəfli müzakirələr aparırıq. O
cümlədən Azərbaycanla da bu sadə ikitərəfli
müzakirələr gedir. Hər iki ölkə Xəzərin
hərbdən uzaq, sülh və əmin-amanlıq dənizi
olmasını istəyir. Hər iki tərəf Xəzərin
ekoloji vəziyyətinə, gəmiçiliyin inkişaf etməsinə
çox diqqətlə yanaşır.
-
İranın “Sərdar Cəngəl” yatağı ilə
bağlı yayılan xəbərlər barədə nə
deyə bilərsiniz?
- İran
Xəzər dənizində öz daxili sularında kəşfiyyat
işləri aparır ki, bu yatağın adını da “Sərdar
Cəngəl” qoyub. Burada xüsusi bir
problem yoxdur. Ola bilər ki, adı ilə bağlı hər hansı bir problem olsun. Əgər adla bağlı
hər hansı problem
varsa, Xəzəryanı
ölkələr bu məsələni müzakirə
edə bilərlər.
- Bu il üçün
hansı qarşılıqlı
səfərlər gözlənilir?
- İki
ölkə arasında çoxsaylı səfərlərin
reallaşdırılması üçün 2013-cü ildə
əsaslı proqram hazırlanıb və həyata
keçiriləcək. Qısa zamanda Tehranda iki ölkənin
xarici işlər nazirlərinin müavinlərinin
iştirakı ilə müştərək siyasi
komissiyanın iclası baş tutacaq. Həmçinin
ardıcıl olaraq gömrük və sərhəd
qoşunlarının rəsmilərinin görüşü
olacaq. İqtisadi əməkdaşlıq çərçivəsində
energetika nazirlərinin görüşləri olacaq. Bundan
başqa, müştərək iqtisadi komissiyanın
iclasının vaxtı Azərbaycan tərəfindən təyin
olunduqdan sonra bizim xarici işlər naziri bu komissiyada
iştirak etmək üçün Azərbaycana gələcək.
Həmçinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İrana dəvət
edilib.
525-ci qəzet.-
2013.- 29 yanvar.- S.3.