Aqil Abbasa oxucu təbriki
Yazıçı qəribəliyi, yazılarının
isə qeyri-adiliyi, deyim tərzi, xüsusi üslubu ilə başqalarından seçilir. Oxucular da fərqli
olurlar. Adam var ruhu oxşayan,
zərif duyğuları
əks etdirən əsərləri, başqaları
vahiməli, şiddətli,
bəziləri həyatın
dibini göstərən
çirkabları izləməkdən
zövq alır.
Bunların hamısı ədəbiyyatda
ona görə var ki, yazıçı
həyatı, bədii
dildə olsa da, olduğu kimi qələmə alır. Bəzən
də arzuladığı
kimi... Bəs görəsən hansı yaxşıdı?
-Oxucunu arxasınca pessimistliyə, ölümə
sürükləmək, yoxsa
qaranlıqda belə onun yoluna bir
işıq salmaq? Tənqidçi Vaqif Yusifli də yazılarında həmişə o işığı
vurğulayıb. Bəlkə elə
buna görə də onun imzası
olan yazıları xüsusi zövqlə oxumaqdan doymuram. Bunları yazmağımın bir səbəbi var axı, daha doğrusu səbəbkarı.
Bu bir insan,
bir yazıçı
kimi qəlbən hörmət bəslədiyim
Aqil Abbasdı. Əsərlərindən könlümə işıq düşən
bu müəllifin qəhrəmanları həmişə
böyük bir məna ilə gülümsəyib üzümə.
Fəqət həyat onların
üzünə gülümsəməyib.
Elə real həyatda olduğu kimi...
...Adlı-sanlı yazıçılar
tanıyıram ki, ədəbdən kənar,
kobud şəkildə
ifadə etdikləri cılız, insanlığa
yaraşmayan fikirlərini
elə vurğulayırlari,
sanki ədəbiyyatda
inqilab ediblər. Amma bir oxucu
kimi düşünürəm
yaxşı yazıçı
insanın mənəvi
dünyasında inqilab
edəndi, onu iyrəndirən yox!... Aqil müəllimin
əsərlərində isə
elə incə məqamlar, elə mənəvi məsələlər
qəlbə toxunur ki, onlara bugünkü
kitab bolluğunda çox az
rast gəlmək olar. Aqil Abbasın bir
sözü var yadımdan çıxmır,
həmişə "mənasız
adamlar", deyə təəssüflənir. Elə ona görə də onun qəhrəmanları
mənalı yaşamağı,
qısa bir ömür olsa da dəyərli həyat sürməyi daha üstün tuturlar.
...Bəzən insanın özündən çox
onun əməlləri,
əsərləri, gördüyü
işlər görünür.
Aqil müəllim də belədi. Onun necə xeyirxah
bir insan olduğunu yəqin çoxları yaxşı
bilir. Bəlkə yaxşılıq etdiyi adamları görsə indi tanımaz, yadına düşməz. Amma məni
bu yazını yazmağa sövq edən də bu deyil. Onun əsərlərindəki
o incə, qəlbi titrədən məqamlardı,
çoxlarının unutduğu
insani keyfiyyətlərdi,
mənəviyyatdı, ruhun
gözəlliyidi, haqdı,
ədalətdi... Hələ onun
yaşadığı və
qələmə aldığı
Yurd ağrısından
danışmıram. Yəqin
"Dolu" bir film kimi də çox
söz söylədi,
həqiqəti car çəkdi...
Aqil müəllimin bir yazıçı kimi elə zərif, saf ürəyi var ki, bunu
onun əsərlərindən
hiss edirsən, bəlkə
real həyatda başqa
təsir bağışlayır...
Özünü əsərlərindən əvvəl tanısam da onu yazılarından
daha yaxşı tanıdım. O, əsərlərindəki
qəhrəmanlardan biri
kimi görünən
müəllifdi. Bəzən elə
bilmişəm o ürək
yanğısı ilə
danışan obraz Aqil müəllimin səsi ilə danışır. Sözün qısası,
bir oxucu qənaəti ilə deyə bilərəm ki, özü ilə sözü bir olan adamdı,
Aqil müəllim.
Yəqin
elə bu misraları da o düşüncə ilə
yazmışam:
Gözləri çöl çiçəkləri,
Üzü gülər,könlü
qəmli.
O bir gəzən dağ kimidi-
Başı qarlı, dizi qanlı...
Hər oğul kişi
doğulmur,
Hər adam duymur
Vətəni.
Onuntək kim əzizləyər
Bir didərgin
bənövşəni?
Yalançı yurd aşiqləri,
Könlümün gözünü ovub.
Mükafat, rütbə alan çox-
Qaçqını qapıdan qovub.
Yaxşılıq edib unudan,
Atam, səni unutmadım.
Sən də mənə bir Vətənsən,
Vətən, səni unutmadım...
Düzü, poetik gücündən razı qalmadığım bu şeiri yazıya bir az tərəddüdlə daxil etdim. Amma sonra ürəyimin səsini dinlədim və yerinə düşdüyünü gördüm.
...Bəzən də Aqil müəllimin oxucunun əhvalını dəyişən elə yumoristik dönəmləri olur ki, göz yaşı içində gülümsəyirsən. Elə həyatda olduğu kimi...
Yazıçı var, irihəcmli əsərlərində bəlkə nəsə tapmaq olur, yazı xatirinə qələmə aldığı kiçik ölçülü yazılarını oxuyanda isə lap təəssüf edirsən. Ötən il Aqil Abbasın nisbətən kiçik həcmli, özü də çoxdan qələmə aldığı əsərlərindən də oxudum və böyük zövq aldım. Yazının, əsərin böyük olması şərt deyil ki, əsas məna böyük olsun. Oxucu üçün də bu maraqlıdı...
...Bir də bunu düşünürəm ki, hər kəsin Sizin kimi ayrıca, özünəməxsus gözəl bir dünyası olmur, Aqil müəllim. Nə yaxşı,varsınız!
Mina RƏŞİD
525-ci qəzet.- 2014.- 1 aprel.- S.7.