Atları yaşadaq!

 

 

 

"At igidin qardaşıdı..."

 

Bir səs gəlir qulağıma; neçə-neçə əsrlərin uzaqlığından gələn bir səs... Xanlara, paşalara bac verməyib əyilməyən qoç Koroğlu müxənnətlik yolu ilə onu aldadıb qara başlı, dolu gözlü, qara birçəkli, uzun boylu, tökmə döşlü, sağrılı məşhur Qıratını qaçıran keçəl Həmzəyə dil töküb xahiş-minnət edir:

 

Həmzə, atı yaxşı saxla!

At igidin qardaşıdı.

Gündə muğayat olub, yoxla!

At igidin qardaşıdı...

 

Başqa bir el qəhrəmanı, Qaçaq Nəbi isə ağır-dar məqamda Boz atına üz tutub kömək diləyir:

 

Boz at, səni sər tövlədə bağlaram,

And içirəm, səni məxmər çullaram,

Əgər məni bu davadan qurtarsan,

Qızıldan, gümüşdən səni nallaram.

 

Bəli, atlar el igidlərinə, el qəhrəmanlarına beləcə yoldaş, sirdaş olublar. Ən böyük dayağa, yaxın həmdəmə çevriliblər. Atlar həm də tarixdə yara kimi qalan ikinci cahan savaşının qeyrətli iştirakçılarıdırlar.

 

"Motorların döyüşü" hesab edilən Böyük Vətən müharibəsində suvari qoşunlar düşmən üçün məğlubedilməz idi. Alman generalı Halder yazırdı ki, biz həmişə suvari birləşmələrlə toqquşuruq. Elə cəld və çevikdirlər ki, onlara qarşı güclü alman texnikasını tətbiq etmək mümkün deyil. Suvari hissələr cəbhələrdən keçib müharibəni düz Berlində başa vurdular...

 

Tarixi mənbələrə görə əhilləşdirilmiş ev atları bizim eradan əvvəl üçüncü minilliyin ikinci yarısından məlumdur. Elə o vaxtdan da atların taleyi insanlarla bağlıdır.

 

Siyəzənin də Şabranın tərkibində olduğu 1987-ci ilin statistik məlumatına görə rayon üzrə cəmi 868 baş at qeydə alınmışdı ki, onun da 773-ü ayrı-ayrı vətəndaşlara, 83-ü sovxozlara, 12-si isə digər dövlət və kooperativ təşkilatlarına məxsus idi.

 

O vaxt "Kommunist" qəzetinin lap son nömrələrinin birində "Atları qaytarın" adlı məqalədə respublikamızın təsərrüfatlarında atlardan balaalma tapşırıqları daha böyük kəsirdə qalanlar sırasında rayonumuzun da adı qeyd olunurdu.

 

Bəli, ölkəmizdə nəqliyyat və kənd təsərrüfatı işlərinin geniş miqyasda mexanikləşdirildiyi bir zamanda hələ də xalq təsərrüfatında canlı qoşqu qüvvəsi olan atın rolu böyükdür.

 

Budur, təxminən 88 il bundan qabaq rayonda çıxan "Yüksəliş" qəzetinin  nömrələrindən birini vərəqləyirəm. "Möhkəm at uğrunda" adlı məqalədə qəzet yazır ki "at məsələsi bütün xalq təsərrüfatında və ölkənin müdafiəsində əsas vasitələrdən biridir. Lakin buna baxmayaraq bəzi kolxoz və təşkilatlarda onların qayğısına qalmamaq kimi hallar müşahidə edilir ki, bu da atçılıq təsərrüfatının genişləndirilməsi üçün əngəllər törədir.

 

Atlara diqqətlə yanaşmaq, var qüvvəmizlə atlara qulluq işini yaxşı təşkil etmək, ilxıları genişləndirmək, onları xalq təsərrüfatının və ölkənin müdafiəsi üçün hazırlamaq vəzifəsi qarşıda duran böyük vəzifələrdən hesab olunur."

 

Bəli, ötən əsrin otuzuncu illərində atçılıq xalq təsərrüfatında belə əsas və başlıca yerlərdən birini tuturdu. Buna görə də qəzetin həyəcanını başa düşmək çətin deyildi.

 

Atın ölkənin müdafiəsində də rolu az deyil - axı, həmişə Vətənə sağlam, fiziki cəhətdən güclü, çevik oğlan və qızlar lazımdır. At idmanı isə sağlam və cəsur gənc nəsil yetişdirmək üçün faydalı məşğələdir.   

 

Bəs bu gün? Atların taleyi, atçılığı inkişaf etdirmək qayğısı bu gün də ictimaiyyəti düşündürən məsələlərdəndir.

 

Bildiklərimiz haqqında bilmədiklərimiz

 

Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq, tropik bitki, rütubətli və bataqlı yerlərdə yaşamışlar.

 

Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş, onun barmaqları atrofiyaya uğrayaraq nəhayət 100-120 sm boylu iliohippus adlanan təkdırnaqlı bir forma meydana gəlmişdir.

 

Vəhşi atların təkdırnaqlı forması üst pliosen dövründə meydana gəlmiş və tədricən Asiya və Avropanın geniş düzənliklərində yayılmışdır.

 

Təbii şəraitin dəyişməsi nəticəsində vəhşi atların bədən quruluşu böyük dəyişikliklərə uğramışdır. Qədim dövrlərə aid atların qalıqları Zaqafqaziyada da tapılmışdır.

 

Nəticə etibari ilə demək olar ki, atlar da, digər ev heyvanları kimi uzun dövrlər sürən təkamül nəticəsində bir ilk vəhşi formadan əmələ gəlmişlər.

 

Vəhşi atların əhəlləşdirilməsi və onların insan tərəfindən yetişdirilməsi yeni daş dövrünün (neolit) axırlarına, tunc dövrünün əvvəllərinə aid edilir. (Yeni eradan 3000-3500 il əvvəl).

 

Qazıntılar və maddi-mədəniyyət materialları göstərirlər ki, hələ vəhşi və yarımvəhşi yaşayan insanlar əvvəllər vəhşi atları ovlayaraq onların ətindən və dərisindən istifadə etmişlər.

 

Ovlanan atlar içərisində şübhəsiz ki, salamat qalanları da olmuşdur. Bu atları, xüsusən, bunların balalarını insanlar özlərinə ram etmiş, öyrətmiş və beləliklə vəhşi atları əhəlləşdirmişdir. İbtidai-icma şəraitində yaşayan insanlar bu atlar vasitəsilə digər heyvanların ovuna çıxmış və sonralar onlardan tədricən minikdə və qoşquda istifadə etməyə başlamışdır.

 

Güman edilir ki, əhəlləşdirmə eyni zamanda bir neçə yerdə insanların ilk beşik ocaqlarında aparılmışdır.

 

Qədim əhəlləşdirmə ocaqlarından biri də Zaqafqaziya olmuşdur. Burada da atçılıq qədim tarixə malikdir. Arxeoloji məlumatlar göstərir ki, Zaqafqaziyada maldarlıq Daş-tunc (eniolit) dövründən inkişaf etməyə başlamışdır. Mingəçevirdə aparılan qazıntılarda (tunc dövrünün ortaları və axırlarına aid) tapılmış əşyalar (tunc kəmər üzərində atın naxışı, kəm və s.) atçılığın Azərbaycanda çox qədim zamanlardan inkişaf etməsini sübut edir.

 

Bir sözün yüz budağı: at

 

At insanın sədaqətli dostu, köməkçisi hesab olunur. "At igidin qanadıdır" deyərlər. At adı ilə, igid od ilə, ata arpa, igidə plov, at ilə arvad igidin iqbalına; at ölər - nalı qalar, igid ölər namı qalar; at ölər - meydan qalar, igid ölər - ad-san qalar; at aralıqda - igid qəriblikdə. Əringən, tənbəl adam üçün deyərlər ki, at görər - axsar, su görər - susar. Hə, at minicisini tanıyar. At kimindir - minənin, don kimindir - geyənin; at tapıldı, yəhər tapılmadı; at mıxını qopardar, biri yerə dəyər, ikisi özünə; ata minəndə özünü, atdan düşəndə atı unutma; at nə qədər çaparsa, yenə dəvə ondan qabağa düşər. At bəslənirkən, qız istənirkən, atı at yanında bağlarsan həmrəng olmasa da, həmxasiyyət olar; atı birində bəslə, ikisində gözlə, üçündə min, dördündə oldu at, olmadı - sat! Bir də deyərlər ki, atın qəmini tutmayan yolda piyada qalar...

 

Qurd deyər: "Qaranlıq gecədə, qara şumda qara quzunu gözüm seçər!"

 

At da deyər: "Aydınlıq gecədə, südün içində ağ tükü gözüm seçər!"

 

Yeni ənənə

 

İndi Şabran RİH başçısı Novruz Novruzovun təşəbbüsü ilə artıq 7 ildir ki, rayonda yeni bir ənənənin əsası qoyulub.

Qədimdən qədim Şabranda Novruz şənliklərində Ataçaydan Vəlvələ çaya qədər uzanan Ağzıbir düzündə cıdır yarışları keçirilir.

Üçrəngli bayrağımızdan üstünə köynək geyən çaparların Koroğlu nərəsi tamaşaçıların da qanını coşdurur.

Bu cıdır yarışı əziz bayrama yeni bir yaraşıq növraq verir.

 

Atlılar dördnala çapır, ağzı köpüklü, yalı tərli kəhərlərin kişnərtisi düzü- dünyanı ağzına alır.

 

Yəhər üstdəki cavanlara mindikləri atlardan coşqunluq, təpər, hünər, ərdəmlik gəlir.

 

Sabah o igidlərin hər biri Ali Baş Komandandan əmr gəlsə, "müxənnət ölkəsi talanmaq gərək!" hayı-harayı ilə cəsarətlə düşmən üstünə getməyə hazırdır!..

 

RİH başçısının təşəbbüsü ilə qoyulan elə bu ənənənin nəticəsidir ki, indi Şabranda atlara, atçılığa maraq xeyli artıb və bu da ildən-ilə rayonda atların say başının çoxalmasına səbəb olub.

 

Keçən müddət ərzində atların sayı bir yarım qədər artaraq 1500 başa çatıb.

 

Yeri gəlmişkən burasını da qeyd edək ki, hələ Ümummilli liderimiz Heydər Əliyev Respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə bu mühüm sahənin inikişafına böyük önəm vermiş, onun təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti 1981-ci ildə "Atçılığı inkişaf etdirmək tədbirləri barədə" xüsusi qərar qəbul edilmişdi.

 

Yarpaqlar

 

El inancına görə at yeganə canlıdır ki, qəbir evi öz sahibini sıxanda onun fəryadını eşidir. Ona görə də atı qəbristanda bağlamazlar, deyərlər.

 

Yeri gəlmişkən, son illər məndə atlara marağı qələm dostum Novruz Nəcəfoğlunun yaradıcılığı oyadıb.

Onun "Keçən cavan çağım ola..." (Azərbaycan", 7.2012) və "Atüstü bir nağıl" ("Azərbaycan", 6.2013) povestlərində atlarla bağlı çox maraqlı epizodlar var. Bu əsərlərdə atlar çox canlı, dipdiri bir obrazlardlrlar. Öz sahiblərinin yaxın həmdəmi, etibarlı dostlarıdırlar.

 

At haqqında nağıl

 

40-cı illərdə Şabran rayonunun Çuxurəzəmi sovetliyində Ərzuman adında 70-80 yaşlı bir qoca yaşayırdı. Onun öz atı ilə dostluğu, yoldaşlığı ətraf kəndlərin camaatı arasında nağıla-dastana dönmüşdü. Ərzuman kişi pirə, ocağa möhkəm etiqad bəsləyən çox mömün bir adam idi. Hər ay öz kəhəri ilə üç-dörd dəfə bu yerlərdə müqəddəs ziyarətgahlardan olan Pirməhəmməd pirini ziyarət edərdi.

 

1941-ci ildə almanlarla müharibə başlayanda Ərzuman kişinin atını da suvari ordu üçün səfərbər etdilər. Atları vaqonlara mindirəndə onun öz kəhəri ilə vidalaşması müharibənin kövrək, təsirli səhnələrindən biri idi...

 

Ərzuman kişi atın yalını qucaqlayıb dodaqlarını onun üz-gözünə, boynuna sürtür, qulağına nəsə pıçıldayırdı. Ərzuman kişi susandan sonra at yavaşca kişnədi, Ərzuman kişi hıçqırdı, yaxında duranlar atın da gözlərindən yaş süzüldüyünü gördülər.

Adamları qəribə bir maraq bürümüşdü. Ərzuman kişidən atın qulağına nələr dediyini soruşdular.

 

Ərzuman kişinin cavabı qısa oldu: "Kəhərimə ürək-dirək verib toxtatdım ki, ürəkli olsun, dəfələrlə Pirməhəmməd babanı mənimlə birgə ziyarət edib, savab qazanıb. Allah da onu bunun müqabilində od-alovdan qoruyacaq".

 

Aradan aylar ötdü, illər keçdi. 1943-cü ilin qışı gəlmişdi. Çöldə çovğun tüğyan edirdi. Gecədən xeyli keçmişdi. Birdən Ərzuman kişi yerindən dik qalxıb oğlunu səslədi: "Ay oğul, ay bala eşidirsənmi, kəhərim qayıdıb. Kişnəyib məni haylayır".

 

Yerindən səksəkəli qalxan oğlu atasının yuxu gördüyünü zənd etdi, lakin kişinin özünün yerindən durmaq niyyətində olduğunu görüb eşiyə çıxdı. Və gözlərinə inanmadı: Kəhər qayıtmışdı!

 

Kəndə hay düşdü. Cəbhədən geri dönən bir əsgər kimi tanış-biliş kəhərin başına toplaşdı. Ora-burasına keçib ata çox nəzər yetirdilər və birdən atın sarğısında damğa yeri gördülər. Damğada alman dilində nəsə yazılmışdı. Belə məlum olur ki, at almanların əlinə keçibmiş. Amma kəhər bu əsirlikdən necə xilas olmuşdu, uzaq yoldan yurd-yuvaya nə sayaq salamat gəlib çıxa bilmişdi, sirr olaraq qaldı...

 

Ərzuman kişi isə qışın şaxtasına baxmayaraq, elə həmin gün kəhəri ilə Pirməhəmməd babanı ziyarətə yollandı...

 

Yeri gəlmişkən:

 

Tarixdə ağır yara kimi qalmış ikinci cahan savaşı Şimali Qafqazı da oda, alova bürümüşdü.

Şimali Osetiyanın paytaxtı Vladiqafqazda turist marşrutlarına salınmış bir abidəni indi də unuda bilmirəm.

Onda ötən əsrin yetmişinci illəri idi. Biz turistləri şəhərin ən hündür təpəsində ucaldılan bir tarixi abidəni ziyarətə aparmışdılar.

Naməlum əsgərin qəbri üstündəki başdaşına əyilən tuncdan tökülmüş nəhəng bir at heykəli!.. Kəhərin təkcə iri gözlərindən yox, yalından da qəm, ələm yağırdı.

 

İndi mənə belə gəlir ki, biz səbrimizi basıb o qəbrin üstündə bir az da çox dayansaydıq, tunc atın iri qara gözlərindən süzülən acı göz yaşlarının da şahidi olardıq...

 

Son söz yerinə

 

Qırx iki il bundan əvvəl ilıq bir may günü Paris küçələrində 300 nəfər atlı belə bir şüarla mitinqə gedirdi: "Avtomobil öldürür! Avtomobil zəhərləyir! Yaşasın at!"

Yox, bu gün həyatımızı avtomobilsiz təsəvvür etmək mümkün deyil.

Amma...

Atları da yaşatmalıyıq.

İlimiz də at üstə gəlib.

At muraddır, deyiblər. Arzu istəklərimizə çataq.

Astroloqlar da at ilini uğurlu, xeyirli hesab edirlər.

Ən böyük muradımıza qovuşub Cıdır düzündə Qarabağ atlarının yarışını görək!...

 

 

Aydın Tağıyev

525-ci qəzet.- 2014.- 2 aprel.- S.8.