Qarabağ Muğam Mərkəzi fəaliyyətini daha da genişləndirir

 

 

Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi bu gün Qarabağ bölgəsində mədəniyyət və istirahət mərkəzi kimi mühüm əhəmiyyət kəsb edir. Mərkəzin direktoru Tofiq Cəfərovun dediyi kimi, son illər müəssisənin fəaliyyətinin genişlənməsi, çoxsaylı insanların onun xidmətlərindən yararlanması bunu söyləməyə əsas verir.

Muğam Mərkəzində, eləcə də digər ərazilərdə müəllim və şagirdlərdən ibarət ansamblın geniş konsert proqramları ilə çıxışları, müxtəlif müsabiqələr tamaşaçılar tərəfindən daim ruh yüksəkliyi və rəğbət hissi ilə qarşılanır.

Novruz bayramı ərəfəsində və bayram günlərində təşkil olunan mədəni-kütləvi tədbirlər də bu baxımdan diqqəti çəkib.

Həmin günlərdə Mərkəzin binasında, Ü.Hacıbəyli adına parkda açıq havada nümayiş etdirilən konsert tamaşalarında sözügedən müəssisənin kollektivi ilə yanaşı, Ağcabədi rayon musiqi məktəbləri də fəal iştirak ediblər.

Bayram konsertlərində Qarabağ Muğam Mərkəzinin müəllimləri Sevinc Abbasova, Nigar Qurbanova, Amalya Şahverdiyeva, Cavanşir Quliyev və şagirdlərin ifasında səsləndirilən xalq mahnıları, muğam və təsniflər, Ağcabədi şəhər incəsənət məktəbinin rəqs qrupunun sərgilədiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Direktorun sözlərinə görə, Muğam Mərkəzi kollektivinin  rayonun Qaravəlli kəndində nümayiş etdirdiyi konsert proqramı kənd sakinlərinə xoş ovqat bəxş edib, əsl bayram sevincləri yaşadıb.

Novruz bayramı günü Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, xalq deputatları Tahir RzayevAqil Abbasın döyüş bölgələrində qatıldıqları görüşdə  Ü. Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi kollektiv üzvlərinin təqdim etdikləri zəngin və rəngarəng konsert proqramı əsgərlər üçün ən gözəl bayram sovqatı təsiri bağışlayıb.

T.Cəfərov sonda əlavə edib ki, Muğam Mərkəzi konsert tamaşalarını bundan sonra da müntəzəm olaraq davam etdirəcək.Müəssisənin kollektivi tərəfindən Ağcabədinin kəndləri ilə yanaşı, qonşu bölgələrdə də çıxışlar və muğam müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.       

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2014.- 2 aprel.- S.7.