Milli Elmlər Akademiyasında "Ədəbi proses-2013: yekunlar və vəzifələr" müzakirə edilib

 

Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə akademiyanın əsas binasında "Ədəbi proses-2013: yekunlar vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsi keçirilib. Tədbiri Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən, akademik İsa Həbibbəyli açaraq yaradıcılıq müşavirəsi haqqında məlumat verib: " 1976-cı ildən 1984-cü ilədək Ədəbiyyat İnstitutunda ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunmuş yaradıcılıq müşavirələri keçirilib". Akademik səkkiz il ərzində keçirilmiş bu müşavirələrin yekunlarına həsr olunmuş 6 kitabın çap olunduğunu diqqətə çatdırıb bu nəşrlərin müasir dövrümüzdə ədəbiyyatşünaslar üçün dəyərli mənbə olduğunu bildirib. Artıq 30 ildir yaradıcılıq müşavirələrinin keçirilmədiyini qeyd edən İsa Həbibbəyli o dövrdə yazıçı, ədəbiyyatşünas, tənqidçi qələm sahiblərini əhatə edən işgüzar dialoq, qızğın müzakirələr şəraitində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, bu proseslərin yaddaşlarda silinməz izlər qoyduğunu söyləyib.

Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elm ocağında 30 ildən sonra ədəbi proses üzrə fərqli yaradıcılıq müşavirələrinin keçirilməsinin qərara alındığını nəzərə çatdırıb: "Bu müşavirələr ölkəmizdə gedən vahid ədəbiyyat prosesinin uzun bir dövr ərzindəki inkişaf istiqamətlərinin yekunlarını özündə ümumiləşdirəcəkdir. Ancaq bu müşavirələr əvvəlkilərdən fərqli formatda məzmunda işini davam etdirəcək. Ölkəmiz müstəqillik qazandıqdan sonra ədəbiyyatla xalq, müstəqil dövlətimiz eyni düşüncənin, eyni prosesin ideologiyanın daşıyıcısı olub. Bu gün müstəqil Azərbaycan dövləti ilə xalqın milli mənəvi maraqları bir-birini tamamladığı üçün ədəbiyyatımız da müstəqil dövlətin tələblərinə cavab verməlidir".

Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda "Ədəbi proses-2013: yekunlar vəzifələr" mövzusunda yaradıcılıq müşavirəsinin keçirilməsi istiqamətində aparılmış elmi-təşkilatı işlərdən danışıb: O deyib ki, artıq Ədəbiyyat İnstitutunda ədəbi tənqid şöbəsi yaradılıb bu sahədə mühüm addımlar atılıb". İ.Həbibbəyli yaradıcılıq müşavirələrinin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsinin əhəmiyyətini, yekun müzakirələrin tədbirin gələn il ölkənin qələm sahibləri, ədəbiyyatşünasları ilə birgə bu qurumda təşkil edilməsinin vacib olduğunu vurğulayıb, müşavirəyə təqdim olunmuş məruzələrin kitab şəklində nəşr ediləcəyini nəzərə çatdırıb.

Tədbirdə AYB-nin katibi Rəşad Məcid çıxış edərək belə bir yaradıcılıq müşavirəsinin təşkil edilməsinin əhəmiyyətindən danışıb. O, tədbirin Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçirilməsini yüksək qiymətləndirib, iştirakçılara uğurlar arzulayaraq ölkəmizdə baş verən ədəbi proseslərdə daha fəal olmağa çağırıb.

Yaradıcılıq müşavirəsində, ümumilikdə, 9 məruzə dinlənilib.

Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin "İlin ədəbi mənzərəsi", ədəbi tənqid şöbəsinin elmi işçisi Nərgiz Cabbarlının "2013-cü ilin şeiri" digər mövzularda məruzələrdə Azərbaycandakı ədəbi proseslərin ötən il üzrə yekunları ilə bağlı fikirlər bildirilib. Məruzələrdə ötən il Azərbaycan ədəbiyyatının nəsr, poeziya, həmçinin dramaturgiya janrları sahələrində baş vermiş ədəbi yeniliklərdən, gənc müəlliflərin elm adamlarının diqqətini cəlb edən əsərlərdən danışılaraq müəlliflər haqqında söhbət açılıb. Müşavirədə, həmçinin bədii tərcümə sahəsindəki son vəziyyət müzakirə edilib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 3 aprel.- S.7.