"Penitensiar sistemdə vərəmə
nəzarət üzrə formalaşan nümunəvi model Azərbaycan
dövlətinin uğurudur"
MÜSAHİBİMİZ
ƏDLİYYƏ NAZİRLİYİNIN TİBB BAŞ
İDARƏSİNİN RƏİSİ, TİBB
XİDMƏTİ GENERAL-MAYORU RƏFAİL MEHDİYEVDİR
Son illər penitensiar müəssisələrdə vərəmlə
mübarizə sahəsində böyük nailiyyətlər əldə
edilib, nəticədə ölkəmiz vərəmin müalicəsinə
görə nəinki regionda, eyni zamanda bütün dünyada ən
yüksək göstəricilərdən birinə nail olub. Bununla əlaqədar
olaraq, bu günlərdə Beynəlxalq Qızıl Xaç
Komitəsi (BQXK) tərəfindən hazırlanmış
"Cəzaçəkmə yerlərində MDR vərəmlə
mübarizə. Azərbaycan təcrübəsi"
filminin təqdimatı olmuşdur.Son dövrlərdə bu sahəyə
artan beynəlxalq marağı nəzərə alaraq, Azərbaycanın
cəzaçəkmə müəssisələrində vərəmə
nəzarət üzrə əldə etdiyi uğurları
oxucularımızla bölüşmək və qeyd olunan film
barədə daha geniş təəssürat əldə etmək
məqsədilə Ədliyyə Nazirliyinın Tibb baş idarəsinin
rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev
müxbirimizin suallarını cavablandırıb.
- Rəfail
müəllim, bu günlərdə BQXK tərəfindən
hazırlanmış "Cəzaçəkmə yerlərində
MDR vərəmlə mübarizə. Azərbaycan
təcrübəsi" filminin təqdimatı olub. Filmin ərsəyə gəlməsi və ideya məzmunu
barədə oxuculara məlumat verməyinizi xahiş edirik.
- Əvvəla qeyd edim ki, ümumbəşəri sosial bəla
olan vərəm xəstəliyinə qarşı bütün
dünyada, o cümlədən Azərbaycanda
genişmiqyaslı mübarizə aparılır, vərəmin
müalicəsi üzrə məqsədyönlü tədbirlər
həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli
liderimiz Heydər Əliyev tərəfindən əhalinin
rifahının yaxşılaşdırılmasına yönəlmiş
kompleks tədbirlər nəticəsində vərəmlə
mübarizə məsələlərinə də xüsusi
diqqət yetirilmiş, bu sahədə beynəlxalq təşkilatlarla
əlaqəli surətdə yeni strategiya işlənib
hazırlanmış,2000-ci ildə ilk dəfə olaraq bu xəstəliklə
mübarizənin əsaslarını müəyyən edən
xüsusi qanun qəbul olunmuşdur. Hazırda vərəmlə
mübarizə sahəsində müvafiq strategiya üzrə
aidiyyəti proqramlar həyata keçirilərək, bu humanist
kurs ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Respublikamızda
ədliyyə, o cümlədən penitensiar sistemdə
aparılan köklü islahatlarnəticəsində məhkumların
hüquqları və imtiyazları xeyli genişləndirilmiş,
saxlanma şəraiti, dərman və digər təminatları,
xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılmış,
vərəmlə səmərəli mübarizə, penitensiar
infrastrukturun müasirləşdirilməsi, bu sahədə
effektiv ictimai nəzarətin tətbiqi üzrə
genişmiqyaslı işlər görülmüşdür.
Bu işdə bir sıra beynəlxalq təşkilatlar,
xüsusilə BQXK ilə sıx əməkdaşlıq nəticəsində
məhkumlar arasında vərəmə qarşı mübarizə
üzrə birgə fəaliyyət çox müsbət nəticələr
vermiş, əldə olunan yüksək nailiyyətlərin təzahürü
kimi, 2010-cu ilin sonlarında artıq BQXK Azərbaycanın onun
köməyinə ehtiyacının qalmadığını bəyan
edərək vərəmə nəzarət işinin tamamilə
Ədliyyə Nazirliyinə təhvil verilməsi qərarına
gəlmiş, respublikamızın öz müsbət təcrübəsini
yaymasının əhəmiyyətini vurğulamış və
bu sahədə artıq davamlı tədbirlər
görülür.
Bu tədbirlərin tərkib hissəsi olaraq, hələ
2011-ci ilin mart ayında vərəmlə mübarizəyə
dair Bakıda keçirilmiş beynəlxalq konfrans çərçivəsində
Azərbaycanın bu sahədə müsbət təcrübəsi
ilə bağlı filmin çəkilişləri barədə
razılıq əldə olunmuşdur. 2012-ci il ərzində cəzaçəkmə
müəssisələrində aparılmış çəkilişlər
ilin sonunda yekunlaşdırılaraq,30 dəqiqəlik
sənədli film hazırlanmış və bir neçə
xarici dilə tərcümə edilmişdir. Filmin
video yazıları BQXK-nın bütün xarici ölkə
nümayəndəliklərinə paylanılaraq, Azərbaycanla
səmərəli və uğurlu əməkdaşlığın
bariz nümunəsi qismində bu ölkələrdə
nümayiş etdirilmişdir. 28 mart
2013-cü ildə bu filmin Azərbaycan dilinə dublyaj
olunmuş versiyası Ədliyyə Nazirliyinın Tibb baş
idarəsinə təqdim edilmişdir.
Qeyd etmək lazımdır ki, BQXK-nın təşəbbüsü
ilə ərsəyə gəlmiş film əsasən maarifləndirmə
xarakteri daşımaqla, eyni zamanda penitensiar sistemdə vərəmlə
mübarizənin ardıcıllıqla həyata keçirilməsi
üzrə metodiki göstərişləri özündə
ehtiva edir. Filmdə məhkumlarda vərəm xəstəliyinin
erkən aşkarlanması, xəstəliyin müalicəsinin
aparılması və laborator müayinəsi, habelə bu sahədə
xüsusi İxtisaslaşdırılmış müalicə
müəssisəsində (İMM) görülən işlər,
azadlığa çıxdıqdan sonra vərəm
daşıyıcısı olan şəxslərin müalicəsinin
davam etdirilməsi və digər məsələlər öz
əksini tapmışdır. Filmin
ssenarisinin hazırlanması, çəkilişləri və
montajı İsveçrədən dəvət olunmuş
yaradıcı qrup tərəfindən aparılmış və
bu işlərdə Ədliyyə Nazirliyinin Tibb baş idarəsi
yaxından köməklik göstərmişdir.
Xüsusi vurğulanmalıdır ki, film beynəlxalq təşkilatlar
və xarici ölkələr tərəfindən maraqla
qarşılanmış və böyük rezonans
doğurmuşdur. Eyni zamanda, Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) Avropa Regional Bürosunun Azadlıqdan məhrum etmə
yerlərində səhiyyə məsələləri üzrə
Şəbəkəsinin 2012-ci ilin oktyabr ayında Kopenhagendə
keçirilmiş müşavirəsində nümayiş
olunmuş filmə bu qurum tərəfindən yüksək
qiymət verilmişdir. Həmin tədbirdə
bu sahədə görülən işlərlə
bağlı Nazirlik xüsusi geniş təqdimatla
çıxış etmişdir.
- Əlamətdar haldır ki, penitensiar müəssisələrdə
vərəmlə mübarizə sahəsində görülən
işlər beynəlxalq təşkilatlar tərəfindən
nümunəvi model kimi qəbul olunmuş və digər
ölkələrə örnək göstərilir. Bu uğurlara nail olunması
üçün hansı mühüm əhəmiyyətli
addımlar atılıb?
- Bəli,
bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın
bütün cəzaçəkmə müəssisələrində
həqiqətən vərəmlə uğurlu mübarizə
modeli mövcuddur. Bu, vərəmli məhkumların
erkən aşkarlanmasına, vaxtında müalicəyə cəlb
olunmasına yönəlmiş unikal bir modeldir. Vərəm əleyhinə müalicə mərkəzləşdirilmiş
qaydada xüsusi yaradılmış İMM-də vərəmli
xəstə məhbusların saxlanma rejimlərinə və xəstəliyin
müvafiq mərhələlərinə uyğun olaraq həyata
keçirilir. Burada bütün növ vərəmli
xəstələrin həssaslıq göstəricilərinə
uyğun olaraq müalicəsi aparılır. İMM-də 20-yə yaxın şöbə və
bölmə mövcuddur ki, bunların da hamısı
xüsusi havalandırma sistemi ilə təchiz edilmişdir.
Müəssisədə vərəmin müəyyən
olunması üçün xüsusi laboratoriya fəaliyyət
göstərir. Qeyd edək ki, bu laboratoriya son 7-8 il ərzində Almaniyanın Borstel şəhərinin
Ali milli istinad laboratoriyası tərəfindən keyfiyyət
sertifikatına layiq görülmüşdür.
Cəzaçəkmə
müəssisələrində vərəmin
aşkarlanması məqsədilə ildə bir dəfədən
az olmayaraq rentgenoloji və digər kütləvi
müayinələr həyata keçirilir. Epidemioloji
vəziyyəti daha gərgin hesab edilən müəssisələrdə
isə belə müayinələr ildə iki dəfə
aparılır. Vərəmə
şübhəli şəxslərdən mütəmadi bəlğəm
nümunələri toplanılır, xüsusi cədvəl
üzrə mütəşəkkil qaydada laboratoriyalara
daşınır və orada bunların bakterioloji müayinələri
həyata keçirilir. Layihə çərçivəsində
müalicəsi yarımçıq qalmış
azadlığa çıxan məhkumlar QHT-lərin
iştirakı ilə mülki tibb müəssisələrində
müalicəsinin başa çatdırılması
müşahidə altında saxlanılır.
Xüsusi qeyd olunmalıdır ki, penitensiar müəssisələrdə
vərəmlə mübarizə sahəsində aparılan
işlər bütün beynəlxalq standartlara və
ÜST-ün daim təkmilləşən müasir tələblərinə
müvafiq olaraq həyata keçirilir. Bütün
bunları bir çox beynəlxalq təşkilatların
nümayəndələrinin Azərbaycana dövrü baş
çəkmələri təsdiq edir.
Görülən işlər nəticəsində 2013-cü
ilin yekunlarına görə vərəmdən ölüm
faizi 1995-ci illə müqayisədə 58 dəfə,
2003-cü illə müqayisədə isə 10 dəfə
azalmışdır. Ümumiyyətlə, 1995-ci ildən bəri
13 mindən artıq vərəmli məhkum müalicəyə
cəlb edilmişdir. Respublikamızda MDR (multirezistent və
ya Çoxsaylı Dərmanlara Davamlı)vərəmli
şəxslərin müalicəsi və diaqnostikası ilk dəfə
olaraq, məhz cəzaçəkmə müəssisələrində
2007-ci ildən başlanmış və bu gün bir sıra
innovativ diaqnostika metodları tətbiq olunmaqla uğurla həyata
keçirilir. Bu layihələrin nəticəsi
olaraq bütün respublikada olduğu kimi, cəzaçəkmə
müəssisələrində də vərəm
hallarının sayının aşağı enməsi, vərəmin
destruktiv formalarının azalması, uğurlu müalicə
faizinin ilbəil yüksəlməsi müşahidə edilir.
- Bizdə
olan məlumata görə, bu sahədə görülən
işlərə beynəlxalq təşkilatlarla yanaşı,
mötəbər tibbi təsisatlar, habelə xarici ölkələrdə
nəşr olunan nüfuzlu elmi jurnallar da maraq göstərir...
- Tamamilə
doğrudur. Apardığımız işlər
2006-2013-cü illərdə mütəmadi olaraq Vərəm və
Ağciyər Xəstəlikləri üzrə Beynəlxalq
Birliyin ümumdünya və regional konfranslarında təqdim
edilmiş, bu mötəbər təsisatlarda geniş
prezentasiyalarla çıxış edilmiş, 20-yə
yaxın posterlər nümayiş etdirilmişdir. Avropanın ən nüfuzlu tibbi nəşrlərindən
olan "Lanset" və "Yeni İngiltərə tibb
jurnalı"nda iki məqalə dərc olunmuşdur.
Penitensiar
sistemdə həyata keçirilən vərəmlə
mübarizə layihəsi ÜST-ün Avropa Regional
Bürosunun 2011-ci ildə Bakıda keçirilmiş 61-ci
sessiyasında digər ölkələr üçün model
kimi təqdim edilmiş və region ölkələrinə bu
təcrübədən faydalanmaq tövsiyə olunmuşdur.
ÜST-ün 2013-cü ildə dərc etdiyi "Dərmanlara
davamlı vərəmə nəzarət üzrə ən
yaxşı layihələr" kitabında
gördüyümüz işlərin iki komponenti -
bütövlükdə həbsxana sistemində vərəmə
nəzarət proqramının təşkili və
azadlığa çıxan şəxslərin müalicəsinin
sonadək izlənilməsi fəaliyyətləri öz əksini
tapmışdır.
Eyni
zamanda, ötən ilin noyabr ayında BMT-nin İqtisadi və
Sosial Şurasında məşvərətçi statusuna
malik olan və baş qərargahı ABŞ-da yerləşən
nüfuzlu təşkilat - İslah və Həbsxanalar Beynəlxalq
Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə
nəzarət proqramını 2013-cü ilin Səhiyyə
Mükafatına layiq bilmişdir. Qeyd olunmalıdır ki, bizim
proqram ABŞ-ın Divarları Aşan Səhiyyə (Health Through Walls) qeyri-hökumət təşkilatı
tərəfindən nominasiya edilmişdir. Belə mükafatlar
penitensiar sistemlə bağlı proqramların dünya
standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə
və yüksək nailiyyətlərin əldə
olunmasına görə verilir və Azərbaycan ötən il səhiyyə sahəsində təltif
edilmiş yeganə ölkə olmuşdur.
- Rəfail
müəllim, tibbi heyətin maarifləndirilməsi məqsədilə
yaradılmış İMM-nın Vərəm üzrə təlim
mərkəzinin fəaliyyəti barədə nə deyə
bilərsiniz?
- Bu mərkəz
ədliyyə nazirinin əmri ilə 2012-ci ilin mart ayında
İİM-nin nəzdində yaradılmışdır. Mərkəzin qarşısına penitensiar müəssisələrdə
çalışan tibbi heyətin və digər əməkdaşların
vərəmlə mübarizə üzrə bilik və
bacarıqlarının artırılması, habelə xarici
ölkələrin nümayəndələrinə bu sahədə
biliklərin aşılanması məqsədi qoyulmuşdur.
Bu mərkəzdə 2012-2013-cü illər ərzində
25 mövzu üzrə 37 təlim kursu keçirilmiş,
bunlardan 5-i beynəlxalq statuslu treninqlər olmuşdur. Təlimlərdə 500-ə yaxın dinləyici
iştirak etmiş, bunlardan 100 nəfəri penitensiar xidmətin
əməkdaşları, 20-yə yaxını isə xarici
ölkələrin nümayəndələri olmuşlar.
Təlim mərkəzinin uğurlu fəaliyyəti nəzərə
alınaraq,ÜST-ün Avropa Regional
Bürosu tərəfindən ona "Həbsxanalarda vərəmə
nəzarət və profilaktika üzrə əməkdaşlıq
mərkəzi" statusu verilmişdir. 24 mart 2014-cü il tarixdə Kopenhagendə keçirilmiş vərəmlə
mübarizə gününə həsr olunmuş tədbirdə
bununla bağlı məlumat verilmiş və Büronun rəsmi
internet səhifəsində bu haqda informasiya yerləşdirilmişdir.
Bu günlərdə ÜST-ün xüsusi
sertifikatının bizə təqdim olunması gözlənilir.
-
Penitensiar sistemdə vərəmlə mübarizə üzrə
Azərbaycan təcrübəsinə hansı xarici ölkələr
daha çox maraq göstərmiş və hazırda bu sahədə
hansı dövlətlərlə sıx əməkdaşlıq
həyata keçirilir?
- Qeyd etdiyimiz kimi, vərəmlə mübarizə layihəsi çərçivəsində çoxlu sayda dövlətlərin təmsil olunduğu bir sıra beynəlxalq təşkilatlarla - ÜST, Yaşıl İşıq Komitəsi, BQXK, Qlobal Fond ilə sıx əlaqələr qurulmuşdur. Ona görə də bu qurumlara üzv dövlətlərin hər biri fəaliyyətimizi yaxından izləmək və qiymətləndirmək imkanına malikdir. BQXK tərəfindən yuxarıda qeyd etdiyimiz filmin yayılmasından sonra gördüyümüz işlərə beynəlxalq səviyyədə maraq daha da artmışdır. Son iki ildə 11 ölkədən olan 60-dan artıq nümayəndə, o cümlədən Moldova, Ukrayna, Gürcüstan, Belarus, Filippin, İraq və bütün Mərkəzi Asiya ölkələri, habelə bir sıra inkişaf etmiş dövlətlərin - İngiltərə, Almaniya və İsveçrənin tibb üzrə ixtisaslaşmış QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərmiş və təcrübəmizlə tanış olmuşlar.Hətta elə ölkələr vardır ki, məsələn, Qazaxıstan, Qırğızıstan və s. onların ayrı-ayrı nümayəndə heyətləri bu məqsədlə bir neçə dəfə ölkəmizə səfərlər etmiş və cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirmişlər.
- 24 mart Ümumdünya vərəmlə mübarizə günüdür. Bu münasibətlə cəzaçəkmə müəssisələrində nə kimi tədbirlər həyata keçirilmişdir?
- ÜST hər il 24 mart tarixini Vərəmlə mübarizə günü kimi qeyd edir. Bu münasibətlə 1, 6, 10 və 15 saylı cəzaçəkmə müəssisələrində 27-28 mart tarixlərində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər məhkumların sağlam həyat tərzinə və vərəmlə mübarizəyə həsr olunaraq, bir sıra mədəniyyət və incəsənət xadimlərinin, habelə idmançıların iştirakı ilə baş tutmuşdur. Burada məhkumlar arasında vərəmdən qorunma vasitələri ilə bağlı maarifləndirmə işləri aparılmış, bilik yarışları keçirilmiş, onlara əyani vəsaitlər paylanmışdır. Qeyd edək ki, vərəmlə mübarizəyə həsr olunmuş yuxarıda haqqında danışdığımız filmin BQXK tərəfindən Ədliyyə Nazirliyinə təqdim edilməsi də 24 mart tədbirlərinin tərkib hissəsi olmuşdur.
Sonda qeyd etmək istərdim ki, penitensiar müəssisələrdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsinin dünya dövlətləri tərəfindən böyük maraqla qarşılanması və əldə olunan nailiyyətlərə beynəlxalq təşkilatların verdiyi yüksək dəyərləndirmələr dövlətimizin siyasi iradəsi ilə son illərdə ədliyyə sistemində həyata keçirilən çoxşaxəli islahatlara verilən növbəti qiymətin əyani təzahürüdür.
Aqil LƏTİFOV
525-ci qəzet.-
2014.- 3 aprel.- S.4.