“Azərbaycanda hüquqi dövləti və vətəndaş cəmiyyətini möhkəmləndirən uğurlu siyasət həyata keçirilir”

 

Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin direktoru Natiq Abdullayevlə söhbətimizi məhkəmə hüquq islahatları və mediasiyanın inkişaf perspektivləri üzərində qurduq.

 

(Əvvəli ötən sayımızda)

 

– Natiq müəllim, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər barədə də fikirlərinizi bilmək maraqlı olardı.

– Dövlət başçısı İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanı Respublikanın məhkəmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi yönündə mühüm addımlardan biri oldu. Digər, 2006-cı il 17 avqust tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə Respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırıldı. Görülən məqsədyönlü tədbirlərlə yanaşı, Azərbaycanda hər vətəndaşa düşən hakimlərin sayı Avropa ölkələrindəki göstəricilərlə müqayisədə çox aşağıdır. Avropa ölkələrində mübahisələrin 80 faizi barışdırıcı  prosedurların vasitəsi ilə həll edilir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olaraq qalır. Statistikaya görə, Azərbaycanda 800-dən çox vəkil fəaliyyət göstərir ki, bu da əhalinin sayına görə azdır. Həmçinin, dünya standartlarından qat-qat aşağıdır. Yəni, ölkədə hər 12 min nəfərə yaxın adama cəmi 1 vəkil düşür. İnsan hüquqlarının qorunması ilə məşğul olan mütəxəssislərin fikrincə, dünya üzrə orta göstəricinin hər 2 min nəfərə bir vəkil olması normal sayıla bilər. Bu hesabla Azərbaycan vəkillərin sayına görə dünya üzrə orta göstəricidən 6 dəfə geridədir. Azərbaycanda vəkillərin sayı 3500, 4000 olmalıdır. Vəkillərin Azərbaycanda azlıq təşkil etməsi beynəlxalq aləmdə məhkəmə sistemi haqda müsbət rəy yaratmır. Beynəlxalq təşkilatlar Azərbaycanda ildə nə qədər məhkəmə prosesinin və bu proseslərdə nə qədər vəkil iştirak etdiyini müəyyənləşdiriblər. Nəticədə bəlli olub ki, eyni gündə bir vəkil bir neçə məhkəmə prosesində iştirak edir. Bu da Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə təsir edən amil kimi qəbul edilir, zəif təşkil olunması təsəvvürünü yaradır. İnkişaf etmiş, məhkəmə hakimiyyətinin güclü olduğu ölkələrdə vəkillərin sayı dünya üzrə orta göstəricidən bir neçə dəfə yuxarıdır. Məsələn, son məlumatlara görə İsraildə hər 175, ABŞ-da 260, İtaliyada isə 280 adama bir vəkil düşür. Azərbaycanda vəkillərin sayı az olsa da, vəkilliyə maraq artır. Digər meyl bundan ibarətdir ki, Azərbaycanda  şikayətlərin 15 faizdən çoxu məhkəmə sisteminə aiddir.

– Mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını vacib edən məqamlar haqda nə deyərdiniz?

– Mediasiyanın ən mühüm əhəmiyyətindən biri onun cəmiyyətdə hüquqi şüur və hüquq mədəniyyətinin formalaşmasına təsir etməsidir. Bu gün Azərbaycanda mediasiyanın mübahisələrin həllinin məhkəmədən kənar metodu kimi qanunverici əsaslarının möhkəmləndirilməsi, mediasiya institutunun hüquq sisteminə inteqrasiyasını intensivləşdirməyə sosial sifariş mövcuddur. Mediasiya mübahisələrin həllində dövlətin öz səlahiyyətlərinin müəyyən hissəsini vətəndaşlarına ötürməyə və bununla eyni vaxtda cəmiyyətin bu səlahiyyətləri qəbul etməyə hazır və qabil olmasına, qəbul edilən qərarlara görə məsuliyyət daşımasına imkan verən humanist, eyni zamanda, praqmatik yanaşmadır. Beləliklə də, mediasiya nəinki hüquqi, həmçinin, sosial baxımdan əhəmiyyətli bir institut olduğunu sübut edib. Bu, dünya təcrübəsində mediasiyanın hüquqi mədəniyyətə və ümumilikdə cəmiyyətə tətbiqinə ildən-ilə artan diqqət və onun inkişafına göstərilən dəstəkdə özünü biruzə verir. Mediasiyanın Azərbaycanda inkişafına təkan vermək üçün ən mühüm tədbirlərdən biri-mediasiyanın institutsionallaşması və qanunvericilik bazasının yaradılmasıdır.

Bir sıra inkişaf etmiş ölkələrin qanunvericiliyində mediasiyanın hüquqi bazası formalaşıb. Həmin ölkələrdə beynəlxalq münasibətlərlə yanaşı siyasi, iqtisadi, ticarət, ailə, məktəb, az ağır cinayətlər və digər sahələrdə mübahisələrin həllində də mediasiyanın tətbiqi genişlənməkdədir. Qanunvericilikdə mediasiyanın tətbiqi: mülki hüquq münasibətlərində yaranan mübahisələrin tənzimlənməsində, eləcə də cinayət-hüquq münasibətlərində –orta ağır    xırda cinayət törədildiyi hallarda nəzərdə tutulur. Mediasiyanın tətbiqi ilk növbədə məhkəmələrin həddən artıq  yüklənməsinin qarşısını ala bilər. Məhz bu qeyd edilən və digər məsələlərin həlli çərçivəsində mediasiyanın ardıcıl və daimi olaraq tətbiqinin zəruriliyi gündəmə gəlib. Beynəlxalq təcrübəyə əsasən, mediasiya institutunun səmərəli tətbiqi mübahisələrin həllinin alternativ yolu kimi bu vəziyyətin aradan qaldırılmasına ciddi kömək edə bilər.

Qeyd edildiyi kimi, Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin inkişafı mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onunla sıx bağlı olan digər sahələrdə (ticarət, siyasi-hüquqi, məhkəmə və s.) yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir.

Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar keçirilir. Böhran və münaqişəli vəziyyətlərin məhkəmədən kənar və məhkəməyə qədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiyanın tətbiqi bir sıra post-sovet məkanı ölkələri ilə müqayisədə ilkin formalaşma mərhələsindədir və hüquqi əsasları tam formalaşmayıb.

– Məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi insanların hüquq və azadlıqları baxımından hansı rolu oynayır?

– Qeyd etdiyimiz kimi müasir şəraitdə məhkəmə sistemində mübahisə və münaqişələrin alternativ metodlarla tənzimlənməsi xüsusi aktuallıq kəsb edir. Belə ki, mübahisələrin alternativ həll yollarının tətbiq edilməsi insanların hüquq və azadlıqlarının tam təmin edilməsi, onların heç bir təzyiq və məcburiyyət olmadan razılığa gəlməsi və son nəticədə mübahisənin məhkəmə qaydasında həllindən fərqli olaraq əməkdaşlıq münasibətlərinin saxlanması imkanlarını açır. Vasitəçiliyin üstün tərəflərindən biri də odur ki, mübahisə tərəfləri proseduranı müstəqil şəkildə tənzimləmək imkanı əldə edirlər. Beləliklə, münaqişələrin mediasiya prosedurasında tənzimlənməsi nəticəsində tərəflər arasında əməkdaşlıq münasibətlərinin saxlanması, həmçinin mübahisəyə, münaqişə, yaxud böhrana gətirə biləcək vəziyyətlərin qarşısının alınması əsas məqsədə çevrilir. Təkrarlana biləcək mübahisə, münaqişə, yaxud böhran şəraitində iki qarşılıqlı əlaqəli davranış prinsipi – münaqişənin həlli zamanı tərəflərə müəyyən bir mövqenin məcburi şəkildə qəbul etdirilməsi və münaqişənin sülh yolu həll edilməsi məqsədilə güc tətbiq edilməsinin yolverilməzliyi – əsas götürülür.

Münaqişənin alternativ vasitələrlə tənzimlənməsi yeni, hər bir münaqişə tərəfi üçün qəbul edilə bilən kompromis yolunun tapılmasını nəzərdə tutur. Münaqişələrin alternativ vasitələrlə həlli zamanı əsas qəbul edilən qaydalardan biri odur ki, vasitəçilər münaqişənin mürəkkəbləşməsinə və genişlənməsinə səbəb olmamalıdırlar və münaqişənin tənzimlənməsi itkisiz (zərərə düşmədən) və bütün tərəflərə (mübahisə tərəfləri və mediatora) zərər gətirmədən sona çatmalıdır. Əgər belə bir şərait yaranarsa, tərəflər bu haqda bir-birini xəbərdar etməlidirlər və bir-biri ilə fikir mübadiləsi aparmalıdırlar, mediasiya vasitəsilə razılıq əldə etmədikdə yeni bir tənzimləmə yolu seçməlidirlər.

Mübahisələrin alternativ həlli üsulu kimi mediasiyanın respublikamızda inkişafı üçün onun mahiyyətinin, mövcud dünya təcrübəsinin öyrənilməsi əsasında milli gerçəkliyə tətbiqinin araşdırılması, Azərbaycanın milli qanunvericiliyində, hüquqi praktikasında nəzəri və tətbiqi  aspektlərinin təhlili, mediasiya haqda qanunun hazırlanması və qəbul edilməsi üçün tövsiyə və təkliflərin verilməsi mühüm əhəmiyyət kəsb edir.

Mediasiya müasir dünyanın məhkəmə-hüquq sisteminin inkişaf meyllərinə və demokratik  inkişafın çağırışlarına səmərəli və adekvat cavab olan hüquqi praktikadır. İnsan hüquq və azadlıqlarına ehtiram və qayğı kimi ali prinsiplər üzərində qərar tutmaqla, mediasiya   ölkəsindən, məhkəmə sistemlərindən və mədəniyyətindən asılı olmayaraq insanların bir-birini anlamasına imkan verən universal hüquqi dialoq dilidir. Qloballaşma dövründə milli qanunvericilik sistemlərinin bəzən bir araya sığmaz göründüyü və beynəlxalq münaqişələrin həll edilə bilmədiyi  bir vaxtda, mediasiya-  dialoq üçün məkan yaradan mümkün təmas nöqtəsidir;

Mediasiya prosesi mövcud münaqişələrin mümkün çoxtərəfli inkişaf istiqamətlərinin qarşısını almağa şərait yaradır, mediasiya prosesində çoxtərəfli tənzimləmə strategiyasının tətbiq olunması münaqişələrin qısa zaman müddətində, daha az maddi itki ilə və əməkdaşlıq münasibətlərinin saxlanması əsasında həllinə şərait yaradır;

Müxtəlif vasitəçilər tərəfindən tənzimlənən mübahisələrin oxşarlığı mediasiya prosedurasının ümumi prinsiplər əsasında keçirilməsini təmin edir. Eyni zamanda, konkret şəraitlə bağlı mediatorun təklifləri mövcud problemlərin həlli ilə bağlı “paket” xüsusiyyətli sənəd kimi mübahisənin mərhələli həllində istiqamətləndirici ola bilər;

Məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində də mühüm addım kimi mübahisə və münaqişələrin alternativ həlli variantı olan və gələcəkdə mübahisə tərəfləri arasında əməkdaşlığın saxlanmasına yönəlmiş mediasiya institutunun inkişaf imkanları beynəlxalq normaların ayrı-ayrı regionlarda adaptasiya xüsusiyyətlərindən asılıdır.  Mediasiya prosedurası müxtəlif tətbiq sahələrindən (ailə, məktəb, ticarət, beynəlxalq və s.) asılı olaraq fərqli mexanizm və xüsusiyyətlərə malik olur ki, bu da ayrı-ayrı sahələrlə bağlı mütəxəssis mediatorların formalaşması tələbatını yaradır. Hüquqi maarifləndirmə mediasiya institutunun inkişafının əsas aspekti kimi onun geniş istifadəsinə şərait yarada bilər; Vasitəçilik (mediasiya) institutunun araşdırılması nəticəsində belə bir nəticə əldə edilir ki, mübahisələrin alternativ həlli vasitəsi kimi mediasiya prosedurunun tətbiqi müasir dövrdə xüsusi aktuallıq kəsb edir, həmçinin beynəlxalq təcrübədə mediasiya institutunun yeni inkişaf meylləri nəzərə çarpır. Münaqişələrin məhkəməyə qədər və məhkəmədən kənar həlli vasitəsi olan mediasiya çərçivəsində müxtəlif növ mübahisələrin (ailə, əmək, məktəb, beynəlxalq, siyasi, iqtisadi və s.) tənzimlənməsi iqtisadi cəhətdən daha qənaətcil, mübahisə tərəfləri arasında əməkdaşlıq münasibətlərinin saxlanmasına yönəldiyi üçün psixoloji cəhətdən daha əhəmiyyətlidir.

Vasitəçilik institutu əvəzedilməz metod kimi dövlətlərarası münasibətlərin tənzimlənməsində də böyük təsirə malikdir. Son dövrlərdə beynəlxalq təşkilatlar, nüfuzlu siyasi xadimlər beynəlxalq mübahisələrin sülh yolu ilə həllində mediator rolunda çıxış edərək mümkün münaqişələrin qarşısını almağa nail olurlar.  

Hesab edirəm ki, Mediasiya haqqında milli qanunvericiliyin hazırlanması və qəbulu, peşəkar mediatorların hazırlanması, ümumiyyətlə, mübahisələrin məhkəmədən kənar həllinə yönələn hüquq siyasətinin bu istiqamətdə daha da intensivləşdirilməsinə böyük zərurət var.

 

AQİL

525-ci qəzet.- 2014.- 5 aprel.- S.30.