Tapılmayan dərman
(davamı)
Son vaxtlar
intizam məsələsi çox ciddiləşmişdi, Bunun
üçün neçə adam cəza
almışdı. Ona görə də səhərisi
idarəyə baş çəkməli oldum. Tələm-tələsik tabelə qol çəkib
kabinetimə keçdim. Aptek xidmətçisi
Sadıq kişinin dedikləri dünəndən
başımda hərlənirdi. Fikirləşirdim
ki, mərkəzi aptekin müdiri Albert İsgəndərzadə
ilə necə dil tapım. Nə dillə
danışım ki, məndən Naftalanı əsirgəməsin.
Üz ki var, ətdəndir. Hamıya
hər sözü demək olmur. Albert
İsgəndərzadəyə birdən-ikiyə ağız
açmamışam. Kənardan-kənara
tanışlığım var. Rastlaşanda
salamlaşırıq. Mənə xoş üzlə salam verir. Görəsən, səxavət
göstərib mənə Naftalan da verərmi?! Bax, əsas məsələ də elə budur.
Quru-quru salam alıb-verməyə nə
var ki! Kişi ona deyərəm ki, xahişimi qəbul
edib Naftalan versin. Xülasə, Sadıq kişi
demişkən, utananın oğlu olmaz. Özümü
cəmləşdirib Albert İsgəndərzadəyə zəng
vurmaq üçün onun telefon nömrəsini axtardım.
Düzü, dizlərim əsirdi. Elə əzəldən xasiyyətim belədir.
Mənim üçün başqasının karına
gəlib, əziyyətini çəkmək xoşdur. Ancaq başqa birinə əziyyət verəndə
bu, mənim üçün onqat əzaba çevrilir. Lakin ayrı çarəm yox idi. Telefonu yaxına çəkib Albert İsgəndərzadənin
nömrəsini yığdım.
– Du... du...
Bir neçə dəqiqə gözlədim. Səbrim
çatmadı. İsgəndərzadənin
telefon nömrəsini bir də yığdım. Bu dəfə zəng getdi. Özümdə
yüngüllük duydum. Qulağıma amiranə bir səs
gəldi:
– Sizə kim lazımdır, ay yoldaş?!
–
Naftalan... Yox! Yox! Bağışlayın! Albert
İsgəndərzadə. Mərkəzi
aptekdi?!
–
Başınıza soyuq dəyib, yoxsa nədi, ay yoldaş?! Bu
ayıltma məntəqəsidir! Düz zəng elə!..
Elə bil başıma bir qazan qaynar su
töküldü. Bədənimdən elektrik cərəyanı
keçdi. Telefonun dəstəyini, əlimi
yandırırmış kimi, qeyri-ixtiyari yerə atdım.
Bir neçə dəqiqə də gözlədim.
Albert İsgəndərzadənin nömrəsini
təzədən yığdım. Özü
də çox ehtiyatla. Zəng getmədi.
Telefon xəttinə qarmaqarışıq səslər
düşmüşdü. İki nəfərin
danışığı aydınca eşidilirdi. Hiss
olunurdu ki, ali məktəbdə oxuyan tələbədirlər.
Oğlanın adı Ramiq, qızın adı
Zinaida idi. Ramiq Zinaidadan soruşdu:
–
Ziniçka, imtahana getmirsən? Axı bu gün
imtahan var.
–
Çto za qluposti! Papulya komandirovkadadır.
Paka on ne vernetsya, ya ne zdam ekzamen.
Ramiq
bic-bic:
–
Ziniçka, papulya da imtahan verəcək?! – soruşdu.
– Ramiq,
tı çto, davay ne budem. Sən bilmirsən
ki, papulya əvvəlcə zəng vurub müəllimlə
danışmasa, imtahana getmirəm? Həkimdən
üç günlük xəstəlik kağızı
almışam...
Fikirləşdim ki, başqasının söhbətinə
qulaq asmaq nəzakətsizlikdi. Dəstəyi yerinə
qoyub, üç dəqiqədən sonra bir də
qaldırdım. Eyni söhbət davam
edirdi.
– Ramiq,
deyilənə görə sizin o müəllim
canıyanmış... Sultanlıdı, nədi,
yaman sərt adamdı. Bilməyənə
qiymət vermir. Tərs kimi sənin sabahkı
imtahanını professor Sultanlı götürəcək!
Vay! Vay! Sənə yazığım gəlir Ramiq! Batdın!
Zavallı Ramiq!
Ramiq
rişxəndlə mahnı oxudu:
–Adın
nədi?! Daşdəmir, Daşdəmir! Çox yuxarıdan
getmə, yumşalarsan!! Yumşalı!! Yumşalı!!. Yumşalı!..
Ramiq
yumşalı sözünü oxuduğu mah
nının nəqarəti kimi lağ-loğazla bir neçə dəfə
təkrar etdi. Sonra da:
–
Ziniçka, bilirsən dünyada necə qəribə-qəribə
əhvalatlar baş verir?! –dedi.
– Yooox,
bilmirəm! Necə bəgəm!
– Onda
danışma, mumla! Həmin Sultanlının
oğlu ilişib. Özü də dimdiyindən.
Professor başının hayındadır.
Oğlu gecə saat on ikidə Sahil
restoranında keflənib, birinə iki bıçaq
ilişdirib. Amma ölməyib. İndi həmin o biliyə qiymət verən professor
Sultanlı papamın qabağında muma dönüb. Gündə papamın kabinetinin qapısında
boynunu büküb yağlı dilini işə salır.
Dəstəyi yerinə qoyub, bir də qaldırdım. Ramiq telefonda
dodağını əyə-əyə professoru
yamsılayırdı:
–
Yoldaş prokuror, pis övladın üzü qara olsun,
oğlumu mənə bağışla, heç olmasa cəzasını
azalt. Elə et ki, həbslə əlaqədar
cəza verilməsin. Özümə görə
ad-sanım var, məni yerə vurma.
Ramiq səsinin
təhrifedici komik tonunu dəyişib əda ilə dedi:
– Papam da
deyib baaxaarıq! Hə, professor yumşalıb
quzuya dönüb. İpi bizim əlimizdədir.
İstəsəm, iyirmi adama qiymət
yazdıraram. Hamısına da “beş”. Sənin eşitdiyin o sərt, biliyə
qiymət verən professor Ramiqi görəndə ikiqat olur. Bildin?!
Zinaida
güldü: – Yaman bəxtin var haa... hərif... – dedi. Onlar gülüşdülər.
Dəstəyi dörd dəfə yerinə qoyub təzədən
götürdüm. Zinaida ilə Ramiqin çənə
söhbəti qurtarmaq bilmirdi. Mənim
danışığım telefon xəttində
onlarınkına qarışırdı. Dəstəyi
yerinə qoyub xeyli gözlədim. Nəhayət,
xətt açıldı. Mərkəzi
aptekə zəng çaldım. Qadın səsi gəldi:
–
Eşidirəm.
–
Bağışlayın, bacı, bura mərkəzi aptekdir?
– Bəli.
–
Yoldaş İsgəndərzadəni olar?
–
Yanında kənar adamlar var, bir azdan zəng edin.
Gözlədim. Səbir kasam dolmuşdu. Günorta
fasiləsinə az qalırdı. Bir də zəng çaldım. Həmin
qadın cavab verdi:
–
Eşidirəm.
– Bayaq zəng
vuran adamam, Mədət Quliyev. İsgəndərzadəni
olar?!
– Bakı
ilə danışır, – dedi, –nazirliklə. Sonra
zəng vurarsınız.
Stulumda otura bilmirdim. Tez-tez ayağa qalxıb
kabineti o baş –bu baş var-gəl edirdim. Arabir saatıma baxırdım. İyirmi
dəqiqə də keçdi. Yenə dəstəyi
qaldırdım. Ürəyim gup-gup
döyünməyə başladı. İsgəndərzadənin
telefon nömrəsini yığdım. Eyni qadın cavab
verdi. İsgəndərzadəni
soruşdum:
–
İspalkoma çağırıblar-dedi.
– Bəs
nə vaxt qayıdar?!
– Nə
bilim haçan qayıdar, mənə atçot-zad vermir ki!
Özündən soruşun!
Hövsələdən çıxdım. İstədim
sözümü elə o qadına deyim. Tez
də fikrimi dəyişdim. İsgəndərzadəni
gözləməkdən başqa çarəm qalmadı.
Saat düz üç tamamda yenə eyni nömrəni
yığdım. Bu dəfə mənimki
gətirdi. Xoşbəxtlikdən Albert İsgəndərzadə
özü cavab verdi:
– Eşidirəm!
–
Yoldaş İsgəndərzadə, Mədət Quliyev sizi
narahat edir. Tanıdınız?!
Albert
İsgəndərzadə ani fikrə getdi və sonra:
–
Hansı, hansı Quliyev?! Dayan... Dayan! Hə, hə! Yadıma
düşdü, – dedi, –yadıma düşdü! Bildim,
bildim, tanıdım! Buyurun, buyurun! Mənə
görə qulluğunuz.
– Qulluq
sahibi olasınız. – Dedim. – Bir... bir dərman
lazımdır! Dərman! Dərman deyəndə, belədi də,
dayımın beli... Naftalan olsa...
Albert İsgəndərzadə fikrimi tamamlamağa macal
vermədi.
Hiss olunurdu ki, vacib bir işlə məşğuldur. Ancaq insafən, məni telefonda pis
qarşılamadı. Dedi, günün axırında mənə
dəyərsən.
Pəncərəni açıb bayıra boylandım. İçəri
sərin və təmiz hava doldu, dərindən nəfəs
aldım. Elə bil çiynimdən
ağır bir yük götürüldü. Qəddimi düzəltdim. Özümü
şax tutdum. Bəli, yaxşı deyiblər
ki, axtaran tapar. Nəhayət, kələfin
ucundan yapışdım. Albert İşgəndərzadə
aptek müdiri
olmasına baxmayaraq, bütün vilayətdə məşhurdur.
Əlinin üstündə əl yoxdur. Hamının ona işi düşür. Deyilənə görə, istər vəzifəli
olsun, istər vəzifəsiz, heç kəsi naümid
qaytarmır. Bir az da əhlikef,
zarafatcıl adamdır. Araz
aşığındandı, Kür də topuğundan. Ona Əhmədi-biqəm Albert də deyirlər.
Ürəyiyumşaqlığı da var. Kimin əli
dara düşsə, İsgəndərzadənin üstünə
qaçır. Albertlə bu cür telefon
danışığından sonra, Naftalanı alacağıma
heç bir şəkk-şübhəm qalmadı.
lll
İşin axırına saat yarım qalmış
qoyulmuş qayda üzrə tabel dəftərində
ad-familiyamı tapıb qabağından əyri-üyrü qol
çəkdim. İdarəni tərk edib iti addımlarla
mərkəzi aptekə tərəf götürüldüm.
Qabağında iri hərflərlə “Vilayət
və rayonlararası apteklər idarəsi” sözləri
yazılmış binaya daxil oldum. Gözləmə
otağındakı makinanın arxasında əyləşən
qadın başını qaldırıb üzümə
baxdı:
– Sizə kim lazımdır? – deyə soruşdu.
– Yoldaş İsgəndərzadə
ilə işim var, – dedim, – Albert Kərəmoviçlə.
Bayaq telefonla danışmışıq.
Makinaçı.
–
Yanında radio və televiziya işçiləri var, – dedi, –məşğuldurlar.
Nə bilim, səsini yazırlar, şəklini
çəkirlər, televiziyada göstəriləcək.
Bir dəqiqə əyləşin, indi
qurtararlar.
Narahat hisslər keçirirdim. Səbrim tükənmişdi,
otura bilmirdim. Ayaq üstə
dayanmışdım. Makinaçı
qadın mənə ehtiramla tez-tez Əyləşin – deyirdi.
Bu səs mənim qulağıma dəyir, ancaq dərrakəmə
çatmırdı. Nəhayət, kabinetdəki
çəkiliş-filan qurtardı. Televiziya
studiyasından gəlmiş işçilər aptek müdiri
ilə xudahafizləşdilər. Makinaçı
başını qaldırıb laqeyd nəzərləri ilə
onları gözləmə otağından çıxana qədər
müşayiət etdi və sonra mənə baxıb,– buyurun, İsgəndərzadənin
yanına girmək olar, – demək mənasında başı
ilə işarə etdi.
Qapını açıb kabinetə daxil oldum. Albert İsgəndərzadə
məni görcək
tez yerindən qalxıb:
– Privet! –
dedi və xoş əhval-ruhiyyə ilə əl verdi. Barmaqlarımın ucunu bərkdən
sıxdı, göz-qaşla qarşısında əyləşən
adama hiss etdirmədən işarə vurdu. Bildirmək istəyirdi ki, nədən ötrü gəldiyini
hələ demə. Qoy bu adam burdan əkilsin,
sonra. Sakitcə əyləşdim. Onlar nə barədəsə söhbətlərini
qurtardılar. Albert İsgəndərzadə
tək qaldı. Doğrudan da deyib-gülən,
zarafatcıl, şən adama oxşayırdı. O, əllərini
sevinc hissi ilə bir-birinə sürtərək:
–
Görürsən də, –dedi, müsbət iş təcrübəmizi
yayırlar. Bütün qəzet, jurnallar bizdən
yazır. İndicə televiziyadan gəlmişdilər.
Bizim apteklərdən qırx dəqiqəlik
veriliş olacaq. Vilayət qəzetinin
ötən bazar günkü nömrəsində şəklim
çıxmışdı, gördün?! – Albert
İsgəndərzadə əl-qolunu ölçə-ölçə
və öz əmək fəaliyyətindən razı halda:
–
Hansı vəzifədə olursan-ol, gərək yaxşı
işləyəsən! Nizami Gəncəvi
bilirsən nə deyib?
Mən dillənmədim. O, ayağa qalxıb Nizaminin kəlamını
dedi:
– Kamil bir
palançı olsa da insan,
Yaxşıdır yarımçıq
papaqçılıqdan.
Gözlərini
süzdürüb əlavə etdi:
– Nizami
gözəl deyib. Yaxşı palançı nəinki
pis papaqçıdan, fərsiz idarə
başçısından da yaxşıdı. – Şən
əhvalla yenə əlini-əlinə sürtərək: –
– Hə,
–dedi, indi de görüm mənə görə nə qulluq?!
– Elə
bir qulluğum yoxdur, Albert Kərəmoviç. Dayım
bel ağrısı tapıb. Onun da
övladı-zadı yoxdur, sonsuzdur. Arvadı
da çoxdan rəhmətə gedib, elə mənim ümidimdədir.
Həkim Naftalan buyurub, onu da tapa bilmirəm.
Albert İsgəndərzadə bayaqkı nikbin və səmimi
görkəmini dəyişdi. Bir andaca sanki ali
məktəbə çətin fəndən qəbul
imtahanı verən zəif tələbənin vəziyyətinə
düşdü:
–
Yoldaş Quliyev, – dedi, –siz telefonda danışanda yanımda
çoxlu adam var idi. Onlar da
Naftalan dərmanından ötrü gəlmişdilər.
Danışığımızı eşitməsinlər
deyə, telefonda söhbəti uzatmadım. Sizə nahaq yerə demədim ki, mənə işin
axırında dəyərsiz. Niyə işin axırında
dəyin dedim?! – verdiyi sualı özü
də izah etdi. –Ona görə ki, bu vaxtlar aptekə gəlib-gedən
az olur. Qoy söhbətimizi
eşitməsinlər. Çünki bu
Naftalan son vaxtlar çox çətin tapılır. Bax, indicə yanımda olan hörmətli adamı
gördün də?! Məsul bir
işçinin yeznəsidir. O da Naftalandan
ötrü gəlmişdi. Bu gün
düz on üçüncü adamdır ki, mənə
Naftalan üçün ağız açır.
O, aciz bir
görkəm alıb çiyinlərini çəkdi: – Yoxdu, atam balası,
yoxdu! Yoxdan Allah da bezardı, bəndə də.
Özümü Naftalan qayırım?!
Bakı göndərsin, mən də verim! Səndən nə gizlədim, bu il Naftalan barədə nazirliyə yüz dəfə
zəng çalmışam! Doqquz kərə
teleqram vurmuşam. Həmin teleqramların hərəsinə
on-on beş manat xərc çəkmişəm.
Hamısı da özcə cibimdən. Düz yeddi dəfə rəsmi surətdə
ştamplı peçatlı tələbnamə göndərmişəm.
Nazirlik də respublikanın baş apteklər
idarəsinə tapşırır. Ordakı
ağzıgöyçəklər də deyir ki, olanda verərik.
Albert Kərəmoviç məndən imdad gözləyirmiş kimi:
– Bax, – dedi, – indi
mən deyiləm, sənsən, nə etməlisən?! De də,
de! Mənim yerimə sən ol, başıma nə çarə
qılım? Camaatın ağzını yummaq olmur. Gələn
deyir dərman ver! Gələn deyir dərman ver! Balam, hardan verim?! Yenə də tapılan dərman
ola, dərd yarıdır. Birdən elə
dərman istəyirlər ki, heç adını özüm də
eşitməmişəm. Nə bilim, qəzetdə,
jurnalda oxuyurlar ki, filan yerdə filan zavodda belə bir dərman
icad olunub. Səhər açılan kimi kəsirlər
aptekin qapısını. Başlayırlar
ki, həmin təzə çıxan dərmandan bizə də
verin. A balam, qoy o təzə dərman bir
Bakıya gəlsin, Bakı bizə göndərsin, biz də
apteklərə bölək, siz də gedin alın. Vilayətdən
başqa respublikanın düz on beş
rayonunun apteki bizə baxır. Hamısını
dərmanla təmin etməliyik. Kənardan
baxana asan gəlir. Vallah, billah, buna dağ
da dözməz. Mənəm ki, tab gətirirəm.
Hərəni bir dillə yola salıram...
(Ardı
var)
Əli İldırımoğlu
525-ci qəzet.-
2014.- 5 aprel.- S.23.