Bakıdan Londona uzanan
yol...
Lap əvvəldən
başlayaq. O vaxtdan ki, British Council "Biznes jurnalistika"
layihəsində iştirakla bağlı elan vermişdi. Səmimi
deyək, layihəyə qatılmaqda əsas məqsədimiz
xarici mütəxəssislərin jurnalistika təcrübəsindən
faydalanmaq, əldə etdiyimiz bilik və bacarıqları tələbələrimizə
tətbiq etmək, layihənin imkan verdiyi müddət ərzində
bir illik pulsuz ingilis dili hazırlığından yararlanmaq
idi. Bəs London? Doğrusu, həmin vaxt bu haqda
düşünmək belə ağlımızdan
keçmirdi. Qismət... PAŞA Bankın dəstəyi,
Böyük Britaniyanın Tomson Fondunun təşkilatçılığı
ilə həyata keçirilən kursun ilk mərhələsi
11-15 noyabr 2013-cü il, ikinci mərhələsi isə 11-15
yanvar 2014-cü il tarixlərində Bakıda baş tutdu.
NƏ
ÖYRƏNDİK?
Təlimçi
Tomson Fondunun məsləhətçisi, rəqəmsal jurnalistika
və sosial media sahəsində ixtisaslaşmış mütəxəssis,
25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə,
jurnallarda və onlayn əməliyyatlar sahəsində dəfələrlə
mükafatlandırılaraq baş redaktor və baş menecer vəzifələrində
çalışan Den Meysonun sayəsində bunları: onlayn
məlumatların zənginliyi, interaktiv cədvəllər, xəritələr
və infoqrafikanın yaradılmasında istifadə olunan sadə,
amma güclü vasitələrlə müxtəlif hadisələrin
işıqlandırılması və mürəkkəb
mövzuların açıqlanmasının yeni yolları,
onlayn oxucular üçün məlumatların
tapılması, hazırlanması və
vizuallaşdırılması, əlaqələrin
yaradılması məqsədilə sosial media vasitələrindən
səmərəli istifadə və nüfuzunu artırmaq,
multimedia yazılarının planlaşdırılması və
yaradılması, onlayn axtarışın daxili mexanizmi, yazma
və redaktə bacarıqları, şəkil, audio və
video materialların yaradılaraq internetə yüklənməsini.
10
GÜNLÜK BAKI TƏLİMLƏRİ
Jurnalistlər
üçün faydalı oldu. Onlar əmin oldular ki, bu
müddətdə effektiv surətdə əməkdaşlıq
etmək, şəxsi təşkilati bacarıqları mükəmməlləşdirmək
və sadə onlayn vasitələrdən istifadə edərək
daha effektiv fəaliyyət göstərmək, onlayn
axtarış, sorğular və digər mənbələr
vasitəsilə məlumat əldə etmək, verilənlər
arxasında duran hadisələri görə bilmək, habelə
cədvəl, diaqram, qrafik, xəritə və vaxt cədvəllərinin
vizuallaşdırılmasında
istifadə olunan pulsuz vasitələrin geniş
çeşidi ilə tanış olmaq, mətn, şəkillər,
video, audio, verilənlər, vaxt cədvəlləri və s.
kimi vasitələrdən istifadə edərək strukturlu
multimedia yazısını planlaşdırmaq, mətn,
multimedia və qrafikadan ibarət bloq və ya internet
saytını yaratmaq və idarə etmək
bacarığına malikdirlər. Eyni zamanda, onu da yəqin
etdilər ki, mobil vasitələrdən istifadə edərək,
video və audio müsahibələri yazmaq, internetə
yükləmək, yaxşı reputasiya və nüfuz
qazanmaq, ictimaiyyəti daha fəal iştirak etməyə
sövq etmək və hadisələri işıqlandırmaq
məqsədilə sosial mediadan istifadə etmək, sosial media
mənbələrindəki məlumatın
düzgünlüyünü yoxlamaq və yeni yazı
formalarını yaratmaq üçün istifadəçilər
tərəfindən yaradılmış tərkibə nəzarət
etmək vərdişlərinə sahibdirlər.
TƏKCƏ
BUNAMI?
Əlbəttə
yox. Layihənin daha faydalı və səmərəlisi
Londonda olacaqdı. Elə isə haydı dostlar, irəli!!!
Viza üçün sənədləri, digər lazımi
vasitələri qaydaya salmaq vaxtıdır. PAŞA
Bankın PR və Marketinq
Departamentinin direktoru Sona xanım Abbasovanın, British Councilin
Proqramlar Departamentinin xanım əməkdaşları Nigar
Baimova və Könül Əhmədovanın sayəsində
bütün maneələri pillə-pillə aşdıq və
vaxtdır. 16 mart tarixində Heydər Əliyev adına Beynəlxalq
hava limanındayıq. İstiqamət İngiltərə. Gedəcəyimiz
ünvanları bilsək də, həyəcan da vardı.
Haqqında kitablardan oxuduğumuz, müəllimlərimizdən
eşitdiyimiz Londonu canlı görməsək, tələbəliyimizin
ilk illərində haqqında oxuduğumuz, dəfələrlə
imtahan biletlərinə sual kimi salınan nəhəng
mediaqruplarda olacaqdıq. Əla hisslərdir. 6 saatı
tamamlamaq üzrəyik və Londonla bağlı ilk təəssüratlarımızı
təyyarədən alırıq.
Əksəriyyət eyni fikirdə olur: yaşıl şəhər.
Təyyarə yerli vaxtla saat 15:10-da Hitrou hava limanına enir və
getməmişdən öncə qrupumuzda yazdığım
"dostlar, Londonun bizə hava surprizi edəcəyindən əminəm"
ehtimallarım özünü doğruldur. Doğrudan da hava
gözəldi. Nə soyuq var, nə də şaxta.
HİTROU-STRAND
PALACE
İsti
olan təkcə hava yox, həm də ilk qarşılanma mərasimimiz
olur. Tomson Fondunun əməkdaşı, əslən Pakistandan
olan Məryəm Şahla çoxdankı dostlar kimi
görüşürük. Bizim üçün ayrılan
avtobusla şəhərə doğru istiqamət
alırıq. İlk diqqətçəkən məqam
küçələrin, binaların və pəncərələrinin
təmizliyi, əksər evlərin qarşısındakı
gül-çiçəklər, yolboyu düzülən və
yarpaqlarını töksələr də, ətrafa xüsusi
yaraşıq verən ağaclar və ən əsası
tıxacsızlıq. Otelə yerləşər-yerləşməz
şəhər gəzintisi tarixi Trafalqar
döyüşünün şərəfinə
adlandırılan meydandan başlayır. Adətən həftəsonu
istirahət edən, dükan-bazara çox az çıxan
londonlular bu dəfə küçələrdə idilər.
Başdan-ayağa yaşıla bürünən yerli sakinlər
arasında qışqıran kim, içki butulkalarını
hara gəldi tullayan kim, zibillikdə eşələnən kim.
Çaşqınlığımızı görən Den
"hər il martın 16-da London Müqəddəs Patrik
gününü qeyd edir. Sabah belə olmayacaq", - deyir. Həqiqətən
də sabahısı Müqəddəs Patrik
gününün dünəndə qaldığının
şahidi oluruq.
LONDONUN
SİMVOLLARI
Ən
çox diqqətçəkən qırmızı rəngli
2 mərtəbəli avtobus, eyni rəngli telefon butkası və
jurnalistlərin "bizim taksimiz" adlandırdıqları
London taksisi. Britaniya nəqliyyatının fərqlilikləri
çoxdur. Belə ki: sükan sağ tərəfdədir,
gediş haqqı təxminən 2
funta yaxındır, avtobuslara minik sürücü tərəfdən,
enişisə arxa qapıdandır, ödəniş etmədən
avtobusa daxil olmaq yasaqdır.
Dayanacaqda avtobusu gözləmək üçün
gözlə (wait) düyməsini basmaq, avtobus dayanacağa
yaxınlaşanda isə bir addım irəli gələrək
onu gözlədiyini hiss etdirmək lazımdır. Əks
halda, o, dayanacaqda saxlamayacaq. Bu arada qeyd edək ki, gözləmə
monitorlarının tam dəqiqliklə işləməsi də
diqqətdən yayınmır. Londonun yolları təmiz
olduğu qədər rahatdır. Piyadalar üçün
bütün yollarda sağa və ya sola baxmaq üçün
(look right, look left) sözlərini görmək
mümkündür. İnsanlar və avtomobillər yol hərəkəti
qaydalarına tam riayət etdiklərindən təhlükəyə
əsas yoxdur.
BƏS
METRODA?
Bu ölkədə
bütün nəqliyyat vasitələrində vahid kartdan
istifadə edilir və avtobuslardan fərqli olaraq, metroda
gediş haqqı çıxarkən ödənilir. Bakı
metrosu və vaqonları ilə müqayisədə London
metrosu daha yığcam, daha kiçik təsir
bağışlayır. Metroda ticarət obyektləri də,
zir-zibil də görmək mümkündür. Amma
vaqonların xüsusi yerlərinə qoyulan qəzetlər (əsasən
London Evening Standart) daha diqqətçəkəndir.
Vaqona minən hər bir sakin vaxtını boş yox, ən
azı bir informasiya almaqla keçirə bilir. Əksər
metro çxışlarında və dayanacaqlara yaxın yerlərdə
pulsuz qəzet və jurnal ənənədəndir.
BİQ
BEN, VESTMİNSTER,
BUKİNGEM,
CEYMS VƏ QREEN PARK
Britaniyanın
fəxri və rəmzi sayılan Vestminster saray kompleksinin bir
hissəsi olan zəngli saat qülləsi Biq Bendə
olmağın ayrıca yeri var. Çarlz Berri və Oqastes
Uelbi Pyucin tərəfindən Qotika memarlıq üslubunda
inşa edilən 13,5 tonluq 5 ədəd zəng
çanağına malik bu saatın səsini xalq arasında
"Britaniyanın səsi" adlandırırlar. Bəzən
Müqəddəs Stefan qülləsi də adlandırılan
Biq Ben 1858-ci ildə tikilib, saat isə 1859-cu ildə işə
salınıb. Qüllənin hündürlüyü 61
metrdir. Saat yerdən 55 m hündürlükdədir. Qüllənin
dörd tərəfindəki hər siferblatın üzərində
latın dilində "Domine Salvam fac Reginam nostram Victoriam
primam", yəni "Tanrı kraliçamız I
Viktoriyanı qorusun", saatın sağ və sol tərəflərində,
qüllənin üzərində isə "Laus Deo", yəni
"Tanrıya şükür" sözləri qeyd edilib.
2012-ci ilin iyun ayında ingilis parlamentarilər bu saat qülləsinin
adının İngiltərə kraliçası ikinci
Yelizavetanın hakimiyyətdə olmasının 60 illiyi
münasibətilə "Yelizavet qülləsi"
adlandırılmasına qərar veriblər. Bu qüllənin
yerləşdiyi binada həm Nümayəndələr və də
Lordlar palatası yerləşir. (Bu haqda növbəti
yazıda). Kimsənin Londona və bu qülləyə yolu
düşərsə, unutmasın ki, gözətçi
xanımlar yalnız onlarla bircə dəfə şəkil
çəkdirməyə icazə verirlər. Ən gözəli
isə odur ki, Londonun harasında olursan-ol Biq Ben öz möhtəşəm
səsi ilə sənin yanındadır.
Britaniya
monarxlarının, hazırda II Yelizavetanın rəsmi London
iqamətgahı Bukingem sarayının qarşısı orada
olduğumuz müddətdə qələbəlikdi. Hər
gün 11.30-da gözətçilərin növbə dəyişməsinin
xüsusi təmtəraqla qeyd edilməsi də sarayın daimi
qonaqlı-qaralı olmasında rol oynayır. Pell-Mell
küçəsinin və kraliça Viktoriyanın
qızılı abidəsi ucaldılan Qrin-Parkın
qarşı tərəfində yerləşən bu
sarayın təməli 1703-cü ildə qoyulub. 1762-ci ildə
o Böyük Britaniya kralı III Georq tərəfindən
kralın şəxsi iqamətgahı kimi alınıb və
növbəti 75 ildə onun yanında daha üç bina
tikilib. 19-cu əsrdə inşa edilməsinə baxmayaraq, məğrur
görkəmi ilə London turistlərini heyrətləndirən
Vestminister sarayı ya da Parlament binası mötəbər tədbirlərin
keçirildiyi məkandır. Vestminister sarayı son illərdə
şahzadə Diana və Çarlzın oğlu Uilyamın toy
mərasimi ilə daha çox yaddaşlarda həkk olunub.
Ceyms və
Qreen Park, o cümlədən Londonun bütün parkları
yaşıllıqları, təbiiliyi ilə göz
oxşayır. Müxtəlif millətlərin nümayəndələrinin
yaşadığı bu paytaxt şəhəri həm yerli
sakinlərin, həm də turistlərin ən çox sevdiyi məkandır.
Təbiətin gözəlliyi ilə təbii şəkildə
ünsiyyətdə olmaq, çiçəklərin ətrindən,
quşların nəğməsindən xoşhal olmaq kimin
ürəyincə olmaz ki?!
UKRAYNALILAR
ETİRAZ,
ZİMBABVELİLƏR
ŞADLIQ EDİR
Londonda hər
kəs öz işindədir. Heç kim bir-birinin işinə
qarışmaz və heç kim başqasının nə
etdiyinin fərqinə varmaz. Məşhur Trafalqar meydanın
bir tərəfində ukraynalılar Krımın birləşdirilməsinə
etiraz edir, o biri tərəfində isə zimbabvelilər
müstəqillik günlərini xalq mahnılarını ifa
etmək, çalıb-oynamaqla qeyd edirdilər. Əllərində
doğma bayraqları ilə...
HƏMİŞƏ
UCADA OL, BAYRAĞIM!!!
Londonda
bizi doğma bayrağımız qədər
qürurlandıran ikinci bir məqam olmadı. Bu şəhər
bütün atributları ilə gözəldir. Amma Kensinqton
küçəsində yerləşən səfirliyimizin
önündə 3 rəngli bayrağımızın
dalğalanmasının şahidi olmaqdan gözəl ikinci bir
hiss yoxdu. Doğma məkan,
doğma simalar, doğma dil. Ətrini
aldığımız Azərbaycan, səni sevirik... İlk dəfə
idi ki, qapının zəngini basandan sonra onun
açılmasını belə səbirsizliklə gözləyirdik.
Bizi qarşılayan səfirliyin iki əməkdaşı ilə
çoxdakı tanışlar kimi hal-əhval tutub,
müşayiətləri ilə dar, fəqət
bizimçün imarət yollarına bənzəyən dəhlizlərlə
irəliləyib 2-ci mərtəbəyə qalxırıq.
Pilləkən söhbətlərindəcə öyrənirik
ki, 3 mərtəbəli səfirlik binasında 14 nəfər əməkdaş
çalışır. Otağa keçib yerlərimizi
tuturuq. Az keçmir səfirimiz Fəxrəddin Qurbanov da gəlir
və hər birimizlə tək-tək əl tutur. Öncə
Azərbaycanı soruşur, sonra gəlişimizin məqsədini.
Dərhal da harada oturacağını. Gözlər yuxarı
başa dikilir. O isə əksini edir, bizim aramızda
oturmağı tərcih edir. Məqamdar.
AXIR
ÇƏRŞƏNBƏNİZ MÜBARƏK,
CƏNAB
SƏFİR
Hər
birimizin onun gözündə balaca bir Azərbaycan olduğunu
hiss etdirərək şən əhval-ruhiyyə ilə təbriklərimizə
qoşulur. Və sonra verilən suallar
qarşılığında Azərbaycan-Böyük Britaniya
əlaqələrindən, bu ölkədə təhsil alan tələbələrdən,
diaspora fəaliyyətindən, təhsil, elm, mədəniyyət
sahəsindəki işlərdən gen-bol danışır.
London tıxacsızlığından, parkların gözəlliyindən,
insanlararası fərqlərdən də bəhs etməyi
unutmur. İngiliscə mükəmməl bilən Fəxrəddin
müəllim tədbirlərdə Şekspirdən şeirlər
deyib, ingilisləri məmnun etməsini də sözlərinə
əlavə edir. "Bəs Azərbaycan şairlərindən
necə, söyləyirsinizmi?" sualına dərhal:
"Əlbəttə. Nizami və Səməd Vurğundan da
deyirəm", - cavabını verir.
Növbəti suallardan biri Azərbaycan üçün
darıxıb-darıxmaması ilə bağlı olur.
Mübaliğə etmirəm, Vətən ayrı şeydir.
Bir anlıq qüssələnir və "Niyə
darıxmıram ki? Vətən üçün kim
darıxmaz ki? Orada yaşlı anam və qohum-əqrabam
yaşayır. Azərbaycana gələndə oranı
qarış-qarış gəzirəm", - cavabını əlavə
edir.
HAŞİYƏ:
Fəxrəddin Qurbanov 1954-cü ildə Bakıda doğulub.
1975-ci ildə Azərbaycan Dövlət Xarici Dillər,
1990-cı ildə Politologiya İnstitutunu bitirib. 2002-ci ildə
Harvard Universitetində Ali Hökumət Rəhbərləri
üçün kurslarda iştirak edib. 1990-1992-ci illərdə
Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinin İnformasiya İdarəsinin rəisi,
1992-1993-cü illərdə Protokol İdarəsinin rəisi,
1993-2001-ci illərdə ABŞ-dakı səfirliyimizdə I
katib, 2001-2003-cü illərdə XİN-də Xüsusi
tapşırıqlar üzrə səfir, 2002-ci ildə
ABŞ-dakı səfirliyimizdə müşavir,
2003-2004-cü illərdə Kanadada müvəqqəti işlər
vəkili, 2004-cü ildə Kanadada Fövqəladə və səlahiyyətli
səfir və nəhayət ölkəmizin Böyük Britaniyadakı
səfiri təyin edilir. İngilis, rus, türk dillərini bilən
səfirin bir övladı var.
BÖYÜK
BRİTANİYADA
PAXLAVA
VƏ ŞƏKƏRBURANIN AYRI LƏZZƏTİ VAR
Novruzu
Londonda qarşılayacağımızı bildiyimizdən
hazırlıqlı getmişdik. Həm özümüz, həm
də qonaq gedəcəyimiz ünvanlar üçün şəkərbura,
paxlava və digər Novruz təamları
aparmışdıq. Əlbəttə,
səfirlik siyahıda öndə di. Doğrusu, gözləmirdilər
və fəqət, bu hədiyyənin onlar üçün nə
qədər şirin olduğunu sezməmək çətin
deyildi. Nuş olsun və Azərbaycanımızı daha
gözəl, daha layiqli təmsil edəsiniz, cənab səfir!
BBC-nin
AZƏRBAYCAN XİDMƏTİ
Xəbər
bolluğundan geninə-boluna danışa bilsinlər. Artıq
BBC-dəyik. Əzəmətli bina, ən maraqlı məqam.
Tələbəlik illərindən bəri görmək
arzusunda olduğumuz məkan. Tarixə qısa ekskurs edərək
deyək ki, BBC 1922-ci ildə özəl şirkət, 1927-ci
ildə bir cəmiyyət quruluşu olaraq İngiltərədə
krallıq beratı altında və dövlətin pul dəstəyi
ilə 1954-cü ilə qədər televiziya, 1972-ci ildən həm
də radio yayımları sahəsində fəaliyyət
göstərir. BBC Azərbaycan Xidməti isə
yayınlarına 1994-cü il noyabrın 30-da
"Danışır London. Efirdə Bi-Bi-Ci-nin Azərbaycan
xidmətidir!" ilə başlayıb. Azərbaycan dili Bi-Bi-Ci
Ümumdünya Xidməti verilişlərinin dünyaya
yayımlandığı 43 dildən biri olub. BBC-nin Bakı
Bürosunda Azərbaycanda baş verən hadisələri
işıqlandıran 2 müxbir işləyir.
BBC-nin
GİRİŞİNDƏ
Öncə
qeydiyyatdan keçirik. Saatın tamamında (12:00-da) Azərbaycan
Xidmətinin rəhbəri Könül xanım
görünür. Onun
müşayiəti ilə öncə ikinci mərtəbəyə
qalxırıq. Həqiqətən nəhəngdir. Və nəhəng
olan təkcə 8 mərtəbədən, 10 studiyadan ibarət
olan bina deyil, həm də 6 min əməkdaşı olan
BBC-nin ziyarətçilər üçün qapalı olan
geniş news room-unda yüzlərlə jurnalistin bir araya gəlməsi,
texniki avadanlıqlardan tutmuş, qaynar xəbər
otağına, müxtəlif dövlətlərin eyni dilli
jurnalistlərinə qədər hər şey mükəmməldir.
Sürət, tezlik, həyəcan, qaynarlıq və xidmətin
əməkdaşı Famil bəyin qısa təqdimatı
arası tez-tez üzbəüz Moskva və Ukrayna
bürolarının suallarına cavab... Sözün həqiqi mənasında,
teleradio şirkəti daxilindəki xarici ölkə
büroları tapıntıdır. Beynəlxalq arenada
mühüm söz sahiblərindən olan nəhəng ölkələrlə
yanaşı, bir çox xırda dövlətlərin də
BBC-də büroları var. Azərbaycan Xidmətinin
qonşuları Moskva, Ukrayna, Özbəkistan, İran,
Türkiyə təmsilçiləridir.
"LUNCH"?
HARADA?
Əlbəttə
"lunch". Niyə də BBC-də yox? Dünyanın
möhtəşəm qurumunda, nəhənglərin əyləşdiyi
masada oturub dadsız London təamlarına
rəng qatmağın da öz ləzzəti var. Üstəlik,
qarşında BBC-ni izləyə-izləyə. Hələ
çəkilən və arxivləşdirilən şəkilləri
demirəm!!!
KHOJALY,
NAGORNO-KARABAKH
Bu da belə...
BBC əzəmətlidi, hər bir jurnalistin getmək, görmək
arzusunda olduğu məkandır. Bu baxımdan biz şansı
gətirənlərdən olduq. Gəzdik, gördük.
Gördüyümüz təkcə BBC olmadı, həm də
onun binası önündəki həqiqət payı - Khojaly
və Nagorno-Karabakh yazıları oldu!!! Bunu kim edib, nə vaxt
edilib öyrənə bilmədik. Amma bildiyimiz bir həqiqət
var: BBC-nin girişinə, bizim isə ürəyimizə
yazılan o həqiqət payı vaxt gələcək elə
BBC vasitəsilə bütün dünyaya yayılacaq.
Xocalı və Dağlıq Qarabağ həqiqəti!!! Qələbə
xəbəri!!!
KÜÇƏ
SƏNƏTİ
Londonda
insanı heyrətləndirən təkcə səliqəli
küçələr və bu küçələrdən
ona yaraşan şəkildə istifadə edən sakinlər
deyil, həm də həmin küçələrdə
nümayiş etdirilən sənət nümunələridir. Bizim küçələrimizdən
fərqli olaraq, orada bayağı musiqi yoxdur, gözəl səslər,
mükəmməl ifalar var. Ayaq saxlamadan, onlara qulaq kəsilmədən
aralanmaq da mümkün deyil. London kimi bahalı şəhərdə
pulundan keçə bilirsənsə, deməli, ortada həqiqətən
də bir sənət, heyrətləndirici nümunələr
var. Bir sözlə, ƏHSƏN!!!
1000
ƏMƏKDAŞI OLAN "THE DAILY TELEGRAPH"
London
xatirələrinin başında duran bir görüş.
Xoş qarşılanma, gözəl təqdimat, səmimi
ortam!!! Gündə 3 dəfə
- səhər 9:30, günorta 1:30 və axşam 9:30-da 675 min
tirajla çap olunan, 1000 nəfər əməkdaşı
olan, dünyanın 5 nəhəng ölkəsində
yayımlanan və 2 milyondan çox oxucusu olan 150 yaşlı
"The Daily Telegraph".
Böyük
Britaniya qəzetləri üçün xarakterik olan 3 keyfiyyət.
1) Keyfiyyət:
Daily Telegraph, İndependent, Times, Qardian (Bunlar həm də ən
çox satılan qəzetlərdir).
2) Orta.
Deyli Meyl, Deyli Express.
3)
Populyar. Sun, Mirrror, Deyli Star.
"The
Daily Telegraph" 1994-cü ildən veb saytı olan ilk Avropa qəzeti
olsa da, köhnə dəblə yaşayır, androidə
qoşulub, yeni proqramlar üçün microsofta müraciət
edib və s. Qəzetin "The Telegraph" adlı əlavəsi
də var. Dünyanın 5 müxtəlif ölkəsində
çap olunan və 100-dən çox ölkədə
yayımlanan qəzet həftədə bir dəfə
çıxır və London üçün nəzərdə
tutulmayıb. Hətta londonlular onu görsələr, belə
bir Telegraphın olduğuna təəccüblənərlər.
(Ardı
var)
Pərvanə
İBRAHİMOVA
Könül
NİFTƏLİYEVA
Bakı-London-Bakı
525-ci qəzet.- 2014.- 8 aprel.- S.4.