Azərbaycan ədəbiyyatının
geriyə baxmayan klassiki
(İlyas Əfəndiyev - 100)
İLYAS
ƏFƏNDİYEV HAQQINDA SÖZ
Onun əsərlərindən biri
"Geriyə baxma, qoca" adlanır... O adamlar keçmişə boylanır ki, orada nəsə unutmuş olur. O, isə heç vaxt geriyə boylanmadı...
Çünki orada heç nə unutmamışdı...
çünki o, bütün
keçmişini özü
ilə daşıyırdı. Həm də sadəcə daşımırdı, o, bütün
keçmişini gələcəyə
aparırdı...
Onun yaradıcılığının yüksək dəyəri,
əsərlərinin bədii
gücü də bunda idi - istər
nəsrinin, istər dramaturgiyasının, istərsə
də publisistik əsərlərinin...
Bu səbəbdən də
o, heç vaxt hakim Kommunist partiyasına üzv olmadı, heç vaxt yüksək vəzifələrdə
işləmədi, heç
vaxt sovet ideologiyasını tərənnüm
etmədi...
Onun tərənnüm
etdiyi ideologiyanın adı MƏHƏBBƏT idi
- Vətənə məhəbbət,
İnsana məhəbbət,
xalqa məhəbbət,
humanist ideyalara, bəşəri
dəyərlərə məhəbbət.
Bu məhəbbəti onun qəlbinə dünyaya göz açdığı
doğma Qarabağ saldı - Azərbaycanın
bu dilbər guşəsinin bərli-bərəkətli
torpaqları, yamyaşıl
meşələri, dumanlı-çiskinli
dağları, şırıl-şırıl
axan bulaqları, pırıl-pırıl uçan,
şirin-şirin oxuyan
quşları, laylası
muğamla çalınan,
muğamla böyüyən
insanları saldı...
Sonra bu məhəbbət onunla birgə böyüdü-böyüdü
- Azərbaycan boyda oldu, daha sonra
böyüdü dünya
boyda oldu. Və bu məhəbbət böyüyüb onun ürəyinə sığmadı,
daşdı, çağladı..,
gənc qəlbinin kövrək qələmindən
vərəqlərə axdı...
Yazıçı bu məhəbbəti ilk dəfə oxuculara "Kənddən məktublar"
(1939) hekayələr kitabı
ilə çatdırdı.
Daha sonra, bu məhəbbətdən
ilham alan
yazıçı sevdiyi
xalqına, insanlara onlarla dəyərli hekayələr, povest və romanlar, dram əsərləri bəxş
etdi.
İlk hekayələrini
kənd mövzusunda yazan yazıçı heç zaman kökündən uzaqlaşmadı,
kəndini unutmadı,
nəsr əsərlərinin
əksəriyyətini kəndə
həsr etdi, orada yaşayan, işləyən insanların
həyatını qələmə
aldı.
Amma yazıçı
yaşadığı şəhər
həyatını da yaddan çıxarmadı,
dram əsərlərində əsasən şəhər
həyatından, şəhərli
insanlardan bəhs etdi.
Toxunduğu mövzuların aktuallığı,
janr rəngarəngliyi,
folklora bağlılığı,
bədii təsvir vasitələrinin zənginliyi,
qoyulan problemlərin yüksək bədii həlli yazıçının
çap olunan, tamaşaya qoyulan, az qala, bütün
əsərlərini sənət
hadisəsinə çevirdi,ona böyük oxucu məhəbbəti qazandırdı.
Əsərlərində milli koloritlə bəşəri ideyaların
harmoniyasını yaradan
sənətkar lirik hekayələri, psixoloji povest və romanları ilə Azərbaycan ədəbiyyatına
təzə ruh, lirik-psixoloji pyesləri ilə milli dramaturgiyaya yeni üslub gətirdi.
O, bir novator yazıçı-dramaturq
kimi Azərbaycan ədəbiyyatını və
teatrını fərqli
düşüncə və
xarakterə malik, milli oxucu və
tamaşaçı üçün
tamamilə yeni olan neçə-neçə
obrazla zənginləşdirdi.
Yazıçı öz əsərlərində
gənc və qadın obrazlarına xüsusi önəm verdi. O, Azərbaycan
ədəbiyyatında C.Cabbarlıdan
sonra qadın emansipasiyası problemini ən ardıcıl və mükəmməl işləyən yazıçı
oldu.
Onun mütərəqqi
dünyagürüşləri, demokratik baxışları,
cəmiyyətdəki mövqeləri
və fəallıqları
ilə seçilən
qadın qəhrəmanları
milli ədəbiyyata yenilik gətirməklə
yanaşı, ictimai fikirdə də böyük rezonans doğurdu.
XX yüzilin ortalarından
başlayaraq bir neçə nəsil Azərbaycan oxucusu və tamaşaçısı
onun povest və romanları, pyesləri ilə böyüdü, tərbiyə
aldı.
Yaradıcılığının böyük bir mərhələsində müasir,
sosial-psixoloji mövzulara
üstünlük verən
yazıçı cəmiyyət
üzvü olan insanın mənəvi dünyasının, daxili
yaşantılarının dəqiq cizgilərini yaratdı.
Azərbaycan mədəniyyətinə böyük xidmətlərini həm nəsri, həm dramaturgiyası ilə göstərən sənətkar yazdığı pyeslərlə milli teatrda lirik-psixoloji üslubun əsasını qoydu, onu yeni inkişaf mərhələsinə qaldırdı.
Onun Azərbaycan teatrının inkişafındakı rolunu, pyeslərinə olan tamaşaçı sevgisini göstərmək üçün bir-iki faktı qeyd etmək kifayətdir:
Dramaturqun milli teatrda lirik-psixoloji üslubun ilk nümunəsi sayılan "Sən həmişə mənimləsən" pyesi təkcə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində 350 dəfə, "Unuda bilmərəm" 470 dəfə, "Büllur sarayda" 500 dəfə oynanıldı.
O, öz yaradıcılığı ilə, eyni zamanda, Azərbaycan tarixinin bədii salnaməsini yaratdı. Yazıçı altımış illik yaradıcılıq yolunun ilkin mərhələsində əsasən müasirlərinin həyatını qələmə alsa da 1980-ci illərdən başlayaraq həm nəsr, həm də dram əsərlərinin başlıca mövzusu Azərbaycanın yaxın və uzaq tarixi oldu.
Onun yaradıcılığı yalnız lokal xarakter daşımadı, yalnız milli əhəmiyyət kəsb etmədi, əhatə dairəsi Azərbaycanla bitmədi.
Əsərləri rus, ingilis, fransız, ispan, alman, çex, slovak, belarus, qazax, gürcü, litov, latış, tacik və sair dillərə tərcümə olundu, çap edildi, Azərbaycanı dünya səviyyəsində təmsil etdi, tanıtdı. Pyesləri xarici ölkə teatrlarının səhnələrində dəfələrlə tamaşaya qoyuldu və maraqla qarşılandı.
O, hər zaman xalqının şərəfini, insanlığın şərəfini uca tutdu, humanist, bəşəri ideyaların müdafiəsində durdu, onları yüksək ustalıq və ləyaqətlə tərənnüm etdi.
O, dünyaya sadəcə İlyas Əfəndiyev kimi gəlmişdi, bu dünyadan isə XX əsr Azərbaycan ədəbiyyatının klassiki kimi köçdü. Xalqını sevən və xalqının sevdiyi yazıçı 82 yaşında dünyasını dəyişdi...
..."O vaxtdan bəri "Qarı dağı"nın altında bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib gedən yolçular onun suyundan içib, ürəklərinin yanğısını söndürürlər..."
İlyas Əfəndiyevin ilk hekayələrindən birinin sonundan götürülmüş bu sətirlər bu gün onun öz bədii irsini də səciyyələndirir.
Tariyel Məmmədov
professor
Vidadi Qafarov
sənətşünaslıq
üzrə fəlsəfə doktoru.
525-ci qəzet.-
2014.- 9 aprel.- S.7.