Yazıçılar Birliyində Ənvər Yusifoğlu yad edilib

 

Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda filosof yazıçı Ənvər Yusifoğlunun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.Tədbiri açan  AYB-nin sədri, Xalq yazıçısı Anar özünün ilk qələm təcrübəsi olan "Ağ liman" povestinin həmin vaxt "Azərbaycan" jurnalında nəsr şöbəsinin müdiri vəzifəsində işləyən Ənvər Yusifoğlunun dəstəyi ilə nəşr edilməsindən, onun bir insan kimi yüksək keyfiyyətlərindən, gənc nəslə qayğısından danışıb. Filologiya elmləri doktorları Vaqif Yusifli, İfrat Əliyeva, yazıçı-publisist Aqşin Babayev və başqaları ədibin həyatından, ədəbiyyatda mövqeyindən söhbət açıblar: "Yazıçı  Ənvər Yusifoğlu "Azərbaycan" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində məsul vəzifələrdə çalışıb. O, həm də rəssam və publisist kimi fəaliyyət göstərib. Ənvər Yusifoğlu SSRİ Rəssamlar İttifaqının, Azərbaycan və SSRİ Yazıçılar ittifaqlarının üzvü olmuşdur.

Nadir istedad sahibi olan Ənvər Yusifoğlu məşhur "Molla Nəsrəddin"çi şair Əliqulu Qəmküsarın bacısı oğlu idi. O, ziyalılığı, ailəsindən gəlmə nəcibliyi və Allah vergisi olan istedadı ilə qısa müddətdə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdi. Ədibin elmi və bədii təfəkkürü aydın idi. Bu keyfiyyət onun təsviri sənətə dair yazdığı məqalələrdə özünü daha çox göstərib. Bir filosof yazıçı kimi antik dövr fəlsəfi fikrini və inkişaf etmiş Avropa intibahını müqayisəli tədqiq etməsi onu ədəbi ictimaiyyətə bir peşəkar kimi tanıdıb. Ədib "Gənclik illərinə səyahət" ("Hamballar") povestinin, "Düşmənimin düşməni", "Cərrahlar" romanlarının, "Vətəndaş", "Veysəl və dostları", "Məzəli adam", "Gecə qardaşları" və başqa yaddaqalan hekayələrin müəllifi olub.  Lakin Stalin rejiminin repressiya mühiti yazıçıya öz istedadının daha qabarıq üzə çıxmasına imkan verməyib, o, 10 il müddətinə ailəsindən, vətənindən uzaq Sibir çöllərində siyasi dustaq həyatı keçirib. Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra onun "Düşmənimin düşməni" romanı ikinci dəfə nəşr edilib və həmin vaxt ədəbi mühitdə hadisə kimi qiymətləndirilib. Tanınmış tənqidçilər yazıçının əsərlərinə, ümumi yaradıcılığına yüksək hörmətlə yanaşıb və onun haqqında dəyərli məqalələr yazıblar. Ənvər Yusifoğlunun adı həmişə görkəmli yazıçılar sırasında çəkiləcək, əsərlərinin hər bir nəşri onun xatirəsinə və oxucularına böyük hədiyyə olacaq".

Sonda yazıçının ailəsi adından övladı Nərgiz Ənvərqızı çıxış edərək minnətdarlığını bildirib.

S.ABDULLAYEVA

525-ci qəzet.- 2014.- 10 aprel.- S.7.