Hüquqi dövlət quruculuğunda azərbaycançılıq
ideologiyasının rolu və mövqeyi
Azərbaycan
müstəqillik əldə etdikdən sonra özünün
inkişaf yolunda hüququn aliliyini ön plana çəkərək
hüquqi dövlət quruculuğu yönümündə
müstəsna addımlar atdı və atmaqda davam edir. Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
Azərbaycanda bu siyasət İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Son prezident seçkilərinin nəticələri
Azərbaycan cəmiyyətinin düzgün siyasi kursla
inkişaf etdiyini bir daha təsdiq etdi. Azərbaycan xalqı
dövlətlə cəmiyyətin konstitusion dəyərlərini,
ölkədə aparılan siyasi kursu qorumaq məqsədilə
öz seçimini etdi. Bununla ulu öndər Heydər
Əliyevin təməlini qoyduğu dövlətçilik xətti
və onun ideoloji əsasını təşkil edən azərbaycançılıq
məfkurəsi cəmiyyətdə daha da möhkəmləndi.
Belə
bir vacib mövzuya həsr olunan bu yazıda Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi
sədrinin müavini, Azərbaycan Hüquqşünasları
Konfederasiyası İdarə Heyətinin üzvü
Rövşən Rzayevin fikirlərindən istifadə edilib.
(Əvvəli
ötən sayımızda)
Vətəndaşlıq
anlayışının konseptual analizi metodoloji cəhətdən
mürəkkəb məsələdir. Ona görə ki,
ictimai elmlərdə az tədqiq olunan kateqoriyaların çərçivələrini
müəyyən etmək çətindir. Bu kateqoriyalar
müxtəlif aspektlərdən təhlil olunur və ictimai
münasibətlər kontekstində nisbətən fərqli təqdim
olunur. Azərbaycanın müasir inkişaf mərhələsində
vətəndaşlıq insanların şüurunun qiymətləndirici
əsasını, cəmiyyətdə
davranışının motivasiyasını təşkil edən
və onların siyasi maraqlarını əks etdirən
amildir. Vətəndaşlıq anlayışı nəzəri
cəhətdən az təhlil edilsə də, onun praktiki tərəfi
insanların ictimai-siyasi proseslərdə iştirakı
zamanı asanlıqla müşahidə olur. Məsələn,
seçki prosesində iştirak etmə mütləq
olmadığından hər bir vətəndaşın bu
siyasi prosesdə fəallığına əsasən onun vətəndaşlıq
mövqeyi olur.
Cəmiyyətdə
vətəndaşlıq fenomeninin zəif inkişaf etməsi
ictimai-siyasi cəhətdən təhlükəlidir. Hər
bir vətəndaş dövlət quruculuğunda iştirak
edir. Bu onun aktiv və passiv seçki hüququ vasitəsi ilə
həyata keçirilə bilər. Seçki hüququ vətəndaşın
hüquqi vəzifəsi deyil. Hər bir kəs öz
seçki hüququndan istifadə edə bilər. Seçki
hüququnun istifadəsində fərd öz vətəndaşlıq
mövqeyini nümayiş etdirməlidir. İctimai-siyasi proseslərə
biganə qalmayaraq seçkilərdə fəal iştirak etməlidir.
Vətəndaşın bu mövqeyindən dövlətin
gücü, dövlət quruluşunun sabitliyi, fərdlə
dövlət, cəmiyyətlə hakimiyyət
arasındakı sıx əlaqə, nəhayət
insanların sosial rifahı asılıdır.
Vətəndaşlığın
əsas elementlərinə mənəvi və hüquqi mədəniyyəti,
fərdin öz şəxsiyyətini dərk etməsi, daxili
azadlığı, dövlət hakimiyyətinə münasibəti,
cəmiyyət və dövlət qarşısında məsuliyyəti
və ən əsası öz vəzifələrini yerinə
yetirmək bacarığını aid etmək olar. Beləliklə,
demək olar ki, vətəndaşlıq özündə vətəndaşın
siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Vətəndaşlıq
azərbaycançılığın əsasını təşkil
edir. Vətəndaşlıq kollektiv qərarların qəbul
olunmasında vacib amildir. O, cəmiyyətdə əxlaqla
hüququn inteqrasiyasına xidmət edir. Vətəndaşlıq
mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata
keçirilən uzunmüddətli sosial proqramların,
irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə
imkan yaradır. Azərbaycançılığın tərkib
hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan əhalisinin
bir xalq kimi birləşməsinə və dövlətçilik
kursu ilə inkişafına əhəmiyyətli zəmin
yaradır.
Azərbaycançılığın
daşıyıcısı olan vətənpərvərlik
Vətəndaşlıq
mövqeyindən çıxış edərək hər bir
şəxs vətənpərvərlik ruhunda tərbiyə
olunmalıdır. Pedaqoji baxımdan hesab olunur ki, "siyasi mədəniyyət,
hüquqi mədəniyyət, vətənpərvərlik və
millətlərarası münasibətlər mədəniyyəti
dövlətin hər bir üzvünə məxsus olan vətəndaşlıq
əhəmiyyətli keyfiyyətdir". Ona görə gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Vətənpərvərlik öz vətənini sevmək, onu
qorumaq deməkdir.
Vətənpərvərlik
və dövlətçilik azərbaycançılıq
ideologiyasının mühüm əsaslarını təşkil
edir. Ulu öndər milli ideologiya barədə
çıxışlarının birində bu fikri çox
aydın şəkildə ifadə etmişdir: "Milli
ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik.
Dövlətçilik bu gün və gələcəkdə
bizim hər bir vətəndaşımızın, cəmiyyətin,
dövlətin əsas vəzifəsidir. Dövlətçilik
Azərbaycanın müstəqilliyini, ərazi
bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın
müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik
hər bir vətəndaşın qəlbində
olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik
hissləri ilə yaşamalıdır".
Deməli,
azərbaycançılıq ideologiyasının
daşıyıcısı olan vətənpərvərlik
mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib
elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli
problemi olan ərazi bütövlüyümüzün bərpa
edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, ölkəmizin məruz qaldığı
işğala son qoyulması bütün vətəndaşlarımızın,
eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi
və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl
müddəalarından birini təşkil edir. Təsadüfi
deyil ki, bu gün siyasi
baxışından, harada yaşamasından asılı
olmayaraq bütün azərbaycanlılar Dağlıq
Qarabağ məsələsində həmrəydir.
Vətənpərvərlik
insanı öz dövləti ilə sıx bağlayır. Bu
hiss hər bir fərdi öz torpağına, Vətəninə
sahib çıxmağa səsləyir. Vətənpərvərlik
dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq
mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq
fərdin öz dövlətinə münasibətini təcəssüm
etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə,
Vətəninə, torpağına hərtərəfli
bağlılığının göstəricisidir.
Vətənpərvərlik
ideyası dövlət müstəqilliyinin sütununu təşkil
edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlətinin
müstəqilliyini qorumaq vətənpərvər insanın
ali məramıdır. Ulu öndər Heydər Əliyev
çıxışlarının birində bildirmişdir:
"Müstəqilliyi elan etmək hər bir xalq
üçün, hər bir ölkə üçün tarixi
hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi
yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək
bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir,
bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar
hissi ilə bəyan edirəm ki,
Azərbaycanda müstəqil dövlət yaşayır
və onun gələcəyi üçün də
böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz
qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini
qoruyub saxlamaqdır".
Qeyd
edildiyi kimi, qloballaşan dünyada vətənpərvərlikdən
daha çox vətəndaşlıq, loyallıq və
tolerantlığa üstünlük verirlər. Əksər
halda "vətənpərvərliyi" kor-koranə bir
ideologiyaya qulluq etmək, məhdud maraqlar naminə həyatından
keçmək kimi göstərirlər. Ancaq azərbaycançılıq
kontekstində vətənpərvərlik vətəndaşın
öz dövləti ilə daha sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
loyallığı və tolerantlığı inkar etməyərək
hər bir şəxsin öz ölkəsini müdafiə etmək,
onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Ona görə vətənpərvərlik
Azərbaycan xalqının hər bir üzvünü ucaldan və
ona şərəf verən vətəndaşlıq
mövqeyidir.
Dövlət
quruculuğu prosesində
loyallıq
prinsipi
Azərbaycançılıq
ideologiyası dövlət quruculuğu prosesində vətəndaşın
siyasi loyallıq mövqeyini təbliğ edir. Siyasi loyallıq
"dövlətin sabitlik faktoru" kimi də göstərilir.
Loyallıq maddi və psixoloji maraqlara qulluq edən mübadilə
prosesidir. İlk növbədə insan özü özünə
loyal yanaşır, sonra isə onun maraqlarını təmin
edən dövlətə. Müasir dövlət insanın təhlükəsizliyini
və sosial rifahını təmin edirsə, deməli hər
bir kəs dövlətə hörmətlə yanaşaraq ona
qulluq etməyə hazırdır. Məsələn, ABŞ vətəndaşlarının
70 faizi özlərini "dünya vətəndaşları"
sayırlar. Bilmək olmaz, onların torpaqlarında
münaqişə baş verdikdə onlar özlərini necə
aparacaqlar. Ancaq ölkənin inkişafı, dövlət
quruluşunun və siyasi vəziyyətin sabitliyi, sosial
rifahın artması üçün onlar siyasi loyallıq
mövqeyini tuturlar.
Azərbaycançılıq
ideologiyası çərçivəsində siyasi
loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin
keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu
münasibətlər cəmiyyətin və dövlətin
sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında
yaranan vətəndaş-dövlət münasibətləri
hörmət və inam əsasında qurulur. Rus mütəfəkkiri
İ.İlin qeyd edir ki, "güclü hakimiyyət -
aşağıların ləyaqətli və düzgün
yuxarılara azad loyal münasibəti əsasında
qurulur". Azərbaycanda hakimiyyətin güclənməsi xalqın ona inamının
artması ilə bağlıdır.
Loyallıq
ingiliscə "loyal" sözündən yaranıb, qanuna
riayət edən, qanuna sadiqlik kimi tərcümə edilir.
Loyallıq prinsipi J.J.Russo, Ş.Monteskye, T.Hobss və digər
Qərb mütəfəkkirlərin əsərlərində təhlil
edilib. Loyallıq mövqeyi müəyyən bir sosial qrupun və
ya ümumilikdə xalqın hakimiyyətə münasibəti
kimi göstərilir. Ancaq müəyyən zamanlarda
loyallıq prinsiplərindən çəkinmə vətəndaşlıq
mövqeyini heç də inkar etmir, hətta bu mövqeyə
sadiqliyi göstərir. Heç bir xalq dövlətinin ərazi
bütövlüyünə, müstəqilliyinə təhlükə
yarandığı halda loyal qala bilməz. Azərbaycançılıq
kontekstində vətəndaşlıq, vətənpərvərlik
və loyallıq fərdin cəmiyyətə və dövlətə
vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində
birlik və sabit dövlət quruluşu mümkündür.
Vətəndaşlıq
məsuliyyəti
Azərbaycançılıq ideologiyasının yaşaması vətəndaşın cəmiyyət və dövlət qarşısında məsuliyyətindən asılıdır. Vətəndaşlıq məsuliyyətini hüquqi məsuliyyətin bir növü kimi də nəzərdən keçirirlər. Hər bir kəs hüquq münasibətlərin iştirakçısı olduğuna görə, mülki hüquq münasibətlərində mülki məsuliyyət, cinayət hüquq münasibətlərində cinayət məsuliyyəti, inzibati münasibətlərin subyekti kimi isə inzibati məsuliyyət daşıyır. Məsuliyyət hüquqi xarakter daşıdığı halda fərd qarşısında tələblər vəzifə olaraq qoyulur. Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində göstərilir ki, "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur". Konstitusiyanın bu tələbi Vergi Məcəlləsində də öz əksini tapmışdır. Beləliklə, vergi ödəməkdən yayınma inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər.
Vətəndaşlıq məsuliyyəti azərbaycançılıq ideologiyası kontekstində geniş anlayışdır. O özündə hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir. Bu məsuliyyət növü daha çox konstitusiya məsuliyyətinə yaxın anlayışdır. Konstitusiya məsuliyyətinin formaları və xüsusiyyətləri müasir konstitusiya hüququ elmində aktualdır. Konstitusiya məsuliyyəti hüquq, siyasət və əxlaq münasibətlərinin sərhədində subyekt üçün yaranan məsuliyyət formasıdır. Konstitusiya hüququnun subyektləri spesifik xarakter daşıyırlar. Onlara insanı, xalqı, ali vəzifəli şəxsi (prezident, baş nazir, deputat) və s. aid etmək olar. Beləliklə, fərd dövlətlə siyasi bağlılığına görə, ilk növbədə, vətəndaş olaraq dövlət qarşısında konstitusiya məsuliyyəti daşıyır. Bu məsuliyyətin hüquqdan kənar sosioloji aspektləri vətəndaşlıq məsuliyyəti yaradır.
Vətəndaşlıq məsuliyyəti isə daha çox mənəvi məsuliyyətlə bağlıdır. Mənəvi məsuliyyət hüquq çərçivəsində olmadığına görə fərdin mənəvi, əxlaq tələblərini pozduğuna görə onun üçün ictimai tənqiddən başqa digər mənfi nəticələr yaranmır. Hətta müəyyən hallarda əxlaqsız hərəkətlər ictimai tənqidə məruz qalmır. Bu, cəmiyyətdə vətəndaşlıq məsuliyyətinin aşağı olduğunu göstərir.
Bu baxımdan azərbaycançılıq ideologiyası həm də vətəndaş məsuliyyətinin güclənməsinə xidmət edir. Hər bir kəs cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir. Bu, tək qanunlara riayət etməkdə yox, habelə aktiv vətəndaşlıq mövqeyində əks olunmalıdır. Ona görə ki, cəmiyyətin və dövlətin inkişafı və güclənməsi onların üzvlərinin hər bir fərdin fəal vətəndaşlıq mövqeyindən və vətəndaşlıq məsuliyyətindən asılıdır.
AQİL
525-ci qəzet.- 2014.- 10 aprel.- S.6.