Dedi həsrətəm dağlara...

 

 

Yaşadığımız, addım-addım getdiyimiz yollar bizi mənzil başına çatdırır... Bu yaxınlarda Bakıda təsadüfən bir qadınla həmsöhbət oldum. Söhbət zamanı Gürcüstandan gəldiyimi dedim. Əl tutdu, " xoş təsadüf, mən o tərəflərdənəm" dedi.

 

Çıxaydım Sarvan dağına,

Sinəsi cənnət bağına.

Gül-çiçəkdən dərə-dərə,

Enim "Sancı bulağına".

Keçmişdən nələr danışdı,

Danışdıqca o, alışdı.

Yada saldı yurd-yuvanı,

Ah çəkib ahla barışdı.

 

Dedi həsrətəm dağlara,

Gəzdiyim bağça-bağlara.

Ümidim var üz sürtməyə

Dədəm yatan torpaqlara.

 

Ürək qəmli, qulaq səsli,

Həmyerli gördü həvəsli.

Dağ Sarvandan deyə-deyə,

Soraqladı bir çox nəsli.

 

Bir gün

 

Kiməsə söykənib çox havalanma,

Üstündən kəsək tək keçərlər bir gün.

Məsləhət etdikcə yolunu azma,

O yolda daş-qalaq edərlər bir gün.

 

İnsanı əməllə çəkərlər başa,

Pislikdən uzaq ol, ədəblə yaşa.

Gedib sən yapışma çox ağır daşa,

Daş altda özünü çəkərlər bir gün.

 

Bir fürsət düşəndə incitmə eli,

Ellə yol gedənin əyilməz beli.

Var olsun həqiqət danışan dili,

Toxumu səpənlər dərərlər  bir gün.

 

 

 

Ələddin RÖVŞƏNOĞLU

525-ci qəzet.- 2014.- 11 aprel.- S.8.