Qar əriyir deyəsən...- “Yüz Gözəl Sevgi Şeiri”

 

PƏRVİNin təqdimatında

 

 

 

Elə ki vakuma, çəkisizliyə, yəni “sevgisizliyə” düşdün, səbəb axtarmağa başlayırsan. Gündəliklərini qabağına qoyub irəli-geri, bitdə-bitdə, yüz dəfə  oxuyursan. Harda başladı, necə davam elədi, nədən bitdi? Kim geri çəkildi? Kim qorxaqlıq elədi? Səhv hardaydı?

 

...İllər öncə yaşanmış, bitmiş, yerində ancaq rəngsiz, ağ-qara xatirələr qalmış sevginin tarixini keçirirsən göz önündən. Xiffət çəkirsən! ...geri qaytarmaq mümkünsüzdü. Barı, əvvəlki yanlışlıqları bu dəfə təkrarlama. Amma məgər bunlar hamısı səndənmi asılıdı? Sevirsənsə, necə idarə edəcəksən özünü? Ümumiyyətlə,  qədər yabancıdı bir-birinə bunlar: sevgi idarəçilik...

 

O vaxt yaman tələsmişdin, qısqanclığın da bir yandan imkan vermirdi adam kimi yaşamağa... Bu dəfə ağıllı olacam, özümü təmkinli aparacam – deyirsən. qədər gülməlidi, deyilmi? Eşqi o qədərmi sadə bilirsən? Həm əsl məhəbbət təcrübəylə nizamlanmaz.

 

Hər sevginin öz tarixi, süjeti, dramaturgiyası var.

 

Səni ildırım kimi vuran sevgi bir anda soyuya, hətta yox ola bilər.

 

Yaxud da illərdi gözünün önündə olan, biganəliklə yanaşdığın adamı aram-aram sevə bilərsən. bir gün ayılıb görərsən ki, başını itirmisən. İndi hər şey sevməkdən ötrü səbəbdi. Bu gün dünənkindən güclüsən! Amma illər öncə etdiyin “səhv”lərin; qısqanclığın, dəliliyin, çılğınlığın, hamısı yerindədi. Məhəbbətinin həddi olmadığı kimi, bunlar da hüdudsuzdu. Amma üzmə özünü, qorxutma. Məhəbbətin özü ayrıca bir canlı varlıqdı hər bir sevgi öz taleyini yaşayır. Başlayır, ucalır, zirvəyə çatır, bir az orda qalır, sonra enir, sona çatır, bitir! Yox olur! Ən yaxşı halda yerini dostluğa, yoldaşlığa, məhrəm, mehriban münasibətə verir.

 

Ramiz Rövşən “Yavaş-yavaş sevdim səni” şeirində sevginin doğulmasını,  inkişafını, süjet xəttini çox qeyri-adi şəkildə təsvir edir. Sevgi lirikasında belə,  dərin fəlsəfi, psixoloji qatlara enən, bəzən hətta son dərəcə realist səhnələri ilə adamı diksindirən Ramiz Rövşən bu şeirində fərqli üsullarla, ürəkdən xəbər verən ifadələrlə kiçik bir məhəbbət hekayəsini danışır. Bəlkə bir şeiri mini dram da hesab etmək olar.

 

Soyuq, qar, qış, şaxta şeirdə əsas ünsürlərdi. Əslində, çox güman ki, şair kontrastı, fərqi duymağımız üçün bu priyomdan istifadə edir. Bumbuz havada ürəyi isti saxlamaq od kimi sevgi yaşamaq... Şeirin hər misrasından qışla, soyuqla “mübarizəyə girmiş” münasibətin sıcaqlığı duyulur. burada ən maraqlısı lap dram əsərində olduğu kimi getdikcə hadisələrin şiddətlənməsi, düyünlənməsi, kuliminasiyaya çatmasıdı. Şeirin əvvəlindən şair “yavaş-yavaş sevdim” deyir. İkinci bənddə  “gör bir tez isinişdik” misrası sürətin, tempin artdığına işarədi. Əslində artan sürət deyil, hisslərin şiddətidir. Aşiq “İstisinə qızındığım ocaq tək sevdim səni” deyəndə hələ zirvəyə doğru yoldadı. Elə ki o yüksəkliyə çatıb nəfəsini dərir, “Hələ bu cür sevməmişdim ömrüm boyu heç kimi” deyə hayqırır... Bax, bu kuliminasiyadı! Heç vaxt, heç kimi sevmədiyin kimi sevdiyini anlamaq etiraf etmək. Özü belə, “qar üstündə yem axtaran quş kimi” sevmək!

 

...Amma elə bu zirvəyə bütün səhvlərin, qorxularınla birgə qalxmısan. Onlardan xilas olmağın lazım da deyil. Sevgin öz taleyini yaşayır onsuz da. Zirvədən sonra enişdi! Ramiz Rövşən dediyi kimi, sübh çağı göyə qorxa-qorxa baxa-baxa düşürsən üzüaşağı...

 

... pərdə asta-asta enir!

 

Ramiz Rövşən:  “Deyirsən ki, günəş çıxıb...”

 

  Yavaş-yavaş sevdim səni,

  Hər gün bir az da sevdim.

  Ən çox bu qış sevdim səni,

  Qarda, ayazda sevdim.

 

  Gör bir tez isinişdik

  Havalar soyuyanda.

  Adamlar qalın geyinib,

 Ağaclar soyunanda.

 

  Qar altından baş qaldıran

  Çiçəktək sevdim səni.

  İstisinə qızındığım

  Ocaqtək sevdim səni.

 

  Hələ bu cür sevməmişdim

  Ömrüm boyu heç kimi.

  Səni sevdim qar üstündə

  Yem axtaran quş kimi.

 

  Qorxa-qorxa bu sübh çağı

  baxırsan göyə sən?

  Deyirsən ki, günəş çıxıb,

  Qar əriyir deyəsən...

 

 

PƏRVİN

525-ci qəzet.- 2014.- 12 aprel.- S.21.