Elçinin hekayələrini oxuyarkən...

 

 

 

 

Həmyerlimiz Nizami Məmmədov Moskvada yaşayıb-yaradan görkəmli ziyalılardan biri, məşhur elm xadimi, filosofdur. Moskva  Qloballaşma və Davamlı İnkişaf Elmi Tədqiqat İnstitutunun direktoru olan, fəlsəfə elmləri doktoru Nizami Məmmədov, eyni zamanda  Rusiya Federasiyası Prezidentinin Yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının professoru, Moskva Dövlət Pedaqoji Universitetində fəlsəfə kafedrasının müdiri, YUNESKO-nun ekspertidir. Fəlsəfə üzrə sanballı elmi monoqrafiyaların, kitabların müəllifi olan Nizami müəllim bir cox nüfuzlu elmi və yaradıcı qurumların, o cümlədən Rusiya Ekologiya Akademiyasının, Beynəlxalq Yazıçı vı Publisistlər Assosiasiyasının üzvüdür. O, bədii ədəbiyyat problemləri ilə də yaxından maraqlanır. Nizami Məmmədov Xalq yazıçısı Elçinin yaradıcılığına xüsusi maraq göstərməkdədir. O, Elçinin dramaturgiyasına və nəsrinə  həsr olunmuş bir sıra məqalələrin müəllifidir. Nizami müəllimin dərc olunmuş həmin məqalələrindən birini rus dilindən çevirərək oxuculara təqdim edirik.

 

 

 

 

Nizami Məmmədov

 

 

Xalq yazıçısı Elçin onlarca əcnəbi dilə tərcümə edilmiş populyar roman, povest, hekayə, kinossenari, pyeslərin müəllifidir.  O, böyük ədəbiyyatşünas, filologiya elmləri doktoru, professordur.

 

Oxucuların diqqətinə təqdim etdiyimiz essedə Elçin yaradıcılığının əsasını təşkil edən ikili – şəxsi və sosial ölçüləri üzə çıxarmağa cəhd göstərmişik. Dünyanı dərketmə, gerçəkliyin bədii həllinin özünəxas xüsusiyyətləri fərdi keyfiyyətlərdir, lakin onlar dövrün mənəvi mühiti, onun maraqları və tələbləri ilə vəhdətdədir. Təsadüfi deyil ki, insanın Vətəni yalnız onun doğulduğu məkan deyil, eyni zamanda onun formalaşdığı dövr-zamandır.

 

Elçin ədəbiyyata mürəkkəb, lakin nisbətən mülayim bir zamanda qədəm qoymuşdur.  1960-cı illərdə ölkənin ictimai-siyasi mühitində ab-hava dəyişmiş, ideoloji ehkamlar bir qədər yumşalmış, milli şüur dirçəlməyə başlamışdır. Belə bir şəraitdə elm, ədəbiyyat və incəsənət sahəsindəki yaradıcılıq fəaliyyəti ən yüksək dəyərlər hesab olunurdu. Bütün ölkədə olduğu kimi, Azərbaycan ədəbiyyatında da “altmışıncılar”ın adı ilə bağlı yeni, qeyri-ənənəvi bir ədəbi dalğa yarandı. Elçin, fikrimcə, indiyədək bu dalğanın zirvəsindədir ki, bu da onun dəyər meyarlarının dəyişməzliyindən, əsərlərində, o cümlədən də bədii-estetik baxımdan dünya hekayəçiliyi səviyyəsində olan hekayələrində əks olunan ədəbi və sosial istəklərindən xəbər verir. Yazıçının püxtələşməsi, onun düşüncə tərzinin, ədəbi üslubunun, dünyanı dərketmə prioritetlərinin formalaşması, əsasən hekayələrindən başlayır.

 

Yaxın keçmişdə Elçinin hekayələr toplusunun rus dilində nəşr olunması ilə mənim vəzifəm müəyyən mənada asanlaşdı. Kitaba 1968-2009-cu illərdə müxtəlif nəşrlərdə verilmiş hekayələr daxil edilmişdir. Naşirlər, şübhəsiz ki, heç təxmin etməzdilər ki, toplunun xronoloji tərtibi qəfil tarixi-dərketmə effektinə gətirəcək. Diqqətli oxucunun gözü qarşısında Azərbaycan tarixinin az qala yarım əsrlik mənzərəsi canlanır, o, sovet dövrünün həyatı ilə tanış olur, onun üstünlüklərini və çatışmazlıqlarını hiss edir, yeni cəmiyyətin qurulmasının dramatik illərini yaşayır və sonda bizim zamanın burulğanına düşür.

 

Məlumdur ki, ədəbiyyat və incəsənət əsərləri insanın iç dünyasını, sosial gerçəkliyini əks etdirir, müəyyən dərketmə funksiyalarını yerinə yetirir. Bədii dərketmə heç bir qanuna tabe olmayan insan varlığının sərhədlərinin meydana çıxmasına istiqamətlənir ki, bu da insan hisslərini, onun təəssüratlarını anladır, cəmiyyətin əxlaqını, zəmanənin mənəvi mühitini dəyərləndirir. Tarix boyu insan həyatının bir çox tərəflərini müəyyən edən, əqlin və ehtirasın, bilik və imanın, ənənə və innovasiyaların qarşılılığının nəticəsi həmin o gerçəkliyinin spektridir. Hekayənin lakonizm və dinamiklik kimi xüsusiyyətləri bu halda dərketmə effektini gücləndirir. Hekayələrdə diqqət yaxın keçmişin müəyyən cəhətləri üzərində cəmləşir.

 

Topluda təqdim olunan hekayələr həm tərkib, həm forma baxımından çoxsahəlidir. Onlar xarakter rəngarəngliyi, psixoloji dərinlik, satira və lirizm, düşüncə və incə təhlil baxımından seçilirlər. Burda şablon, eynitipli həll yoxdur. Hər hekayə üçün orijinal giriş, kulminasiya və yekun xarakterikdir. Onlardan bəziləri insan həyatının böyük hissəsini özündə cəmləyən, özünəməxsus mini-romanlar kimidir.

 

Elçini cəmiyyətin bütün təbəqələri maraqlandırır, o, elmi işçini, iş adamını, malikanələrin hər şey dadmış sakinlərini və taleyin əmri ilə həyatın kənarında qalanları eyni ustalıqla xarakterizə edir.

 

Elçin yaradıcılığını təhlil etdikdə, unutmaq olmaz ki, o, həm yazıçı, həm də böyük alim-filoloq, Azərbaycan və dünya ədəbiyyatının mahir bilicilərindəndir. Bədii yaradıcılıq üçün ədəbi erudisiya vacibdir, lakin lazımi şəraiti yarada bilmir. Elçinin timsalında deyə bilərik ki, erudisiyaya istedad da əlavə olunubsa, yüksək zirvələrin fəthinə aparır.

 

Topludakı hekayələri şərti olaraq belə qruplaşdırmaq olar: sosial problemlər qabardılmış novellalar, ilk məhəbbəti tərənnüm edən özünüidarənin şərtləri və ölçülərini aşılayan psixoloji esselər, simvolik novellalar, bəzən reallıqla mistik şəkildə qırılan və hər hansı tərənnümlə, nağılla həmsərhəd olan, fantaziya elementləri ilə bol olan novellalar.

 

Bir zamanlar Lev Anninski Elçinin ilk hekayələrini analiz edərək yazırdı: “... onlar kobud təbii kətan üzərində akvarellə çəkilmiş psixoloji etüdlərdir”. Bu fikri təsdiqləmək üçün Ustadın sözlərindən bir neçə nümunə gətirim: “sonra bütün bu genişliyi, əvvəlsizliyi və axırsızlığı bir səda bürüdü və o səda altında elə bil ki, o yarğanın dibi ilə köpüklənə-köpüklənə axan o çayın, o dağların, o yamyaşıl döşlərin özü o sədaya söz söyləməyə başladı...  ...o səda da, o mahnı da yenə bu yerlərlə birlikdə olacaqdı...” (“Sarı gəlin”).

 

Bu, milli musiqi aləti olan balabanın həzin sədalarının nəsrlə unikal assosiasiyası təəssüratını yaradır. Elə deyilmi?!

 

Canavar ailəsinin həyatı necə də təsirli təsvir edilmişdir:

 

“Şərqdən gələn o rütubət qoxusu indi açıq-aydın hiss edilirdi, qoxu, görünür, Ana canavara bu yolçuluğun sona çatacağından xəbər verirdi və qancıq bir müddət o qoxu gələn səmtə baxdı, sonra mırıldayıb başını küçüklərə tərəf çevirdi. Küçüklər qancığın o mırıltısında, elə bil, nəsə hiss edib zingiltilərini kəsdilər və titrəyən ayaqları üstə güclə dayanaraq, getdikcə artan bir təlaşla analarına baxdılar. Qancıq quyruğunu o tərəf-bu tərəfə bulaya-bulaya diqqətlə küçüklərə baxırdı və o dəm onun o diqqətli baxışları ilə nə dediyini, yəqin, yalnız özü, bir də küçüklərin gen yaddaşı başa düşürdü” (“Canavarlar”).

 

Elçin ilk məhəbbətin dərin hisslərini nə qədər parlaq çatdırır:

 

“Allahverdi yatdı və bütün həyatında ilk dəfə rəngli yuxu gördü:

 

Dan yeri sökülürdü.

 

O qədər rəng vardı ki, Allahverdi ömründə bu qədər rəng görməmişdi – gümüşü, narıncı, məxməri...

 

Rənglər par-par parıldayırdı.

 

Hər tərəfə şüa saçırdı rənglər.

 

Allahverdi bu rənglərin içində idi.

 

Bu rənglər Allahverdinin bütün bədənindən axıb keçirdi.

 

Allahverdi bilirdi ki, bu yuxudur və onu da bilirdi ki, bu Sədəfin yuxusudur.

 

Sədəf özü yox idi, amma Allahverdi bilirdi ki, bütün bu rənglər Sədəfdən ötrüdür və əslində bütün bu rənglər Sədəfin özüdür” (“Gümüşü, narıncı, məxməri”).

 

Və yaxud:

 

“Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımca saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən ikinci adam tapmaq çətin işdi” (“Baladadaşın ilk məhəbbəti”).

 

Elçinin hətta ən realist hekayələrini oxuyanda hansısa “sürpriz”lə rastlaşacağını, hadisələrin qəfil, gözlənilməz gedişatını gözləyirsən. “Baladadaşın toy hamamı”nda diqqət milli ənənə kimi əhəmiyyət kəsb edən toy öncəsi bəy hamamına yönəlir. Hamamın sahibi Ələkbər Baladadaşdan qisas almaq və onu alçaltmaq məqsədi ilə toy günü hamamı bağlayır. Oxucuya elə gəlir ki, faciə qaçılmaz olacaq, lakin gözlənilən baş vermir. Baladadaş toy hamamı üçün yoldaşları ilə dənizə gedir... Ədalətsizlik, həyatın çirkinlikləri isə Baladadaşın dili ilə belə ifadə olunur:

 

“Və onlar gəlib hamamın yanından keçəndə Baladadaş ayaq saxladı, hamı səsini kəsdi və Baladadaş bərkdən qışqırdı:

 

– Alə, Ələkbər! O sənün hamamun, o da sən! Mən dənizdə çimdim! Özü də mənim oğlum... – Əvvəlcə Baladadaş söz tapa bilmədi ki, sözünün dalını gətirsin, amma Baladadaş hiss elədi ki, bu yerdə nəsə yaxşı, lap əntiqə bir söz deməlidi. – Mənim oğlum... – Baladadaş yenə bir söz tapa bilmədi. – Mənim oğlum... – Tapdı Baladadaş. – Mənim oğlum dənizə oxşayacaq, day sənün o xosma hamamuva yox!”

 

“Sarı gəlin” hekayəsində əvvəlcə qocaman klarnet ustası Fətullahın ilbəil ağırlaşan həyatı təfsilatı ilə təsvir olunur. O, professional musiqi ifaçısı olsa da, yaşamaq üçün pul tapmağa çətinlik çəkir. Sonra yeni dövrün simvolu, əntiq alverçisi, norveçli mühasib Martinus Asberensen zühur edir. Nəhayət, bankirin evində miss Merilin Consonun və kolleksiyaçı, qədim əşyaların qiymətləndiricisi mister İsaak Blyumentall təsvir olunur. Hekayədə konfliktin açılışı gözlənildiyi kimi heç də Fətullahın qədim balabanının məcburi satışı yox, Blyumentallın kolleksiyasında miss Merilin Consonun rastlaşdığı balaban olur:

 

“Mister Blyumentallın kolleksiyasından fleytaya bənzər bir musiqi aləti öz yerindən qalxıb, pəncərənin qabağında, elə bil ki, görünməz bir tellə tavandan asılmış kimi dayanmışdı və elə bil ki,  insan kimi, pəncərədən o yaz yağışına baxa-baxa öz-özünə həmin...

 

anlaşılmaz...

 

yanıqlı...

 

çox yanıqlı...

 

musiqini çalırdı və o melodiyaya uyğun olaraq da yavaş-yavaş tərpənirdi”.

 

Elçinin bədii düşüncəsində zaman məfhumuna dominantlıq hakimdir. Düşüncə vasitəsi kimi zaman Elçinin fikirləşdiklərinə aydınlıq gətirir, gerçəklikləri sıralayır, onlara müəyyən istiqamət verir, insanın həyat yolunu göstərir. Elçinin qəhrəmanları tez-tez keçmişi xatırlayır və gələcək barədə düşünürlər. “Araba” hekayəsində can verməkdə olan və uşaqlığını xatırlayan insanın yaşantıları təsvir edilmişdir. Onun xəyalları göydəki ulduzlar qədər çox-çox uzaqlara gedir: “...göydəki o ulduzlara getmək mümkün olmadığı kimi, xatirələrin, yaddaşın dibində olan o uzaqlığa da getmək (təzədən getmək) heç cürə mümkün deyildi...”.

 

“Beş qəpiklik motosikl” hekayəsinin qəhrəmanı öz həyatı haqqında da zaman kateqoriyası ilə düşünür: “Bir vaxt var idi, Tolik dünyada yox idi, heç kim bilmirdi ki, belə bir adam olacaq dünyada, mən var idim, indi Tolik də var; bir vaxt mən olmayacağam dünyada və bir vaxt Tolik də olmayacaq dünyada”.

 

“Köhnə məscidin qarşısında” hekayəsində isə gələcək belə təsvir olunur: “On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı”.

 

Elçin təbiət, insan və cəmiyyət dəyişkənliyini müxtəlif zaman ölçüləri ilə qeyd edir: “Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı. ...günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı...” (“Hotel Bristol”).

 

Yazıçı ona diqqəti çəkir ki, zaman nəinki keçmişdə qalır, hətta epoxaları, nəsilləri də amansızca özü ilə aparır. Doğulmaq və ölmək insan mövcudluğunun sərhədlərini müəyyənləşdirir. Onlardan kənarda insan yoxdur: “Firəngiz də ölüb, Firəngiz də yoxdur. Hər şey əvvəlki kimidir, həmin od, həmin hava, həmin torpaq, həmin su, təkcə Firəngizin kiçicik yeri boşdur, amma bunun nə oda, nə havaya, nə torpağa, nə suya dəxli var, bunun heç nəyə dəxli yoxdur; əgər köşkdə biletsatan arvad saatımı itirsə, bir neçə gün saatsız qalsam, gün bu ağappaq ağaran yeri elə qaraldacaq ki, heç ruhu da inciməyəcək; Firəngizin də yoxluğu yox olub gedəcək tədricən. Niyə? Niyə? Niyə?” (“Beş qəpiklik motosikl”).

 

Hələ erkən hekayələrində Elçin həyatın mənası və faniliyi, insanın ölümə məhkumluğu, onun faciəvi və bədbəxt varlıq olduğu barədə yazır. Ekzistensial fəlsəfə məcrasında o, bu qənaətə gəlir ki, hər şey ziddiyyətlərin köməyi ilə dərk olunursa, həyat da ölümün qarşısında daha dolğun açıla bilər. Məhz onun köməyi ilə biz həyatın mənasını dərk edə, ona verilən müddətdə necə yaşamaq lazım olduğunu müəyyənləşdirə bilərik.

 

Hələ qədim yunanlar “elə iş gör və elə danış ki, sanki bunlar həyatında son hərəkətlərindir” müddəalarını ehtiva edən stoisizm fəlsəfəsində “öləcəyini unutma” prinsiplərini əsaslandırmışlar. Bu prinsip insanları pis əməllər törətməməyə, xeyrin və ədalətin təntənəsinə səsləyir. Lakin heç də hamı bu həqiqəti dərk etməyə qadir deyil. “Qızıl diş (Göy üzünün ulduzlu vaxtları)” hekayəsində “qızıl Müseyib” ləqəbli diş həkimi özünün çarəsiz xəstəliyindən xəbərdardır və bilir ki, bu dünyada bir neçə günlük qonaqdır. Bununla belə, sadəlövh Əliqulunu aldadır, qızıl dişlərini dəyər-dəyməzinə alır. “Çardax”ın qəhrəmanı Əliabbas isə başqa xarakterlidir. O, ömrünün sona yaxınlaşdığını hiss edir, yenə də insanlara xeyirxahlıq etməkdən yorulmur, küçədə çardaq tikir.

 

İnsanlara humanizmi, qarşılıqlı anlaşmanı, inamı aşılamaq kimi müraciətlər Elçinin hekayələrini birləşdirən cəhətlərdir. Bütün bu fəlsəfi məsələləri yazıçı bədii təhkiyənin kontekstinə hopdurur, müxtəlif obrazların, konkret sosial proseslərin yardımı ilə təsvir edir ki, bu da əsərə dərin məna verir. Bununla Elçinin əsərlərində estetik və etik bütövlük şərtlənir.

 

Fransız yazıçısı və filosofu Alber Kamyunun qeyd etdiyi kimi, “biz yalnız obrazlarla düşünür və fikir yürüdürük. Əgər filosof olmaq istəyirsənsə, roman yazmaq lazımdır”. Kamyu haqlıdır, bədii əsərlər hadisələrin dərkində və izahında üstünlüyə malikdirlər və ona görə də çox vaxt fəlsəfə ilə bilavasitə simbiozda çıxış edir.

 

Elçin residivist-qatil Ağagülü xarakterizə edərkən, ona qeyri-ixtiyari öz münasibətini bildirir: “Ağagül bu barədə ömründə fikirləşməyib yəqin – uşaqlıqdan bələdəm ona, bir məhəllənin uşaqlarıyıq; özü də ona görə fikirləşməz ki, istəmir fikirləşsin, ona görə ki, bacarmır fikirləşməyi; fikirləşmək üçün gərək adam olasan, Ağagül adam deyildi, şübhəsiz” (“Zireh”).

 

Elçinin hekayələrində insanın daxili aləmindəki qarşılıqlı təbii və sosial, rasional və irrasional münasibətlər parlaq əksini tapır. Belə ki, “Beş qəpiklik motosikl” hekayəsində bütün həyatını əvvəlcədən proqramlaşdıran elmi işçi Sabir Məlikov qəfildən bu tərzi pozmaq qərarına gəlir və sağlam düşüncəyə zidd absurd qərar verir: “Əlbəttə, mən bu motosikli ala bilərdim: bütün yayı xərcləyəcəyimiz pul portmanatın içində, cibimdə idi – bəlkə də çatardı. Nədənsə, mənə elə gəldi ki, əgər mən bu motosikli alsam, həmin an mənim həyatımın dönüş nöqtəsi olar”. Lakin bu hekayənin qəhrəmanı irrasional addım atmağa cürət etmir.

 

“Ayaqqabı” hekayəsində isə situasiya başqadır. Əsərin qəhrəmanı Bəbir böyüyüb boya-başa çatdığı Toyludan – əyalətdən Bakıya əsl insan kimi yaşamaq, pul qazanmaq, evlənmək arzusu ilə gəlir. Bir neçə il mehmanxana restoranında ofisiant kimi çalışır, müdiriyyətin yanında özünü gözə soxmağa səy edir, özünü hər şeydən məhrum edir, ev almağa pul yığır. Ona elə gəlir ki,  bu həyat tərzini heç nə dəyişə bilməz. Lakin bir anda hər şey puç olur, dağılır. Yaşamaq uğrunda amansız mübarizənin yaratdığı qayda-qanunlar onu bezdirir və Bəbir cəmiyyətə üsyan edir. Buna səbəb isə onda nostalji duyğuları oyadan uşaqlıq dostları ilə görüşü olur. Yeni aldığı və hekayədə simvolik yük daşıyan ayaqqabılar Bəbirin ayaqlarını sıxır, incidir. Restorandakı hay-küydən sonra Bəbir işini itirir:

 

“...Bəbir restorandan tramvay dayanacağına qədər piyada gəldi... Külək dayanırdı, sonra təzədən qıy vururdu və külək beləcə qıy vuranda az qalırdı parkın ağaclarını dibindən qoparsın.

 

Bəbir də birdən dayandı, əyilib ayaqqabıları ayağından çıxartdı.

 

Bəbirə elə gəldi ki, təkcə ayaqları yox, bütün bədəni azadlığa çıxdı.

 

Sonra Bəbir var gücü ilə ayaqqabılarını bir-birinin ardınca o küləkli mart gecəsində qaralan ağaclığa tərəf tolazladı.

 

Bəbirin bayaqkı yorğunluğuna bir rahatlıq gəldi və Bəbir corabla yataqxanaya gedə-gedə fikirləşdi ki, ayaqyalın gəzməkdən gözəl şey yoxdur”.

 

İnsanın təbii vəziyyətinə qayıdışını Elçin özünün “Gül dedi bülbülə” hekayəsində nümayiş etdirir. Burada vəziyyət bir qədər mürəkkəbdir. Ailənin başçısı Əlipaşa 26 ildir ki, nəşriyyatda redaktor işləyir. Aldığı maaşı qəpiyə qədər arvadı Züleyxaya verir. O isə, möcüzəli məharəti ilə pulu gündəlik xərclərə qənaətlə işlədir, qalan hissəni qiymətli əşyalar almaq üçün toplayır. Yeni il ərəfəsində Əlipaşa arvadının xahişi ilə topladığı pulla rəngli televizor almaq üçün dükana gedir. Yolda o, Əlipaşadan fərqli olaraq, yüksək karyera qurmuş gənclik dostları ilə rastlaşır. Onlardan biri restoranda dissertasiya müdafiəsini qeyd edir. Dəstəyə qoşulan Əlipaşa televizor almağı unudur, heç olmazsa, bu fürsətdə özünü ifadə etmək, göstərmək istəyir və banketin bütün hesabını ödəmək qərarına gəlir. Qəfildən peyda olan Züleyxa, nə qədər təəccüblü olsa da, Əlipaşaya dəstək verir. Elçin həyat iztirablarından bezən əri kimi Züleyxanın da onları əzən yükdən azad olmaq istədiklərini göstərir.

 

Erix Frommun qeyd etdiyi kimi, müasir insanların bütün həyatı “nail olmağa – ələ keçirməyə, toplamağa” həsr edildiyindən “olmaq” – özünüifadə etmək, kamilləşmək, həyatın nəşələrindən həzz almaq” arxa plana keçir. Bu isə müasir dünyada yadlaşmaya aparır. Bəlkə “Qatar. Pikasso. Latur. 1969.” hekayəsinin qəhrəmanının da bu qənaətə gəlməsi bununla bağlıdır: “İnsanın ən yaxşı həmsöhbəti onun özüdür və insanı başa düşəcək yeganə adam – o özüdür”.

 

Qeyd etmək maraqlı olardı ki, uzun zamanlar insanın davranış motivlərinə onun şüurlu həyatının təzahürləri kimi baxılmışdır. Sosial qaydaların göstəricisi kimi mədəniyyət də qeyd-şərtsiz rifah sayılır və təbiiliyə qarşı qoyulurdu. Mədəni mühitə çıxışı olmayan həyati güclərə azadlıq vermək tələbatı bir çox xalqlarda “karnaval” tipli bayramlarda təzahür edirdi. “Karnaval”ın məğzi ondan ibarət olurdu ki, müəyyən zaman çərçivəsində sosial normalar sanki itir, insan şərti olaraq mədəni ağırlıqdan azad olurdu.

 

Psixoanalizin banisi Ziqmund Freyd əmin idi ki, ənənəvi mədəniyyətdə bir reqressiv güc var və Freydin fikrincə, bu reqressiv güc nəticəsində sosial norma və dəyərlər, mənəvi və siyasi təyinatlar insanların təbii instinkt və maraqlarını söndürür ki, bu da onları azadlıqdan məhrum edir. XX əsrin əvvəllərində sivilizasiyanın nailiyyətlərindən, sərt sosial qaydalardan narahatçılıq keçirən, təşvişə düşən insanların halı Alber Kamyunun düşüncələri üçün əsas oldu. O, əmin olmuşdu ki, qiyamçı coşqunluq zamanı insanda qəfildən belə parlaq hissiyyat yaranır ki, qısa müddətdə də olsa, o, qadirdir. Səbrini itirən insan əvvəllər barışdığı hər şeyi rədd etməyə başlayır. A.Kamyunun “Qiyamçı insan”ı antihumanist sosial qaydalara bir etiraz idi.

 

Qeyd etmək vacibdir ki, prinsip etibarı ilə insan öz instinktlərini, ehtirasını cilovlaya, onları şüurlu şəkildə idarə edə bilər. İctimai proseslərin tənzimlənməsində və izahında mədəniyyətdən, ona uyğun transformasiyadan istifadə edilə bilər. Bunun üçün insanların təbii qüsurlarının düzəldilməsi və sosial kataklizmlərin aradan qaldırılmasının əsas vasitəsini görmək lazımdır. Mədəniyyət insanı onun təbii vəziyyətindən – “heyvanlığın”dan azad edir, onu mənən yüksəldir. Lakin bu mədəniyyət necə olmalıdır? Axı, bütün mədəniyyətlər bu cür humanist funksiyanı yerinə yetirməyə qadir deyil.

 

Cəmiyyətin müasir vəziyyətdən çıxışı radikal mədəni islahatlar, təbii dəyərlərin bərpası və cəmiyyətin humanist quruluşu sayəsində mümkündür. Elçinin hekayələrindən istər-istəməz belə nəticəyə gəlmək olar: cəmiyyətin inkişafı, onun sosial təşkilatlanması hər bir insanın maraq və tələbatına tabe olmalıdır. O zaman cəmiyyətdə etibar möhkəmlənər, insanların sosial düzənlərə və öz-özlərinə yadlaşması aradan qalxar. Təbiətlə münasibətlərin harmoniyası üçün də ciddi əsas yaranar. Əslinə baxanda – bu yol UNESKO-nun son illər dünya ictimaiyyətini fəal şəkildə dəvət etdiyi yeni humanizmin formalaşması yoludur. Açığı, bu böyük məqsədi həyata keçirmək mümkün olmasa, bir müddət sonra Yer üzündə yaşayış cəhənnəm mənzərəsini xatırladacaq. Konfliktlər, müharibələr, ekoloji kataklizmlər, iqlimin perturbasiyası gündəlik hadisəyə çevriləcək.

 

Bəşər övladının öz dəyərini anlamaması güman edilən texnoloji partlayışa səbəb olacaq ki, bu da insanın cırlaşması, faktiki olaraq əbədi monstr-transinsanın zühur etməsi ilə nəticələnəcək. Ölümün yoxluğu isə həyatın mənasının, təsəvvür etdiklərimizin, mədəni dəyərlərin yox olması deməkdir.

 

O zaman bizim planetin əhalisinə həyatın çətinliklərindən xilas olmaq üçün Elçinin qəhrəmanı butulka toplayan Əliqulu “Qızıl diş (Göy üzünün ulduzlu vaxtları)” kimi arzu etmək lazım gələcək: “Əliqulu çox istəyirdi günlərin bir gözəl günündə o əcaib-qəraib məxluqlar gəlib onu da eləcə oğurlayıb aparsınlar, aparsınlar o uzaq-uzaq yerlərə, həmişəlik aparsınlar, bir də heç vaxt kürreyi-ərzə qayıtmasın”.

 

Moskva

 

Nizami Məmmədov

525-ci qəzet.- 2014.- 12 aprel.- S.10-11.