Zahid Oruc:
"Azərbaycanda hüquqi dövlət
və vətəndaş cəmiyyəti möhkəm təməl
üzərində inkişaf edir"
Millət vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş
cəmiyyətinin mahiyyəti,
struktur və elementləri, Azərbaycanda
vətəndaş cəmiyyətinin
bərqərar olması,
bu yolda atılan mühüm addımlar, problemlər və perspektivlər, hüquqi dövlət quruculuğu sahəsindəki
irəliləyişlərin müzakirəsi təşkil
edir.
(Əvvəli ötən sayımızda)
- Vətəndaş cəmiyyətinin
mühüm elementlərindən
olan məhkəmələr
haqqında düşüncəniz
nədən ibarətdir?
Ölkəmizdə məhkəmə hakimiyyətinin fəaliyyətini
necə qiymətləndirərdiniz?
- Bu suala görə ayrıca təşəkkür
edirəm. Çünki çox vacib
məqamdır. Azərbaycanda məhkəmə
islahatları ötən
dövr ərzində
kifayət qədər
dərinə işlədi.
Bir tərəfdən
onların seçilməsinin
daha da şəffaf
əsaslarla aparılması
baş verdi,
Məhkəmə-Hüquq Şurası
adlı mühüm bir təsisat meydana çıxdı, eyni zamanda hakimlərin
təminatı, seçilmə
müddəti, həm
də ierarxiyası kifayət qədər dəqiq tənzimlənmiş
oldu. Bu gün istər Konstitusiya Məhkəməsinin, o cümlədən
Ali və Apellyasiya məhkəmələrinin, rayon məhkəmlərinin dəqiq,
yaxşı təchiz
olunmuş şəraitli
olan ünvanları
var. O cümlədən vətəndaş-hakim
əlaqələrini minimuma
endirmək, hətta sıfırlamaq üçün
müxtəlif başqa
mexanizmlər yaradılıb.
Ancaq etiraf edək, hələ də məhkəmə hakimiyyəti
vətəndaşın ən
yüksək etibar elədiyi yer deyil. Bu və
digər asılılıqlar,
şəxsi təmənnalar,
başqa xarakterli təsirlər hələ
də qalır. Halbuki dünyada müxtəlif aparıcı
ölkələr ona görə yaxşı sayılmır ki, orda hüquq pozulma hadisəsi yoxdur- belə bir dövlət mövcud deyil, ona görə yaxşı sayılır
ki, orada hər hansı bir haqqın tapdalanması halında vətəndaşın güvəndiyi
bir struktur var. O, məhkəmə təsisatıdır.
Elə düşünürəm ki,
bizdə əhalinin hər on min nəfərinə
düşən hakimlərin
sayı azdır, eyni zamanda onların
təminatı ilə
bağlı müxtəlif
təbdirlər həyata
keçirmək lazımdır.
Ən başlıcası,
yekun olaraq onların hüququn
aliliyi prinsipinə ən yüksək dərəcədə ən
müxtəlif təsirləri
neytrallaşdıraraq nail olmaq
lazımdır. Biz bunun arzusundayıq və əmniəm ki, getdikcə bu, belə də
olacaq.
- Vətəndaşın cəmiyyətini
mühüm elementləri
haqqında ayrı-arılıqda
maraqlı fikirlərinizi
qeyd edirsiniz. Daha bir gözəçarpan
element də vətəndaşın
mülkiyyəti məsələsidir.
Yəni, vətəndaşa
hörmət həm də onun mülkiyyətinə
hörmətdir...
- Mən Azərbaycan
dövlətini evtikən
dövlət hesab edirəm. Yəni, bu qədər
məcburi köçkünün,
qaçqının, şəhid
ailəsinin, Qarabağ
veteranının həyatı
ilə bağlı görülmüş işlər
çox böyükdür.
Bunu danmaq olmaz və
yüzminlərlə insan
müxtəlif ünvanlara
sahib olublar, qəsəbələr
salınıb, infrastrukturlar
yaradılıb və
sair. Bütün bunlar dövlətin
gücü ilə reallaşdırılıb. 8 milyard manatdan
artıq vəsait təkcə o sektora yönəldilib. Və deməli,
dövlət vətəndaşı
hansısa bir şəraitdə himayə
etmək, onun quruculuğunun qayğısına
qalması işini yerinə yetirib. Yəni, belə demək mümkünsə, vətəndaş
qarşısında kostitusion
öhdəliyini ortaya
qoyub. Ancaq başqa tərəfdən
mülkiyyət məsələləri
vətəndaş -vətəndaş,
vətəndaş-məmur, məmur-məmur arasındakı
münasibətlərdən keçir. Ona görə də
burada hələ ciddi problemlərimiz var. Düzdür, məxsusi olaraq dərhal dövlət mənafeyi naminə hər hansı bir obyektlərin geri alınması, geri qaytarılması məsələsində
bəzən deyirlər
ki, guya burada kompensasiya sistemi yaxşı işləmir, real bazar konyukturasına uyğun qurulmur və sair. Ancaq elə zənn
elədirəm ki, burada ən önəmli məsələ
burada bizim hamımızın bunu müqəddəs bir dəyər kimi dərk eləməyimizdir.
Biz tam anlayacağıqsa ki, qonşunun torpağına müdaxilə
etmək olmaz, onun evi üzərində
kölgə yaratmaq qanunsuzluqdur, hər hansı bir kvadrat santimetr ərazisi də onun özəl mülkiyyətidir, o halda hər birimiz udmuş olacağıq.
Təəssüf ki, biz bunu nə hələ cəmiyyət olaraq sona qədər qəbul edə bilmirik, eyni zamanda müxtəlif dövlət qurumları da bunu sona
qədər gözləyə
bilmir.
- Deməli, bu, həm də mənəvi bir məsələdir?
- Bəli, açıq demək lazımdır, bu , mental problemlərimizdir. İki qonşunun arasında çəkilmiş divarların sağa-sola əyilmələrinə baxın, o ziqzaqlar münasibətlərin güzgüsüdür, bu, özündə qonşuya münasibətimizi ifadə edir. Ona görə də mən düşünürəm ki, hər yeni icra başçısı gəlib köhnənin sərəncamlarını bir kənara tullamaqla, hansısa obyektləri sökməklə, bir sıra hallarda da orada özəl maraqlarını həyata keçirməklə biz udmuruq, uduzuruq. Mən istəyirəm ki, biz bilək: müqəddəs Qurani-Kərimdən bu yana mülkiyyət toxunulmazlığı təmin olunub. Bunu həm islam hüququ bizə tövsiyə edir, həm də real dünyəvi konstitusion hüququmuz. Biz buna zidd getməməliyik.
- Vətəndaş cəmiyyəti azad sahibkarlığın inkişafı üçün də əlverişli şərait yaradır deyə bilərikmi?
- Şübhəsiz, əlbəttə. Çox mühüm bir məsələyə toxundunuz. Sovet dönəmi totalitar quruluş sayılırdı, həm də iqtisadiyyatın dövlətin monopoliyasında olduğu dövr idi. Sovet rəhbərliyi özü müəyyənləşdirirdi ki, beşillik plan ərzində nəyi gerçəkləşdirəcək. Nə qədər pambıq sahələri olmalıdır, nə qədər taxıl əkiləcək və buna adekvat digər sektorlar kollektiv mülkiyyətlə reallaşdırılırdı. Müstəqillik dövründə kolxoz və sovxoz quruluşu ləğv olundu, indi onların yerində ölkənin büdcəsindəki rəqəmlə söyləsək, 85 faiz ümumidaxili olan, yəni, neftdən kənar vəsaitlər məhz özəl sektordandır. Bu, özü sübut edir ki, Azərbaycan zamanında mühüm qərarlar verdi və dediyiniz kimi özəl təsərrüfat sistemindən sahibkarlıq işinin genişlənməsinə real addımlar atdı. Yekun olaraq torpaq islahatı çox önəmli rol oynadı. Bilirsiniz ki, bu, hər bir inqilabi proseslərin əsasıdır. Hətta zamanında bolşeviklər də bundan faydalanmışdılar və ilk dəfə hakimiyyətə gələndə elə torpaq haqqında dekret verdilər. Düzdür, vətəndaşlara paylayacaqlarını söyləmişdilər, sonra hamısını qamarlayıb götürdülər. Elə SSRİ-nin çöküşündə də bu, mühüm rol oynadı. Düşünürəm ki, bizdə sahibkarlıq fəaliyyəti üçün ötən illər ərzində çox mühüm işlər görülübdür. Bunların fəaliyyətinin əsasları, müxtəlif mühüm dövlət kreditləri və sair kimi məsələlər gerçəkləşdirilb. Ən önəmli məsələ bu zaman belə bir məqamı nəzərə almağımızdır ki, sahibkarlıq işində bir neçə tərəf var. Yəni, özəl fəaliyyəti aparan istəyir ki, daha çox varlansın və vergi öhdəliklərini yerinə yetirməsin, dövlətin təsisatları isə çalışır ki, onları hansısa bir hüquqi məcraya gətirsin. Bu zamansa, mütləq mənafelərin ziddiyyəti özünü göstərəcək. Azərbaycanda sahibkarlığın fəaliyyətinə mənfi təsirlər olub. Artıq, şükürlər olsun ki, bu proses müəyyən mənada azalmaqdadır. Həm də son illər müxtəlif o yoxlamalar, hansısa xarakterli nəzarətlərin azaldılması, onun bir hüquqi reyestrinin yaradılması yönündə də işlər görülüb. Həmçinin də antikorrupsiya tədbirləri çərçivəsində də həyata keçirilən siyasət müəyyən mənada bu sferada bir durum formalaşdırıb. Ölkə rəhbəri həmişə sahibkarlara böyük önəm verib, səfərlərində onlara görüşüb bu məsələlərə toxunub, o cümlədən müşavirələrdə də bu məsələlərdən geniş bəhs edilib. İnanıram ki, qarşıdakı dönəmdə "məhz sahibkarlıq ölkənin büdcəsini və gələcəyini müəyyənləşdirir" rəyi hamı tərəfindən qəbul olunacaq.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 15 aprel.- S.6.