Xaricdə dövlət xətti ilə oxuyub qayıdan tələbələr gənclərin milli-mənəvi tərbiyəsində xüsusi missiya daşıyır

 

 Azərbaycan gəncliyinin savadlı, bilikli, geniş dünyagörüşünə malik olması dövlətin də, cəmiyyətin də istədiyi, arzu etdiyi məsələdir. Gənclərin mükəmməl təhsil alması üçün respublikamızda geniş imkanlar yaradılıb. Xüsusi istedadı və biliyi olan gənclərin isə ölkə hüdudlarından kənarda təhsil alması halları da mövcuddur.

Hər kəsə məlumdur ki, Azərbaycan gəncliyinin problemlərinin həlli istiqamətində ölkə hakimiyyəti mütəmadi olaraq bir sıra addımlar atır. Dövlətin imkanları artdıqca, bu istiqamətdə diqqət də günbəgün yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsini nəzərdə tutan qərarlar deyilənlərə əyani sübutdur. Sözügedən proqram bir daha ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Təhsil eksperti Rizvan Əliyev bizimlə söhbətində bildirdi ki, bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da gənclər və digər şəxslər xaricdə təhsil almağa can atır. Onun sözlərinə görə, ümumilikdə xaricdə təhsil almaq istəyənlərin əsasını gənclər təşkil edir":Sevindirici haldır ki, Azərbaycan gəncliyi dünyaya inteqrasiya edir. Gəncliyin normal formalaşması, intellektual təbəqənin yaranması, dünyagörüşünün formalaşması üçün gənclərin xaricdə təhsil alması vacib məsələlərdən biridir. Bu baxımdan da dövlət bu kimi məsələləri nəzərə alaraq gənclərin xaricdə təhsil alması üçün rahat şərait yaratdı. Məlumat üçün qeyd edim ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" layihəsi həyata keçirilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli, 1746 nömrəli Sərəncamı imzalanıb. Sözügedən sənədə uyğun olaraq "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub. Artıq 5 il ərzində 1000-ə yaxın gənc bu proqram vasitəsilə xaricdə təhsil alır. Bu gənclər arasında artıq xaricdə təhsilini bitirib Azərbaycana geri dönənlər də var, hazırda təhsilini davam etdirən tələbələr də. Dövlət hesabına xaricdə təhsil almaq gənclər üçün ən böyük şanslardan biridir. Çünki bu həm də elmə qoyulan kapitaldır. Qloballaşan dünya ilə ayaqlaşmağın yollarından biri də elmə qoyulan sərmayədən keçir. Dövlət siyahısında, demək olar ki, dünya ölkələrinin bir çox nüfuzlu universitetləri var. Bütün qitələrdən olan ölkələrdən universitetlər siyahıya salınıb. Bu baxımdan gənclər dünyanın, demək olar ki, istənilən universitetində dövlət hesabına təhsil ala bilər. Dövlət siyahısında tələbələr üçün dünyanın ən reytinqli universitetlərində təhsil almaq imkanı yaradılıb. Belə ki, Oxford Universiteti, Kembridge Universiteti, Oslo Universitetis. universitetlərdə təhsil almaq istəyənlər Dövlət Proqramından yararlana bilər. Kifayət qədər geniş imkanlar mövcuddur ki, bu da gənclərin seçim imkanlarının artmasına xidmət edir".

R.Əliyevin dediyinə görə, təqaüd verilən zaman tələbənin hansı ixtisas üzrə təhsil alacağı mühüm məsələlərdən biridir. Onun sözlərinə görə, hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra ixtisaslar üzrə maliyyə ayrılır. Əsasən bu gün Azərbaycanın ehtiyacı olan ixtisaslar üzrə təqaüd verilir: "Təhsil Nazirliyində hər il prioritet ixtisaslar elan olunur və həmin ixtisaslar üzrə təhsil almaq istəyən tələbələrə təqaüdlər verilir. Məsələn, dəqiq elmlər sahəsi həmişə prioritet ixtisas kimi siyahıda olur. İnformasiya texnologiyaları 2007-ci ildən Təhsil Nazirliyinin prioritet ixtisasları sırasında yer alır. Təbii ki, müasir dövrdə bu sahəyə ehtiyac nəzərə alınaraq əsas ixtisas kimi götürülüb. Bu sahə üzrə Azərbaycanda təhsil alan tələbələr var, amma xaricə getmələri onun üçün vacibdir ki, bilikləri daha dərindən əldə etsinlər və Avropa standartlarına uyğun olan metodları Azərbaycan informasiya texnologiyaları sahəsində tətbiq etsinlər. Digər tərəfdən, Azərbaycan neft ölkəsi olduğundan, bu sahə proqramda diqqət mərkəzindədir. Mövcud reallıq elədir ki, bir çox dünya ölkələrində bu sahənin əhəmiyyəti var, əsasən də nefti olan ölkələrdə. Həmçinin, proqramda tibb sahəsinə də önəm verilməsi arzuediləndir. Çünki adıçəkilən sahə həmişə irəlidə gedən ixtisaslardan biri olub. Azərbaycanda bu sahədə yeni, bilikli, ən müasir texnologiyaları işlətmə gücünə malikdünya təcrübəsindən istifadə edə biləcək kadrlara ehtiyac var. Ən nəhayət, riyaziyyata verilən önəm çox doğru qərardır. Çünki bu, dünyanın bütün təhsil sistemlərində ehtiyac duyulan sahələrdən biridir. Təsadüfi deyil ki, riyaziyyatı dəqiq fənlərin şahı adlandırırlar. Çünki riyaziyyatı bilmədən digər dəqiq fənləri bilmək problemdir. Bütün bunlar heço demək deyil ki, digər bir sıra sahələr kölgədə qalıb. Mühasibat uçotu, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatı, mühəndislik ixtisaslarına da önəm verilib. Onu da qeyd edək ki, sözügedən proqram çərçivəsində 5 min tələbənin xaricdə təhsil alması qarşıya məqsəd qoyulub. Bütün bunlarla yanaşı, bir şeyiunutmaq olmaz ki, xaricdə dövlət xətti ilə oxumaq istəyən gənclər arasında ciddi seçim olmalıdır. Elə gənclər olmalıdır ki, gedib xaricdəki dəbdəbəli həyata meyl göstərib, onu təhsildən üstün tutmasın. Eyni zamanda, vətəndaşlıq hissiyyatını unutmasınlar. Unutmasınlar ki, onlar azərbaycanlıdır. Unutmasınlar ki, ölkənin gələcəyi üçün onların fəaliyyətinə böyük ehtiyac var. O zaman onların faydası böyük ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın özündə də bəzi xarici ölkələrdən gəlmiş müxtəlif ixtisaslar üzrə təhsil alan gənclər var. O üzdən, burada təkrarlanmaya yol vermək lazım deyil. Bir də, gənclərin milli hisslərinin, duyğularının qorunub saxlanmasına diqqət göstərmək lazımdır".

Ekspert dedi ki, bu kimi məqamlara xüsusi diqqət yetirmək vacibdir. Onun qeyd etdiyinə görə, bunun üçün də gənclərimiz xaricdə təhsil almalıdır. Yaxşı təhsillə yanaşı, milli mentalitetə, təəssübkeşliyə bağlılığı da qoruyub saxlamağın vacib olduğunu deyən R.Əliyev bildirdi ki, hər hansı bir gənc, nə qədər savadlı olsa da, milli təəssübkeşlik, vətənpərvərlik hissi olmasa, o şəxsin gələcəkdə mütəxəssis kimi yetişməsinin də bir əhəmiyyəti olmayacaq: "Ona görə də mütləq sözügedən faktlar, amillər nəzərə alınmalıdır. Bunun üçün də təkcə gəncləri xaricdə oxumağa göndərməklə bitmir. Onlarla bütün təhsil boyu işləmək lazımdır. Gənclərə başa salmaq lazımdır ki, onlar Azərbaycana gərəkdir. Ölkənin iqtisadiyyatının, mədəniyyətinin inkişafında nə kimi rol oynaya biləcəklərini gənclərə göstərmək lazımdır. Gəncləri hərtərəfli şəkildə hazırlaya bilsək, o zaman milli mənlik şüurunun dərk olunmasında, vətənpərvərlik hisslərinin güclənməsində ciddi çətinliklərlə üzləşməyəcəyik".

Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin Azərbaycan gənclərinin milli mənlik şüuru və vətənpərvərlik hisslərinin inkişafında böyük rol oynadığını deyən ekspertin sözlərinə görə, dövlət xətti ilə xaricdə təhsil təqdirediləndir. Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov "Bakı-Xəbər"in əməkdaşı ilə söhbətində mövzuya ətraflı izah verib. Onun sözlərinə görə, son vaxtlar dövlətin bu istiqamətə diqqət artırmasının mühüm üstünlükləri var. Ç.Bayramovun sözlərinə görə, dövlət xətti ilə xaricdə təhsil alan hər bir azərbaycanlı tələbə hiss etməlidir ki, fərd olaraq bir dövləti təmsil edir: "Mənim özüm də xaricdə təhsil almışam. Həmin vaxt insanda Vətənə bağlılıq daha da artır, milli hisslər güclənir. Bu səndən asılı olmayaraq mühitin təsirindən baş verir. Tələbələr təhsil aldığı ölkədə gördüyü inkişafın öz ölkəsində də olmasını istəyir, yeniliklərin vətənində tətbiqi barədə düşünür. Bu da milli şüura, Vətənpərvərlik hisslərinə bağlı olan bir məsələdir. Hətta düşdüyü xarici mühitdə gəncin ölkəsinə qarşı antipatiya varsa, bu da gənclərin inkişafına səbəb olur. Həmin gənc qarşılıqlı arqumentlərlə çıxış etmək üçün öz ölkəsinin tarixini, mədəniyyətini daha dərindən öyrənməyə başlayır".

Amerika təhsilli Fərid Zamanlının dediyinə görə də, dövlət xətti ilə xaricdə təhsilin üstünlüyü çoxdur. Onun dediyinə görə,həmin tələbə arxasında böyük bir dayağı - dövləti hiss edir. F.Zamanlının dediyinə görə, xaricdə təhsil alan hər bir azərbaycanlı gənc geriyə Vətən sevgisi ilə qayıdır": Bizim işimiz onlara yaxşı qayğı göstərməkdən ibarət olmalıdır. Şərt o deyil ki, onların hamısı məhz dövlət aparatında işlə təmin edilsin. Belə gənclərə olan qayğı digər gənclərin də milli şüuruna, vətənpərvərlik hisslərinə mühüm təsir edir. Cənab Prezident daim gənclərə dəstək verməyi tövsiyə edir. Xaricdə təhsil alan gənclərin də ən böyük arzusu öz ölkəsinə ixtisaslı kadr kimi xidmət etməkdir".

Müsahibimizin sözlərinə görə, Azərbaycan dövlətinin bu qədər problemləri ola-ola gənclərin xaricdə təhsilinə xüsusi önəm verməsi yalnız alqışlanmalıdır: "Bildiyimiz kimi, Prezident İlham Əliyevin imzası ilə 2007-2015-ci illəri əhatə edən, gənclərin xaricdə təhsil almaları ilə bağlı Dövlət Proqramı qəbul edilib. Düşünürəm ki, həmin proqram layiqincə həyata keçirilir. Perspektivdə bu istiqamətlə bağlı təklifimiz ondan ibarətdir ki, hər bir xarici dövlətdə olan səfirlərimiz tələbələrlə görüşüb onları lobbiçilik fəaliyyətinə cəlb etməlidir və onların işlərini koordinasiyada saxlamalıdır. Gənclərlə işləyən QHT-lər də xaricdə təhsil alan gənclərlə aktiv işləməlidir. Həmin gənclərin Azərbaycan üçün nə qədər önəmli olduğu onların özünə lazımi şəkildə çatdırılmalıdır. Hətta hansısa ölkədə tək təhsil alan bir azərbaycanlı tələbəni də unutmaq olmaz. Bir sözlə, dövlət xətti ilə xaricdə təhsil alan tələbələrə göstərilən qayğının onların vətənpərvərlik hisslərinə çox böyük təsiri var".

 

 

İradə SARIYEVA 

 

Bakı xəbər.-2014.-15 aprel.-S.15.