"Çırpdım söz qanadımı" Yusif Nəğməkar üçün və yaxud, poeziyanın söz ətri...

 

Şair Yusif Nəğməkarın bir neçə kitabı qarşımdadır... İlk olaraq onun "Bəsirət gözəli" (2012) kitabını vərəqləyirəm. "Bəsirət gözü" anlayışı məlum-məşhur anlayışdır, amma "bəsirət gözəli" anlayışına ilk dəfə idi ki, rast gəlirdim. Bəri başdan deyim ki, Yusif Nəğməkar axtarıcı qələm əhlidir, yeniliyi, orijinallığı sevəndir və onun ədəbi dilimizə gətirdiyi xeyli belə, yeni, təzə, "qayçıdan çıxma" anlayışlar, obrazlar, bənzətmələr, ifadələr, hətta arxaizmlər, tarixizmlər mövcuddur. Və mən bunu sözarası xatırlatdım.

Bu kitab müəllifin şəkilaltı verdiyi bu misralarla açılır, özü də şairin öz xəttində, altında da öz imzasıyla (bunun da mənası var) :

Ömür azdır, lap yüz de;

Tanrı yarı bölməsin!..

Diriykən elə söz de,

Ölümünlə ölməsin.

Sonra onun digər kitablarını da vərəqlədim, oxudum, onun söz dünyasına, şeir aləminə, duyğular dənizinə daldım... Və gördüm ki, bu bənddə, bu misralarda deyilən mətləb onun poetik amalı, bədii-estetik kredosudur... O, ölümsüz söz eşqiylə yaşayır, yaradır...

Necə ki, onun şair babası, XII əsrin ən ünlü klassiklərindən olan Mücirəddin Beyləqani də aran yerinin susuzluğunu təbinə təşbeh etmişdi və bu sözləri özünə amal seçmişdi:

"Zamanla kərtənkələ olub keçinnəm susuz,

Abırımı tökmərəm, yaşamaram duyğusuz.

Su təbimin odunu söndürüb qoysa minnət,

Susuzluqdan ölərəm, suya baxmaram, əlbət."

Müasir Azərbaycan ədəbiyyatının - poeziyasının tanınmış, zəhmətkeş və fədakar nümayəndələrindən biri, hər bir əsəri ilə hadisəyə çevrilən, "təbinin odunu söndürəcək" hər şeyə qarşı çıxan, özünəməxsus, "minnətsiz" şair ömrünün daşıyıcısıdır Yusif Nəğməkar...

Bir də, onu deyə bilərəm ki, bəzi "yenilikçi" yazarlardan fərqli olaraq, ədəb-ərkana ciddi fikir verən qələm sahiblərindəndir, o!.. İntim çılpaqlığı, bayağı ehtirasçılığı bilmərrə sevməz. Kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var Yusifin əsərlərində. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır, təbiidir. İki üslubun qovuşuğunda gerçəkləşir onun fikirləri, duyğuları...

O, canında azərbaycançılıq yanğısı daşıyır. Nə qədər səbirli, təmkinli olsa da, yeri gələndə bir çınqıya bənddir ki, o yanğının alovunu görəsən. İstər şeirlərində, istər söhbətlərində, istərsə də sinəsinə basdığı sazın "Yanıq Kərəmi"sində!! Bu baxımdan, Yusif Nəğməkar, yeni təbircə - Vətənkeş şairdir!!

Yusif Nəğməkar axtarışda olan, günbəgün, ilbəil böyüyən şairdir. Onun qələmindən çıxan sözlər, duyğular 37 ildir ki, böyüyə-böyüyə böyüyür, inkişaf edir, dəyirman atı təkin dairə boyu hərəkət etmir, Alapaça təkin söz cıdırında üfüqlərə doğru şığıyır... Özü də torpağa, Vətənə, insana qədir-qiymət yükü daşıyır... Onun şeirləri həyati məna yükü ilə yüklüdür, uyumludur, duyumludur... Onun poeziyasının hərarətində, yovşan ətrində, qoxusunda Vətən, Vətəndaş - İnsan və torpaq yaşayır!.. Onun öz təbirincə desək: "Qələmin səsinin diapozonu xalqın səsinin diapozonuna uyğun olanda, o səs ictimailəşir və insanlar sevinəndə də, kədərlənəndə də, düşünəndə də, mübarizə aparanda da, o səsi dinləməyə ehtiyac duyurlar."

O qənaətdəyəm ki, Yusif Nəğməkarın sözü, şeiri belə bir ehtiyacdan yaranır...

Yusifin ciyərlərində dağ havası, öz təbirincə desək, "sözünün səsində" çay, şəlalə şaqqıltısı, ayna bulaqların zümzüməsi bərqərardır. Təbinin saflığı da ömrünün bir hissəsini (uşaqlıq və yeniyetməlik çağlarını) qoynunda keçirdiyi əzəmətli Kiçik Qafqaz silsilə dağlarından qaynaqlanır...

Onun şeirlərində millətin qarabaxtına çevrilmiş Qarabağı (Təkcə Qarabağmı? Göyçə, Zəngəzur, Vedi, İrəvan çuxuru - bütün Qərbi Azərbaycan...) ürəklərdə əbədi yaşada biləcək hisslər, duyğular tərənnüm olunur. İnsanı ötəri, müvəqqəti yurda bağlayan heç nə bu şeirdə anılmır. Yalnız uzunömürlü, insanlığı qürrələndirən və onu yaşadan dəyərlər, poeziya naxışlarına, ilmələrinə dönərək Qarabağ xalısı toxuyur, şeir şəklində həqiqi mənəviyyat hadisəsi kimi üzə çıxır. Şeir insanı həm itirilmiş yurd üçün ürəkdən göz yaşı tökməyə, həm də haqsız, nankor, namərd, qəddar düşməndən tezliklə bu yurdun intiqamını almağa səsləyir. Qarbağa uzanan yola, ağ arzuya dönür.

Milləti, xalqı ruhdan düşməyə poetik duyğuları ilə sipər çəkən, çadır şəhərciklərini döyüş səngərlərinə daşımaq istəyən Yusif Nəğməkar Qarabağın mədəniyyət beşiyi Şuşa haqqında çox şeir yazıb. Bu şeirlərin hər biri məhəbbətlə, sözün həqiqi mənasında, Vətənini yurdunu sevib-oxşayan bir insanın ən gözəl duyğuları ilə süslənib.

Dünyamızı ah götürüb,

Çox zülmü Allah götürüb...

Ahlarım silah götürüb,

Basılacaq qoşun dərdlər.

Gəlin, bu misralara heyranlığımızın səbəbini açıqlayaq; "ah" və "dərd" kəlmələri yaxın, oxşar mənanın ifadəçiləri olduğu halda, onların özünü belə, müəllif qarşı-qarşıya qoymaqla ah silahıyla qoşun dərdləri basmağın mümkünlüyünə bizi inandıra bilir. Bu, sehrkarlıq, ustadlıqdır! Daha başqa bir yozuma ehtiyac qalmır!

Xoşa gələn cəhətlərdən biri də budur ki, onun hər hansı şeirində düşüncənin təzyiqinə məruz qalması hiss olunmur. Şeirləri rəvan və oxunaqlıdır. Ən aydın , duru, sadə, sadə olduğu qədər də hikmətamiz xalq ruhundadır. Bu şeirlərdəki bəndlər asanlıqla, cəmi bir-iki dəfə oxunmaqla yaddaşa köçə bilir. Həmçinin məni qane edən bir cəhət də, budur ki, şair görünənləri tamam fərqli anlayır, fərqli qəbul edir və ən ümdəsi, bu fərqliliyi fərqli bir tərzdə təqdim edə bilir.

Yusif Nəğməkarın şeir, poeziya aləmində min illərdən bəri tərənnüm olunan sevginin, məhəbbətin özünün də özünəməxsus, özünün olan çalarları mövcuddur. Onun şair fəhmilə dediyi "Sevgim mələklər yuxusu" obrazı, ifadəsi fikrimə əsas verir. Məsələn, Yusif "Sənin gözəlliyin nəyimə gərək" şeirində olduğu kimi sevgili (saxtakar və etibarsız) obrazına tamamilə başqa bir bucaqdan baxmağı bacarır:

Hər an işıldayıb Aylanan gözəl,

Sənin gözəlliyin nəyimə gərək?!

Dəmadəm yüz yerə paylanan gözəl,

Sənin gözəlliyin nəyimə gərək?!

Bu əda yanlışdır, ya da yalandır,

Axırı əvvəldir, əvvəli sondur.

Madam gözəllik on, doqquzu dondur,

Sənin gözəlliyin nəyimə gərək?!

Bu şeir insanın mənəviyyat aləminə təzə bir baxışdır. Şair gözəlliyi gözdən salanlara qarşı çıxır, mənəviyyat pozğunları hər cür gözəllikdən məqsədləri üçün istifadə edəndə insanın, insanlığın özünə zərbə dəyir, "gözəl görsənən" gözəlliyə çevrilmir, gərəksiz, çirkin bir şeyə dönür:

...Ey ulu gözəllik, sənin balanam,

Sanma gözəlliyi gözdən salanam.

Əsl gözəllərdən ilham alanam!..

Sənin gözəlliyin nəyimə gərək?!

Mənim qənaətimə görə, şair öz şeirinə, şeiri isə şairin özünə oxşayır. Yusif Nəğməkar da istedadlı bir şair kimi yaradıcılığı ilə bu postulatı təsdiqləyir. Elə ona görə də, pafossuz-zadsız "Mən vətənə oxşayıram" - deməyə onun haqqı çatır!

Doğrudan da belədir, Vətəninə oxşamayan şairi, loru dildə deyəsi olsaq, apar qaytar. Yusifin şeirlərini oxuduqça, kitablarını vərəqlədikcə, aşkar gördüm ki, Yusif Nəğməkar "Mən Vətənə oxşayıram" şeirində olduğu təkin bütün mənəviyyatı ilə Vətəninə-Azərbaycana oxşayır və bu şeirində o Azərbaycanın dərd yükünü poetik şeir bükümünə çevirib:

Gözlərimdən həsrət baxır,

Mən Vətənə oxşayıram.

İçimdən qara qan axır,

Mən Vətənə oxşayıram.

Bənzərimdir yaz-qış bir az,

Otu bir az, daşı bir az...

Alnımın qırışı - Araz,

Mən Vətənə oxşayıram.

Bu qəbildən şeirlərində Yusif Nəğməkar Beyləqaninin lirik "mən"i özünəməxsus poetik həssaslığı ilə diqqəti çəkir. Bu da təsadüfi deyil, şair fitrətinin mühüm əlamətlərindəndir. Yusif Nəğməkar fitrətən şairdir və onun emosional duyğular axarı həmişə ictimai mühitə yönəlik olduğundan istər fərdi, istər təbiət, istərsə də cəmiyyət hadisələrindən nəşət edən duyğuları həmişə dinamik, fəal münasibətdə, hərəkətdə olur. Onun şeirlərindəki lirik dinamizm və romantik dalğalanma, havacat, ovqat da buna bağlıdır, buna yönəlikdir. Onun poetik obrazlarının hərəkətveici gücü-qüvvəsi özünün könül çırpıntılarından enerji alaraq lirik söz döyüntülərinə çevrilir.

Belə baxanda şeirin məlum, ənənəvi bir obrazlar sistemi var və şairlər bu sistemdən həmişə istifadə edirlər. Lakin bu sistem istedadlı şair qələmində yeniləşir, təzələnir, təravətlənir. Bu ondan irəli gəlir ki, istedadlı sənətkar bu obrazlara hələ işlədilməmiş yeni məna çalarları verir, onları yeni situasiyada işlədir...

Şeirin cazibəsi onun ifadə sadəliyindən, obrazlılığından, ahəngdarlığından, ritmikasından çox asılıdır. Bu məsələ hər şairdə alınmır. Yusifdə isə bu baş tutur. Onun sözlə davranış tərzi, bəli, məhz davranış tərzi mövcuddur. Elə bil o bir şair kimi sözlə, söz də bir şair kimi onunla dil tapır, bir-birlərini qəribə bir tərzdə duyurlar. Başqa sözlə, Yusif Nəğməkar sözə ehya verməyi bacarır, onun yeni məna çalarlarını, yeni ifadə tərzini tapır, lakonik təşbih və ibarələrdən istifadə edir, sözə yeni, ibrətamiz, heyranedici poetik yozumlar verməyi bacarır...

Qeyri-adi poetik ümumiləşdirmələr aparır, yeni məna yozumları əldə edir... Elə bu sənətkarlıq meyarlarına görə də, Yusif Nəğməkarın lirikasının əksər nümunələri "ovqat", əhval-ruhiyyə, həm də düşüncə lirikasına çevrilir, təsirsiz ötmür, "Daş yağışı" şeirində olduğu kimi. Burdakı "daş" obrazı Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun təxəyyülündə daşlaşan obrazın uğurlu, yeni yozumda, bənzərsiz davamıdır:

Başları daşa tutarlar,

Tutqu üşənmək üçündür.

Daşı daşlığa atarlar,

Baş ki, düşünmək üçündür.

...Göy kişnər daş harayından,

Bulud gözdən yaşlar yağar.

Ömrün qəflət sarayından,

Başımıza daşlar yağar...

Bu mənada Yusif Nəğməkarın şeirlərində daxili bir yanğı, daxili bir enerji onu həmişə dediyim ovqat səviyyəsində izləyir... Onun şeirlərinin axarında yolu yarpızlı, dumduru bulaqların şırıltısını, yovşanlı düzlərin meh dolu hənirtisini, Aran düzlərinin səmasında nizamla havalanan durnaların qaqqıltılı avazını, Xəzərin mavi ləpələrinin pıçıltısını, Salvartının, Qırxqızın, Dəlidağın zirvələrində, yamaclarında, dolaylarında qartal qanadlarının şaqqıltısını, Haramı düzündəki ceyran balalarının mələrtisini, bir-birini əvəz edən rəng çalarlarını duyur, hiss edir, hətta görə bilirik...

Yusif Nəğməkar dünyanın gərdişinə heyrət, sevginin sirrinə heyran, insanın insanlığına vurğun olduğu qədər də təbiətin dilinə bələddir. Şairin Musa Yaquba həsr etdiyi "Tale köhləni" şeirindən aşağıdakı misralara fikir verin:

Meşəli yamacda əlik mələdi,

Bir misra uzandı o səs boyunda.

Kəklik qaqqıltısı şirin halədi;

Boynuna dolanıb otun, suyun da...

Kükrəyən təbinin qurtarmaz işi;

Atlaz yəhərinin gül quşqunu var.

Odlu ürəyinin günəş atəşi,

Soyuq baxışının qar uçqunu var...

Yarpaq vərəqlərin önündə dayan,

Yaşıl yazılardı gözə dəyəsi.

Fidan qələmlərdir tumurcuqlayan;

Ucunda yüz fikir çiçəkləyəsi...

Cəmi, adda - budda üç bəndini misal gətirdiyimiz nisbətən iri həcmli bu şeiri oxuyub axıra çatdıqdan sonra yeni bir qənaətə gəlirik: Təbiətə təbiətən bu qədər yaxın olan Yusif Nəğməkar anlam, düşüncə, yozum təbiətinə görə də birmənalı olaraq orijinal şairdir, düşünən və düşündürən şairdir.

Sözün yaxşı mənasında, Yusif Nəğməkarda həyata, ətrafa, mühitə hər şairə nəsib olmayan bir heyranlıq, bir vurğunluq mövcuddur. O, ətrafında baş verən hadisələrə, gördüyü həyati detallara - çiçəyə, ota, qayaya, daşa-quşa heyran-vurğun şair gözü ilə baxmağı bacarır, heç kimin görmədiyini görür, heç kimin duymadığını duyur və ən ümdəsi, bunları təbii axarı ilə şeirinə gətirməyi bacarır... Bu həmin vurğunluqdan və heyrətdən irəli gəlir... Dediyim heyrət və vurğunluq olmasa, o da hamının gördüyünü görərdi, hamının bildiyini bilərdi, hamının dediyini deyərdi, olardı hamı kimi...

Şair hamı kimi olanda, o şair olmur...

Yusif Nəğməkarın poetik yaradıcılığında diqqətimi cəlb edən əsas xüsusiyyətlərdən biri də onun şeirlərindəki nikbin, mojor ovqatdır. Lap ən minor vəziyyətdə də, o bir mojor not taparaq ovqatı dəyişə bilir...

Məşhur "Uşaq və buz" şeirindən sonra uşaqlar üçün yaddaqalan şeir yazmaq çox çətin və məsuliyyətlidir və qələm əhlindən xüsusi istedad tələb edir. Yusif Nəğməkarın dilinin sadəliyi, axıcılığı, aydın məntiqinin çevikliyi, anlaşıqlılığı onun uşaqlar üçün yazdığı şeirlərində qabarıq şəkildə nəzərə çarpır. "Qələm səsi" kitabının dördüncü fəsli "Bal dadı" adlanır. Doğurdan da uşaqlar, körpələr cəmiyyətimizdə və ailələrdə dilimizin bal dadıdır. Yaxşıdır ki, şairin uşaqlara həsr etdiyi bu bölmədəki şeirlər maarifləndirici missiya daşıyır. Uşaqlar həmin şeirləri oxuyub əzbərləməklə həm nitqlərini inkişaf etdirir, həm də yaş xüsusiyyətlərinə uyğun informasiyalar əldə edirlər. Götürək "Çəmən" şeirini. Bu şeir şairin təbiətə bələdliyinə və bu aləmin uşaq təfəkkürünə sənətkarlıqla uyğunlaşdırılmasına əyani sübutdur:

Bura yaşıl çəməndir,

Yağış altda çiməndir.

Bura yaşıl çəməndir-

Qərənfil, yasəməndir.

Lalə, nərgiz xalıdır,

Günəş qızıl şalıdır,

Bahar atdığı zər-

Ağqanad kəpənək

lər.

Saçı-saçaqlı bağı,

Xəfif külək-darağı.

Cığır-gümüş kəməri,

Bulud baş çalmasıdır,

Şırran-əl çalmasıdır.

Al şəfəqlər-sevinci,

Çiçəklər-gülüşüdür.

Çəmənlər-təbiətin

Dünyaya gəlişidir.

Yusif Nəğməkarın"Çingiz çini", "Vəslin edamı", "Zal ağacı", "Ah-Naz - Şahnaz", "Şər Şənbə" poemaları onun epik təfəkkürünün imkanlarının ürəyəyatan sədalarından xəbər verir və bu istiqamətdə onun yaradıcılıq imkanlarının gələcəkli olmasının əks sədalarıdır...

Bu poemaların bir çoxu haqqında Yusif Nəğməkar Beyləqaninin qələm dostları, tanınmış alimlər, tənqidçilər söz söyləmiş, boy-boylamış, xoş təəssüratda olmuşlar. Bunun da səbəbini onda görürəm ki, Yusif Nəğməkar bu poemalarında real gerçəklikdən götürdüyü mövzuları qələmə almış, bu poemaların qəhrəmanları da həyatda yaşamış, real qəhrəmanlardır, daha doğrusu, Yusif Nəğməkarın qəhrəmanına çevrilmiş, amma onun müasirləri olan insanlardır.

Məsələn, "Çingiz Çini" poemasının qəhrəmanı ən azı əfsanəyə çevrilmiş, əsər bütün fəaliyyəti qəhrəmanlıqlar səhifələrindən ibarət jurnalist-publisist, tele-reportyor Çingiz Mustafayevə həsr edilib. Poemaya "Çingiz-Çini" vətənpərvərlik "yuxusunun" çin olan mərtəbəsi" ön sözünü qələmə alan tənqidçi - ədəbiyyatşünas alim, Akademiyanın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov haqlı olaraq yazır: "Etiraf etmək lazımdır ki, hər bir azərbaycanlının dəfələrlə gördüyü həmin əyani, sənədli (və tarixi!) görüntülərdən sonra Çingizin nəinki bədii, hətta publisistik obrazını yaratmaq da çox çətindir. Ancaq mənə elə gəlir ki, Yusif Nəğməkarın "Çingiz çini" poeması xeyli dərəcədə obyektiv olan bu təsəvvürü aradan qaldırır. Çingizin ilk baxışda emosional, impulsiv görünən qəhrəmanlığının epik mahiyyətini (həqiqətini!) aşkara çıxarır. Şair, hər şeydən əvvəl, Çingizi yetişdirən ailə mühitinin xarakterindən danışır, onun timsalında Azərbaycan insanının azadlıq, müstəqillik duyğularının "genotip"inə enir və nəticə etibarilə, Çingiz Mustafayevin təbiətindəki çılğın, üsyankar mübarizliyin milli-tarixi məzmununu müəyyənləşdirir".

Onun "Zal ağacı" poemasının qəhrəmanı da belədir, real həyatda yaşayan zəhmət adamıdır, təbiəti müdriklikdən yoğrulmuş çoban Zal kişidir. Necə Səməd Vurğunun Bəstisi, Sarvanı, Manyası... Yusifin qəhrəmanı da belədir. Müəllifin özü belə yazır: "Cəbrayıl rayonunun tərəkəmə elatı Xələfli kəndinin hünərvər oğlu, hər gecə üzü qibləsi Xələfliyə sarı yatan, sübh çağı gözünü açanda ön kəlməsi Xələfli olan müdrik el ağsaqqalı Zalov Zal Əziz oğluna və onun simasında Qarabağdan - doğma yurd-yuvalarından zorla didərgin salınmış soyadlarımıza həsr edirəm".

"Zal ağacı" poeması bu kövrək, amma olduqca düşündürücü, mənalı misralarla başlayır:

Bəllidir taleyim, bəxtim dünyaya,

Neyçün şimşək olub çaxa bilmirəm?!

A kəndim, gözündən baxdım dünyaya,

Dünyadan gözünə baxa bilmirəm.

Poemaya ön söz əvəzi yazan akademik Teymur Bünyadov bu məqaləsini haqlı olaraq "Kişilik qalar" adlandırıbdır. Doğrudan da, Yusif Nəğməkar çoban Zalın şəxsində qalaya dönən, mentallığın daşıyıcısına çevrilən azərbaycanlı kişisinin obrazını yarada bilmişdir. Bu cür kişilərin hərəsi bir qaladır, özü də əbədi qalan qaladır! Hər halda, bunu Yusif Nəğməkar belə təqdim edir...

Şeir, poeziya, musiqi - saz-söz, qələm Yusif Nəğməkar Beyləqaninin tale yazısıdır, alın yazısıdır. Onun kitabının birinin "Alın yazısı" (2004) adlanmasını da mən təsadüfi hesab etmirəm. Çünki elə nəsnələr var ki, o alın yazısına çevrilməyəndə bu dünyada əllərin də, ürəyin də boş qalır! Yusif Nəğməkar bu sarıdan bəxti gətirmiş ziyalıdır, qələm əhlidir. Onun əli də, qəlbi də doludur, özü də limhalim doludur! "O, hadisələrə, gördüyünə fəlsəfi yanaşmağı bacarır. Fəlsəfi mənanı tapmaq və onu şeirləşdirmək hər şairin işi deyil! Bu, şairliyin birinci əlamətidir. Yəni, şair onu əhatə edən mühitə fəlsəfi gözlə baxır və onun daxili mənasını açmağı bacarır. O, baxmır, görür. Bax, bu mühüm məsələdir şairlikdə." (Xalq şairi Bəxtiyar Vahabzadə.)

Yusif Nəğməkar zərifliyi qoruyan şairdir. Onun üslubunda, şeirlərinin nüvəsində meditativlik həmişə üstünlük təşkil edir və fikrin profanasiyası ilə ruh məbədgahının ətrafında dolaşmağı bacarır. Bu keyfiyyətlər onun yaradıcılığına şəxsiyyətindən süzülüb gəlir. Belə olmasaydı Bəxtiyar Vahabzadə kimi bir poeziya azmanı, insan sərrafı bu qədər məhəbbətlə gerçəyi yazmazdı:

"Mən bu tanıdığım müddət ərzində Yusifdə şairliklə yanaşı, ilk növbədə nəciblik görmüşəm, insanpərvərlik görmüşəm, sədaqət görmüşəm, insana xas olan ən gözəl keyfiyyətləri mən Yusifdə görmüşəm. Ona görə mən bu cavan şairi çox istəyirəm!"

Mənə də elə gəlir ki, təkcə Yusif Nəğməkarı tanıyanlar deyil, onun poeziyasının sehrinə düşənlərin hamısı bu kəlmələrin altından ürəklə, inamla imzasını qoyarlar!..

Yusif Nəğməkarın və Bəxtiyar Vahabzadənin bu qarşılıqlı münasibətlərinin nəticəsi olaraq monumental "Bəxtiyar" poeması yaranıb. Azərbaycan poeziya tarixində klassik sənətkarlarımızın, şairlərimizin - Füzulinin, Nəsiminin, Xətainin, Vaqifin, Səbuhinin, Sabirin, Səmədin, Şəhriyarın və s. və s. onlarla dahilərimizin həyatına, şəxsiyyətinə, amalına həsr edilmiş, müxtəlif janrlarda yazılmış xeyli dəyərli ədəbi-bədii nümunələri burada xatırlamaq mümkündür. Yəqin ki, bu silsilədən hələ çox-çox əsərlər yazılacaq.

Amma şair şəxsiyyətinə həsr edilmiş poemalar sırasında XXI əsrin poetik hadisəsi səviyyəsindədir "Bəxtiyar" poeması - bütün ədəbi-bədii, estetik parametrlərilə... Hissə-hissə oxucalara təqdim edilən ("Təzadlar" qəzeti, 11.02. 2014- tarixdən başlayaraq) bu poema "Qələm səsi" kitabının poetik faktlarındandır və bütövlükdə altı yüz səhifədən artıq həcmdə bir kitabın 5-ci fəslini təşkil edir.

Akademik Bəkir Nəbiyev poeziyaya həsr etdiyi məqalələrinin birində yazırdi: "Oxucu hiss edəndə ki, müəllif sözün sərrafı və sahibidir, bədiiliyin, estetik inikasın yazılmış və yazılmamış qanunlarına yüksək dərəcədə əməl edir, ifadələri dəqiq və sərrastdır, ahəngdar və poetikdir - şairinə inanır, onun əsərlərindəki mətləb dərinliyinə getməyə can atır, beləliklə də, müəlliflə oxucu arasında əsl ünsiyyət binası qoyulur".

İnanırıq ki, "sözünün sərrafı və sahibi" olan, "dilsizliyin dilin bilən", "qəlbinin qapıları" sevgiyə, məhəbbətə və səmimiyyətə həmişə açıq qalan Yusif Nəğməkar Beyləqaninin "Qələm səsi" adlandırdığı bu yeni, növbəti şeirlər kitabı da, onunla oxucusu arasında yeni ünsiyyət binası yaradacaq, müəllifini həmişəki kimi sevdirəcək, "qələminin səsi" həmişə gur olacaqdır...

Çünki "Qələm səsi" kitabına daxil olan poeziya nümunələri ədəbi istiqlaldan əbədi istiqlala gedən çətin, əzablı, keşməkeşli, fəqət alovu ilə nurlanan fərəhli yolumuzu əks etdirir...

02-16. 03.2014.

 

Qurban Bayramov

tənqidçi-ədəbiyyatşünas,

doktor-professor.

525-ci qəzet.- 2014.- 17 aprel.- S.8.