Mən səni
unuda bilərəmmi heç?
görən kimi vuruldum sənə,
Mən səni
unuda bilərəmmi heç?
-Məni unutdunmu?-Deyirsən mənə.
Mən səni
unuda bilərəmmi heç?
Gəzdirdim könlümdə, gözümdə
səni
Vəsf etdim şeirimdə, sözümdə səni.
Qorudum, saxladım özümdə
səni,
Mən səni
unuda bilərəmmi heç?
Zirvədə izin var, qayada yazın...
Göylərdə əks edir səsin,
avazın.
Mənim
var ömrümdə olar-olmazım,
Mən səni
unuda bilərəmmi heç?
Üstümdə sevdandan çətrin var sənin.
Canımda, qanımda ətrin
var sənin,
Yanımda bu boyda xətrin var sənin,
Mən səni
unuda bilərəmmi heç?
Ay mənim Şirinim, ay mənim Leylim!
Hər iki dünyada sənədir meylim,
Ay mənim həmişə
məndən gilelim
Mən səni
unuda bilərəmmi heç?
MƏN
YORDUM BU YOLLARI
Yollar məni
yormadı, mən yordum bu yolları.
Bu hava, bu da
quru, bu da ki, su
yolları...
Harda qırıldılarsa,
onlara körpü oldum.
Sonlardan
sonra gələn sonlara körpü oldum
Günlərdən-günə vardım, aylardan -aya vardım...
Alıb ayaqlarıma yolları mən apardım.
Elə yollardır mənim dövlətim də, varım da...
Gəzirəm bu dünyanı yollar ayaqlarımda.
Dostlarım
Öydüm, yenə doymadılar
dostlarım.
Söydüm, yenə doymadılar
dostlarım.
Acığımdan kəndir aldım
özümçün...
Qoymadılar, qoymadılar
dostlarım.
Bəziləri çevrildilər,
döndülər.
Yağı damıb qurtardıqca
titrəyən
Çıraq kimi öləziyib söndülər.
Bəzi
vaxtlar paltar kimi atılıb,
Bəzi vaxtlar geyildilər dostlarım.
Sürtüldülər,
yeyildilər dostlarım.
Salam-kəlam yoxa
çıxdı bir anda.
Sanki dostum deyildilər
dostlarım.
Vaxtlı-vaxtsız vaxtımı da
aldılar.
Çəkib məni vaxtsızlığa
saldılar.
Qarışqatək daraşdılar
canıma,
Ac qurd kimi susadılar
qanıma,
Doymadılar, doymadılar dostlarım.
Gedib aldım dar ağacı özümçün,
Deyəcəkdim axır ki, son sözümü..
Öz əlimlə asacaqdım özümü,
Qoymadılar, qoymadılar dostlarım.
Ölüm nəydi? Axır mənə
onu da
Qıymadılar, qıymadılar dostlarım.
SƏRHƏD
POZUNTUSU
Atamın
beli idi
bir zamanlar sərhəddim.
Anamın
da boynuna
düşməyə yoxdu həddim.
Məqam
yetişdi axır,
Və sair və ilaxır...
Anamın
bətni kəsdi
qabağımı sədd
kimi.
Qadağan işarəsi
qoyulmuş sərhəd
kimi.
Durub yarımbükülü,
məqam gözlədim
yenə.
Süründüm,keçdim ondan
ömrün genişliyinə.
Nəfəs dərdim doyunca,
İməklədim,yeridim
uşaqlığım boyunca.
Gəncliyimlə üzbəüz
durub dayandım bir az.
Onun da sərhəddini
gördüm pozmasam olmaz.
Onu da pozdum axır.
Və sair və ilaxır...
Qocalığım indidən
qabağımda sanki dağ...
İslanmışın yağışdan
nə qorxusu olacaq?
Ölüm də olsa sərhəd,
gözümü qırpmadan
mən
Şığıyıb işıq kimi
keçəcəyəm ölümdən.
Keçməsəm,öləm gərək.
Ömrün də sərhədləri
dünyanın sərhədditək
Canımıza muzudur.
Yaşamaq deyilən şey
sərhəd pozuntusudur.
QƏBİRQAZAN
Külüngü,kürəyi qoyub yanına,
Qucub dizlərini
göy otun üstə.
Nə fikrə
getmisən, a Qəbirqazan?
Dərin
dəryalardan xəyalın
dərin...
Qazılan torpağa, açan
yarpağa
Nə böyük
heyrətlə baxır
gözlərin?!
Günahmı etmisən, a Qəbirqazan?
Gün düşüb, alnında
çiçəkləyib tər,
Gün aydın, usta!
Allah uzadandır sənin ömrünü,
Bu göy çəmənlikdə
bir bahar günü
Mənim
də qəbrimi qazaydın, usta.
Amma yorulmusan, bir azca dincəl!
Mən də bu güllərə
sürtüm üzümü,
Əsən küləklərə qoşum özümü,
Dostumun oğlunun
toyuna çatım.
Düşür sümüyümə zurnanın səsi,
"Cəngi"si, "yallı"si,
"tərəkəmə"si,
Bir hava çaldırıb, bəlkə
oynadım.
Şıtqa bur, ovça çal,
döyülsün qaval!..
Onsuz da bu dünya oynadır
məni.
Gözümü açmağa vermiyir
macal,
Oynada-oynada göynədir məni.
Nə yazib - xoş yazıb o Taleyazan.
Sən də çox düşünüb
özünü yorma.
Mən
- qəbir yiyəsi, sən - Qəbirqazan...
Qucub dizlərini, boynunu burma.
Onsuz da ölənin qəbrini qazmaq
Qaydadır, adətdir, a Qəbirqazan!
Quyu qazmırsan
ki, gizlində mənə?!
Söz gəlsin
sənə.
Kiş-kiş!..Bizdən uzaq!Yolundan azmaq,
Böyük qəbahətdir, a Qəbirqazan.
Bəlkə, tənha qalmaq səni qorxudur?
Sənə də bir Qəbirqazan
tapılar.
Ayıl
bu sükutdan, ölüm - yuxudur!
Amandır, qaralma buludlar kimi
Gələndə ilk bahar göy otlar kimi
İnsanın torpaqdan göyərməyi
var.
Göyərmək - ləzzətdir, a Qəbirqazan!
8 may 1988
Şərəfə
Bu -dostlar...
Bu da -tostlar...
Məni
dingildədirlər,
Qədəh cingildədirlər,
Olumum şərəfinə,
Olumumdan
başlanan
yolumun şərəfinə.
Mən də ki, dayanmışam
yolumun finalında,
Arvad çiyinlərimdə,
oğul-uşaq dalımda.
Deyirəm:- Yaxşı baxın,
tanıyın mən Adəmi,
Mən özüm də şərəfə
qaldırıram badəmi.
PALID
Bütün ağaclardan ucasan,uca,
Yazda da,qışda da haman palıdsan.
İstini,soyuğu almazsan vecə,
Yaman palıdsan.
Bir kimsə arayış verməyib sənə,
Təsdiq eləməyib adın palıddır.
Baxıb bir özgəsi möhür yerinə,
Deməyib: - Bəlkə də,bu şabalıddır.
Üzsüz adamları üzün
görməyib,
Ucalmaq xətrinə
əyilməmisən.
Aslan qoltuğunda ömür sürməyib,
Çaqqal tərifilə öyülməmisən.
Elə buna görə haman palıdsan,
Yaman palıdsan.
Kökün torpaqdadır, əlin
günəşdə,
Nə xoşbəxt
bir tale olub qismətin.
Görmüşəm başını
həmişə ərşdə,
Məğrur övladısan sən təbiətin.
Yaxşı ki,ağacsan,deyilsən
insan,
Ömr elə o ki var,ucal o ki var.
Sən insan olsaydın, bir az suyundan,
Bir az da havandan oğurlardılar.
Ağac
yaranmısan,ağac olub qal,
Kölgə sal bu yerə,zinət ol bura.
Nə kütə boyun əy,nə hütə alçal,
Qoy səni görənlər
min ildən sonra
Desinlər yenə də:
- Haman palıdsan.
Yaman palıdsan.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Mənim
sevdiklərim, çox
sevdiklərim
Qara siyahıya
məni saldılar.
Hayıf
alasılar qıraqda qaldı,
Hamının hayfını məndən
aldılar.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Elə unutdular
insafı, dini.
Bir günün içində
azı on kərə
Mənə yaşatdılar 37-ni.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Şirinə, şərbətə qatdılar
məni.
Sonra da kənara atdılar məni.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Məni
oşam-oşam oşaladılar,
Məni param-param paraladılar.
Gördülər hamıya şirinləşmişəm,
Üstümdən xətt çəkib qaraladılar.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Məni
özlərinə yaxınlaşdırıb,
Məni öz- özümdən araladılar.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Pislik etmədilər mənə,
bəlkə də,
Amma ki, ruhumu yaraladılar.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Ömrümə, günümə qənim oldular.
Könüldən getməyən, gözdən
getməyən
Kədərim oldular, qəmim oldular.
Mənim
sevdiklərim, çox
sevdiklərim
Harda olsalar da, mənim oldular.
Necə olsalar da, mənim
oldular.
Vaqif Aslan
525-ci qəzet.-
17 aprel.- S.7.