Zahid Oruc: "Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti möhkəm təməl üzərində inkişaf edir"

 

 

Millət vəkili Zahid Orucla söhbətimizin məğzini vətəndaş cəmiyyətinin mahiyyəti, struktur və elementləri, Azərbaycanda vətəndaş cəmiyyətinin bərqərar olması, bu yolda atılan mühüm addımlar, problemlər və perspektivlər, hüquqi dövlət quruculuğu sahəsindəki irəliləyişlərin müzakirəsi təşkil edir.

 

 

 

(Əvvəli ötən sayımızda)

 

 

 

- Sovet dönəmində totalitar rejimin mövcudluğundan söz açdınız. Deməli, məntiqi olaraq belə anlaşılır ki, vətəndaş cəmiyyətini açıq, demokratik və antitotalitar bir cəmiyyət kimi, vətəndaşların siyasi yox, daha çox şəxsi həyat və iqtisadi maraqlarını təmin edən bir toplum kimi səciyyələndirmək lazımdır?

 

-Tamamilə doğrudur. İş ondadır ki, demokratik cəmiyyətin totalitar quruluşlardan fərqi belə izah olunur: birincilərdə vətəndaş-cəmiyyət-dövlət ierarxiyası, şkalası mövcuddur. İkincilərdə, xüsusən də kommunist təmayüllü dövlətlərdə isə əksinədir. Birinci dövlət mənafeyidir, sonda bir az cəmiyyəti düşünərlər, ən sonda isə vətəndaşa ya yer qalar, ya qalmaz. Elə bil ki, piramidanı baş-ayaq çeviriblər. Fərd daha çox əzilir. Halbuki piramidanın normal quruluşu onun təməldən getməsidir. Ona görə də cəmiyyətə bu fəlsəfədən baxsaq, deməliyik ki, maraqları təmin olunmayan vətəndaş hüquqi cəmiyyətdə yaşamır, demək. Bu mənada biz heç bir halda keçmişə qayıtmaq istəmirik. Müstəqilliyimizi sərvət hesab edirik. Sovetlər dönəmi arxada qalıb. Azərbaycanda qanuna ali bir dəyər kimi, pedantcasına hamımızın ona əməl edəcəyimiz bir səviyyəyə gəlməliyik. Zamanında Aleksis Detokfil Amerikaya səfər eləyib orada vətəndaşların daxili vəziyyətindən, ümumi durumundan bəhs eləyəndə demişdi ki, onlar qanundan daha çox qorxurlar, nəinki ölümdən. Bizim üçün müxtəlif ideologiyalar, "izm"çilik axtarılır, ən böyük ideologiya, məncə, qanuni cəmiyyətdi. Hamımız bunu qəbul etsək, problemlərimiz yüzə-yüz azalacaq.

 

- Yəni, vətəndaş cəmiyyətində dövlət hakimiyyətin yox, vətəndaşın mövqeyini əsas götürməlidir?

 

- Partnyorluq məhz dediyiniz kimi idaretmə sistemi ilə qurulacağı təqdirdə istər-istəməz çoxluğun mənafeyi tapdalanmış olacaq. Və onunla konfliktlər meydana çıxacaq. Halbuki bu gün qeyd etdiyimiz QHT institutu, partiyalar, media və sairlə əməkdaşlıq edən dövlət, beləliklə, cəmiyyətlə əlaqə sistemini qurur. Yəni, onlardan təcrid olunmuş şəkildə, zamanında taxt-tacda oturan krallar kimi fəaliyyət göstərmir. Belə demək mümkünsə, hamı düşünür ki, mən icra orqanının nümayəndəsi olsam da, cəmiyyətlə hansısa bir münasibət var, onların mühakiməsi var, ictimai rəy var və onların münasibətindən də bunların gələcəyi asılıdır.

 

- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını on ballıq şkala ilə qiymətləndirsəniz, hansı nəticəni görmək olar sizcə?

 

- On ballıq şkalada 6-cı mərhələyə gəlib çatmışıq. Aradan keçən qısa zaman kəsimindən baxanda bunu böyük nəticə hesab etmək olar.

 

- Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətini paralel olaraq izah etməyinizi istərdik.

 

- Qədim Roma hüququnu universitetlərdə tədris edirlər və burada sanki istənilən qanunların təfsiri, onun bəlli bir şəkildə izahından bəhs edəndə qeyd olunur ki, hər hansı bir məhkəmə çəkişməsi varsa, tərəflərdən biri dövlətdirsə, əksər hallarda qarşı tərəf udur, yəni, vətəndaşın xeyrinə çox az hallarda qərar çıxarılır. Bunun nümunələrini geniş şəkildə görə bilərsiniz. Əslində hüquqi dövlətə təxmini münasibətim belədir. Zamanında Fridrix Vilhelmin Almaniyada hüquq sisteminin gəlişməsi, hər bir insanın həyat dəyərinə çevrilməsi üçün bir dəyirmançı ilə məhkəmə çəkişməsi və ona uduzması var. Bilirsiniz, bizdə bunlar çox çətin təsəvvür olunur. Düşünün ki, bir vəzifə adamına qarşı qərar çıxarılır və o dərhal da sensasiya yaradır. Sanki bu, qeyri-adidir. Ona görə də mənim aləmimdə sanki hüquqi dövlətin tərifi hüquqlarla idarə olunan dövlətdir.  Onun dəqiq mexanizmləri var. Hər kəs bilir ki, parlament beşillik dönəmə seçilir. Onun formalaşma prinsipi bundan ibarətdir. Vətəndaş qarşısındakı məsələlərə belə cavabdehlik daşıyır. Büdcənin müəyyənləşdirməklə ölkənin aparıcı prioritet sahələrini özü üçün sıralayır. Eyni zamanda kimlərdənsə çox ciddi şəkildə hesabatlar qəbul eləyir. Ombudsman təsisatından, Hesablama Palatasından və sairdən insan alveri üzrə dövlət nəzarətini həyata keçirən Daxili İşlər Nazirliyi yanındakı qurumdan və sair. Beləliklə, də biz əslində orta əsr dönəmində dövlətlərin hər hansı bir şəkildə qanundan və hüquqdan kənar, hətta az qala sanki Allahın iradəsini yerinə yetirirmiş kimi, fövqəlgüc daşıyıcısı kimi deyil, lenincəsinə cəbr aparatı kimi vətəndaşdan hesab sorar kimi yox, daha artıq dərəcədə xidmətçidir, qulluqçudur, insanlar qarşısında məsuliyyətlidir və belə bir diapazonda, müstəvidə onların işləri qurulmalıdır. Finlandiyada hər hansı bir insana vəzifə arzulasanız, sizdən inciyərlər ki, siz niyə ona belə məsuliyyət və ağır yük arzulayırsınız? Amma Azərbaycanda biz balalarımızı hansı ruhda böyüdürük? Onları gələcəkdə məmur görmək arzusu ilə. Halbuki, biznesmen olaraq da, başqa sahənin  təmsilçisi olaraq da böyümək mümkündür. Bizdə isə böyümənin ancaq məmur modeli var. Başqa formada onlar sanki böyümür. Bill Qeyts qədər pulu olsa, yenə də vətəndaş üçün çox adi görünəcək. Yəni, bunun üçün o vəzifə pilləkənlərində irəliləməyib ki... Ona görə də  mən elə hesab edirəm ki, biz hüquqi dövlət quruculuğu yolundayıq. Baxmayaraq ki, insanlarımız notarial qurumlardan, digər mənzil-kommunal təsərrüfatı sistemindən, o cümlədən məhkəmə təsisatından, o cümlədən başqa qurumlardan, xüsusilə də mülkiyyətin qanuniləşdirilməsi üçün keçdiyi mərhələlərdə yaşadığı o çətinliklərdən, bir sıra hallarda korrupsiya tələlərindən incik düşərək bir sıra təşkilatlara kəskin mənfi münasibətini bildirir, haqlı olaraq. Elə hesab edirəm ki, cənab Prezident bunun daha sivil yolunu ortaya qoydu. Bizdə qanunu pozan məmura münasibət necədi? Dərhal deyirik ki, onu cəzalandırmaq lazımdı. Əlbəttə ki, cinayət məsuliyyəti yaradan hal varsa, adekvat münasibət bildirilməlidir. Ancaq tarix sübut edir ki, bu o qədər də effektli deyil. Yəni, həbsə atmaq, onun ətrafında bayaq söylədiyimiz qurulan çətirlər, müdafiə istehkamları, beynəlxalq təsirlər və sair bizi istədiyimiz sonuca aparmır. İkinci yol: kütləvi vəzifələrdən azadetmədir. Bu da bir vasitədir ki, cəzalandırırsan və vəzifələrindən kənarda qoyursan. Ancaq bunu da aydınlaşdıranda bəlli olur ki, istədiyimizə çatmamışıq. Üçüncü yol mənə elə gəlir ki, daha sivildir. Maraq toqquşmaları deyilən bir anlayış var. ASAN xidmət yaratmaqla elə bir şəffaf sistem qura bilərsən ki, dünənə qədər vətəndaşa çətin xidmət eləyən,  çətin servis göstərən bu təşkilatlar indi gəlib başqa bir qurumun libası altında insanlara çevik, qanun üzrə müəyyənləşmiş işləri ortaya qoyurlar. Deməli, bu, daha gözəl, daha inqilabi, daha  sivil və daha önəmlidir və yaxşı ki, bizdə bu yol seçilib. Bir çoxlarında təsəvvür xeyli yayğındır. İnsanlar düşünürlər ki, bu qurumlarda hardansa kənardan gətirilmiş,  yaxud kənarda böyüyən gənc nəslin nümayəndələri olaraq ora işə götürülürlər. Dünənə qədər başqa təşkilatın nəzdində işləyən adamlar obrazlı söyləsək, qovluqlarını götürüb indi bu idarədə otururlar.Yəni, bunlar yeni deyillər, sadəcə fəaliyyət prinsipləri təzədir. Baxışların məzmunu, yanaşma tərzi dəyişib, insanlara xidmətin səviyyəsi, meyarları və tələbləri dəyişib.  Düşünürəm ki, beləliklə də zamanla bütün problemlər aradan qaldırılacaq.

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2014.- 17 aprel.- S.6.