"Yaşadıqlarım"
kitabını oxuyarkən
1951-ci il iyul ayının onu idi. Ümumtəhsil
məktəbini bitirməyə dair attestat almağa
toplaşmışdıq.
Danışıb-gülən də vardı, fikrə-xəyala
dalan da. Direktoru gözləyirdik, hələ gəlməmişdi.
Çox çəkmədi ki, o, gəldi. Mehribancasına
salamlaşdıqdan sonra bizi müəllimlər
otağına dəvət etdi. Attestatları almağa dair kitaba imza atdıq.
Müstəqil həyata atılmağımız münasibətilə
direktor tövsiyələrini verdi, uğurlar arzuladı, hər
birimizlə
görüşüb bizi
gülər üzlə yola saldı.
Direktorumuz
Məhəmməd Qəribov müəllim orta boylu,
qarabuğdayı, qara, gur saçı olan, əvəz edilməz kimya-biologiya müəllimi idi. Bəli,
biz Qutqaşın rayonunun Qutqaşın orta məktəbini
bitirib ali təhsil almaq, hər hansı bir
ixtisas, peşə sahibi olmaq üçün respubilkanın
müxtəlif institut və universitetlərinə səpələndik.
Bir neçə ildən sonra hərənin
sorağı bir yerdən gəldi. Sinif yoldaşlarımızdan ancaq bir nəfər
qızıl medal almışdı. Hamımız
onunla maraqlanırdıq. Bu, Ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə
yeyinti sənayesi naziri işləyən Məmmədov Kamil Səyid
oğlu idi.
Orta məktəbi
bitirdikdən sonra sinif yoldaşım Kamil Məmmədov
Leninqrad şəhərində Texnologiya İnstitutunun Mühəndislik
fakültəsinə, mən isə indiki Pedaqoji Universitetin
Filologiya fakültəsinə daxil olduq. Mən təhsilimi
bitirib Qutqaşın rayonunda, Kamil Məmmədov isə Bakı
şəhərində işə
başladı. İndi artıq təqaüddəyik.
Məqsədim
heç də bioqrafiyamızı oxuculara tanıtmaq deyil,
qarşıya qoyduğum məqsəd Qutqaşın orta məktəbinin
Böyük Vətən müharibəsi və sonrakı illərdə
hər cür maddi çətinliklər dövründəki
yetirmələri, onların bugünki gənclərə ibrət
dərsi olacaq keşməkeşli həyat yolunu
xatırlatmaqdır.
Kamil müəllim hərtərəfli elm
adamıdır. Əslində onun profili texniki elmlərdir.
Lakin onun 2010-cu ildə yazib çap etdirdiyi "Yaşadıqlarım"
kitabı bir
daha sübut edir ki, bu adam həm də yaradıcı
insandır. Kamil müəllim 1911-ci ildə
"Yaşadıqlarım" kitabını mənə hədiyyə
etdi. Kitabı dəfələrlə oxudum
və yenə də oxuyuram. Çünki bu kitab gənclik
dövrümüzün həyat və çətinliklərini
əks etdirir. Eyni zamanda kitabda dünya elm
karifeylərindən bir epiqraf olaraq gətrilmiş fəlsəfi
fikirlər, Qurani-Kərimdən iqtibas edilmiş ayələr
özlüyündə xüsusən gənclər
üçün böyük bir tərbiyə məktəbidir.
Məsələn:
"İstedad-həmişə yeni olan xəbərdir".
(Boris Dastermak) , "İnsan
gördüyü yaxşı işdən iki dəfə
zövq alır: birinci dəfə işə başlayanda,
ikinci dəfə nəticəni gördükdə" (A.
Bakıxanov). Yaxud da: "Həqiqətən, Allah insanlara zərrəcə
zülüm etməz, lakin insanlar özləri-özlərinə
zülüm edərlər". (Qurani-Kərim
.Yunis surəsi, ayə 44) və s.
Kitabdakı əksər şəkillərdən məlum
olur ki, ulu öndər Heydər Əliyevin nazir Kamil Məmmədova
xüsusi hörmət və qayğısı var. Bu hörmət
və qayğını o özü qazanıb. Çünki Kamil müəllim
ömrü boyu hər bir işə, vəzifəsinə,
verilən tapşırıqlara vicdanla, məsuliyyətlə
yanaşıb, vicdanı qarşısında hesabat verib,
iş yoldaşları və xalq qarşısında həmişə
alnı açıq, üzü ağ
olub.
"Yaşadıqlarım"
kitabının 102-105-ci səhifəsindəki yazıya diqqət
edək: Naxçıvan Mineral Sular
Qablaşdırılması Zavodu tikilməli
"Badamlı" və "Vayxır" qaynaqlarından su
Naxçıvana borularla 36 və 18 km. uzaqdan gətirilməli
idi. 1978-ci ilin noyabr ayı idi. Heydər
Əliyev Muxtar Respublikada olarkən tikintinin qızğın
çağında zavoda gəldi, təbii ki, zavodun texniki və
iqtisadi göstəriciləri ilə peşəkar mühəndis
kimi maraqlandı: "Badamlı" və "Vayxır"
qaynaqlarından gələn suyu hansı borularla gətirməyi
nəzərdə
tutursunuz? Mən cavab verdim ki, çuqun! O,
xırdalıqlara varmadan qətiyyətlə mənə
bildirdi: "Borular ya paslanmayan poladdan olmalıdır, ya da
heç nədən! " Bunun
nə demək olduğunu mən sonradan başa
düşdüm. Əvvəlki söhbətimdə
xatırlatmışdım ki, belə boruların 20 faizi Azərbaycanda
istehsal olunur. Başqa xarici ölkələrdən
də almağa bir milyon rubl lazımdır, o da bizdə yoxdur.
Heydər
Əliyev dedi ki, necə nazirsən ki, bir milyon rubl
tapa bilmirsən?! Mən o gecə Moskvaya
uçdum. Demək olar ki, 1979-cu ilin ilk iki
ayını mən və müavinim yatmadıq. SSRİ yeyinti sənayesi nazirindən
götürdüyüm pula 56 km. borunu
İtaliyadan alıb Naxçıvana gətirdik. Həmin ilin noyabrında Heydər Əliyev 1978 -ci
ililn yayında verdiyi tapşırıqların yerinə
yetirilməsi haqqında nazirlərin məruzəsini dinləyirdi.
İlk olaraq sözü mənə verdilər.
Mən məruzə etdim ki, nazirliyin qarşısında
qoyulan məsələnin həddən artıq mürəkkəb
olmasına baxmayaraq, Naxçıvan Mineral Sular
Qablaşdırılması zavodunun tikintisi üçün
lazım olan paslanmayan polatdan 56 km. boru artıq yerinə çatdırılıb .
Heydər
Əliyev isə yekun sözündə bildirdi ki, "Yeyinti sənaye naziri
Kamil Məmmədov tapşırıqların yerinə yetirilməsi haqqında məruzə etdi: Mən
bilirdim ki, bu çox mürəkkəb, demək olar ki, həll
olunmaz məsələ idi. Lakin həll
olundu".
Deməli, işə məsuliyyətlə yanaşanda həlli
mümkün olmayan problem yoxdur, nəticələri də
sevindirici olur.
Kitabdan belə misalları çox çəkmək olar .
"Yaşadıqlarım"
kitabının 154-dən 159-cu səhifəsinə kimi verilən
şəkillər Kamil müəllimin kim
olduğunu güzgü kimi əks etdirir. 154-cü
səhifədəki şəkildə Heydər Əliyevin ona
Qırmızı Əmək Bayrağı ordenini təqdim
etməsi təsvir olunur. Qalan şəkillərdə
də ulu öndər Heydər Əliyevin, Sov. İKP-MK
katibi Kulator və başqa rəhbərlərin ona, belə demək
mümkünsə, həsədlə baxışı insana,
onu tanıyanlara fərəh hissi verir,
başını uca edir .
Bəli memuar ədəbiyyatımızın
ən gözəl nümunələrindən olan bu kitabı
oxumaq hər birimizin borcu və şərəf işidir. Çünki hər şeydən əvvəl, bu
bizim həyatımızın, eləcə də rayonumuzun fəxridir.
Qəbələ haqda və Qəbələ ilə
bağlı yazılan yazıları sevə-sevə oxuyuram,
çünki bu torpaq tariximizin bünövrəsi olmuşdur. Bu
günün özündə də bu məkan diqqət mərkəzindədir.
Ancaq məni təssüfləndirən odur ki,
biz keçmişimizi, həyat tərzimizi, vətən
canlı insanlarımızın fəaliyyətini öyrənmirik,
ibrət dərsi almırıq. Heç
olmasa XIX əsrdə yaşayıb-yaratmış
Qutqaşın ziyalıları İsmayıl bəy
Qutqaşınlının "Rəşid bəy və Səadət
xanım", "Səfərnamə", İbrahim bəy
Musabəyovun "Neft və milyonlar səltənəti" və
s. əsərləri ətraflı öyrənməlı,
geniş şəkildə orta məktəb proqramına
salınmalı və təbliğ edilməlidir. Mən
bu gün Qəbələ ziyalılarına müraciət edərək
deyirəm: Əziz qəbələlilər, Azərbaycan
xalqının tarixi keçmişi olan Qəbələnin
adını öz əməlimizlə qaldıraq, Qəbələ
haqqında yazıya alınmış xatirəni, bədii əsəri
oxuyaq, tariximizi dəqiq öyrənməklə onu geniş
şəkldə təbliğ edək. Bu müraciətimlə
bağlı bildirirəm ki, uzun illər Azərbaycan
Respublkasının nazirlərindən biri olmuş Kamil Məmmədovun
"Yaşadıqlarım" adlı kitabı mənim
stolumun üstündədir. Həm
üslub, həm də ifadələrin dolğunluğu,
dürüstlüyü cəhətdən onbir başlıq,
çoxlu şəkil və 180 səhifəlik bu kitab
çox qiymətli əsərdir. Bu
yazıda Kamil müəllim xalqla münasibətinin və
xeyirxahlığının təsvirini
işıqlandırmağa çalışır. Kitabın ilk səhifələrində Kamil müəllim
öz uşaqlıq illərindən, kiçik
yaşlarından məktəbi buraxmaq məcburiyyətində
qalır, kolxozda işləməsindən, ailəni
dolandırmaq üçün hər cür çətinliyə
dözməsindən söhbət açır və
bütün çətinliklərə baxmayaraq o, insanlara
daima qayğı ilə yanaşır. Vəzifəsi
artdıqca, imkanları
da genişlənən Kamil müəllim iclaslarda səmərəli qərarların
verilməsinə, kollegiya, konfrans və müxtəlif
yığıncaqların saatlarla, bəzən günlərlə
keçirilməsinə və səmərəsizliyinə
öz ciddi münasibətini bildirmişdir.
Kitabda həlledici məqam başlıqlı yazıda
müəllif orta məktəb illərini, fənn müəllimlərini
xatırlayır, dərs keyfiyyətinin yüksək səviyyədə
olmasından ağızdolusu danışır. Məktəbin direktoru Məhəmməd
müəllim haqqında geniş söhbət
açır.
Fərəhləndirici
haldır ki,
Kamil müəllim ali məktəbdə oxuduğu illərdə
heç kimə əziyyət verməmiş, əlaçı
tələbə olmuş, eyni zamanda
Leninqradda təhsil aldığı illərdə
özünün maddi imkanlarını qaydaya salmaq məqsədi
ilə gecələr yük vuran fəhlə kimi Badayev
anbarında, Yeyinti Konsentratları Kombinatında işləmişdir.
Kitabda Kamil müəllimin idarəçilik təcrübəsi ilə bağlı geniş və faydalı məsləhətlər, məlumatlar verilmişdir. Rəhbər işçinin özündən aşağı tabeçilərə xeyirxah münasibəti, inzibatçılıq deyil, insani cəhətdən kömək etməsi daha düzgün qəbul olunur. Onun fikrincə qəbula gələn hər hansı bir şəxs rəhbər işçi tərəfindən səmimiyyətlə qarşılanmalı, diqqətlə dinlənildikdən sonra ümidvericiliklə yola salınmalıdır. Kamil müəllim hansı vəzifəyə irəli çəkilibsə, orada yüksək fəallıqla işləyib, səmərələşdirici, faydalı təkliflər hazırlayıb.
1994-cü ildə əhalinin çörəklə təminatında çox böyük problem yaşanmışdır. Bu 1993-cü ilin ortalarında hakimiyyətə gələn Heydər Əliyevi ciddi düşündürürdü. Bu illərdə Prezident də, yeyinti sənaye naziri Kamil Məmmədov da çox gərgin hal keçirirdi. Çünki aclıq keçirən xalq qiyam qaldıra bilərdi. Ona görə də Prezident 1994-cü ilin oktyabrın 10-da öz işgüzarlığı ilə tanınmış Kamil Məmmədovu çörək məmulatları üzrə dövlət şirkətinin rəhbəri təyin etmiş, həmçinin xarici ölkə rəhbərlərinə müraciət etməklə ölkədə çörək çatışmazlığının qarşısı alınmışdır.
Son vaxtlar bəzi insanlar əllərinə kitab almaq istəmir. Bu oxuyan yaşlı nəsildə təəssüf hissi doğurur. Ona görə ki, kitab insanın şüurunun formalaşmasında böyük rol oynayır.
Biz hər bir Azərbaycan vətəndaşına uzun illərin sınağından çıxmış hörmətli Kamil müəllimin yazmış olduğu "Yaşadıqlarım" adlı kitabını oxumağı və lazımi nəticələr çıxarmağı məsləhət görərdik.
Feyruz Səddinov,
metodist müəllim
Ənvər Rəhimov,
ali dərəcəli müəllim
Qəbələ
rayonu
525-ci qəzet.-
17 aprel.- S.4.