Gəncliyin sosial bayram günləri mənəvi-vətənpərvərlik tərbiyə mənbəyi kimi...

 

 Gənclərin milli və rəsmi, eləcə də xüsusi bayramlara münasibəti özəldir. Elə əlamətdar günlər var ki, onların geniş səviyyədə qeyd edilməsi gənclərin vətənpərvərlik tərbiyəsinə böyük təsir edir. Bizim təqvimdə xüsusi, əlamətdar günlər az deyil. Bu günlərin bəzilərini böyük sevinclə qarşılayırıq, bəzilərini isə ürək ağrısı ilə yada salırıq. Sevincimizə səbəb olan təqvim günləri milli, dini bayramlarımız, müstəqilliyimizə aid olan tarixlərlə bağlı dövlətin sosioloji bayramlar sırasına daxil etdiyi günlərdir.

Sosioloq Təranə Musalının sözlərinə görə, kədərləndiyimiz günlər isə torpaqlarımızın işğalı ilə rayonlarımızın ermənilərin əlinə keçdiyi tarixlərdir":Artıq hər rayonumuzun işğal tarixi bizə yeni bir matəmi, hüznü yaşadır. Dövlət tərəfindən rəsmiləşdirilən günlər sırasına 2 fevral da aiddir. Təəssüflər olsun ki, cəmiyyətimizin əksər təbəqəsi bu günün nə ilə bağlı olduğundan xəbərsizdir. Bu tarixin hansı səbəbdən rəsmiləşdiyi və sosioloji bayramlar sırasına aid edildiyinə diqqət yetirək. Bildiyimiz kimi, gənclik hər bir dövlətin əsas mayasını təşkil edir. Bu baxımdan da istənilən dövlətin məqsədidir ki, onun gəncliyi lazımi şəkildə tərbiyə olunsun və ümumi dövlət işinə, Vətənin inkişafına fayda versin. Hər bir ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi, gələcəyinin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına, gənc kadrların yerləşdirilməsinə xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənc kadrlara lazım olan qayğının göstərilməsi qarşıda duran əsas vəzifələrdəndir. Bildiyimiz kimi, 2 fevral 1996-cı ildən mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. İmzalanan prezident fərmanına əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.

Sonradan gənclərlə bağlı mühüm qərarlar qəbul edilsə də, 16 il bundan qabaq Gənclər Günü kimi rəsmiləşdirilən 2 fevral hələ də sosioloji bayramlar sırasında qalmaqdadır".

T.Musalının sözlərinə görə, bunun davamı olaraq Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib: "Göründüyü kimi, gənclərlə bağlı nə qədər əlamətdar qərarların qəbul edilməsindən asılı olmayaraq, 2 fevral xüsusi bir gün kimi təqvimə öz möhürünü vurub.

Gənclərlə bağlı sosioloji bayram günləri qonşu Türkiyədə də qeyd edilir. Ancaq bizdən fərqli olaraq, Türkiyədə bu gün gənclər tərəfindən böyük coşqu, sevinclə keçirilir. Bu səbəbdəndir ki, həmin tarix cəmiyyətə, dövlət tərəfindən qəbul edilən sosioloji bayram olmaqla yanaşı, həm də gənclik günü kimi həzm etdirilib. Bizdə isə bu bayram gənclər tərəfindən, demək olar ki, formal olaraq qeyd edilir. Hətta gənclərin böyük əksəriyyəti bu gündən xəbərsizdir. Belə bayramların lazımi şəkildə keçirilməsinin gənclərin milli şüurunun formalaşmasına, onların vətənpərvərlik hisslərinin artırılmasına mühüm təsiri ola bilər. Gənclərlə bağlı xüsusi sosioloji bayram günlərinin onların xüsusi tərbiyəsində rolunun böyük olduğunu deyən sosioloq hesab edir ki, bu günləri yüksək səviyyədə keçirmək lazımdır: "Bayram kimi, əlamətdar günlər olaraq qeyd edilən günlərin tarixini, mahiyyətini tam dərk etmək lazımdır. Bəzən bayramların hansı tarixi hadisəyə həsr olunduğunu dəqiq müəyyənləşdirmədən qeyd edilməsi onların mahiyyətinin unudulmasına səbəb olur. Dəb xatirinə bayram etmək olmaz. Bayramların həddən artıq çox olmasına da ehtiyac yoxdur. Ancaq gənclərlə bağlı sosioloji bayram günü xüsusilə gözəl şəkildə qeyd edilməlidir. Bildiyimiz kimi, bayramlar ən böyük tarixi hadisələrlə bağlı keçirilir. Xalqın milli taleyində, onun ictimai-siyasi həyatında olan xüsusi günləri elə qeyd etmək lazımdır ki, bayramın məzmunu, onun təbliği lazımi şəkildə olsun. Əlamətdar günlər milli dəyərlərin açılmasına, milli şüurun, milli təfəkkürün inkişafına, vətənpərvərliyin artırılmasına təkan verməlidir. Gənclərlə bağlı bayramlara isə xüsusilə dəqiq fikir verilməlidir, təbliğat elə qurulmalıdır ki, onlar həmin günlərin mahiyyətini tam dərk etsin və yadından çıxarmasın".

Bayramların yalnız bayram xatirinə keçirilməsinə ehtiyac olmadığını deyən ekspert qeyd etdi ki, belə olanda bayramlar gəlib-keçir, yadda isə heç nə qalmır: "Bəzən bayramlara yalnız işə getməmək günü kimi baxanlar da var. Hesab edirəm ki, gənclərlə bağlı olan xüsusi günlərin təbliğinə, təşviqinə ciddi fikir verilməlidir. Gənclərimiz dərk etməlidir ki, bu bayram bizə sadəcə gün keçirmək, nəyisə qeyd etmək üçün yox, milli təfəkkürümüzün, şüurumuzun, vətənpərvərliyimizin inkişafı üçün lazımdır. Belə tədbirləri elə keçirmək lazımdır ki, bunun gənclərimizin əqli, siyasi, mənəvi dünyasına böyük təsiri olsun və onları dəyişdirsin. Hazırda gənclərimizin fəaliyyəti bir ziyalı kimi məni qane etmir. Gənclərimizin bayağı şoulara olan marağını azaltmaq üçün belə günlərdə onları bir araya gətirib, lazımi təbliğatı onların beyninə yeritmək lazımdır. Bu iş dinamik şəkildə aparılmalıdır. Bəzən dövləti qınayırlar ki, bu qədər proqramların qəbulu nəyə lazımdır? Ancaq elə məsələlər var ki, onları özbaşına buraxmaq olmaz".

Gənclər Gününün təşkilinin xüsusi önəm daşıdığını bildirən T.Musalı bildirdi ki, bu gün gənclərdə milli şüur və vətənpərvərlik inkişaf etdirilməlidir: "Bu cür ciddi məsələyə yalnız bayram günü kimi baxmaq olmaz və bu bayramı protokol xatirinə yola salmaq lazım deyil. Belə bayramların dövlət tərəfindən rəsmiləşdirilməsi gənclərə verilən ən böyük diqqətin nümunəsidir. Bu təqvim daim normal şəkildə qeyd edilib. Bu il 2 fevral "Buta Palas"da rəsmi dövlət nümayəndələrinin və gənclərin iştirakı ilə təntənəli şəkildə qeyd edilib. Gənclərə göstərilən bu qayğı, sözsüz ki, onların milli şüuruna, vətənpərvərlik hisslərinin artmasına mühüm təsir edir. Ancaq bu günün təntənəli şəkildə keçirilməsi, onun yaddaşlara həkk olunması yalnız dövlətdən asılı deyil. Bələ işlərdə gənclərin özləri də çox fəal olmalıdır".

Ekspert bildirdi ki, 2 fevral barədə gənclərin böyük qisminin məlumatının olmaması faktı da mövcuddur və bu yöndə təbliğatın olması vacibdir":Mən hesab edirəm ki, bunlar öz yerini tapacaq. Türkiyədə bu bayramın keçirilməsinin 10 illərlə tarixi var. Bizdə isə bu hadisə təzə baş verir. Zaman keçdikcə biz də gənclərimizdə bu günün qeyd edilməsi ilə bağlı fəallığı, coşqunu hiss edəcəyik. Bu sahədə olan ən başlıca problem bəzi gənclər təşkilatlarının fəaliyyətini yalnız Bakı ilə məhdudlaşdırmasıdır. Region gəncləri ilə də bu sahədə ciddi iş aparılmalıdır. Bu bayramın qeyd edilməsinin gənclərin milli şüurunun inkişafına, onların vətənpərvərliyinin artırılmasına böyük təsiri var. Belə bayramların regionlarda da keçirilməsinə böyük ehtiyac var. Çünki Azərbaycan tək Bakıdan ibarət deyil".

Gənc hüquqşünas Aysel Kəlbalıyevanın sözlərinə görə də, bu bayramın tarixi mərhum prezident Heydər Əliyevlə bağlıdır: "Bildiyimiz kimi, 2 fevral 1996-cı ildən mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə Gənclər Gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi. Biz də bir gənc kimi çalışmalıyıq ki, bizə göstərilən bu cür qayğını qiymətləndirək. Bunun ən gözəl yolu isə Gənclər Gününün geniş təbliğindən keçir.

Biz lazımi təbliğatı istər paytaxtda, istərsə də regonlarda apara bilsək, Gənclər Gününə diqqəti bir qədər də artırmış olarıq. Bu da gənclərimizin milli şüuruna və vətənpərvərlik hisslərinə çox müsbət təsir edər".

A.Kəlbalıyeva bildirdi ki, gənclərin bir bayram təqvimi günündə deyil, hər zaman həmrəyliyinə ehtiyac var. Onun sözlərinə görə, gənclər nə qədər ki, birləşməyi bacaracaq, bu onların tərbiyəvi inkişafına böyük töhfə verəcək.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-16 aprel.-S.15.