Poeziya sükut deməkdir
(Bir şeirin dedikləri )
Qədimlərdən
gələn bir həqiqət var: poeziyanın mövzu dairəsi,
əslində çox məhduddur və bütün hallarda
burada kəmiyyət həddi üçbucaqdan o yana getmir: həyat,
eşq, ölüm... , yaxud eşq, ölüm, həyat...
Hansı tərəfə fırlatsan da üçbucaq
alınacaq. Bu "Bermud üçbucağı"nın
içində bulunmaqdan gözəl dünyada heç nə
yoxdur.
Necə
ki, Füzuli deyirdi, sevinə-sevinə:
Ruzi-hicrandır sevin, ey murği-ruhim kim,
bu gün
Bu qəfəsdən mən
səni, əlbəttə,
azad eylərəm.
yaxud:
Damigahi-eşqdən tut bir kənar, ey mürği-dil,
Sınmadan səngi-məlamətdən pərü
balin sənin.
Bir də belə bir qaim-qədim həqiqət var ki, şeiri oxuyanda onu bir
düstur, formula kimi anlamağa çalışma,
sadəcə özünü
ona təslim et, təslim et ki, onun sənə
dediklərini maksimum küysüz vəziyyətdə
"anlaya" biləsən.
Şeirlə bağlı
analitik şərh yalnız o zaman mümkün ola
bilər ki, sən onun girdabında,
heç olmazsa, bir dəqiqəliyə, yaxud bir neçə
saniyəliyə ağlını
itirəsən. Başqa bir
yol yoxdur. Yəni, poetik mətnin, şeir mətninin içindəki
həqiqəti "tuta
bilmək" üçün
onun girdabından üst qatına qədər insanı doğrayıb-kəsən dəlilik
selinin içində ola bilməlisən.
Vaxtilə filosof Rolan
Bart yazırdı ki, müasir poeziya özündə reqressiv semioloji sistemi ehtiva edir. Bu
nə deməkdir?
Əgər mif (qəribədir ki, Bart poeziyanı miflə müqayisə edirdi-! ) ultra-mənaların yaradılmasına, ilkin sistemin genişləndirilməsinə
cəhd edirsə, poeziya, əksinə, dilin semioloji vəziyyətinə qədər
sıxılıan infra-mənaları
axtarır, yəni, əslində o, işarəni
yenidən mənaya qaytarmağa cəhd edir. Son nəticədə,
poeziyanın idealı
sözün mənasına
qədər deyil, əşyaların mənalarına
qədərki ərazidə
qazıntı aparmaqdır.
Bartın sözlərinin mənası
odur ki, poeziya dilin sakitliyini
pozur, yəni konsepti (semioloji sistemdə bildirəni) mümkün qədər mücərrədləşdirir, işarə bəlkə də özbaşına buraxılır, burada bildirənlə bildirilən
arasındakı bağlar
maksimum dərəcədə
boşaldılır. Burada konseptin
davamsız (laxlayan) strukturundan maksimum dərəcədə istifadə
edilir; poeziyanın mahiyyəti, cövhəri...
axtarıb-bulmaq ambisiyası
buradan irəli gəlir. Ona elə gəlir
ki, əşyanın mənasını necə
varsa yalnız o, aşkarlaya bilər, poeziya həm də anti-dil olmağa çalışır.
Bartın ideyasının
bu hissəsi daha maraqlıdır: ümumi şəkildə
demək olar ki, dildən istifadə edənlər arasında şairlər ən az
dərəcədə formalist olanlardır, çünki
yalnız onlar hesab edirlər ki, sözlərin mənası formadan başqa bir şey deyil və bu da
onları əşyalarla
məşğul olan bir realist kimi qane edə bilməz.
Bu səbəbdən müasir poeziya həmişə dilin qatili rolunda çıxış edir və qəribədir, susmağın hansısa məkan, konkret-hissi analoqunu əks etdirir. Poeziya sükut deməkdir.
İndi
sükut tez-tez kəsir mənim sözümü,
Əvvəlkitək qan qaynamır indi damarda.
Güzgülərdə qaçırdıram
tez-tez gözümü,
Adımı da heç yazmıram
tərli divarda.
Səlim
Babullaoğlunun "Həmidə xanıma iki şeir"inin ikincisindəki bu bəndi təsadüfi seçdiyimə sizi inandırmayacağam. Bizim üçün
"sükutla oynayan"
şeir, poetik mətn həmişə maraqlıdır və belə olduğu üçündür ki,
bu kontekstdə qaim-qədim bir həqiqət - şeirin dilinin əslində sükut olması qənaətinin izaha ehtiyacı var, xüsusən müasir poeziya kontekstində.
Amma biz bir şeirin dəyərini müqayisə
yolu ilə təyin etməkdən uzaq olduğumuza görə buna getmirik. Bu şeirdə və
onunla vahid orqanizm təşkil edən birinci şeirdə Rolan Bartın dediyi həqiqət (...poeziyanın
idealı sözün
mənasına qədər
deyil, əşyaların
mənalarına qədərki
ərazidə qazıntı
aparmaqdır) mükəmməl
şəkildə ifadə
olunub. Poetik mətndə, şeir mətnində ixtiyari şəkildə götürülən
mənalar sistemi bir nəfəs qədərində reduksiyaya
uğraya-uğraya gedir,
"inkişaf edir",
sözün yaddaşdakı,
lap elə yaddaşdan
əvvəlki əraziləri
axtarılır, həqiqətin,
mənaların içində,
kombinasiyalarında ... hifz
edilən həqiqətin
təbii halı tapılana qədər bu axtarış davam edir və
ən əsası odur ki, bu
dəhşətli prosesin
ən ağrılı
hissəsi şairin qəlbində baş verir, bax, elə
bu səbəbdən şair arasıkəsilməz
şəkildə öz
qəlbi ilə danışan, ünsiyyətdə
olan bir varlıqdır. Şeirin hal olması,
dünyanın qurtaracağından
o yanda, yaxud dünyanın, gerçəkliyin
yaranmasına qədərki
ərazidə meydana gəlməsi ideyası bu kontekstdə ən təbii, ən mükəmməl ideya sayıla bilər. Yoxsa aşağıdakı misraları necə demək olardı?
Qırxı çıxdı bu
ömrün, canım
sevgilim,
Heç darılma, çarxı hələ, şükür,
fırlanır.
Bir sabahı
sual etsən, hanı sevgilim?
Görərsən ki, bir meh
əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə
alıb götürər,
Asta-asta qanad çalıb qalxar yuxarı.
O quş onu yuvasında
divara hörər,
Qorumaqçün ətcabala quş balaları.
Bu şeirin timsalında
aydınca görsənir
ki, poeziyanın işi dünya boyda xarabalıqda nə vaxtsa, nə səbəbdənsə
itmiş mənaları
axtarmaq və əşyaların üzündən,
qabığından, karkasından
o yandakı dünyanın
qapısını döyməkdən
ibarətdir. Mən Səlimin şeirlərini
oxuyanda bu hiss dərhal ağlıma gəlir və intonasiyanın, şeirin təkrarsız ritminin təlqin etdikləri ilə üst-üstə düşür. Birinci şeir adi sözlərlə,
heç bir qeyri-adi faktı açıqlamaq iddiası
olmayan ifadələrlə
başlayır :
Yolunun üstündə tək ağac olub bitsəm,
Kölgəmdə dincələcəksənmi?
Ya qol-budağımı
qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm
yayın qızmarında
bu səsli-küylü,
tozanaqlı şəhərin
küçələrinə -
torpağın ətri
çıxacaq onda,
ətrimi torpaqdan
alıb heyrətlənəcəksənmi?
Və sona qədər belə davam edir, son nöqtə qoyulana qədər. Heç nə baş
vermir, çünki şeir artıq baş vermiş zəlzələnin açdığı
yaraları görsədir,
başqa məqsəd
şeiri öldürür.
Cavanşir Yusifli
525-ci qəzet.-
2014.- 18 aprel.- S.7.