Məmməd Araz Qayası

 

(poema)

 

      

Araz axırsu ağlayır, çağlayır,

Araz axır... yolumuzu bağlayır...

Hər şairin ömründən

                               bir Araz çayı axır,

Hər şairin ürəyində min illərin

                               hayı, harayı axır.

Axır, axır, durulur,

                            axır min illər boyu.

Dağlar ayağa qalxıb

                              əsrlər arxasından

                          baxır min illər boyu.   

Bura odlar yurdudu-

hər dağı bir ordudu.

Bu qədim məmləkətdə

hər şairin çiynində

bir durna qanadı var.

Hər şairin öz ilhamı,

öz şöhrəti, öz adı var.

bir hər şairin

adında Araz yaşayır.

Bu torpaqda şairlər qızılgültək

tez açılır, tez solur,

Şairlər az yaşayır.

Ordu-ordu qayalar arasında

Şairlər məşəl kimi

alışır, yanır, sönür.

Şair ölümündən sonra

ya bir yalçın qaya olur,

ya da bir daşa dönür.

Şair ölür, şeirləri diri qalır,

şeirləri vətəndaşa dönür.

Şair ölür, şeirləri diri qalır,

hər şeirdə şairin bir gizli sirri qalır...

      

Bir qayaya söykənmişəm,

                                  deyirəm kaş,

Bax beləcə daşa dönəm

                                 yavaş-yavaş”...

      

Dağlara bax, dağlara; –

                               dağlar dumandı.

Araza bax, Araza, –

                           Arazın suyu qandı...

Ağlama Ana Vətən,

sən hönkürüb ağlasan

daş üstündə su yanacaq.

Sən ağlasan Məmməd Araz

yuxusundan oyanacaq...

lll

... Bahar çiçəkləyirdi

                          bizim İsa bulağında-

Məmməd Araz qonaq idi Şuşada...

Aradan illər, sənələr ötüb

hələ şairin gur səsi qalıb

qayaların, dağların qulağında.

Şairin köksündə ilham bulağı

                  qaynayırdı,

                                    daşırdı.

Məmməd Araz o gecə

                         dağlarla pıçıldaşırdı...

Qayalara, dağlara sığmırdı

Vətənin ərköyün şair oğlu,

Dostluqda mərdi-mərdanə,

döyüşlərdə Babək oğlu, Cavanşir oğlu.

Dağlar həmən dağlardı

bir az rəngini dəyişib,

dağ çayı şaqraq səsini,

ahəngini dəyişib.

Fəqət şair dəyişməyib,

Elə həmən Məmməddi

dağlara sığınan şair

elə dağlar kimi sərtdi,

elə dağlar kimi mərddi ...

Dağların zirvəsində

                        bəyaz duman sürünür,

        qarlı dağın zirvələri

                        gah itir, gah görünür,

        yamaclar Xançobanın

                       ney səsinə bürünür...

        lll

        Bu gün düşmən əlindədi,

        bu gün əsirdi

                    mənim doğulduğum şəhər.

Daşına-torpağına

                     qurban olduğum şəhər.

Şair, sən Şuşanı necə görmüşdün,

Şair, sən Şuşanı gecə görmüşdün.

Bu şəhərin şəninə

                      söz çələngi hörmüşdün.

Şuşa güman yerim idi,

Şuşa uman yerim idi.

Şuşa mənim taleyim.

Şuşa taxta beşiyim.

Şuşa ömür ağacım,

Şuşa evim-eşiyim.

Şuşa mənim sirrim idi,

Laylam, nəğməm, şeirim idi...

Gecələr yuxuma girir

doğulduğum qədim şəhər

qurd kimi içimi gəmirir kədər.

Hanı sənin gördüyün,

               görüb könül verdiyin

                         o çilçıraq şəhər,

                                 o qəndil şəhər.

Söylə şair, neçənci ildi,

neçənci ildi, hansı fəsildi.

Hanı sənin gördüyün

o çilçıraq şəhər, o qəndil şəhər.

Hər evi bir insan yuvası,

hər evi bir qızıl qərənfil şəhər.

O gecə sən kəşf elədin Şuşa bürcünü

xatırlayırsanmı Ustad,

xatırlayırsanmı o günü.

      

“Bu gecə gecənin son qatındayam,

Bu gecə bir qəndil qanadındayam”...

      

Sən qəhrəman yurdumun

sinəsi dağlı bir saz şairi.

Məmməd Araz! Məmməd Araz! –

                                       Araz şairi...

Bu gecə yuxuma girmişdi Şuşa

Şuşanın dağları dumandı, çəndi.

Şair qədəm qoyub basdığı torpaq

Mən uğrunda baş qoyduğum Vətəndi...

lll      

Qarlı dağlarımız al-yaşıl geyib,

Ana yurda yaz gəlibdi, bahardı.

Araz axıb gedir xəyalım kimi,

Məmməd Araz Araz üstə çinardı.

      

Mən Şuşasız solan Xarı Bülbüləm,

Mənim Şuşam cənnət kimi diyardı.

Hardan baxsan açıq aydın görünür,-

Məmməd Araz Araz üstə çinardı.

      

Qorxum yoxdu ayrılıqdan, ölümdən,

Ürək elə bil ki, çatlamış nardı.

Ayağı torpaqda, başı buludda-

Məmməd Araz Araz üstə çinardı.

      

“Bu da belə bir ömürdü, yaşadım”, –

Bu tale, bu həsrət, intizardı?

Günlər yarpaq kimi düşür ömürdən,-

Məmməd Araz Araz üstə çinardı.

      

O, bir zaman şair idim demişdi,

O bir zaman necə bəxtiyardı.

Yüz illərdi Naxçıvan torpağında-

Məmməd Araz Araz üstə çinardı.

lll

Qələm dostum!

                                bilirsənmi, bəzən,

biganələr iqlimində doğulur şair.

Ana Vətən üçün candan keçsə -

biganələr iqlimində boğulur şair.

Günahsız şairləri

biganələr iqlimində doğulan

bu məmləkət bizimdir, dostum!

Qayasında, daşında yazılan tarix

sənin, mənim izimdir, dostum!

Bu Vətəni təmənnasız sevmişik biz,

bir əlçim buludu, bir ovuc torpağı,

üç rəngli bayrağı

                              bəsimizdir, dostum.

Biz Vətənə minnət qoyub,

                       Vətəndən pay ummadıq.

Biz bu Vətən uğrunda

               kipriyimizlə od götürdük

                      içimiz qan ağladı,

                          gözümüzü yummadıq.

Biganələr iqlimindən

axıb gedir Xan Araz,

Xan Araz, Xəndan Araz,

Axır əsrlərin qaranlığından.

Hardasa boz üfüqlərdə gecikir

lalə kimi qızıl dan.

Biganələr iqliminin o tayında

qaldı Təbriz, Ərdəbil.

Məni Ərk qalasında

yaralı bir əsgər bil.

Biganəlik dumanında

qalıb Şuşa dağları.

Biganəlik yuxusundan

oyadın uşaqları,

                     oyadın əziz analar.

Arzuları, niyyətləri

                    saf təmiz analar...

Qələm dostum!

                          çinar olmaq istəyirəm.

        Nizaminin Gəncəsində,

Şəhriyarın Təbrizində!

        Xarı Bülbül olmaq istəyirəm,

        hər bahar

                          Cıdır düzündə.

Durnalar səmadan lələk salanda

ümidlər geri dönər, arzular gerçəkləyər.

Məmləkətin dağlarında

                       axar sular çiçəkləyər.

Qələm dostum!

              məni bu dünyaya bağlayan

                           min bir ümid teli var.

Biganələr iqlimini

                 Novruz tonqallarında

                      yandırıram hər bahar...     

lll

Mənim yurdum, vətənim

                 boz qayalar yurdudu.

Araz sahili boyu

qayalar bir ordudu.

Hər qayanın üstündə

bir qartal yuvası var.

Bu gün mənim könlümdə

Məmməd Araz havası var.

Məmməd Araz havasına

oynayır sərt qayalar.

Yüz illərin sınağından

Çıxıb bu mərd qayalar.

Qayalar, çopur qayalar,

qayalar, boz qayalar.

Qol götürüb yallı gedir.

yenə bu yaz qayalar.

Bax, o qaya bir aslandı,

bu qaya  bir toğludu.

Bir qaya Füzulidi,

bir qaya Koroğludu.

Buludlara baş vurur.

Məmməd Araz qayası.

Nurdan yoğrulub sanki

bu qayanın mayası.

İgid qayalarımız

burda burcu-burcudu.

Lacivərd göylərə bax

Məmməd Araz bürcüdü.

Bir səhər çin olacaq

bizim bahar yuxumuz.

Məmməd Araz bürcünə

uçar bəyaz ruhumuz...

         

lll

      

Uzun qış gecəsi... sərsəri rüzgar

Mənim ömrümdən bir Araz axır.

Göyüzündə Məmməd Araz bürcü var

Şair ruhu ordan boylanır, baxır.

      

İllər ötüb keçir ömürdən, illər,

Ürəkdə umudlar tumurcuqlayır.

Könül bu dünyadan səadət dilər,

Üfüqdə buludlar tumurcuqlayır.

      

Şair nəsihəti təsəllim olub,

Mən dağlara söykənmişəm əzəldən,

Hər səhər gözlərim şəfəqlə dolub,

Mən yuva qurmuşam şeirdən,

qəzəldən.

      

Uzun qış gecəsi... Araz boyunca

Vüqarlı qayalar, qartal qayalar.

Qayalar baş-başa, qayalar uca,

Sanki heykəlləşib bu sal qayalar.

      

Uzun qış gecəsi bayırda rüzgar

Masaüstü lampam oyaqdır yenə,

Uzun qış gecəsi laləli bahar

Mənim ürəyimdə qonaqdır yenə.

      

Bu gecə yuxuma girmişdi Şuşa,

Şuşanın dağları dumandı, çəndi,

Şairin ayağı dəyən hər guşə

Mən uğrunda baş qoyduğum Vətəndi!!!                                         

       Yanvar,  2014

 

 

Elçin İSGƏNDƏRZADƏ

525-ci qəzet.- 2014.- 19 aprel.- S.18.