Xalq yazıçısı
İsmayıl Şıxlının 95 illiyi
Yazıçılar Birliyində qeyd olunub
Yazıçılar Birliyində (AYB) Xalq yazıçısı İsmayıl
Şıxlının 95 illik
yubileyi keçirilib. Tədbiri
açan AYB-nin sədri, Xalq yazıçısı Anar
mərhum yubilyarı çox böyük yazıçı və çox böyük şəxsiyyət kimi səciyyələndirərək İsmayıl Şıxlını
XX əsr Azərbaycan
nəsrinin klassiki adlandırıb: “İsmayıl
Şıxlının “Dəli
Kür”ü Azərbaycan
nəsrinin zirvələrindəndir.
Başqa
əsərləri də
onun adını ədəbiyyat tariximizə
əbədi yazıb.
Yazıçı vətəndaş kimi də o, Azərbaycanın ən çətin günlərində
ön sırada olub, öz sözünü
deməkdən çəkinməyib.
Hamımızın xatirəsində mərd, cəsur, ləyaqətli insan kimi qalıb. Bilirsiniz ki, İsmayıl müəllim uzun illər Yazıçılar
Birliyinə rəhbərlik
eləyib və səhhəti ilə bağlı öz xahişi ilə burdan ərizə verəndən sonra özünün də tövsiyəsi ilə mən bu təşkilatın
rəhbəri oldum.
Adətən belə olur
ki, köhnə adamla o işdə yeni işləyən adamın arasında bir soyuqluq yaranır.
İsmayıl müəllim isə
elə birinci gündən ən yaxın bir insan, bir havadar,
məsləhətçi kimi
həmişə məni
dəstəkləyib və
tədbirlərimizdə iştirak
edib. Biz də onun xətrini
əziz tutaraq Yazıçılar Birliyinin
o vaxt ən yüksək mükafatı
olan Axundov mükafatını ona təqdim elədik və İsmayıl müəllim ömrünün
sonuna qədər Ağsaqqallar Şurasının
sədri olaraq qaldı. İsmayıl müəllim son gününə qədər
qələmindən ayrılmırdı
və son əsərini
yazanda məndən də nəslimizə, babama aid bəzi materiallar istəmişdi.
“Ölən dünyam”
romanında o materiallar
da öz əksini tapıb. Fəxr edirəm ki, əlyazması şəklində o romanını
mənə vermişdi,
mən də oxuyub “Ədəbiyyat qəzeti”nə yazdım ki, biz nisbətən cavan adamlar əlimiz
yazıdan soyuyanda qocaman yazıçı, səhhətindəki problemlərə
baxmayaraq, sona qədər qələmi əlində tutur”.
Tədbirin aparıcısı – AYB-nin katibi Rəşad
Məcid çıxışında
vurğulayıb ki, Azərbaycanda neçə-neçə
nəsil İsmayıl
Şıxlının əsərləri,
“Dəli Kür” romanı ilə böyüyüb: “Dəli
Kür” bizim ədəbiyyatın klassikasıdır.
Uzun illərdir ki, mən İsmayıl Şıxlının oğlu
Elçin Şıxlı
ilə dostam, səfərlərdə olmuşuq.
Onu görən adamlar dəfələrlə deyiblər
ki, Elçin Şıxlıda atasının
xarakter cizgiləri
var. Mən də bununla fəxr edirəm ki, İsmayıl Şıxlının
varisi ilə dostam, onun özünü
epizodik görsəm də, övladı ilə bir yerdəyəm”.
“İsmayıl Şıxlı
bizim nəslin pərəstiş elədiyi
bir insan idi. Əslində o dövrdə
qadağan olunmuş bir söz vardı:
bəy sözü. O söz İsmayıl müəllimə elə yaraşırdı ki... “Dəli Kür”
bizim keçmişimiz
idi. İsmayıl müəllimin bütün
yaradıcılığı Azərbaycanın, xalqımızın
təbliğinə həsr
olunmuşdu. O həmişə
bizimlə birgədir,
xatirimizdədir”. Bu fikirləri tədbirdə
AYB-nin birinci katibi, Xalq şairi
Fikrət Qoca səsləndirib.
Birliyin katibi Arif Əmrahoğlu
İsmayıl Şıxlının
onun taleyində böyük rolu olduğunu vurğulayıb:
“Universiteti yeni qurtarmışdım, hardasa
bir yazımı oxuyub mənim haqqımda ilk dəfə xoş söz deyən, fikir söyləyən məhz
İsmayıl Şıxlı
olub. Onun əsərlərini yalnız intellektlə oxumaq mümkün deyil, həm də ruhla oxumaq
lazımdır. O, xalqın
minillik ruhunu əsərində yaşadırdı”.
Professor Əzizxan Tanrıverdi
“Dəli Kür” romanının poetik xüsusiyyətlərindən söz
açıb, yazıçı
Natiq Rəsulzadə isə xatirələrini bölüşüb.
“Azərbaycan” jurnalının
baş redaktoru İntiqam Qasımzadə fikirlərini belə ümumiləşdirib: “İsmayıl
Şıxlı bizim hamımızı öyrədirdi
ki, yazıya qarşı tələbkar
olmaq lazımdır, ada-sana yox, əsərin
özünə qiymət
vermək lazımdır”.
Professor Rəfail Qəribov Rusiya Yazıçılar Birliyinin Saratov bölməsində İsmayıl Şıxlının 95 illik yubileyinin keçirilməsi ilə bağlı təəssüratlarını açıqlayıb.
Şairə və publisist Afaq Şıxlı deyib ki, ədəbiyyat aləmində Şıxlı soyadı ilə fəaliyyət göstərmək böyük məsuliyyətdir: “Bacardığım qədər əmimin adına və soyadına layiq olmağa çalışıram.
Rejissor Rövşən Almuradlı İsmayıl Şıxlı ilə tanışlıq tarixçəsini danışıb. Tanınmış telejurnalist Qulu Məhərrəmli İsmayıl Şıxlını bütöv Azərbaycanın ləyaqətli övladı kimi səciyyələndirib, onun xaricdə də kifayət qədər tanınıb sevildiyini deyib.
Şair Yusif Həsənbəy İsmayıl Şıxlının daha çox pedaqoji fəaliyyətindən söz açıb.
Publisist Gülxani Pənah hələ tələbəliyindən İsmayıl Şıxlını tanıdığını, onun gənclərə qarşı həmişə qayğıkeş və diqqətli olduğunu vurğulayıb.
Şair Oqtay Rza da İsmayıl Şıxlının yüksək insani məziyyətlərindən danışıb və ona həsr etdiyi şeirini oxuyub.
Sonda yubilyar ədibin oğlu – “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru, tanınmış publisist Elçin Şıxlı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, parlaq və səmimi çıxışlara görə hər kəsə təşəkkür edib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2014.- 10 aprel.- S.17.