“Ötən günlər dəftəri”ndən: Yevtuşenko haqqında xatirələrim

 

 

 

1981-ci ilin küləkli, çovğunlu, boz bir fevral ayı idi. Arabir qar da atırdı. Kiçik çilənin ən həyasız, ən boz bir vaxtı idi. O, necə deyərlər, “əzizi ölən kəfən dalıycan getməz” deyilən havalardandı. İşdən yenicə qayıtmışdım. Elə dəhlizə keçər-keçməz qonaq otağından kiminsə rusca danışdığını eşitdim. Hər kim idisə, nəyinsə, kiminsə qarasınca bərkdən söyüş söyürdü. Bu kim ola bilər? Axı bizim evimizdə kim rusca danışa bilər ki?... Kimin nə həddi var ki, evdə bir kəlmə rus sözü işlətsin, özü də belə söyüşlə, həm də heç nəyi nəzərə almadan bərkdən-bərkdən. Qulağımı şəklədim. Səsi çox tanış gəlirdi. Elə söyüşü də tanış idi.

 

– Net, tı ponimaeşğ Baxtiər, nu...

 

...Aha, səsindən tanıdım. Ay aman... Siqaretin və arağın təsirindən bir az boğuq, bir az xırıltılı, bir az kədərli, qəribə bir səs. Dünyanın hər üzünü görmüş, bələd olmuş və vaxtilə gördüklərinə qarşı üsyan eləmiş, amma heç nəyə nail olmayıb, hər şeyə qarşı laqeydləşmiş, yorğun və bir az da hər şeydən bezikmiş, pərişan bir səs. Amma əsəbi səs yox, hər şeyə qarşı təəssüflü bir səs. Orta yaşlı kişi səsi. Bizim dilimizdə bu ifadəni tam dəqiq vermək olmur. Nədənsə dəqiq alınmır. Rus dilində isə, bu ifadə olduqca dəqiq çıxır, konkret alınır. Yəni “prokurennıy, pyanıy qolos”. Bu səs elə məhz rus xalqına məxsusdur. Mənə belə gəlir ki, səslərini eşitməsəm də, bu səs elə Dostoyevskiyə də, Tolstoya da, Turgenevə də, digər və digərlərinə də vaxtilə aid olub. Elə onların da səsi belə olub. İndi isə eşitdiyim bu səs Rusiyanın böyük şairi, nəhəng şairi, şeirlərini həmişə sevə-sevə oxuduğum, hətta bəzilərini əzbər bildiyim, dəlisi olduğum Yevgeni Yevtuşenkonun səsi idi. Yenə də nə barədəsə atamla möhkəm-möhkəm mübahisə edirdilər.

 

Mən “yenə də” sözünü xüsusi vurğu ilə və həm də ona görə deyirəm ki... Hm... Bu barədə bir qədər sonra... Hə... O deyəcəyim söz indi də yadıma düşəndə kövrəlirəm, özümdən asılı olmayaraq gözlərim dolur.

 

Mən qonaq otağının qapısını azacıq aralayıb salam vermək istəyirdim ki, Yevtuşenko gözlərini atamdan çəkib, bir az qıyıb, mənə baxdı. Deyəsən əvvəlcə tanımadı. Sonra bir az gülümsəyərək:

 

– Ax kto tı?... Diplomat, nu zaxodi.

 

Gülə-gülə ona yaxınlaşdım, salamlaşıb əllə görüşdüm.

 

– Nu kak? Diplomat olmusan, yoxsa hələ yox? Axı yadıma gəlir ki 5-6 il bundan əvvəl sən, deyəsən, hansısa Yaxın Şərq ölkələrindən birinə getməyə hazırlaşırdın. Nə oldu, getdin, yoxsa fikrindən daşındın? Və başa düşdün ki, mən düz deyirəm?

 

Ani olaraq 5-6 il bundan əvvəl baş vermiş bir hadisə, xırıltılı ağ-qara retro kino lenti kimi gözlərim önündən sürətlə gəlib keçməyə başladı. Ən axırıncı kadrlarına qədər gəlib keçdi. Stop. Kadr dayandı. Moskvanın “məxməri mövsüm” adlandırılan fəslində, xəyalən gizli kamera ilə çəkilmiş, həmin o sənədi ancaq xəyallarda olan, amma rəsmi sənədi olmayan, qısametrajlı film bitdi. Çarx öz-özünə fırlanmağa başladı və sonra o lentə Yevgeni Yevtuşenko ilə bağlı yeni bir bugünkü qısametrajlı film calaq edildi. Aha, film başlandı.

 

Gülümsündüm:

 

– Xeyr, hələ diplomat olmamışam, hələlik başqa yerdə işləyirəm. Amma diplomat olacağam.

 

– Başqa yerdə?...

 

– Aha...

 

– Harda işləyirsən ki?... Birdən KQB-də-zadda işləyərsən, xəbərimiz olmaz ha... Bunu deyib başını atam tərəfə çevirdi, ona göz vurdu.

 

– Xeyr, xeyr, hələlik komsomol işində çalışıram. Partiyaya keçməyə hazırlaşıram. Ondan sonra...

 

Güldü...

 

– Partiya işi də, KQB-də hər ikisi elə eyni (söyüş söydü). Hə... Sənin partiya biletini... Yenə çox pis bir söyüş söydü və dərhal da: Oy... Pardon, izvinyayus – dedi.

 

Atam əsəbiləşərək:

 

– Jenya, bəsdi, demişəm axı sənə, bizlərdə uşağın yanında söyüş söyməzlər. (Uşaq? O zaman mənim 26-27 yaşım var idi).

 

– Nu xoroşo, Baxtiyar, ponəl. (Eh... Gözəl vaxtlar idi. Bu həmin o dövr idi ki, heç kim, heç kimin səsini gizlicə yazmırdı. Yazıb lazımi yerlərə ötürmürdü. Heç kim öz otağına kamera-filan qoymurdu, şəklini çəkmirdi, sonradan heç kim, heç nəyi montaj, calaq etmirdi. Hamı bir-birinə az-çox inanırdı. Ağzından “səhv” söz çıxardanda da, satılacağına, ələ veriləcəyinə çox da elə inanmırdı, bunu güman etmirdi, ağlına gətirmirdi. Yox, əlbəttə, satqın, əclaf adam hər bir dövrdə olub və olacaq. Bəşəriyyət yarandığı gündən bugünə kimi əclaflıq, alçaqlıq, satqınlıq universitetləri yaradılmayıb. Qəribədir, bəs onda bu qədər “məzun” hardan çıxır? Demək, bu, insanın xislətindədir. Hələ gələcəkdə satqınlığın, əclaflığın yeni-yeni formaları da yaranacaq, üzə çıxacaq. Hələ ki gələcəyin o əclaflıq formalarından bizim xəbərimiz yoxdur. Hər yazımda dediyim kimi, indi də deyirəm: Eynşteyn bir vaxtlar deyərdi ki, elmi-texniki tərəqqinin müqabilində insanlıq çox ləng inkişaf edir. Eynşteyn insanlıq haqqında, bəşəriyyət haqqında, gələcəyimiz haqqında çox pessimist sözlər demişdi. Hətta onu da demişdi ki, hələ bilmək olmaz, bizim bugünkü yaşadığımız dövrdə bəşəriyyət inkişaf edib irəliyə doğru gedir, yoxsa tənəzzül edir. Təqribən elə buna oxşar, buna bənzər fikirləri XVI əsrdə böyük İtalyan filosofu, dramaturqu, diplomatı Makiaveli də demişdi).

 

Mən Eynşteynin vaxtı ilə dediyi bu peyğəmbəranə sözlərə düzəliş vermək istəmirəm. Çünki Eynşteyn elə Eynşteydir. Lakin onu demək istəyirəm ki, bugünkü elmi-texniki tərəqqinin müqabilində, insanlıq nəinki ləng inkişaf edir və bəlkə hələ heç inkişaf da etmir. Əksinə, vaxtilə olan insanlıq, bugünkü elmi-texniki tərəqqinin müqabilində çoxdan məhv olub, gedib, itib, yoxa çıxıb. Bəs onda görəsən Eynşteyn sağ olsaydı və indiki bu elmi-texniki tərəqqini görsəydi, daha nələr deyərdi, çox maraqlıdır. Bir də, görəsən, insanlıq sözünü insanlara tamam unutdurmaq üçün gələcəkdə daha nələr kəşf olunacaq? Bəlkə də elə şeylər kəşf olunacaq, elə cihazlar ixtira olunacaq ki, bugünkü alçaqlıq, satqınlıq, ən böyük şərəfli insan adı alacaq, hələ bəlkə medal və ordenlərlə də təltif olunacaq. Ola bilər. Əlbəttə ola bilər. Çünki bu, həyatdır, həyat durmadan inkişaf edir və biz də bunları kəşf edən insanların bu kəşfləri, ixtiraları ilə fəxr edirik.

 

“Bu dünyada ən asan olan şey nəyisə kəşf edib, nəyisə ixtira etməkdir. Bundan asan nə var ki. Əsas məsələ odur, gərək bilib, başa düşəsən ki, bu ixtira olunan şey bəşəriyyətə xeyir verəcək, yoxsa zərər. Bu sualın özünə cavab tapmaq isə ən böyük ixtiradır, ən böyük kəşfdir. Bu isə heç kimi maraqlandırmır” – bunu mən deyirəm: bəndeyi həqiriniz.

 

Lakin Eynşteynin bütün kəşflərini tədricən heçə endirib, alt-üst edən türk alimi, riyaziyyatçı-fizik, “Anti-Eynşteyn” əsərinin müəllifi Harun Yəhya isə adıçəkilən əsərində deyib ki, “nəsillər dəyişdikcə, dövr təzələndikcə”, dünyamıza gələn yeni nəsil, özündən əvvəlki nəslindən 6 faiz daha ağıllı olur (amma dəqiq bilmirəm, Harun Yəhya 6 faiz ağıllı olur deyib, yoxsa savadlı olur deyib. Əlbəttə, savad başqa, ağıl başqa. Bunlar başqa-başqa şeylərdir. İndi çoxları bunu səhv salır, qarışdırır). Hə... Onda məntiqlə belə çıxır, əgər belə sürətlə ki insanlıq inkişaf edir (bilinmir hansı tərəfə), yəqin, 2-3 nəsildən sonra satqınlıq, adam ələ vermək, üzə durmaq çox böyük igidlik sayılacaq, qəhrəmanlıq, şərəfli bir iş hesab olunacaq.

 

“Ay aman, zəmanə nə yaman dəyişib, insanlar nə yaman korlanıb” – bunu isə Sokrat deyib.

 

Bəs Sokrat öz dövründə hələ bizim eramızdan da əvvəl insanlarda nə görmüşdü? Nə görmüşdü ki, insanlardan incik düşüb, belə sözləri dilinə gətirmişdi? Görəsən Sokrat o zaman insanların korlanmasını, dəyişilməsini nədə görürdü? Onda ki texniki tərəqqi yox idi və dünyanın da Eynşteyn haqqında heç bir təsəvvürü yox idi. Hələ heç dünya bilmirdi ki, vaxt gələcək, onun Eynşteyn kimi belə bir yetişdirməsi olacaq. Yox... Əlbəttə, dünya elə həmənki dünyadır, adamlar elə həmənki adamlardır, onlardan törənmişlərdi, amma...

 

“Mən dünyadan inciməmişəm, amma insanlardan qaçıram, insanlardan qorxuram. Hm... Dilimə 100 qram araq dəyən kimi isə, elə bir gözəl dünyaya, elə bir cənnət məkana gəlib düşürəm ki... Ah... Elə səmimi, elə gözəl insanlar arasında oluram ki, hamı gözümə məni sevən, məni istəyən adamlar kimi görünür. Heç kim mənə düşmən olmur. Hamıya inanmağa başlayıram. Danışıram, deyirəm, gülürəm. Danışdığım sözlərə görə də kiminsə məni ələ verəcəyinə inanmıram. Axı hamımız insanıq, istədiyim, düşündüyüm sözləri deyirəm, ürəyimi boşaldıram. Ürəyimi hamıya açıram. Ay aman... Axı mən niyə indiyə kimi insanlardan qaçırdım? Düşdüyüm bu yeni dünyada elə hey hamı ilə qucaqlaşıb, dərdləşmək istəyirəm. Vaxtı ilə etdiyim bütün səhvləri etiraf etmək istəyirəm. Vaxtı ilə insanlar haqqında pis düşündüyümə, hamıdan şübhələndiyimə görə üzr istəyirəm. Düşünürəm ki, İlahi, bu dünya nə gözəldir. İnsanlar nə gözəl məxluqdurlar... Hm... Amma arağın təsiri tədricən ötdükcə, hər bir şeyin yalan olduğunu, yenidən aldadıldığımı ürək ağrısı ilə başa düşürəm və yavaş-yavaş başağrısı ilə köhnə dünyaya qayıdıram. Çünki istədim-istəmədim, geriyə qayıtmalıyam. Özüm də istəmədən geri qayıdıram. Baş ağrıyır, ürək bulanır. Dünən nə danışmışam, kimin yanında nə demişəm? Ağzımdan nə kimi səhv söz qaçırmışam? Və... Ələ veriləcəyimdən qorxmağa başlayıram. Elə onda da insanlardan qaçıram, insanlardan qorxmağa başlayıram”. Aleksandr Qaliç deyib bu sözləri. Sonralar Vladimir Vısotski onun bu sözləri əsasında “Hər şey heç də belə deyildi, uşaqlar” – “Ne tak vsyo, rebyata” mahnısını yazmışdı).

 

Deyəsən, mətləbdən çox uzaq düşdüm, yayındım. Mən də əsas fikirlərimdən uzaqlaşdım. Deyir söz sözü gətirir, fikir-fikri.

 

   

 

lll

 

   

 

– Hə... Əgər komsomol işində işləməklə (güldü) kimisə aldatmaq istəyirsənsə, bu mümkün deyil. Bu çox axmaq fikirdir. Yox... Əgər buna az-çox nail ola bilsən, onda bəlkə səni gələcəkdə Rusiya səfirliklərindən birində referentdən-attaşedən nəsə bir şey eləsinlər...

 

– Rusiyanın yox, Sovet İttifaqının, – bunu mən dedim.

 

Gülümsündü.

 

– Sözümü kəsmə. Güya heç nə başa düşmürsən. Amma əsl diplomat olmaq fikrindən vaz keç. Niyə? Niyəsi məlumdur. Çünki sən əsl anti-sovetçikin (elə belə də demişdi: anti-sovetçikin) oğlusan. Səni dünyasında diplomat eləməzlər. Hm... Düzünə qalsa, heç mən özüm də istəmərəm ki, sən diplomat olasan. Baxmayaraq ki, mən sənin atanın yaxın dostuyam, onun dəlisiyəm. Şeirlərini sevə-sevə oxuyuram. O da mənim kimi bu qanlı quruluşa nifrət edir. Amma o eyni zamanda anti-rusdur. Demək, fikircə, əqidəcə mənə ziddir, mənim düşmənimdir. Siz məğlub bir xalqın nümayəndəsisiz. Məğlubun isə həmişə bir arzusu olur: qalibdən intiqam almaq. Məqam düşəndə bizdən intiqam almaq istəyəcəksiz. Bizim sirlərimizi öyrənmək istəyəcəksiniz. Elə buna görə mən də istəmərəm ki, bizə quyu qazanın oğlu, baxmayaraq ki mənim dostumun oğlusan, diplomat olsun. Çünki mən rusam, qalib bir xalqın nümayəndəsiyəm və bununla da fəxr edirəm. Əlbəttə nəyimizə lazımdır Azərbaycan diplomatı, türk, müsəlman diplomatı, özü də hər bir şeyi bilən, hər şeyi qanan bir anti-rusun oğlu gəlib bizim diplomatımız olsun. Çünki sən bizə yamaqsan, həmişə də bizə yamaq olacaqsan. Bunu yaddan çıxarma. Get özünə başqa bir iş tap, başqa bir peşə tap. Sən indi komsomol işində işləməklə, partiya sahəsində çalışmaqla, birtəhər özünü gözə soxmaqla, atanın dissidentliyini, anti-rus olmasını, millətçiliyini, lap elə deyək ki (mənə göz vuraraq) qatı şovinistliyini nə qədər malalayırsansa malala, xeyri yoxdur. Bunu nəzərdən qaçırmazlar, çünki əla bilirlər ki, sən kimin oğlusan, kimdən tərbiyə almısan, hansı havayla nəfəs alırsan.

 

Eşitdiklərimdən dəhşətə gəlmişdim. Bu nə danışır? (Əslinə qalsa bilirdim ki nə danışır. Hər şeyi çox gözəl başa düşürdüm). Aha, demək kimliyindən, nəçiliyindən asılı olmayaraq bunların hər biri, şairi də, yazıçısı da, fəhləsi də, ayığı da, sərxoşu da, hər bir məsələyə xüsusi fikir verirlər. Xüsusilə də milli məsələyə fikir verirlər. Dostluq dostluq yerində, vaxtaşırı Moskvaya göndərilən qiymətli hədiyyələr, lap belə deyək ki rüşvətlər, öz yerində (çünki yazılmamış qanuna görə biz bunu etməliydik) amma millət hər bir şeydən üstündür. Milli məsələ ən vacibdir. Əhsən.

 

Atam gülə-gülə dedi:

 

– Jenya, dediklərin düzdür, elə bunu sənsiz də bilirik. Sən bu dediklərinlə bizim üçün Amerika kəşf eləmirsən. Heç mən özüm də istəməzdim ki, mənim oğlun xarici ölkələrin birində Sovet İttifaqının diplomatı olsun, ona xidmət etsin.

 

Yevtuşenko da gülə-gülə:

 

– Sovet İttifaqının yox, Sovet İttifaqı sözü dünya üçün bir şirmadır. Rusiya üçün desən daha dəqiq olar.

 

Atam:

 

– Bayaq sənin dediyin o anti-sovet, anti-rus dissidentlər, gürcülərin, ermənilərin içində bizdən qat-qat daha çoxdur. Yaxşı, bəs onlar niyə sizə yamaq olmur? Onların içərisində onlarla hər şeyi görüb, başa düşən sizin diplomatlarınız var. Bəs bu sözləri onlara niyə şamil etmirsən, bəs onlara niyə inanırsınız?

 

– Nu, bilirsən, Baxtiyar...

 

– Mən bilirəm, hər şeyi bilirəm. Söhbəti sən başladın, indi də mənim ağzımı açdırmaq istəyirsən. Mən isə sənə deyirəm, mənim oğlum onsuz da əvvəl-axır diplomat olacaq, amma sənin dediyin kimi o, nə Rusiyanın, nə də Sovet ittifaqının diplomatı olacaq. O Azərbaycanın diplomatı olacaq və Azərbaycana da xidmət edəcək. Mənim oğlum diplomat olana qədər isə, sovet quruluşu dağılıb məhv olacaq, bizdə sizin tərkibinizdən çıxacağıq, müstəqil bir dövlət olacağıq.

 

Atam əsəbiləşmişdi.

 

Yevtuşenko:

 

– Yox, heç bir vaxt. Hə... Amma nə bilmək olar. Ola bilsin ki, bəlkə də, 50-60 ilə sovet quruluşu dağılsın. Bunu mən səndən də çox istəyirəm. Çünki sovet quruluşundan ən çox əzab çəkən bizik, biz ruslarıq. Amma... bizim tərkibimizdən çıxmağınız isə heç bir vaxt olmayacaq. Lap belə biz istəsək də, bu olmayacaq. Çünki bunu siz istəmirsiz. Siz bizdən dörd əllə yapışmısız. (Axı bu niyə onlara belə gəlirdi?)

 

Təəccüblüdür, özü də çox təəccüblüdür. Mənim diplomat olmaq arzum barəsindəki o qədər də nəzərə çarpmayan söhbətlər Yevtuşenko ilə 5-6 il bundan əvvəl olmuşdu. Özü də bu söhbət olan vaxt o, möhkəm içkili idi. Bəs o qədər əhəmiyyət kəsb etməyən bu söhbətlər onun yadında necə qalıb? Təəccüblüdür. Deyək ki, onlar atamla tez-tez görüşürdülər və bu söhbət də təzələnirdi. Amma yox, əlbəttə yox. Ola bilməz. İşləri-gücləri qurtarıb ki elə durub məndən danışsınlar. Demək, bayaq dediyim kimi onlar kimliyindən və nəçiliyindən asılı olmayaraq, heç vaxt belə bir məsələni unutmurlar, nəzərdə saxlayırlar (Kimlər? Elə hamısı).

 

Ondan sonra isə mənim iki ya üç dəfə Moskvada Yevtuşenko ilə elə-belə, atüstü görüşüm olmuş, atamın bəzi yazılarını, tərcümələrini və bir də, deyəsən, Yeni il ərəfəsində göndərdiyi hədiyyələri ona vermişdim, vəssalam. Amma diplomatiya və mənim gələcək planlarım barəsində söhbətimiz onunla qətiyyən olmamışdı. Bəs o zaman dediyi sözlər onun xatirində necə qalıb? Hm... Bu barədə söhbətimiz onunla bir də çox uzun illər sonralar olmuşdu və mən o zaman bir məsələni ona xatırlatmışdım. O da təəssüflə, özü də istəmədən mənim dediklərimi xatırlamışdı (bu barədə də bir qədər sonra).

 

Atam təkcə Yevtuşenkoya yox, demək olar ki, Rusiyanın bir çox üzdə olan yazıçı və şairlərinə vaxtaşırı hədiyyələr göndərərdi. Çünki bu çox vacib bir məsələ idi. Həə... Nəinki atam, mən də dəqiq bilirdim ki, Qafqazın hər hansı, hətta belə deyək, ən istedadlı və ən “bezdarniy” şairi, yazıçısı da, yeri oldu-olmadı, hər bayramqabağı Moskvaya hədiyyələr göndərirdi. Hər şeyin onların arzu edib-etmədiyindən, nəyin nə ilə və necə nəticələnəcəyindən asılı olmayaraq, ağızlarından, boğazlarından kəsib Moskvaya pay göndərirdilər. Hələ heç bilmirdilər ki, bu hədiyyələrə görə Moskva tərəfindən bəhrələnə biləcəklər, ya yox. Hər halda, ümid yaxşı şeydir. Amma Moskva şair və yazıçıları bütün bu hədiyyələri çox böyük məmnuniyyətlə (sanki elə belə də olmalıydı), müqabilində nəsə vəd verə-verə böyük könül xoşluğu ilə qəbul edirdilər.

 

 

lll

 

 

İndi dəqiq tarix yadımda deyil. Ya 1975, ya da 1976-cı ilin payızı idi. Moskvada ya Azərbaycan mədəniyyət günləri, ya da, deyəsən, yazıçıların dekadası keçirilirdi. Dəqiq bilmirəm. Bircə onu bilirəm ki, belə-belə tədbirlər, kiçik-kiçik bayramlar, o zamanlar çox tez-tez olurdu. Dünyanın da düzgün vaxtlarından, gözəl zamanlarından idi. Yox, məndə o günlərə, keçmiş vaxtlara, ötən dövrlərə heç bir nostalji hissi yoxdur, qətiyyən yoxdur. O vaxtların xiffətini də çəkmirəm. Doğrudur, hərdənbir... indi görürsən ki... amma nə isə...

 

Sadəcə olaraq, o dövrün başqa məsələlərinə qarşı bir qədər nisgil qalıb və yəqin, ömrümün sonuna qədər bu hisslər məndə qalacaq və heç vaxt da unudulmayacaq. O dövrlərdə şeirə, ədəbiyyata, poeziyaya, musiqiyə maraq, həvəs olduqca güclü idi. Ədəbiyyatda 60-cı illərdən sonra yavaş-yavaş silinən, sıradan çıxmaqda olan sosializm realizmi deyilən anlayış bitib-tükənmişdi. Ədəbiyyatda nə sosializm qalmışdı, nə də onun realizmi. Bu sahədə heç bir qayda-qanuna əməl edən də yox idi. Ədəbiyyatda öz dövrünün problemlərindən, məişət realizmindən bəhs edən, bir də sosializmi ələ salan, Leninin kəlamlarının başına ip salıb dolayan, gizli və aşkar, sətiraltı mənalı əsərlər yavaş-yavaş özünə yer tapırdı. Ondan da başqa, dediyim kimi, ədəbiyyata, musiqiyə həvəs çox güclü idi. Daha indi başı ilə ayağı bilinməyən şeirə, mənası bilinməyən hekayəyə, nəfəs genişliyi çatmayan romana, zümzüməyə gəlməyən “musiqi” adlı şeyə yox. Söhbət əsl ədəbiyyatdan, özü də böyük, nəhəng ədəbiyyatdan gedir.

 

      

 

 

lll

 

 

Mən bəzi öz işlərimlə bağlı Moskvadaydım. Xaricə getmək ərəfəsində idim. Atam da orada idi. Həmin o dediyim tədbir günlərinin iştirakçısı kimi. Mən “Rossiya”, atam isə məşhur “Moskva” mehmanxanasında qalırdı. Bu o vaxtlar idi ki, “otel” sözü işlədilmirdi.

 

Hə... Bir gün əvvəl şərtləşdiyimiz kimi, “Moskva” mehmanxanasının birinci mərtəbəsindəki restoranda saat 7-də görüşməli idik. Hətta o da yadıma gəlir ki, hava çox sərt idi. Mehmanxanaya gəlib çatana qədər tamam donmuşdum. Mən restorana daxil olanda uzaqdan gördüm ki, atam, Əlağa əmi (Əlağa Kürçaylı), bayaq dediyim kimi, şeirlərini həmişə sevə-sevə oxuduğum Yevgeni Yevtuşenko, bir də tərcüməçi şair, türkşünas İqor Peçenev stolun arxasında oturub nə barədəsə qızğın mübahisə edirlər. Bərkdən-bərkdən danışırlar. Mən İqor Peçenevlə çoxdan, lap çoxdan, hələ uşaq ikən tanış idim. O, vaxtilə tez-tez Bakıya gələr, evimizdə olardı, atamı tərcümə edərdi. Nədənsə “rus şairlər, rus tərcüməçilər” deyəndə, onlardan söhbət düşəndə, vaxtilə “Lenfilm”in istehsal etdiyi “Payız marafonu” filmi yadıma düşür. Çünki həmin o filmdə ədəbiyyat institutunun adi bir müəllimi, arabir şeir yazan, amma maddi çətinlik ucbatından tərcüməçilik edən Oleq Basilaşvilinin yaratdığı Buzıkin obrazı gözlərimin önünə gəlir. Buzıkin, demək olar, o dövrdəki bütün rus tərcüməçi-şairlərinin ümumiləşdirilmiş obrazı idi. Həmin o ağ-qara, rəngsiz çəkilmiş filmə baxanda kövrəlirəm, gözlərim dolur... Xeyr, adını çəkdiyim o film, kövrələsi film deyil, bəlkə hardasa gülməlidir də, bədbin bir komediyadır. Amma mən həmin o filmə baxanda keçmiş günlərin bütün o rus yazıçıları, şairləri, tərcüməçiləri – Yevgeni Yevtuşenko, Andrey Voznesenski, Yeqor İsayev, Rimma Kazakova və digərləri yadıma düşür. Onların hər birində atamla bağlı olan, rəngi çoxdan solub-saralmış xatirələr var ki, hər dəfə onları televizorda görəndə sanki öz doğmalarımı görürəm, hönkürtü ilə televizoru bağrıma basmaq istəyirəm. Yaxşı. Bunlar heç... Bütün bu adlarını çəkdiklərim Rusiyanın ən əlçatmazları idilər ki, mən bu əlçatmazların hər biri ilə ya Bakıda evimizdə, ha da Moskvada görüşmüş, onlarla, qısa da olsa, söhbət etmişəm. O müqəddəs, pak saydığım Hüsü Hacıyev küçəsi 19-dakı evimizdə, Yazıçılar Binasında, axı kimlər olmayıb? Çingiz Aytmatovdan tutmuş, Oljas Süleymenova qədər, Yevgeni Yevtuşenkodan tutmuş, Robert Rojdestvenskiyə qədər, Yeqor İsayevdən tutmuş, Rəsul Həmzətova qədər (hərçənd mənim ondan heç vaxt xoşum gəlməyib), Rimma Kazakovadan tutmuş, digərlərinə qədər, çoxları evimizdə olub. O evimizdə müxtəlif mübahisələr gedib. Milli məsələlər müzakirə olunub. Millət, vətən, dil hər şeydən üstün sayılıb. Amma fikir ayrılıqları da olub. Hətta o da yadıma gəlir ki, atam erməni şairi Vardges Petrosyanın başında çay stəkanı da sındırmışdı. 1960-cı illərdə. Sonra da ona “von otsyuda” demişdi. O da yadıma gəlir ki, Moskvada yaşayan böyük yazıçımız Çingiz Hüseynovla evimizdə şahmat da oynamışam. Bir dəfə uduzmuş, bir dəfə də udmuşam.

 

Amma Rusiyanın elə şairləri, elə tərcüməçiləri olub ki, öz dövrlərində parlaya bilmədilər, üzə çıxa bilmədilər. Maddi çətinliklər ucbatından Qafqaz şair və yazıçılarından bəhrələnmək üçün şeir yazmağın daşını birdəfəlik atıb tərcüməçilik işinə bağlandılar. Elə bunlar da mənə doğmadırlar, əzizdirlər. O “buzıkinlər”in hər birini mən dəfələrlə görmüşəm. Onlar ucuz “Belamorkanal” papirosu çəkər, öz dilləri ilə desək, 3 manat 60 qəpiklik “pominka” arağı (ən ucuz araq) içər, Qafqazdan onlara göndərilən hədiyyələrin yolunu səbirsizliklə gözləyərdilər. (O “buzıkinlər” heç bəzən bilmirdilər ki, bu hədiyyələr hardan və kimdən gəlib.) Onlar həyatda uduzdular. Həm də ... Həm də dövr dəyişdi, maddiyyat mənəviyyatı üstələdi. Hər şey tərsinə çevrildi. Mədə başdan yuxarı adladı... İndi o adamların çoxu bu dünyada yoxdur.

 

Hə... O zaman mən Yevgeni Yevtuşenkonu birinci dəfə görürdüm. Yox, televizorda çox görmüşdüm, dəfələrlə görmüşdüm. Telefonla atamla danışığını çox eşitmişdim və o çox qəribə bir tələffüzlə deyərdi atamın adını. Atamın adının ortasında olan “x” hərfini “k” hərfi kimi tələffüz edərdi. “Baktiyar” deyərdi. Amma həyatda isə birinci dəfə idi onu görürdüm. Atam məni onunla tanış etdi. “Oğlumdur” – dedi. Yevtuşenko içkili gözlərini qaldırıb, mənə baxdı, üzünü atama tutaraq:

 

– Çto, on toje xoçet statğ poetom?

 

– Yox, yox, Allah eləməsin, diplomat olmaq arzusundadır.

 

Təəccüblə soruşdu:

 

– Diplomat? Sənin oğlun diplomat olmaq istəyir?

 

Sonra üzünü mənə çevirərək:

 

– Hansı ölkənin diplomatı olmaq arzusundasan? Azərbaycanın, yoxsa Rusiyanın?

 

Sualı başa düşmədim. Düşündüm ki, yəqin zarafat edir. Bir qədər gülümsəyərək:

 

– Sovet İttifaqının hər hansı bir xarici ölkədəki diplomatı olmaq istəyirəm.

 

– Toqda nu tebya...

 

Söyüş söyərək əlini yellətdi.

 

Bir qədər tutuldum. Atama baxdım. Atam dedi ki, bənd olma, içkilidir.

 

Yevtuşenko:

 

– İndi bax, Baxtiyar, hətta sənin oğlun da demir ki Azərbaycanın hər hansı bir xarici ölkədəki diplomatı olmaq istəyirəm. Heç belə ağlına da gətirmir. Bəs buna nə deyirsən?

 

Stulu çəkib oturdum. Dördü də içkili idilər. Onlar əvvəlki mübahisələrinə qayıtdılar. Mübahisə nə ədəbiyyatdan, nə poeziyadan, nə də yeni nəşr olunan kitablardan, tərcümələrdən gedirdi. Xeyr. Mübahisə siyasətdən idi. Yevtuşenko heç nəyi nəzərə almadan elə hey partiyanı da, sovet quruluşunu da söyürdü. Özü də çox qəribə sözlər deyirdi. Əlağa Kürçaylının çox gözəl içki mədəniyyəti vardı. Əsl məclis adamı idi. Yox... Sərxoşluq xatirinə içənlərdən deyildi, qətiyyən yox. Ürəyini boşaltmaq üçün, gördüklərini, eşitdiklərini, haqsızlıqları unutmaq üçün içərdi. Sabahların necə olacağını düşünərdi. Həm də hər bir məclisdə özünü necə aparmağı əla bacarardı. Amma çox qəribədir. Hamı onu içki içən görərdi, amma heç kim onu sərxoş görməzdi. Atamın isə elə bir içməyi yox idi. Hərdənbir rus şairləri, yazıçıları ilə Moskvada, Bakıda, digər şəhərlərdə məcburiyyət qarşısında qalıb 50-100 qram içərdi. Sonra da həmişə deyərdi: “Ay bu zəhrimarı çıxardanı belə-belə olsun...” Bu zəhrimarın acılığı olmasa, adam lap bir litr içərdi. Nə olardı, elə bir şey icad edərdilər ki, elə acılığını hiss etmədən adam içsin və bir qədər kefli olsun. Sərxoş yox, məhz kefli...

 

Yevtuşenko çox qəribə sözlər deyirdi. Deyirdi ki, siz kiçik millətlər bu imperiyanı öz çiyninizdə saxlaya-saxlaya bizi uçuruma aparırsınız, bizi məhv edirsiniz. Bu imperiyanı saxlamaq sizə hərtərəfli sərfəlidir. Siz azadlığa çıxmaqdan qorxursuz, azadlığa çıxmaq istəmirsiz. Deyirdi ki, siz kiçik millətlər bizim rus xalqının qanını sovurursuz, siz bizim daxilimizdə olan xərçəng xəstəliyisiz. Siz bu imperiyanı söyə-söyə, lənətləyə-lənətləyə onu qoruyursunuz. Atam isə onun bu sözlərinə qarşı etiraz edərək, əsəbiliklə: “Sən nə danışırsan, mən başa düşmürəm? Bizi işğal edən də siz, varımızı, yoxumuzu əlimizdən alan da siz, bizi talan edən də siz, pis olan, qan sovuran isə biz oluruq? Bu necə olur? Az veririk, yoxsa gec veririk?” – deyirdi.

 

Yevtuşenko:

 

– Bax, siz hər ikiniz anti-rus, anti-sovet şairlərsiniz. Anti-sovet olduğunuza görə mən sizin hər ikinizi sevirəm, amma anti-rus olduğunuza görə həm sizi başa düşürəm, həm də sizə nifrət edirəm. Tarix göstərir və dəfələrlə göstərib ki, həmişə işğal edən gec-tez özü sonda, işğal etdiyi ölkənin daxilində itir, yox olur, məhv olur. İşğal olunan isə özü həmişə onu işğal edəni məhv edir. Uzağa getməyək. Götürək elə monqol-tatarları. Bizi işğal edib 300 il öz tərkiblərində saxladılar. Sonra nə oldu? Özləri bizim içimizdə yavaş-yavaş əriyib yox oldular, indi də bizdən asılıdırlar, bizdən imdad gözləyirlər.

 

Əlağa əmi əsəbiləşərək:

 

– Yaxşı, bütün bunları bilə-bilə niyə bizdən əl çəkmirsiniz, bizi niyə sərbəst buraxmırsız? Bütün dünya sizə azlıq edir?

 

Yevtuşenko:

 

– Bəs siz niyə mübarizə aparmırsınız, niyə müqavimət göstərmirsiniz? İndi də bizim əleyhimizə şeirlər yazıb, romanlar yazıb bizə tərcümə etdirib, dünyaya yayıb, bizim əlimizlə özümüzə şillə vurmaq istəyirsiniz. Siz müstəqil olmaq istəmirsiniz. Əgər müstəqil olsanız, dünyaya çıxa bilməzsiniz, tanınmazsınız. Bax bundan qorxursunuz...

 

Atam:

 

– Bizə dünyaya çıxmaq lazım deyil. Bizə elə Azərbaycan da kifayət edər. Bizə sizdən xilas olmaq lazımdır, elə olacağıq da. Və siz nə zaman bizi azad buraxdınız ki, biz də azad olaq?!

 

Qarşı stolların birində təxminən 30-32 yaşlı, öz dövrlərinin qəşəng qadınlarından sayılan, iki nəfər qadın oturmuşdu. Qurtum-qurtum şərab içir, siqaret çəkir, hərdən də gözucu bizim stola tərəf baxıb, nəsə öz aralarında danışırdılar. Atamla Əlağa əmi – Yevtuşenko və İqor Peçenevlə mübahisə etmələrinə baxmayaraq – arabir gözlərini yayındırıb o qəşəng qadınlara baxır, yenə də mübahisələrini davam edirdilər. Qulağım atamgildə olsa da, sözün düzü, elə mən də gözlərimi bu qəşəng qadınlardan çəkə bilmirdim. Birdən araya sakitlik çökdü. 10-15 saniyə heç kim, heç nədən danışmadı. Sanki bütün məsələləri çözüb qurtarmışdılar, guya bütün milli məsələlər həll olunmuşdu. Və bu sakitlikdən istifadə edən Əlağa əmi ilə atam gözlərini bu qadınlara bir az da davamlı zillədilər.

 

Eh... Onda hər ikisi cavan kişilər idi. Gözəllik nəzərlərindən qaçmazdı. Gözəlliyə biganə qala bilmirdilər, xüsusilə qadın gözəlliyinə. Atamın cəmisi 48-49, Əlağa əminin də 45-46 yaşı ancaq olardı. Ömürlərinin xeyli hissəsi irəlidəydi. Amma yox... Əlağa əmi üçün ayrılmış ömür müddəti sona yetmək üzrə idi. İrəlidə onu ancaq xəstəlik, dava-dərman, ağrılar, yataq və bir də... ölüm gözləyirdi. Yox, onsuz da gec ya tez ölüm hamını haqlayır, vaxtlı, ya vaxtsız. Amma Əlağa əminin ölümü ölüm olmadı, müsibət oldu. Qızı Ülkərin ölümü isə lap dəhşət idi. Və o zaman heç kim bilmirdi ki, Əlağa əminin ömrünün bitməsinə cəmisi 5-6 il qalıb, vəssalam.

 

Birdən Yevtuşenko əlini əlinə vuraraq bərkdən güldü:

 

– Baxtiyar, Alik, (Yevtuşenko Əlağa əmiyə həmişə Alik deyərdi) onlara çox da elə baxmayın, mənası yoxdur. Özünüzü yormayın. Onlar sizə baxmırlar, çünki sizi tanımırlar. Onlar mənə – Yevtuşenkoya baxırlar. Çünki məni tanıyırlar və məni də sevə-sevə oxuyurlar. Çünki mən böyük Rusiyanın şairiyəm. Amma mən babnik deyiləm, yox... (elə belə də demişdi, babnik) mən alkoqolikəm. Doğrudur, hərdənbir qadınlara vaxt ayıra bilirəm, amma içkidən aldığım zövqü, ləzzəti, heç bir qadından almıram, ala bilmirəm...

 

Hamımız güldük.

 

Əlağa əmi özünü saxlaya bilməyib, xidmətçi qadını çağırdı, o qadınlar oturan masaya bir şampan şərabı göndərdi.

 

Hə... İndi isə Yevtuşenkonu evimizdə görəndə 5-6 il bundan əvvəl Moskva restoranında olan o şam yeməyi bir an içində gözlərimin önündən gəlib keçdi. Hər şey bitdi. Yaddaşıma calaq olunan o “sənədsiz” sənədli film sona yetdi.

 

Atamın ermənilər və gürcülər barəsində verdiyi sualın üstündən keçmək üçün Yevtuşenko birdən:

 

– Gəl bir Əlağagilə baş çəkək. O Moskvada xəstə yatarkən yanında olmuşdum. Bilirəm, hər şeyi bilirəm.

 

Atam kədərlə başını bulayaraq:

 

– Moskvadan yenicə qayıdıb, vəziyyəti yaxşı deyil. Qapıbir qonşuyuq, amma yanına tez-tez gedə bilmirəm. Özümü saxlaya bilmirəm. Onun hər gün qram-qram əriməsini görəndə gözlərim dolur.

 

Yevtuşenko gözlərini məchul bir nöqtəyə dikərək:

 

– Xvatit... Heç nə demə. Heç nə eşitmək istəmirəm. Onsuz da hər şeyi bilirəm. Bəsdir. Gəl bir keçək onlara.

 

Yevtuşenko, atam və mən Əlağa əmigilə keçdik. Mən Əlağa əminin oğlu Ülfətlə dost olmağıma baxmayaraq, çoxdan onlara getmirdim. Getmirdim deyəndə ki, tez-tez zəngləşirdik, görüşürdük. Həyətdə, blokda söhbətləşirdik. Amma... Əlağa əmini neçə vaxtdı görmürdüm. Onu görəndə özümü itirdim, gözlərimə inanmadım. Ay aman... Mən onu tanıya bilmədim. O yaraşıqlı, boylu-buxunlu, cüssəli Əlağa əmidən əsər-əlamət qalmamışdı. Yox... Bu həminki Əlağa əmi deyildi.

 

Yevtuşenko Əlağa əmini görəndə özünü itirdi. Sonra yaxınlaşaraq onu qucaqladı, üzündən-gözündən öpdü:

 

– Nu Alik, çto s toboy, rodnoy? Axı xəstəlik sənə yaraşmır, özünü ələ al, ayağa dur...

 

Mən hiss edirdim ki, Yevtuşenkonun səsi bizim evimizdə olduğu kimi şən və gümrah çıxmır, qəhərlənir, gözləri dolur.

 

Əlağa əmidə daxili bir qürur vardı, əyilməz, məğrur bir adam idi. Bizi görüb ayağa durmaq istədi, amma bacarmadı. Daxilində olan kəskin ağrılar onu tərpənməyə qoymurdu. Atam bunu hiss etdi:

 

– Ay Əlağa, durma, ay kişi, uzan...

 

– Yox, Bəxtiyar, hiss edirəm ki, yavaş-yavaş sağalıram. 5-10 günə kimi tam sağalıb ayağa qalxacağam.

 

O bu sözləri elə gümrah səslə dedi ki, hamımız inandıq. İnandıq ki, Əlağa əmidə heç bir xəstəlik-filan yoxdur. Özü dediyi kimi 5-10 günə, uzağı 2 həftəyə ayağa qalxacaq, yenə də həminki Əlağa əmi olacaq. Bəlkə də Əlağa əmi bu sözləri deyəndə, ən axırıncı gücünü yığıb, bizi inandırmağa çalışmışdı. Daxili qüruru, bütövlüyü qoymurdu ki, ona bir kəsin yazığı gəlsin. “Yox, mənə nə olub ki, elə əvvəlki Əlağayam da. Heç xəstələnib eləməmişəm...” Eyni xasiyyət, eyni qürur, eyni əyilməzlik oğlu Ülfətdə də var. Bu xasiyyət ona atasından keçib. Ən yaxın dostu, sirdaşı mən olsam belə, heç mənim yanımda da öz problemlərini bildirməz. Ən çətin vaxtlarında da həmişə özünü elə aparıb ki, guya ondan dərdsiz-qəmsiz adam yoxdur bu dünyada. Allahın verdiyi istedad da ki, öz yerində. Amma...

 

Oturub söhbət etməyə başladılar. Məlum oldu ki, Əlağa Kürçaylı ilə Yevtuşenko 50-ci illərdə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda birgə oxuyublar, möhkəm dost olublar. Lakin iş elə gətirib ki, Yevtuşenkonu dissident baxışlarına görə institutdan xaric ediblər. Sonradan Əlağa Kürçaylıdan da şübhələniblər. O isə “Moskvanın havası mənə düşmür, soyuğuna tab gətirmirəm” – deyə bəhanə gətirib, Moskvadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb. Keçmiş müəllimlərindən, tələbə dostlarından danışdılar, keçmiş günləri vərəqlədilər. Yavaş-yavaş Əlağa əminin üzü gülürdü .

 

... Xudahafizləşib qapıdan çıxarkən Əlağa əmi durub bizi ötürmək istədi. Amma yenə də ayağa dura bilmədi.

 

– Lazım deyil, durma, uzan, biz sabah yenə gələcəyik.

 

Əlağa əmi halsız idi. Biz qapıdan çıxarkən Yevtuşenko üzünü yuxarı tutub bir xaç çevirdi, qəhərli bir səslə:

 

– Qospodi, nu sdelay çto-nibud, pokaji svoe çudo. Nu qospodi...

 

Bizə gəlib yenə də söhbətə başladılar. Amma söhbət alınmırdı. Çünki hər ikisinin fikri divarın o biri tərəfində – Əlağa Kürçaylının yanında idi. Yevtuşenko birdən:

 

– Mən daha otura bilmirəm, gedirəm, – dedi.

 

Atamın, tərcümə etmək üçün, bəzi yazılarını götürdü. Sürücümüz onu “İnturist” mehmanxanasına apardı. Atam fikirli idi. Əlağa əminin görkəmi ona yaman təsir etmişdi. Birdən öz otağına keçərək vaxtilə Azərbaycan xalqının təbliğatçısı, milliyyətcə alman, amma sonralar İslam dinini qəbul etmiş, atamın yaxın dostu Əhməd Şmidenin ona bağışladığı “Quran”ı əlinə götürərək:

 

– Ya Rəbbim, Sən Əlağaya rəhm et. Ona qıyma, hələ cavandır – dedi.

 

 

lll

 

 

Telefon zənginə yuxudan oyandım, torşeri yandırıb saata baxdım. Gecə saat 4 idi. Dəstəyi qaldırdım. Daha doğrusu, mən dəstəyi qaldırana qədər, atam öz otağındakı o biri telefonun dəstəyini qaldırmışdı. O yatmamışdı, işləyirdi. Zəng edən Yevtuşenko idi. Yevtuşenko əsəbi səslə deyirdi:

 

– Bəxtiyar, mən indi səndən götürdüyüm şeirlərin heç birini rus dilinə tərcümə etməyəcəyəm. Axı necə bunu tərcümə edim ki, sən bu şeirlərinlə başdan ayağa rus xalqına sataşırsan, təhqir edirsən. Məsələn, deyirsən ki:

 

  

 

“Sən də quzu, mən də quzu,

 

gəl qoruyaq canavardan özümüzü.

 

Gəl qorxmayaq nə sən məndən,

 

nə mən səndən,

 

Gəl biz qorxaq canavarın mədəsindən.

 

Bu mədədə həzm olunur

 

neçə-neçə mənim kimi,

 

sənin kimi balacalar.

 

Gəl qardaşım biz verək əl-ələ,

 

qurdun yuvasına salaq vəlvələ”.

 

  

 

– Bəxtiyar, sən məni nə hesab edirsən?

 

Atam güldü.

 

Yevtişenko:

 

– Bu isə tamam dəhşətdir:

 

 

“Gəlib evimizdə bizi soydular,

 

Amma adımızı vəhşi qoydular.

 

Bir soruşan yoxdur bu gəlmələrdən,

 

O “vəhşi” dediyin sənsən yoxsa mən”.

 

  

 

O biri tərəfdən də deyirsən ki:

 

“Gözəl evlər tikilib, dəmir yollar çəkilib.

 

    ...............................................................

 

O yollar ki çəkilib,

 

bu yurdun sərvətinin daşınması üçündür...”

 

Bu bizə aid deyil, bəs nədir?

 

– Jenya, bəs sən özün demirsən ki, biz niyə mübarizə aparmırıq? Bəs bu elə mübarizədir də...

 

– Xeyr... “Latın dili” şeiri haqqında isə ümumiyyətlə danışmağa belə dəyməz. Mən bunların heç birini tərcümə etməyəcəyəm. Hətta çalışacağam ki ümumiyyətlə sənin bu şeirlərini heç kim rus dilinə tərcümə etməsin. Əlbəttə, dostluğumuz öz yerində, amma.... Xeyir, bu şeirləri türk dilinə tərcümə etdirsən, daha yaxşı olar...

 

Yevtuşenko dəstəyi yerinə qoydu. Dəstəkdən kəsik-kəsik siqnallar eşidilirdi: Dud, dud, dud...

 

Atam gülərək dəstəyi yerinə qoydu. O biri tərəfdən mən də dəstəyi yavaş-yavaş, ehtiyatla yerinə qoydum ki, atam başa düşməsin mənim onların söhbətinə qulaq asdığımı. Və bununla da atamla Yevtuşenkonun arasında bir qədər soyuqluq yarandı. Bu bəlkə heç də belə deyildi, mənə elə gəlirdi. Çünki belə mübahisələr vaxtaşırı  olurdu. Amma bu dəfə hiss etdim ki, deyəsən, aralarında olan telefon zəngləri seyrəlib.

 

Bu hadisənin üstündən 3 gün sonra – fevralın 11-də Əlağa əmi dünyasını dəyişdi. Daha sonra dediyim kimi, qızı Ülkərin faciəsi. Fevral ayının 13-də Əlağa əminin 3 mərasimi verilirdi. Mən atamla yan-yana oturmuşdum. Onda heç birimizin ağlına da gəlməzdi ki, düz 29 ildən sonra, məhz elə bu gün atam dünyasını dəyişəcək.

 

 

lll

 

 

İsveçrə, Cenevrə, 2000-ci il.

 

İşdən yenicə qayıtmışdım. Elə bu vaxt atam Bakıdan zəng etdi. Çoxdan zəngləşmirdik. Xoş-beşdən sonra atam dedi:

 

– Oğul, Yevgeni Yevtuşenko İsveçrədə, Berndədir. Onunla bir vaxt tap görüş. 3-4 gün əvvəl mənə zəng etmişdi, dedim ki, sən İsveçrədəsən. Hökmən onunla görüş.

 

– Hökmən, ay ata. Elə günü sabah Bernə gedib onunla görüşərəm.

 

Elə dəstəyi yenicə yerinə qoymuşdum ki, yenidən zəng çalındı. Zəng edən Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov idi. Bir qədər söhbətdən sonra dedi ki, bəs mən Cenevrədəyəm, atan sənə məktub göndərib, onu sənə çatdırmalıyam. Dərhal ardıyca maşın göndərdim. Kamran müəllimlə bizdə görüşdük. Oturub ordan-burdan, Bakıdan danışırdıq. Kamran müəllim atamın mənə göndərdiyi məktubu verdi. Bu məktub məsələsi hər dəfə yadıma düşəndə kövrəlirəm, gözlərim dolur: “Axı o niyə belə edirdi? Atam niyə ömrü boyu məndən nigaran idi?...” Həmin məktubu olduğu kimi yazıram:

 

“Gözümün nuru İsfəndi.

 

Bu məktubu sənə gətirən adam mənim dostumdur. Olduqca qeyrətli və milli adamdır. Sənə onunla pul göndərirəm. Bilirəm ki, o tərəflər çox bahalıqdır. Səndən bir xahişim var. Yevgeniy Yevtuşenko indi Berndədir, onunla bir görüş. İmkan tap, onu axşam yeməyinə dəvət et. Mən istəmirəm ki, sən mənə görə artıq pul xərcləyəsən. Onsuz da mən bilirəm ki, sənin çörək pulun ömür boyu qürbətdən çıxıb. Ömür boyu qürbətdəsən. Səni atamın canına and verirəm, bu pulu geri qaytarma. Yaxşı... Çoxlu pulun olanda, qazananda, qaytararsan.

 

Atan Bəxtiyar”.

 

Tutulmuşdum, yaman pərt olmuşdumsa da, Kamran müəllimin yanında özümü o yerə qoymurdum. Amma Kamran müəllim nəsə hiss etmişdi. Halım nəzərindən qaçmamışdı.

 

Elə ertəsi günü Bernə getdim, atamın məktubda yazdığı oteli tapdım. Resepsiondan zəng edib Yevtuşenko ilə görüşdüm. Əvvəlcə deyəsən məni tanımadı, təəccüblə baxırdı, çünki aradan 20 ildən də artıq vaxt ötmüşdü. Mən isə onu görən kimi uzaqdan tanımışdım, çünki o – Yevtuşenko idi. Mən isə bir qədər yaşa dolmuş, saçlarım ağarmışdı. Amma sonra məni tanıdı. Görüşdük. Sifariş verdiyim stolun arxasında oturduq. Söhbətə başladıq. Nədənsə söhbətimiz alınmırdı. Onun fikri hardasa uzaqlarda idi. Mən isə qəsdən çalışırdım ki, vaxtilə dediyi sözləri xatırladım ona və bildirim ki, biz sən dediyin kimi də deyilik, biz də özümüzə görə bir millətik; biz də müstəqil ola bilərik və artıq müstəqilik; vaxtı ilə dediyiniz kimi, sizdən dörd əllə yapışmamışıq, əksinə, siz bizdən əl çəkmək istəmirdiniz; biz bu yolda qanımızı tökmüşük... Mən ona deyirdim ki... eh... Mən ona çox şey deyirdim. Deyirdim ki, vaxtilə mənə inanasız deyə, sizin yaratdığınız partiyaya da xidmət etmişəm, partiya işində işləmişəm, sovet orqanlarında çalışmışam, İranda inqilab zamanı sizin apardığınız siyasətə xidmət etmişəm, hətta Əfqanıstana kimi gedib çıxmışdım da. O içkili gözlərini qaldırıb mənə baxdı:

 

– Da, ya vse vspomnil. Tı meçtal stat diplomatom. Amma bir məsələni heç cür başa düşə bilmirəm ki, sən Bəxtiyarın oğlu ola-ola, imperiya mundirini əyninə geyib, işğal ordusunun zabiti kimi Əfqanıstana gedib çıxmısan...

 

– Çünki çalışırdım, mənə inanasız. Mən də qurd kimi içəridən sizi yeyim.

 

O gülə-gülə dedi:

 

– İnandılar?

 

– Yox, atam deyən düz oldu. O demişdi ki, mənim oğlum diplomat olana qədər Sovet ittifaqı dağılacaq. Elə dağıldı da. Mən diplomat oldum, özü də ən yüksək rütbəli diplomat. Hal-hazırda Azərbaycanın BMT-dəki səfiri, daimi nümayəndəsiyəm...

 

Bir qədər ordan-burdan söhbət etdik, söhbətimiz yenə də alınmırdı. Biz xudahafizləşib ayrıldıq. Ayrılanda o mənə dedi:

 

– Biz tarix boyu çox səhv etmişik. Bizim səhvimizi bilməkdən ötrü böyük rus jurnalisti Mixail Menşikovun “Natsionalnaya imperiya” kitabını tap oxu, hökmən oxu. Onda bilərsən ki, harada səhv etmişik...

 

Axşam Cenevrəyə qayıdıram. Yağış yağırdı. Yol boyu onunla danışdıqlarımı beynimdə götür-qoy edirdim. Və bir şeyi başa düşdüm ki, biz bir daha onunla heç vaxt görüşməyəcəyik, imkan olmayacaq. Amma nə bilmək olar, bəlkə bir də görüşdük. O deyirdi ki, siz bizdən çox şey öyrənə bilərdiniz, amma heyf. Mən də öz növbəmdə demişdim ki, biz, hər nə lazımdırsa, sizdən öyrənmişik. Əlbəttə, heç kim sizin verdiyiniz təhsili, savadı, mədəniyyəti inkar etmir, qəbul edir. Sizin kiçik xalqları assimilyasiya etməyinizi isə biz qəbul etməmişik.

 

 

lll

 

 

2013-cü ilin avqust ayı. Minsk.

 

İndi isə Belarusda Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri işləyirdim. Günlərin bir günü, tamam təsadüfən Yevtuşenkonu televizorda gördüm. Deyəsən, yubileyi idi. Qocalmışdı, özü də yaman qocalmışdı. Əvvəlki ötkəmliyi qalmamışdı, yaşa dolub qocalmışdı. O cəsarətli, ötkəm Yevtuşenko dəyişmişdi. Səsi də əvvəlki kimi, çox-çox illər bundan əvvəl (prokurennıy, pyanıy qolos) deyildi. İllər öz işini görmüşdü. Sözün düzü, kövrəldim. Atamlı illər, o günlər yadıma düşdü (Atamın heç yadımdan çıxdığı vaxt olur ki?!). Bir zamanlar (yəqin ki, elə Rusiyanın özündə də cəsarətin qadağa olunduğu dövrlərdə) öz sözünü cəsarətlə demiş Yevtuşenkoya indi – cəsarətin icazəli vaxtında kimlərsə ağız büzürlər. Cəsarətin qadağan olunduğu o vaxtlarda atam da öz ürək sözlərini cəsarətlə deyirdi. Yevtuşenko ilə atamı biri-birinə bağlayan da elə hər ikisindəki bu keyfiyyət olmuşdu.

 

Minsk, 2013-2014

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.-2014.- 19 aprel.- S.10-11;14.