"Cəmiyyətin inkişafında
3-cü sektorun mühüm
rolu var"
ŞƏLALƏ
HƏSƏNOVA: "AZƏRBAYCANDA DÖVLƏTİN QHT-ləri DƏSTƏKLƏMƏSİ
DEMOKRATİK DƏYƏRLƏRİN
DƏSTƏKLƏNMƏSİNİN
TƏZAHÜRÜDÜR"
Azərbaycan dövləti vətəndaş
cəmiyyəti institutlarının
başlıca qüvvələrindən
olan qeyri-hökumət
təşkilatlarının inkişafına xüsusi önəm verir. Üçüncü sektorun inkişafında Azərbaycan dövləti
əməli addımlar
ataraq, mühüm işlər həyata keçirib. QHT-lərə Dövlət Dəstəyi Şurasının
yaradılması bu sektorun daha da
inkişaf etməsində
müstəsna rol oynayır. Bunun nəticəsidir ki, QHT-lər bütün sahələrdə
özünəməxsus yer
tutur. "İctimaiyyətlə əlaqələrin
inkişafına kömək"
İctimai Birliyinin sədri Şəlalə Həsənova ilə söhbətimizi də bu istiqamətdə qurduq.
Ş.Həsənovanın sözlərinə görə,
cəmiyyətin bu qədər inkişaf etməsində üçüncü
sektorun mühüm rolu var. O bildirib ki, qloballaşan dünyada yenilikləri mənimsəmə məsələsi
çox vacibdir. Yeniliklərdən
birinin də qloballaşan dünyada
QHT-lərin oynadığı
müstəsna rolla bağlı olduğunu qeyd edən Ş.Həsənova hazırda
qeyri-hökumət təşkilatları
mövzusunun hər bir şəxs üçün maraqlı
olduğunu deyib: "Hər bir ölkədə
aparıcı faktorlardan
biri olan azad vətəndaş cəmiyyətinin formalaşması
və inkişafı vacib məqamlardandır. Azərbaycan dövləti də bu sahənin inkişafına xüsusi önəm verir. Elə bu diqqətin və qayğının nəticəsidir ki, ölkəmizdə vətəndaş
cəmiyyəti yüksək
səviyyədə inkişaf
edib və etməkdə davam edir. Hesab edirəm ki,
məhz Avropa məkanına addımlamaq,
Qərbə inteqrasiya
etmək budur".
Onun sözlərinə görə,
QHT-lərə Dövlət
Dəstəyi Şurası
bu sektorun daha da inkişafında
böyük iş aparır: "Azərbaycanda
qeyri-hökumət təşkilatlarının
dövlət tərəfindən
dəstəklənməsi demokratik
dəyərlərin dəstəklənməsinin
təzahürüdür. Başqa sözlə,
dövlətin QHT-lərə
maliyyə dəstəyi
o deməkdir ki, buyurun, inkişaf edin, cəmiyyətin müxtəlif qatlarında
olan problemləri önə çəkin, həll edin. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasından maliyyə
dəstəyi almış
layihələrə nəzər
saldıqda görürük
ki, onların hamısı Azərbaycan vətəndaşının maraqlarına
xidmət edir. Qarabağ bloqunun yaranması, İrəvan xanlığı barədə
arxiv materiallarının
tədqiqi və filmin çəkilməsi,
cəzaçəkmə müəssisələrində
ixtisaslaşmış tibbi
müayinə, konkret yerlərdə ekoloji problemlərin aşkarlanması
və həlli, əyalətlərin fəallaşması,
əlillərə kompüter
öyrədilməsi, xəstə
və aztəminatlı
uşaqlara yardım, gənclərin vətənpərvərlik
ruhunun möhkəmləndirilməsi,
Qərbi Azərbaycan həqiqətlərinin internetdə
işıqlandırılması, dünya ictimaiyyətini maraqlandıra bilən kitabların tərcüməsi
və nəşri, ölkəmizin
mənafeyinə
xidmət edən
internet saytlarının yaranması
məhz bu qəbildən olan addımlardandır. Dövlət tərəfindən maliyyələşən
QHT-nin əhalinin aztəminatlı hissəsinin
bir sıra sosial qayğılarının
həllinə dəstək
verməsi də cəmiyyət tərəfindən
normal qarşılanır. Bu, həm də
insanlar və ayrı-ayrı zümrələr
arasında yalnız vətəndaş cəmiyyətinə
xas olan sosial-mənəvi həmrəyliyin
artırılmasına xidmət
edir. Yüzlərlə
belə layihənin məramı
ehtiyacı olanlara yardım göstərməkdən,
sosial problemlərin həllinə yardım etməkdən, ölkəmizin
dünyada imicinin yüksəlməsinə, ermənilərin azərbaycanlılara
qarşı genosid faktlarının geniş yayılmasına, həyata keçirilməkdə
olan ümummilli maraqlar əsasında nail olmaqdan ibarətdir. Bir sözlə, dövlət imkan yaradır ki, sadə vətəndaş
onu düşündürən,
qayğılandıran, cəmiyyətin
içindən gələn
məsələləri qabartmağa
və ən əsası isə həll etməyə qadir olsun! QHT-lərə Dövlət Dəstəyi Şurası
yaranandan sonra respublikada sözün əsl mənasında QHT hərəkatı geniş
vüsət aldı.
Nəhayət, yalnız
rəsmi kağızda
yaranmış və maddi sıxıntı üzündən fəaliyyətdən
qalmış təşkilatlar
canlandı, hərəkətə
gəldi, yaradıcı
potensiallarını göstərə
bildilər, həmrəy
komandaları ətraflarında
cəmləşdirdilər. Bununla birlikdə, hər layihənin maliyyələşməsi bir
qrup insanın iş yeri ilə
təmin olunmasına,
onların müəyyən
sahələrdə əməli
biliklərə yiyələnməsinə
şərait yaratdı.
Bütün bunlar dünya
QHT-lərinin ümdə
vəzifələrinə uyğun
gəlir. Çünki
əsas məqsəd cəmiyyətdəki müsbət
enerjinin xoş məramlı işlərə
yönəldilməsinə nail olmaqdır. Vətəndaş cəmiyyəti hər
kəsin fəallığıdır".
Birlik sədrinin fikrincə, Dövlət Dəstəyi
Şurasının yardımına
arxalanan Azərbaycan
QHT-ləri fəaliyyətin
beynəlxalq standartları
səviyyəsinə qalxa
bildilər, onlar sözün əsl mənasında cəmiyyətin
müsbət enerjisini
müsbət işlərə
yönəltdilər: "Bunu
şüarçılıq xatirinə demirəm. Sözümün canı odur
ki, yaxın keçmişdə "QHT" dedikdə, xarici donorun çaldığı
ilə oynayan, bəzi hallarda ölkəmiz barədə
mənfi rəy yaradan bir sıra
yarı siyasi təşkilatlar nəzərdə
tutulurdu. Məlumdur ki,
xarici donor millətin sosial problemlərinin həlli marağında deyil. Onların öz proqramları,
məqsəd və məramları var. Onları
daha çox cəmiyyətin alt qatındakı
proseslər, müəyyən
tendensiyalar maraqlandırır.
Buna görə də dövlət maraqlarını üstün
tutan QHT-lər əksər layihələrin
maliyyələşdirilməsində Qərb donorlarının yardımından məhrum
idilər. Bu gün isə vəziyyət tam başqadır.
Hakimiyyət dairələri ilə
açıq vətəndaş
cəmiyyəti arasında
körpü salan, müxtəlif sosioloji qruplara yardım niyyətində olan təşkilatlar artıq geniş fəaliyyət imkanları əldə edib. Son 5 ildə
dövlət tərəfindən
müxtəlif istiqamətlər
üzrə qəbul olunmuş 10 illik dövlət proqramları
əksəriyyətində QHT-lərin fəaliyyəti üçün yer ayrılıb. Bu özü dövlətin azad vətəndaş cəmiyyətinin inkişafına
dair təşəbbüsünü
səciyyələndirir. Bunları yazarkən oxucumun belə bir sualını gözləyirəm ki,
"bəs biz, sadə
vətəndaşlar niyə
bu layihələr barədə ya az məlumatlıyıq, ya da heç məlumatlı deyilik?" Bu sual
olarsa, deməli, işimizə maraq da var. Və bu, əsas məsələnin
- QHT-lərin fəaliyyətinin
işıqlandırılması probleminin uğurlu həllinə təkan verir".
Ş.Həsənovanın dediyinə görə, bu günə kimi KİV-lərdə QHT-lərə qarşı birmənalı münasibət formalaşmayıb: "Jurnalistlərin bir qismi köhnəlmiş təsəvvürlərə əsaslanaraq düşünürlər ki, QHT-lər özləri üçün işləyir və faydalanırlar. Əvvəl qeyd etdiyim kimi, bu cür rəy qərb donorlardan mənfəətlənən cüzi sayda təşkilatların fəaliyyətindən sonra formalaşıb. Məsələ burasındadır ki, hörmətli jurnalistlərimiz yenicə fəallaşan təşkilatları da həmin sıraya düzdürür və tələb edirlər ki, QHT-lər layihələri barədə məlumatın yayılması üçün reklam pulu ödəsinlər. Bax, burada da QHT rəhbərini "ağlamaq tutur". Bir tərəfdən, layihənin büdcəsində reklam xərcləri nəzərdə tutulmur, o biri tərəfdən isə qəzet bu kimi məlumata könülsüz yanaşır. Nəticədə ictimaiyyət məlumatsız qalır, halbuki, bir çox layihələr barədə məlumatlar ictimaiyyətin nəinki məlumatlandırılmasını, həm də təşkilatlandırılmasını, bu və ya digər məsələnin həlli istiqamətində fəallaşmasını nəzərdə tutur. Düşünürəm ki, QHT alyanslarının media rəhbərləri ilə davamlı dialoqu məsələni normal əməkdaşlıq münasibətləri çərçivəsində həll edəcək. Problem dördüncü hakimiyyətin vətəndaş cəmiyyətinin vacib vəsiləsi olan QHT sektorunun kommersiya qurumları ilə bərabərləşdirməsindədir! Kommersiya təşkilatları istehsal etdikləri məhsulu, yaxud xidməti ona görə pullu reklam vasitəsilə cəmiyyətə təqdim edirlər ki, daha çox maddi mənfəətə nail olsunlar. QHT isə özülündən qeyri-kommersiya prinsipləri üzərində qurulur. Bu halda hansı reklamdan və donor tərəfindən verilən reklam xərclərindən bəhs olunur? Təəccüblüdür ki, demokratik dəyərləri əsas tutan bəzi KİV-lər vətəndaş cəmiyyətinin inkişafına xidmət edən QHT-lərdən reklam pulu umur. QHT-lərin piarı onların yerinə yetirdiyi ictimai missiyada yetərincə əks olunur: media sadəcə buna dəstək verərsə, bütün cəmiyyətin xeyrinə çalışdığını bir daha sübut edər. QHT-lər isə məhz KİV-dən dəstək umur, çünki jurnalistlər QHT-lərlə cəmiyyət və hakimiyyət arasında etibarlı əlaqələndirici rolunu oynaya bilər. Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdığı mərhələdə KİV-lər üçün bu, vacib və şərəfli missiyadır. Əhali özünə qarşı diqqət və qayğı tələb etdiyi bir dövrdə QHT və KİV-lərin cəmiyyətlə həmrəylik mexanizminin yaranması barədə ciddi düşünməsi hamımıza fayda verər. Bu işdə əhalinin də maraq səviyyəsi vacibdir. Bilin ki, QHT-lərin layihələri sizin maraqlarınızdan irəli gəlir, bu məsələdə hər birinizin rəyi, təklifi, iştirakı zəruridir. Həmrəylik mexanizminin işə düşməsi oxuculardan da asılıdır. Ona görə də QHT-lər barədə məlumat qarşısına çıxanda, onunla cəmiyyətin ümdə maraqları naminə mütləq maraqlanmaq lazımdır".
AQİL
525-ci qəzet.- 2014.- 22 aprel.- S.6.