Sevginin yaratdığı savab
Anar
müəllimlə növbəti tədbirlərdən birində
iştirak etmək üçün İstanbula getmişdik.
Çoxsaylı görüşlərin birində Anar müəllimin
əsərlərinin çapının nəzərdə
tutulduğu bildirildi və işə başlamaq
üçün ondan əsərlərini seçməsini rica
elədilər. Anar müəllim tərəddüd etmədən
"bir xahişim var" dedi və sonra xahişinə
keçdi: Mənim Türkiyədə kitablarım
çıxıb, istərdim ki, mənim kitabımın əvəzinə
Cəlil Məmmədquluzadənin əsərlərindən
ibarət kitabı işıq üzü görsün.
Bir
müddətdən sonra Türkiyədə Mirzə Cəlilin
ilk kitabı oxuculara çatdırıldı. Arzumu bildirdim
ki, kaş bir nəfər də olaydı, öz
kitabının əvəzinə Hüseyn Cavidin
kitabının çapını təklif edəydi. Anar
müəllim dedi ki, bir də belə fürsət yaransa,
H.Cavidin kitabını deyəcəm.
Aradan təxminən
on ildən artıq bir vaxt keçib. Bu günlərdə,
fikrimcə, son illərin ən böyük ədəbi hadisələrindən
biri baş verdi. 1909-cu ildə İstanbul Darülfünunun
qurtardığını təsdiqləyən sənədlə
yurda dönən Hüseyn Cavid 104 ildən sonra möhtəşəm
əbədi ömrü - bədii əsərləri ilə
yenidən Türkiyəyə qayıtdı. Bu
qayıdışın sözün bütün mənalarında
mükəmməl alınması üçün əllərindən
gələn bütün işləri görmüş təşəbbüskarlara
və şərait yaradanlara
şükranlığımızı bildirməsək, ən
azı, allahsızlıq olardı.
Azərbaycan
Respublikası Prezident Administrasiyası İctimai-siyasi
şöbəsinin müdiri hörmətli Əli Həsənova, "Kaspi" qəzetinin və
Kaspi Təhsil Mərkəzinin rəhbəri, istedadlı alim və şairə Sona xanım
Vəliyevaya, kitabı nəşrə hazırlayan və
maraqlı ön söz yazan araşdırıcı Azər
Turana minnətdarlıq bildirməklə yanaşı,
içimdən keçən həsədi də etiraf etmək
istərdim: məncə, onlar həyatlarının ən
böyük savablarından birini qazandılar. Kitabın
işıq üzü görməsi məlum həqiqəti
bir daha təsdiqlədi ki, hər bir əməli iş
arxasında təmənna deyil, sevgi dayananda savab ola bilir.
Cavidlər
nəslinə xidmətlə, adı və taleyi qadın
xoşbəxtliyindən daha çox qadın mətanətinin
rəmzinə çevrilmiş Müşginaz xanımın, hər
dəfə görüşəndə gözündəki kədəri,
ağrını, acını, bəbəklərinin
içində donub qalmış göz yaşlarını
görməmək üçün baxışımı
yayındırmağa çalışdığım Turan
Cavidin, həyatının ən çətin dönəmində
Cavidlikdən çıxıb Rasizadə olmayan, bəzilərinin
dönüklüyündən gileylənməyərək gənc
yaşlarında ölümü ocağa xas mərdliklə
qarşılayan Ərtoğrul Cavidin narahat ruhunu sevindirməklə
savab qazanmaq müəyyən mənada ən böyük mənəvi
təsəlli və təskinlikdi.
İşıq
üzü görən hər bir əsərin iki tərəfi
olur: içi və çölü. Türkiyədə nəşr
edilən kitaba çöldən baxsaq, gözəl,
zövqlü tərtibini, poliqrafik keyfiyyətini, kağız
seçimindən tutmuş üz qabığındakı rəsmlərin
tərtibinə, rəng çalarındakı məna tutumuna
qədər gözə
görünən, zövqü oxşayan və ürəyə
yatımlı bütün cəhətlərini nəzərə
alaraq fəxrlə demək olar ki, Hüseyn Cavid Türkiyəyə
şəxsiyyətinə xas zərifliklə, nəfisliklə,
incəliklə qaytdı. İstər-istəməz birmənalı
şəkildə əminlik yaranır ki, belə məsuliyyətli,
ağır, məsuliyyətli və ağır olduğu qədər
də şərəfli bir işin uğurla gerçəkləşməsində
təşəbbüskarların fərdi zövqü ilə
yanaşı, əbədi Cavidə vurğunluqları
mühüm amil olubdu. Gördüyüm, oxuduğum və əlimə
düşən nəşrlər əsasında deyə bilərəm
ki, məncə, qüdrətli şairin "Hüseyin Cavid.
Eserleri" kitabı onun bu siqlətdə ədəbi
ictimaiyyətə çatdırılan ilk kitabıdı.
Əslində
Hüseyn Cavid Türkiyəyə qayıtdı demək bu
mütəfəkkirə münasibətdə yanlışlıqdı.
O, Türkiyədən nə vaxt uzaqlaşmışdı, nə
vaxt aralı düşmüşdü ki, uzun illərdən
sonra təkrar ora qayıtsın?!
Suç Hüseyn Caviddə deyil, suç onun "Turana
qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız: mədəniyyət,
mədəniyyət, mədəniyyət..."
misralarındakı həqiqəti tribunalarda tez-tez işlədən,
gündəlik fəaliyyətində isə bu həqiqətə
ya az əməl edən, ya da heç əməl etməyən
bizlərdədi. Həm türk söz
araşdırıcıları, təbliğatçıları
qardaşlarımız, həm də biz - sənətkarın
mənəvi, ruh və qan varisləri Hüseyn Cavidin həmişə
olduğu məkanda bütün əzəməti,
müdrikliyi, istedadının və zəkasının
bütün qüdrəti ilə görünməsini ya yada
salmamışıq, ya da görünməsinə xüsusi
diqqət yetirməmişik.
Bütün
bunlara Hüseyn Cavidin sənətkar kimi də, şəxsiyyət
kimi də mənəvi haqqı var. Türkiyə və
türkçülüyə onun qədər bağlı,
bağlılığını da yaradıcılıq
axtarışlarında qabarıq şəkildə və
yüksək sənətkarlıq məharəti ilə ifadə
edən sənətkar az-az tapmaq olar. Hüseyn Cavid
üçün Türkiyə mövzusu,
türkçülük ideyaları sonradan müraciət
olunan mövzu, ideya deyildi, işıqlı dünyaya göz
açaraq şüurlu yaşamağa başlayandan həyat,
düşüncə tərzi, amal, məram, şəxsiyyət
kimi özünü ifadə və təsdiq vasitəsi idi.
Başqa sözlə desək, Hüseyn Cavid
türkçülükdən yazmırdı,
özünü, içini, keçmişini, indisini və gələcəyini
qələmə alırdı.
Türkçülük
idealları, məramı əksini tapan əksər müəlliflərdən
və bədii əsərlərdən ulu sənətkarın
özü və ədəbi irsi bu və ya digər dərəcədə
fərqlənirdi. Adətən, bu mövzuda
yazılmış əsərlərin böyük əksəriyyətində
tərənnümçülüyə daha çox diqqət
yetirilirdi, ideoloji tutum bədiiliyi üstələyirdi, istər-istəməz
publisistik ifadə ön plana keçirdi və ən
başlıcası, yalnız müsbət faktlar, tərəflər
hallandırılırdı, olanlarla müqayisədə
olması arzulananların ifadəsinə xüsusi cəhd
göstərilirdi.
Cavid Əfəndi
isə özünəməxsus poetik sistem yaradaraq bədii əsər
yazırdı, bir tərəfdən türkün dərdinə
sevinən ərəbi güllələyən tatar
döyüşçüsü obrazını, digər tərəfdən
də fərdi maraqlar
ucbatından döyüş meydanında üzə-üzə
gələrək qardaş qanı tökən türk
hökmdarların obrazını yaradırdı. Vasif kimi saf
türkçü gənci ideallaşdırmırdı, insani
keyfiyyət və cəhətlərini təbii formada təsvir
etməklə qardaş qurbanına çevrilməsinin faciəsini
verirdi. Onun bütün əsərlərini və
obrazlarını məhz insanilikləri,
canlılıqları, təbiilikləri... fərqləndirirdi.
Sənətkarın irsində rezonyer, robot obraz yoxdur, müsbət
və ya mənfi başlanğıcı təmsil etməsindən
asılı olmayaraq hamısı insandı: ideallarla
yaşayıb nadanlığa, hikkəyə, bir sözlə,
İblisə uymuşların xislətinə qurban gedənlərdi,
ya da içindəki şərin əsiri olmaqla
qaçılmaz sona, aqibətə çatanlardı.
Türkçülük
Hüseyn Cavidin təbliğinə və ya tərənnümünə
çalışdığı ideoloji prinsipləri deyildi,
yaşadığı ömür, şəxsiyyətinin
özü və mahiyyəti idi. Buna görə də onun
irsində xarakterinə yad olan patetika nəzərə
çarpmır, bəzi görkəmli türkçülərin
əsərlərində (məsələn, Ziya
Göyalpın bədii əsərlərində və s.)
özünü göstərən publisistik tərənnümçülüyə
rast gəlinmir. Hüseyn Cavid irsində etnik-milli identifikasiya
problemi əlahiddəlik kompleksi ilə deyil, ilk növbədə
insaniliklə əlaqəlidi. Buna görə də onun bədii
fəlsəfəsini onun humanizmi, humanizmini isə bədii fəlsəfəsi
tamamlayır.
Əvəzsiz
sənətkarın Türkiyədə işıq üzü
görmüş "Hüseyin
Cavid. Eserleri" kitabı rəmzi
məna daşıyır. Ümummilli lider Heydər Əliyev
latın qrafikasına keçid kimi xalqın tarixi taleyi ilə
əlaqədar dövlət əhəmiyyətli proqramı
müəyyənləşdirib gerçəkləşdirilməsinə
başlayanda bəziləri bu nəhəng işin yerinə
yetiriləcəyinə inanmırdılar. Cənab İlham Əliyevin
əməli nəticəyə hesablanmış siyasi kursunun
sayəsində əsrlər boyu yaradılmış ədəbi-mədəni
sərvət - bədii, publisistik, elmi-fəlsəfi ədəbiyyat az müddət ərzində
latın qrafikasında oxuculara çatdırıldı.
Misli
görünməmiş möhtəşəm işlər
yalnız mövcud sərvətin latın qrafikasında təkrar
çapı ilə məhdudlaşmadı. Dünya ədəbiyyatının
bir çox nadir nümunələri ilk dəfə dilimizə
tərcümə olundu, kütləvi sayla çap olundu. Və
proses qarşısıalınmaz xarakter qazandı, yəni
indinin özündə də məqsədyönlü şəkildə
davam etdirilir. Maraqlı və təqdirəlayiq haldır ki,
kampaniya xarakteri daşımayan bu proqramın indinin
özündə də müxtəlif formalarda (məsələn,
sənətkarların yubileylərində və s.) davam etdirilən
birinci mərhələsinin uğurlu şəkildə həyata
keçirilməsindən sonra, məncə, hazırda reklam
edilmədən ikinci mərhələsinin realizəsinə
başlanmışdır.
İkinci
mərhələ isə Azərbaycan ədəbiyyatının
ölkənin birinci xanımı, milli mənəvi sərvətin
hamisi Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə milli mədəniyyətimiz və
incəsənətimizin nailiyyətlərinin xarici ölkələrdəki
uğurlu təbliği kimi dünyanın müxtəlif
ölkələrində tanıdılması və sevdirilməsi
mərhələsidir.
Türk
oxucularına çatdırılmış "Hüseyin Cavid. Eserleri" kitabı sistematik və məqsədyönlü
xarakter qazanacağı şübhə doğurmayan fəaliyyət
proqramının ilk və yüksək səviyyəli
nümunəsi və müjdəçisidir.
Arif Əmrahoğlu
525-ci qəzet.-
2014.- 22 aprel.- S.4.