Obyektivdə İrlandiyadır və yaxud ailəiçi faşizm  

 

resenziya-araşdırma

 

 

 

Konnemara sakinləri bir də bu cinayətə o zaman qayıdırlar ki, Meq Folan ölür: əvvəla, trilogiya hüdudlarında pyesdən pyesə lağım atılır; ikincisi, məlum olur ki, qəbiristanlıqda eksqumasiya işləri aparılmayınca, təzə meyitləri dəfn etmək mümkünsüzdür. Ona görə keşiş Uelş gənc oğlan Martin Hənlonu həftədə 20 funta Mik Dauda köməkçi göndərir ki, onlar köhnə ölüləri qəbirlərdən çıxarıb məzarlıq torpaqlarını boşaltsınlar. Hər il bu proses adəti üzrə təkrarlanır: adəti üzrə dəfn günündən düz 7 il ötüşüncə meyitlər məzarlıqdan çıxarılır. Bu olay daha adiləşib: heç kimin sinirlərinə toxunmur, heç kimin ruhunu incitmir, heç kimi duyğulandırmır daha.

Heç kimi - hə, Tomas Hənlonu - yox. Konnemaranın bacarıqsız və uğursuz polisi vəziyyətdən faydalanıb Mik Daudun köhnə "cinayəti"ni  araşdırmağı və onu suçlu bilib cəzalandırmağı, rütbəcə yüksəlməyi planlayır. Nədən ki, bu vaxt Mikin arvadı da eksqumasiya olunacaq və onu yenidən ekspertizaya göndərmək imkanı yaranacaq... Deməli, Mik Daudun arvadı 7 il bundan öncə basdırılıb və Tomas bilir ki, Mik bu dəfə artıq öz arvadının qafasını çəkic altına qoyub "əzişdirmək" məcburiyyətilə qarşılaşacaq: bu da öz növbəsində onun emosional-psixi vəziyyətini gərginləşdirəcək.

Tomas Hənlon üçün nə əla şərait!

Beləliklə, detektiv səciyyəli oyun başlayır: amma nə "qatil" qaçır, nə də polis onu tutuqlaya bilir. Akyor Qurban İsmayılovun Mik Daudu biraz dəyyusdur, biraz canidir, bir az Hamletdir, bir az filosofdur, bir az əhlikefdir. Amma ən əsası budur ki, o, tənhadır. Qurbanın Mik Daudu başqalarına yalnız dözür və yalnız ona görə dözür ki, tək qalmasın. Düzü, bu adam danışsa da, söhbət eləsə də, özünü ünsiyyətsizliyə məhkum edib: çünki daim öz dərdi, öz şübhələrilə əlləşir. Elə bu üzdən də Mik Daud üçün heç bir əhəmiyyəti, heç bir önəmi yoxdur ki, qoca, şişman, çərənçi və qeybətcil Merriconni ona baş çəkməyə gəlir, ya, sadəcə, araq içməyə.

Merriconni də tənha, kimsəsiz bir qadındır və mən bu rolu aktrisa Naibə Allahverdiyevanın ən peşəkar səhnə işlərindən biri kimi qavradım. Nədən ki, aktrisa bir anlığa da olsun, rolun partiturasından kənara çıxıb öz imkanlarını sərgiləməyə çalışmır, personajın pyesdəki missiyasını öz milli oyun koloriti ilə kölgələmir, şişmanlığı, qeybətcilliyi azərbaycanlılaşdırmır, bacardıqca xəsis qrafik cizgilərlə kifayətlənir. Bəlkə də N.Allahverdiyevanın təqdimatında Merriconni həmin yeganə adamdır ki, Mik Daudun yaşadığı qəzanın həqiqətini tam bilir və bəlkə də Mik Daud elə buna görə onu evindən qovmur, məcburən də olsa, onunla çənə döyür.

Naibə Allahverdiyeva tamaşanın finalını elə oynayır ki, guya əsl həqiqət ona axıracan bəllidir. Aktrisanın Merriconnisi final epizodunda o qədər qəti və inamlı danışır ki, Mik Daudun öz arvadının qatili olduğuna heç kimdə şübhə yeri saxlamır. Halbuki onun bu nəticəsi qeybətcil qocanın fantaziyasından başqa bir şey deyil. Buna görə aktrisa son məqamda da Mik Daudun günahsız olmaq şansını onun əlindən almamalıdır. Nədən ki, Martin Mak Donahın dramaturgiyasında heç nəyə birbaşa cavab yoxdur: hər şey gümandır və bu güman yaşantılar ilğımı ilə gerçəklik arasında saat kəfkiri kimi yellənməkdədir.

Tamaşada Mik Daudla Martinin, daha doğrusu, Qurban İsmayılovla Manaf Dadaşovun tandemi əla alınıb: hər ikisi ifa texnikası baxımından   rol partiturasının tələbinə görə yetərincə fərqli, kontrastlı oyun sərgiləyir səhnədə. Manafın arıq, sısqa, caydaq Martini yeniyetmədir, çox yüngüldür, çox axmaqdır, çox zəvzəkdir; istəyir ki, kişilər dünyasına adlayıb keçsin, kişilər dünyasında özünü təsdiqləsin; bu üzdən də aramsız danışır, dilinə nə gəldi danışır. Qurbanın Mik Daudu isə çox qapalıdır, çox gərgindir, çox narahatdır  hələm-hələm ünsiyyətə getmir. Bax, bu ikisi bir-birinə öcəşə-öcəşə, bir-birini incidə-incidə, ölənəcən içə-içə sonucda təmas nöqtəsi bula bilirlər. Avtomobil qəzasında və hətta bəlkə də Mik Daudun (o, sanki nədəsə əmin olmaqdan ötrü 7 il bundan öncəki qəzanı bir də təkrarlamağa cəhd edir) zərbəsindən yaralanıb qana bulaşmış Martin onu satmır: demir ki, bunu o, törətdi. Hərçənd bu hadisə də müəmma olaraq qalır. Bilinmir ki, konkret nə vadar elədi Mik Daudu bu addımı atmağa? Mümkün ki, o, şayələrdən bezib, tənhalıqdan bezib hər şeyə Tomas Həlonun əliylə bir nöqtə qoymaq, suçlu olmaya-olmaya cinayəti boynuna götürüb tutuqlanmaq, ağızları birdəfəlik qapatmaq fikrindədir... Amma bu da fərziyyələr sırasından olan bir düşüncədir...

Bəs niyə Martin Mik Daudu heç nədə suçlandırmadı:

... ona görə ki, lülqənbər olub heç nə xatırlamırdı;

... ona görə ki, ləyaqətli bir kişi olduğunu sübut etməyə çalışırdı;

... ona görə ki, qardaşı Tomas Hənlondan öc almaq istəyirdi;

... ona görə ki, Mikin arvadının kəlləsində Tomasın necə çat yaratdığını öz gözləri ilə görmüşdü...

Lakin bununla belə Martin Manafın yozumunda Konnemaranın tineycer-təlxəyi kimi öz səhnə həllini tapıb. Tamaşada onun əntiqə qara pariki var: bu parik və Manafın rok-n-roll silkələnməsi üslubunda  davranış manerası Martini küləkdə tərpənən bağ oyuğuna oxşadır. Bu isə tamaşanın çox ciddi dramatik hadisələrinin yumor, zarafat kontrapuktuna çevrilir.

Mister Yan Liza və Mayklla birgə tamaşada əsl kinofilm fraqmenti kimi baxılan bir məzarlıq səhnəsi qurublar. Dekorlar və səhnə planşeti o tövr işıqlandırılıb ki, gözönündə gecə qəbiristanlığının real mənzərəsi peyda olur sanki.  İri məzar daşları, qazınan torpağın xırçıltısı və üç nəfərin - Mik Daudun, Martinin və Tomasın söhbət-mübahisəsi haradasa Hamletdən sitat kimi qavranılır.

Hərçənd burada assosasiyalar məni birdən-birə ayrı səmtə apardı... Nədənsə Nuri Bilgə Ceylanın "Üç meymun" filmi düşdü yadıma. Bunlara da "Konnemara meymunları" demək mümkünmü?

Atmosferi gərginləşdirən Tomas Hənlonun iddiasıdır. Lakin bu iddiaya gerçək motivlərdən başqa "Makmillan və arvadı" serialının  qəhrəmanına bənzəmək istəyi də pərçimlənib. 1971-76-cı illərdə, yəni ard-arda 6 mövsüm ərzində "Makmillan və arvadı" serialı Amerika Birləşik Dövlətlərinin ən reytinqli teleseriallarından biri olub: burada polis və onun yelbeyin arvadının detektiv macəralarından söhbət gedirmiş və görünür, Tomas Hənlon da bu serialın aludə seyrçisi imiş... Əbəs deyil ki, Martin qardaşı Toması dəqiqəbir "Makmillan və arvadı" teleserialını xatırlatmaqla qıcıqlandırıb ələ salır. Çünki orada Makmillan ən dolaşıq cinayətlərin izinə düşüb onların düyünlərini bir-bir açırmış... İndi də Tomas belə bir cəhddə bulunub Mik Daudun qatil olduğunu sübut etmək üçün çabalayır...

Vüqar Məmmədəliyevin Toması fiziki cəhətdən güclüdür, buğa kimidir; içində isə zavallı və fağırdır; sinəgirdir, zaman-zaman boğazına dərman fısqırtmasa, nəfəs ala bilməz; rəftarlarında inamlı adam təəssüratı bağışlamır. Niyəsi də bu ki, həmişə uğursuzluğun məngənəsində girinc olub qalıb və həmişə bir natamamlıq kompleksi yaşayıb. Bunun səbəbi təkcə Tomasda deyil, Konnemara kəndindədir, Lineyn vilayətindədir, İrlandiya ölkəsindədir... və hamıdadır... və Konnemarada yaşaya-yaşaya bundan artıq polis olmaq olmaz... və Konnemarada yaşaya-yaşaya bundan artıq diri olmaq olmaz... Çünki Konnemarada təkcə ölülər yox, bütün arzular da basdırılıb. Deməli, bütün ümidlər də çoxdan ölüb. Arzular olmayan yerdə isə həmişə tənhalıqdır. Tənhalıq ünsiyyətsizlikdən deyil, ümidsizlikdən doğulur.

Tomas Hənlon da son ümidini məzarlıqda axtarıb tapa bilmədi. Mik Daudun "cinayət"ini sübut etmək mümkün olmadı. Hərçənd bu fakt Konnemara kəndinin Hamletini tənhalıqdan və şübhələrdən qurtarmadı. Tomas Hənlon bir daha uduzdu, bir daha özünü camaat arasında biabır elədi. Ancaq buna rəğmən o, "Konnemarada bir kəllə" və "Yalqız Qərb" pyeslərində personajların əməllərini motivləşdirən mühüm bir subyekt kimi özünü tanıtdı...

"YALQIZ QƏRB"İN YALQIZ KEŞİŞİ VƏ YA QARDAŞLAR KORRİDASI

"Yalqız Qərb" pyesi "Lineyn trilogiyası"nın kinematoqrafik diskursuna uyğun "Vəhşi Qərb" kimi də çözülə bilər məncə...

Niyə də yox?..

Məgər tamaşa ondan başlamır ki, Koulmən Konnor atasını gülləylə vurub öldürüb?

Məgər atasının dəfnindən dönən qardaşlar bir-birilə it kimi boğuşmurlar?

Məgər məhz dedi-qodulara, şayələrə istinadən Balin Konnor qatil adamlarla, yəni arvadını balta ilə gəbərtmiş Mik Daudla, anasının beynini maşa ilə əzmiş Morin Folanla danışdığı üçün keşiş Uelşi ittiham eləmir? Bu ölümlərin səbəbini müqəddəs atanın moizələrində axtarmır?

Məgər keşiş Uelşin özü "bu necə şəhərdir ki, qardaşlar dalaşır, qızlar qapı-qapı araq satır, iki lənətə gəlmiş qatil isə azadlıqdadır" deyib də təəccüblənmir?

Yalqızlıq vəhşilikdən törəyir, yoxsa vəhşilik yalqızlıqdan?..

"Lineyn trilogiyası"nı, əslində, "Qardaşlar trilogiyası" da adlandırmaq mümkün... lap "Qardaşlar korridası" da...

Martin MakDonah "Lineyn vilayətinin gözəllik kraliçası" pyesinin remarkasında yazır ki, divarda Con və Robert Kennedinin çərçivəli şəkli asılıb. Hərçənd tamaşada bu yoxdur. Mister Yan imtina edib bu şəkildən... Özü bilər... Hərçənd mənim fikrimcə, nahaq... Çünki həmin şəkil pyesin əsas "qardaşlar" leytmotivinin simvolik-vizual gerçəkliyidir.

Nədən ki, Pato ilə Rey Duli qardaşdırlar, Martinlə Tomas Hənlon, Koulmənlə də Balin Konnor...

Trilogiya isə tənhalıq haqqındadır...

"Yaxşı şey olsaydı, Allah özünə qardaş yaradardı"... mən bu məsəli kimdənsə eşitmişəm; amma isnad verə bilməyəcəyəm...

Habili qardaşı Qabil öldürmədimi?..

"Qardaş yaxşı şeydi dostluğu olsa"...

Bəs birdən olmadı: onda nə olacaq?..

Heç nə, müharibə: ya açıq, ya gizlin... o bunu, bu da onu öldürməyə qalxacaq...

Qardaşlar həmişə ayırd eləməyə çalışırlar ki, üstün kimdir... birinci kimdir... lider kimdir...

Ancaq biz insanıq, vəhşi yox: konsensusa gələ bilirik, instinkti ağılla cilovlayırıq...

Balinlə Koulmən də vaxtaşırı, hər dəfə öz münasibətlərini aydınlaşdıranda bir-birinə sataşırlar, nə ki təhqir, həqarət var, hamısını deyirlər bir-birinə; doymurlar, daha betərlərini tapıb söyləyirlər: söylədikcə qızışırlar; qızışdıqca bir-birinin sinirlərini dartıb çimdikləyirlər; çimdiklədikcə coşurlar; coşduqca əlbəyaxa olub yerlə süpürrəşirlər...

Rejissor bu mizanları yavaşıdılmış kinokadrlar kimi göstərir bizə... Asta-asta, ustufca Koulmənlə (Vüsal Mehrəliyev) Balin (Rasim Cəfərov) tutaşırlar, bir-birini çırpırlar, döşəmədə belədən-belə fırlanırlar, elədən-elə... Hətta bir gün elə olur ki, keşiş Uelş (Anar Səfiyev) qardaşları ayırmaq üçün əlini qaynar qazanın içinə soxub yandırır və öz bağırtısı ilə onları susdurur.

Hətta qardaşlar da bir-birilə faşistcəsinə davrana bilərlər...

Bakı kəndlərində dəfələrlə olub ki, iki qardaş bir-birini bir göyərçindən ötrü bıçaqlayıb... ki, yaxşısı onda yox, məndə olsun...

Azərbaycanın bölgələrində o qədər qardaş bir-birini baltalayıb torpağa görə... ki, vərəsə payı mənə çatsın, ona yox...

İnsanların həmişəmi missionerlərə ehtiyacı olacaq?.. Yəni insan heç ağıllanmır?..

Eqoizm öz eqosuna olan sevgi bolluğudur: bu sevgi o sevgidir ki, səni dünya ilə və hamı ilə düşmən edir... Çünki sən eqoizmə yoluxanda özündən savayı heç kəsi bəyənmirsən... bəyənmirsən deyə sevə bilmirsən... Sevə bilmirsən deyə daim çəkişirsən...

Eqoizm özünüqoruma instinktinin toplum variantıdır.

Qardaşlar öz eqoları ucbatından bir-birinə qənim kəsilirlər: eqolar ünsiyyəti çətinləşdirir, tənhalığı gücləndirir.

Vəhşi Qərb eqoist Qərbdir; ona görə yalqızdır!

Qəhrəmanlıq isə başqasını xilas etməkdir: başqasını xilas eləyəndə sən insan olduğunu təsdiqləyirsən.

 "Yalqız Qərb"in qəhrəmanı keşişdir: amma keşiş məğlub qəhrəmandır. Uelş/Uolş ata, hamı onun adını səhv salıb iki formada deyir, aktyor Anar Səfiyevin ifasında, digərlərinə nisbətən, daha çox avropalıdır, daha çox irlanddır, daha çox xristiandır. Ancaq keşiş öz missiyasını yerinə yetirə bilmir bu vilayətdə: heç kim xristian dəyərlərilə yaşayıb sevmir öz yaxınını, öz doğmasını... İsa Məsih öyüdü real həyatda heç cür gerçəkləşmir, insanların əməllərinə sirayət eləmir... Yaxın öz yaxınını sevə bilmir, handa qalsın özgəsini... Keşiş narahatdır... Keşiş çarəsizdir... və məcburdur... özündə və başqalarında nəyisə dəyişməyə...

Elə bu an səs yayılır ki, bəs Tomas Hənlon da intihar eləyib, özünü göldə boğub öldürüb...

Dözmədi!

Kimə? Özünə? Əfəlliyinə? Konnemara camaatına? Mik Dauda?

Dözmədi!

Nəyə? Şəraitə? Şayələrə? Martin Hənlonun zarafatlarına? Uğursuzluğa?

Bilinmir. Bilinən o olur ki, Tomas Hənlonun sui-qəsdi hamını sarsıdır: sən demə, o, hələ insanlığını itirməyibmiş... Bəzən bunu insanlara sübut etmək üçün ölmək lazım gəlir.

Evdən qəbiristanlığa qədər olan məsafə və əksinə; Lineyn sakinlərinin əsas məşğuliyyəti: basdırmaq və yaşamaq, yaşamaq və basdırılmaq... Nə qədər ki yolu özün gedirsən, qayıdırsan; elə ki səni çiyində aparırlar, daha geri götürmürlər.

İntihar eləyəndə isə sən məzarlıq kamikadzesi olursan.

Koulmənlə Balin isə heç nəyi bir-birinə sübut eləyə bilmirlər, heç nəyi bölüşə bilmirlər: hətta bədbəxt Tomasın dəfni, qısa müddətə də olsa belə, onların qarşılıqlı nifrətinin üstünü pərdələmir. Səhnədə Koulmən və Balin münasibətləri Vüsal Mehrəliyevlə Rasim Cəfərovun bir aktyor fristaylı kimi oynanılır: hər ikisi ləzzət ala-ala, haradasa repə yaxın bir dinamikada ifa eləyir öz rolunu; fakturaca da dekorativ fonla əla uyuşurlar; kostyumlar da əyinlərinə əla oturur; elə bil "vestern" janrında çəkilən filmin pavilyonunda işləyirlər, çox rahat, sərbəst işləyirlər... və düzgün tonallıqda işləyirlər, ciddiliklə zarafatın sərhəddini dəfələrlə pozub ordan bura, burdan da ora adalayırlar... Vüsalın Koulməni bir az vecsizdir, bir az cığaldır, bir az ərköyündür, bir az özbaşınadır və arıq Balindən bir az daha canlıdır. Rasimin Balin Konnoru isə evin bütün yükünü boynuna götürmüş , özündən razı, yorğanına görə ayağını uzadan bir tipdir. Qardaşların hər ikisi bir-birinin sözünə, hərəkətinə qarşı aşırı həssasdır; heç nə qulaq ardına vurulmur və partlayış hər bir an gözlənilir.

Çünki onlar da bir-birinə dözür və dözməyə məcburdurlar... çünki tənhadırlar...

Tomasın dəfnindən Koulmən evə tez qayıdır. Görür ki, Balinin yenicə aldığı qaz plitəsi orta divarın tən ortasında, buxarının önündədir. Məqamıdır, qoy, deyim: səhnə dizaynında yeganə predmetdir ki, yeri düzgün tapılmayıb; rəng baxımından da uğurlu həll deyil məncə... Qaz plitəsi səhnəyə çıxarılan kimi aktyorların davranış məkanı həməncə kiçilir, balacalaşır sanki... dekorativ fon çirklənir...

Koulmən məhz bu qaz plitəsində Balinin fiqurlarını yandıracaq... Balin keşiş Uelşlə dəfndən dönüncə qoxunu hiss edəcək və hər şeyi anlayacaq... anlayacaq ki, bu yaramazlıq Koulmənin işidir... və başlanacaq... Koulmən Balin "korridası"... Keşiş də əlini elə buradaca qaynar qazana soxub bağıracaq... və gedəcək... gedəcək ölümünə doğru... Tomasın intihar elədiyi göldə intihar eləyəcək... və intihar eləməmişdən öncə qardaşlara məktub yazacaq... yazacaq ki, uğursuz keşişdir... yazacaq ki, heç bir nəsihətinin indiyə qədər heç kimə faydası olmayıb... yazacaq ki, o öz ruhunu onların bir-birini sevməsi xatirinə mərcə qoyur...

Keşiş də yalqız idi Qərbdə... Tomas Hənlon kimi... İntihar elədi ki, xilas olsun... İntihar elədi ki, xilas eləsin... İntihar elədi ki, heç olmasa bircə dəfə öz gözlərində yüksəlsin. İntihar elədi ki, mənəvi gücünü göstərsin başqalarına... Uğursuzluq odur ki, sən lazımsızsan... Lazımsız nəsnə zibil sayılır və tullanılır... İnsan bu lazımsızlığını duyanda həyatdan özü gedir ki, ona zibil qismində baxmasınlar... Çoxları isə heç vədə bunu anlamayacaq...

İntihar həmişə xəbərdarlıqdır.

Bizsə bunu dəlilik adlandırıb özümüzün hələ də ağıllı qaldığına təəccüblənirik...

Bu məktubu da araq satan qız - Qörlin, keşiş Uelşə aşiq 17 yaşlı Qörlin, ölümündən öncə onunla danışmış Qörlin, ərköyünsov, dəcəl və hörükləri qəşəng Qörlin (Nigar Məmmədova) qardaşlara gətirəcək və qardaşlar barışıq elan edib qarşılıqlı etiraflarda bulunacaqlar ki, bəs vaxtilə mən səni bu sayaq incitmişəm, üzmüşəm, sən də məni bu sayaq... Artacaq bu etirafların sayı, getdikcə çoxalacaq və məlum olacaq ki, bu qardaşların ikisi də sadizmə, işgəncəyə meyllidir... onlar hətta etiraflarını söyləyəndə belə çalışırlar ki, bir-birini ağrıtsınlar, bir-birinin yarasına duz bassınlar... və bu etiraflar da sonucda ona gətirib çıxaracaq ki, Koulmən tüfəngi götürüb Balinin təzəcə gətirdiyi yeni fiqurları onun gözü önündəcə qıracaq, aldığı qaz plitəsini güllə ilə vurub dağıdacaq və tüfəngi Balin qamarlayınca mənzildən qaçıb gedəcək... Qardaşına çata bilməyən Balin isə geri dönəcək... hirsindən alışqanı tutub Uelşin məktubunu odlayacaq, amma ürək eləməyəcək sonacan yandırsın, alovu söndürəcək və məktubun mucullanmamış parçasını götürüb yenidən çarmıxdan asacaq...

Hələ ümid var...

Ümid var ki, keşiş Uelş mərcdə udacaq və onu cəhənnəm işgəncələri gözləmir...

Cəhənnəm faşizmdir, yoxsa faşizm - cəhənnəm?

Bəzən adiliyin özü faşizmdən də betər olur...

Hərdən adama elə gəlir ki, qardaşlar oynaqlaşırlar, zarafatlaşırlar; cavanlıq eləyirlər; amma bir də görürsən ki, "hənək-hənək axırı oldu dəyənək"... və hər şey qəfildən ciddiləşdi. Mister Yan trilogiyanın üçüncü oyununu həqiqətin zarafatı, zarafatın həqiqəti, cəhənnəmin adiliyi, adiliyin cəhənnəmi üzərində qurub. Yaşamaq istəyirsənsə, həyata dözməlisən... Dözmək üçün gərək özünə də, dünyaya da zarafatla yanaşmağı bacarasan... Ona görə də bu dramatik hadisələr seyrçinin üzərinə çöküb onu əzmir, incitmir, əksinə, bu personajlara qarşı onda bir mərhəmət, bir iltifat oyadır.

Bilirsiniz Balin qardaşını niyə  satmamışdı, niyə deməmişdi ki, atasını Koulmən öldürüb? Çünki istəmirdi tənha qalsın... qorxurdu tənha qalmaqdan... qorxurdu tənhalığın cəhənnəmindən...

Yalqızlıq içində yaşamaq istəmirsənsə, eqonun hər şeyə sahib olmaq iddiasından qurtulmalısan... Bundan qurtulanda faşizmdən qurtulursan, toplumu müharibəyə sürükləməkdən qurtulursan...

Gedin və baxın bu tamaşaya... Və... bundan sonra... həmişə...

 

TEATRA BİR SALAM VERİN

Gənc Tamaşaçılar Teatrına bir salam verin: çünki sabahın teatr seyrçisi bu gün orda. "Lineyn trilogiyası" proyekti də heç əbəsdən bu teatrda gerçəkləşməyib. Nədən ki, Gənc Tamaşaçılar Teatrı getdikcə daha çox XXI yüzilin teatrına doğru addımlayır, əsl gənclik teatrına çevrilir, sanki dərin bir yuxudan ayılıb dünyaya sarı boylanır. Azərbaycanın çağdaş  teatr məkanı içrə məhz Gənc Tamaşaçılar Teatrında elə sənət hadisələri yaşanır ki, bu hadisələrin hədəfi birbaşa uğur deyil, respublikada teatr situasiyasını yaxşılaşdırmaqdır, teatrı yeni sənət qavrayışı səviyyəsinə yüksəltməkdir, yeni teatr bilgilərini kollektivə aşılamaqdır, teatr mədəniyyətinə bir dirilik suyu damızdırmaqdır. Üç fərqli teatrın aktyor truppası Gənc Tamaşaçılar Teatrında bir araya gələndən sonra bu teatrda keyfiyyətcə yeni, çox mobil, çox istedadlı və çox cavan bir aktyor kollektivi formalaşıb; elə aktyor kollektivi ki, basma kağızı kimi hər cür təzəliyi çəkib özünə hopdurur. Mister Yanın quruluşunda "Lineyn trilogiyası" da Gənc Tamaşaçılar Teatrının bədii imkanlarının nümayişi baxımından önəmli bir tamaşa oldu və onları dünyaya daha açıq olmağa, yeniliyə münasibətdə daha elastik olmağa, daha cəsarətli, daha inadcıl olmağa, XX əsrin teatr estetikasından, dünənin teatrından, dünənki teatr dəbindən, dünənin mövzularından daha intensiv uzaqlaşmağa səslədi, müasir teatr dilinə yaxınlaşdırdı. Ona görə vaxt tapanda, öz müasirlərinizin yaşantılarından xəbər tutmaq istəyəndə gəlib də

TEATRA BİR SALAM VERİN!!!

 

 

Aydın Talıbzadə

525-ci qəzet.- 2014.- 24 aprel.- S.7.