Bu ömür nəfəs
boydaymış
Başımı fikrə söykədim
yenə
...
Bu fikir yastığı əzir başımı...
Ay ana, bu ömür
nəfəs boydaymış,
Ölüm ağrı-ağrı gəzir başımı...
Tıxa
qulağıma layla səsini
Kədərin saçını kimdi bu hörən?
Qapı
-pəncərəsi bağlı
bu evin
Yuxum hara qaçıb bu evdən, görən?
Əzilmiş şeirlər döşəmə
üstə,
Onu kitab-kitab yığmaz bu balan...
Çoxdandı bu yataq qəbir kimidir,
Beşik
ayağına sığmaz
bu balan...
Bələ gözlərimi yuxuyla
mənim...
Arzu ürəyində, muradlarında
Azdırım bu evi, azdırım, ana,
Sehirli xalçanın qanadlarında...
Çoxdan kədərimə oxşayıram
mən
İnanma,
uşaqlıq bəyənə
məni,
Onsuz da nağıllar əynimə gəlmir,
Yama nağılların
əyninə məni.
12.12.12
Qırmızı əlcəklər
90-cı illər...
Bizim uşaqlığımız
gəlinciklərimizin boyu qədər uca,
yıpranmış oyuncaqlarımız
qədər qoca...
Sevincimiz
yaşımızın əyninə
3 ölçü kiçik...
Rezin çəkmələrimiz ayağımıza
3 ölçü böyük...
Kiçik ayaqlarımızın
böyük addımlarını
çəkmələrimizdə beləcə
itirdik...
Bacımın köhnəlmiş
qırmızı əlcəklərini
isidərdi
balaca əllərim.
Yıxıla-yıxıla böyüdü
boyumuz,
Uşaqlığımızın dizi, dirsəyi
bulaşdı qanımıza...
hələ bu azmış kimi
gözmuncuğu da taxardıq
yamaqlı donumuza.
Uşaqlıq eləyib böyüdük...
Səhvlər bizi
uşaqlığımızın əlindən
aldı,
Bizim uşaqlığımız
rezin çəkmələrin,
qırmızı əlcəklərin
içində qaldı...
30.01.2013
Məni
Şeytan
qondu pəncərəmə
Dünyam
uçdu zəlzələmə
Bu , xaraba mənzərəmə
Baxan seyir bildi məni.
Yerim qalmadı köçümdə,
Qisas olmadı öcümdə,
Sevdim dərdimi içimdə
Kədər xeyir bildi məni.
Şaxtanın közündən düşdüm,
Bir lalın sözündən
düşdüm,
Qələmin gözündən düşdüm
Vərəq şeir bildi məni.
Qoca
Çoxdan eşitmir bəxtini
bu qocanın qulaqları.
Qucağında körpəsidir
topal olmuş ayaqları
Çevirir ah-naləsini
ağzında o yan-bu yana
Oynayır taxma dişləri
boğazından keçən
cana
Bu saatın göz yaşı yox
hıçqırığın əqrəb
kəsir
Bu qocanın ayaqları
ölümə izsiz tələsir.
21.12.2012
Bir cümlə
Durduq yol ayrıcında,
Aylar ili qoparır.
Kaş gəlib söyləyəsən,
Yol keçmişə
aparır.
Rahat gələsən deyə,
Gözlərim hey yol çəkir.
Keçən gün cizgilərə,
İmza atır, qol çəkir.
Çoxaldıqca yaşımız,
Keçəni unudarıq.
Asıb
ağ telimizdən,
Yaşları qurudarıq.
Daş səbrimi hörmüşəm,
Ömrün ağ, qarasında.
Bizimçün ev tikmişəm,
Qaşla göz arasında.
Yenə
də mən olaram,
Sirrində, sirdaşında.
Bir cümləyə dönərik,
İkicə başdaşında.
Günay Ümid
525-ci qəzet.- 2014.- 25 aprel.- S.8.